Əli nə üçün ölmüşdü?

Şahvələd Çobanoğlu

Avropa dəyərlərinin və mütərəqqi Qərb təhsilinin ən seçilən yetirmələrindən olan Bəxtiyar Hacıyevə də həbs cəzası verildi. Onun həbsi “Eurovision” mahnı yarışmasındakı qələbəni ölkəmizin inkişafı kimi mədh edənləri utandırmalıdır. Saxta nəticələrlə yekunlaşan parlament seçkilərinə qatılması və seçkidəki uğuru ilə Bəxtiyar Hacıyev Əliyevlər hakimiyyətinin qəzəbinə tuş gəlmişdi. Lakin 11 mart aksiyasının təşkilatçılarından olmağı üzərinə götürməklə hakimiyyəti daha da qəzəbləndirdi və şərlənərək həbs edildi. Gənc siyasətçi, gənc lider olan Bəxtiyar indi siyasi  məhbusdur. Onun siyasi fəaliyyəti, vətəndaş fəallığı bu cür boğuldu. Budurmu Avropa ölkəsi olmaq? Avropa tədbirini bu ölkəmi keçirəcək?

Bütün dünyaya səs salan “Əli və Nino” romanının girişindəki təsviri yadımıza salaq. Ötən əsrin əvvəlində Bakıdakı rus gimnaziyasında oxuyan Əli nəql edir ki, dərs zamanı müəllimləri professor Sanin onlara geniş müzakirə və mübahisə yaradan sadə bir sual verir. Azərbaycan coğrafi cəhətdən Asiya və Avropa arasında yerləşir. Bəzi alimlər onu Asiya, bəziləri də Avropa sayır. Bunlardan hansı doğrudur? Yaxud siz bunun hansını istəyərdiniz? Bütün əsər boyu bu sual Əlini düşündürür və sonda Vətənimizin hüquqların toxunulmaz olduğu bir azad Avropa ölkəsinə çevrilməsi naminə döyüşür və həyatını itirir…Dərd ondadır ki, hələ də biz Avropadakı kimi bir hüquq və ədalət ölkəsi ola bilməmişik. Əlinin davamçıları olan Cabbar, Tural, Əhəd, Elnur, Bəxtiyar və başqaları yenə də bu məqsədlə məşəqqətli mübarizələrdən keçir. Hələ də Əlinin arzusu gerçəkləşməyib.

Son günlər daha bir biabırçı hadisə baş verdi. Xaricdən milyon dollara mahnı alıb oxutduran Azərbaycan hakimiyyəti ölkənin ən tirajlı həftəliklərindən olan “Xural” qəzetini məhkəmə cəriməsi ilə çökdürmək istəyir. Qəzetin naşiri Əvəz Zeynallı bəyan edir ki, cəriməni hissə-hissə ödəməyə hazırdır. Lakin icraçılar redaksiyanın başının üstünü kəsib, dərhal qəzetin əmlakına əl qoyub. Bilirsinizmi nə qədər cərimədən söhbət gedir? 10 min manatdan. Bir milyona mahnı alan, 3 milyona at alan hakimiyyətimizin təmsilçiləri anlamır ki, 10 min manatlıq cərimə bu ölkədə həftəlik bir nəşri, həm də öndə gedən nəşri çökdürə bilər. Hətta gündəlik qəzetlərin bu pulu birdən ödəməyə imkanı yoxdur. İnkişafdan danışırlar, amma görsünlər biz nə gündəyik? Bu qəzetlərin durumu elə ölkənin durumudur. Inkişaf edən bir ölkədə öndə gedən qəzetlər belə kasıb olarmı? Hanı bu ölkənin reklamı? Bəs iqtisadiyyatımız reklamsız necə inkişaf edir, yaxud inkişaf edirmi?

Mən Avropanı kənara qoyuram (Ninonun Əlisinin ruhu bu müqayisəyə görə inciyə bilər), xatırladım ki, Rusiya mətbuatının 2010-cu ildə reklam büdcəsi bizim dövlət büdcəmizdən böyükdür. Əhali nisbətini götürsək, bizim mətbuatın reklam büdcəsi 800 milyon dolları aşmalıdır. Amma cəmi 80 milyon olsaydı, sevindiyimizdən Ell və Nikkinin oxuduğu mahnının sədaları altında əl götürüb oynayardıq. Bu mahnı kədərli və bədbin olsa da…

Görün “Xural” qəzetini kim məhkəməyə verərək cərimələdib – Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev. Ölkəmizin modernləşdirilməsindən məqalələr və kitablar yazan Ramiz Mehdiyev. Başqa sözlə, prezidentin müavini sayıla biləcək bir məmur bu qəzeti cərimələtdirərək, çökdürmək istəyir. Bu da Əlinin uğrunda öldüyü avropalaşma, müstəqillik, azadlıq yolunun yüz ildən sonrakı qisməti.Əli bu gün üçün ölməmişdi!

“Azadlıq” qəzeti, 19 May 2011

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button