Əli Həsənov niyə prezidentin sərəncamlarına əməl etmir?

Şöbə müdiri özü gəlməli olduğu qəbullara müavinlərini göndərir…

Xüsusilə Tunisdə inqilab başlayandan, Misirdə yer-göy bir-birinə qarışandan sonra Azərbaycan iqtidarı titrəməyə başladı. Davosda olan prezident İlham Əliyevin tapşırığı əsasında Administrasiyanın rəhbəri Ramiz Mehdiyev müşavirə çağırdı və müşavirədə guya korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi qeyd edildi. Aradan bir neçə gün keçmədi ki, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev əslində korrupsiya oyununun arxasında hakimiyyətin kənardan ayrılan 1 milyard dollarlıq pula tamah salmasının durduğunu bildirdi.Məlum oldu ki, Azərbaycan iqtidarı beynəlxalq qurumlardan «korrupsiyaya qarşı mübarizə» adı altında qrant almaq istəyir və Misir inqilabından sadəcə istifadə edir.

Prezident İlham Əliyev Azərbaycana qayıdandan sonra da bu xitablar davam etdi və prezident ölkənin qərbindən Azərbaycan vətəndaşlarına «nə şikayətiniz var, Prezident Administrasiyasına göndərin» səslənişini etdi. Gözlənilirdi ki, Prezident Administrasiyası və orada vəzifə tutanlar vətəndaşların şikayətlərini dinləcəyəklər.

XuralTAC-a daxil olan məlumatlara görə, danışılanların hamısı sözdə qalır. Belə ki, son günlər başlanan dəyişim havası baş aldatmaqdan başqa bir şey deyil. Konkret Prezident Administrasiyasının səlahiyyət sahibləri vətəndaşlarla qəbula özləri yox, ikinci, üçüncü dərəcəli müavinləri, əməkdaşları gəlirlər. Bunlardan biri də Prezident Administrasiyası İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənovdur. Əli Həsənovun vətəndaşları qəbul etmədiyini hətta baş redaktorumuz Əvəz Zeynallı da müşahidə edib. Belə ki, Əvəz bəy «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin dəvəti ilə Əli Həsənovla alınan görüşə gedəndə bunun əyani şahidi olub. Mətbuatla bağlı problemləri müzakirə etmək üçün Asif Mərzilinin dəvəti ilə iki dəfə Prezident Administrasiyasında olan Əvəz Zeynallı orada gördüklərindən təəccübləndiyini dedi: «Asif bəyin təklifini yerə salmadım. Həm də fürsət varkən Əli Həsənovdan nələrin baş verdiyini öyrənmək istədim. Asif bəy dedi ki, qəbula yazılmışıq, sən də gəl. Nəinki Əli Həsənov qəbulda iştirak etmir, hətta ikinci dəfədir müşahidə edirəm ki, şikayətə gələnlər də o qədər deyil. Bir neçə nəfər gəlir, ölgün formada oturub gözləyir və Əli Həsənovun özünün qəbul etmədiyini görərək, suyu süzülə-süzülə çıxıb gedir. Bu, onu göstərir ki, səlahiyyət sahiblərinin rəsmi olaraq dedikləri yalandan başqa bir şey deyil. Problemin həllini səlahiyyəti olmayan müavinlər necə edə bilər? Əli Həsənovun müavinləri yalnız qeydiyyat götürməklə məşğul olurlar. Belə qəbul kimə lazımdır ki?»
Əvəz Zeynallı baş redaktorları qəbul etməyən səlahiyyət sahibinin vətəndaşları heç qəbul etməyəcəyinin normal olduğunu da sözlərinə əlavə etdi: «Biz Allah qoymasa baş redaktoruq və Allah qoymasa Əli Həsənovun özü bizi şəxsən tanıyır. Birinci dəfə müavini Ərəstun Mehdiyev, ikinci dəfə isə Tahir Süleymanov qəbul elədi. Hər ikisində də oturmadan otaqdan çıxdıq və özünə xəbər etdik ki, özü olmasa qəbulda iştirak etməyəcəyik. Bunlar baş redaktorları qəbul etmirlər, vətəndaşları niyə etsinlər ki?! Daha doğrusu, baş redaktorlar bunlara sözlərini demək üçün qəbullarına girə bilmirlər, sıravi vətəndaşlar nə etsinlər ki? Görünür ki, ya prezidentin dedikləri ciddi deyil, ya da Əli Həsənov prezidentin tapşırıqlarını qulaqardına vurur. Hər iki hal qəbuledilməzdir.»

Görüşə yenə gedib-getməyəcəyi haqqında sualımıza Əvəz bəy belə cavab verdi: «Çıxanda Asif Mərziliyə də dedim ki, qardaş, məndən buraya qədər. Həqiqətən də Asif Mərzilinin xatirinə və sözünü yerə salmamaq üçün Əli Həsənovun qəbuluna getdim. Həm də dedim, fürsət varkən başıma bu oyunları niyə açdıqlarının səbəbini öyrənərəm. Tam da təxmin etdiyim kimi oldu və Əli Həsənov bizi qəbul etmədi. Bir şeyi müşahidə etdim ki, prezidentin vətəndaş qəbulu ilə bağlı dedikləri boş sözlərdir və bunu Əli Həsənovun timsalında özüm gördüm. Təsəvvür edin ki, problemi olan bir vətəndaş iki aydır Əli müəllimin qəbuluna düşə bilmir. Neyləsin insanlar?»

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button