Əli Nasir fenomeni

Çox meydanlar görüb Əli Nasir…

Respublika televiziya kanallarında da onun haqqında bir neçə verilişə baxmışıq. Çox yazıblar ölkəmizin qəzet və jurnallarında Əli Nasir haqqında. Həmin yazıların da hamısını dönə-dönə oxumuşam. O yazarlar Əli Nasir fenomeninin yalnız bir sahəsini, – şairliyi və şeirlərinin bəzi məqamlarını açıqlaya biliblər. Bu, məni açmayıb, razı salmayıb. Onu da deyim ki, məndə də Əli Nasir haqqında yazmaq həvəsi çoxdan oyanıb. Hətta yazmışam da. Ancaq yarımçıq qalıb. Düşünmüşəm ki, tələsikliyə yol verməyim.

Çünki birisi haqqında yazarkən onu gərək əvvəlcə tam dərk edəsən və sonra yazasan. Bu, şəxsi prinsipimdir. Amma indi hiss edirəm ki, artıq vaxtdır. Yazmalıyam. Ömür gedir, bir su kimi. Yaşlaşmışam. Yubanmaq olmaz.

Bir də ki, bu yaxınlarda “Tolışi Sədo” qəzetində Əli Nasirin şəkli çap olunmuşdu. Diqqətlə o şəklə baxdım. Xəyala daldım… Qələmi əlimə alıb yazmağa başladım. Yazımı da həmin şəkilə ithaf edirəm ki, ürəyimdə qövr etdikcə qaysaq bağlayan kədərim ərisin. Ürəyim soyusun…

Onu da deyim ki, bu yazını talış dilində yazmaq istəyirdim. Fikirləşdim. Götür-qoy etdim. Gördüm, yox! Əli Nasir talış soy-köklü olsa da, talış dilində danışsa da, yazsa da, lakin kişi talış dilinə sığmır. Bir də ona görə ki, Əli Nasir talışda boya-başa çatsa da, amma o, Muğanda, Şirvanda, Abşeronda, Gəncəbasarda, Naxçıvanda, Qarabağda, bir sözlə, Şimali və Cənubi Azərbaycanda tanınandır. Yuxarıda sadaladığım o geniş coğrafi məkanda yaşayan böyük Oxucu kütləsinin hamısı oxuya bilsin deyə bu yazını Azərbaycan dilində yazmağı qət etdim. Həm də bu, Əli Nasirin haqqıdır.

Bir də ki, o, əgər talış haqqında düşünürsə, nəyisə deyirsə, deməli o, pak AZƏRBAYCAN və AZƏRBAYCANÇILIQ uğrunda mübarizə aparır!!! Çoxları, həm sağdan və həm də soldan onu başa düşmür. Deyirlər ki, Əli Nasir burğunu gah sağa, gah da sola burur. Belələrini də qınamaq olmaz. Niyə? Ona görə ki, hələ indiyə kimi ölkəmizdə “talışçılıq” özünün elmi təhlilini tapmayıb…

Bəziləri də onu fanatiklikdə günahlandırırlar. Nahaq yerə! Ciddi səhvə yol verirlər. Belələrinə üzümü tutub deyirəm: Gəlin insaflı olun. Dərin düşünün. Bəs İmam Hüseyn? Bəs İmam Hüseynlər !? Bəs Mübariz ?! Onlar da şəhidliyə gedərkən fanatikmi olmuşlar!? Əlbəttə, yox!

Gəlin öz arşınınızla ölçməyin. Onlara fanat deməyin! Günaha batmayın! Onlarda – həqiqət uğrunda mübarizəyə olan ülvi eşqdir.

Mübarizə eşqi onları şəhidliyə çəkib aparır. Bu isə fanatizm deyil.

Burada “Əshabi-Kəhf ” filmindən bir məqam yadıma düşür.

Cəlladbaşı çarmıxa çəkmək üçün apardığı məhbuslara diqqətlə nəzər yetirir,

görür ki, onların heç biri qorxu və həyəcan keçirmirlər.

Onu təəccüb bürüyür və onların birindən soruşur:

–         Bilirsinizmi sizi hara aparırıq?

–         Bilirik.

–         Bəs çarmıxdan qorxmursunuz?

–         Əgər siz Alahımıza olan məhəbbət və eşqimizi bilsəydiniz onda bu sualı verməzdiniz – cavabını verərək ayağında və boynunda qandal çarmıx meydanına toplaşan insanları məğrurcasına, xəfif təbəssümlü baxışla süzür… Sanki onlarla xudahafizləşir və çarmıx dirəyinə doğru addımlayır!!.

Bu məqamda Əli Nasir belə deyir:

Məkrlilər bu dünyanı qamarmış,

Alçaqlara dünya necə hamarmış,

Bir çarmıxdan nə qədər qan damarmış,

Bəlkə elə çarmıxdakı mənmişəm,

Bu gün yenə göydən yerə enmişəm.

Sizlərə aydın oldumu “Ülvi eşq” nə deməkdir? Onlar sizin düşündüyünüz “fanat” deyillər!

Bax, Əli Nasir də xoşbəxtdir ki, həmin eşqdən az-çox onda da var.

Doğrudur, o, hələlik cismən şəhid olmayıb. Amma mənən şəhidlik məqamındadır!.. Gecəli-gündüzlü onun axtarışındadır. Pəhrizcəsinə.

Çünki taktikası belədir.

Atalar demişkən, ya qismət! Ya gedər gətirər, ya da ki gedər batırar…

Təvəkgül Allaha!..

Əli Nasir – Dəvəsi ölmüş ərəb. Səhralığı dolaşmaqdadır. İstəkli yarını axtarmaqdadır.

Nədir yarı? Azadlıq eşqi. Nə kompası var, nə də ki, azuqəsi. Lap kompası olsaydı da, onu vurub sındırardı. Deyərdi, “bu nəyimə lazım, özümə nə gəlib ki?” Bu səbəbdən yorulmaq bilmədən, gecəli-gündüzlü səhraları dolaşmaqdadır.

Əli Nasir general olmaq istəyir. Qoy olsun, çox gözəl arzudur, istəməyənin gözü çıxsın…General olmaq istəməyən döyüşçü, döyüşçü deyil – deyiblər. Daha dəqiq desək, Əli Nasir fədaidir – öz məsləkinin, ideyasının fədaisi.

Əli Nasir vuruşmaq istəyir. Hərbi gücü yox… Qıvrılıb qalır. Nahaq yerə, axı o gecə-gündüz döyüşdədir…Döyüşçüsü var. Bəzən coşur, var gücü ilə yumruğunu sıxır. Qolundakı şişmiş qan damarlarını göstərərək, möhkəm səslə “Bax burada nə qədər qan axırsa, heç bir qüvvə məni öz yolumdan döndərə bilməz” deyir.

Sutkamız 24 saatdır. Amma Əli Nasir 25 saat həmin yoldadır. Çabalayır, ələk-vələkdədir, sakitliyi yoxdur! Bircə təsəllisi var – özündən asılı nə varsa, gücü çatanını görür və ya görməyə səy edir. Aludəçiliyə də burada yuvarlanır. Hələlik pusqudadır. Sürünə-sürünə gah ovuna yaxınlaşır, gah da uzaqlaşır. Ovunu yaxalamaq anı gəlib çatanda heç nə onu cilovlaya bilməz. Ölüm yatağında belə olsa.

İnanmıram sakitcə orada uzansın. Allahdan möhlət diləyər, cavabını gözləmədən döyüş meydanına cumar. Çünki şair təbiətlidir Əli Nasir! Gah coşar, gah da durğunlaşar. Allahın da xoşuna gələr. Rahatlıq və sağlamlığı ona bəxş edər…

Əli Nasir haqq yolundadır və deyir:

Haqq yolunda durmrşuq,

Bu baş, bu bədən!

Haqq yolu allahın yoludur. Bəziləri də bu yolu qoruyub saxlamaq üçün yaradılıb.

Əli Nasir orta boylu, çəlimsiz, nəcim və həm də cazibədar baxışlı, qələm-çatma qaşlıdır. Sifətində bir nəciblik və simmetriya var. Qıyıq, qonur və bir az da ala görünən gözləri, Babək sayağı ağzı, burnu, qulağı, başı insana zövq verir, məftun edir. Gur, təmiz axarlı səsi zəhmlidir. Qurban olum Allahıma, onu əzizləyib, şairliyi də ona imtiyaz və pay verib. Nə deyim, sanki rəssamlar Əli Nasirə baxıb, orta əsr şahzadələrinin rəsmlərini çəkiblər. Nə yaxşı.

Nitqi sərrast və səlisdir. Fikri aydın və məntiqlidir. Tribundur – Robespyer kimi. Bol cəsarəti var Əli Nasirin!

Sadə və kövrəkdir, həmişə hərəkətdədir.Yazıb-yaratmağı öz yerində, həm də canlı ictimai fəaliyyətdədir, insanlarla ünsüyyətdədir.

Enerjilidir. Asan iş deyil zehni iş. Özü demişkən, yazanda da ağır şələ “qonə şələ”dən yapışır. Yükün ağırlığından təbii ki, sapmalar da baş verir.

Əli Nasir yazıb-yaratmaqdan nə yorulur, nə doyur. Bu səbəbdəndir ki, hələ heç bir şairimizin toxunmadığı tarixi və müasir, samballı mövzulara yapışır. Onları özünəməxsus şeyriyyat üslubunda açır, müasirləşdirir, fəlsəfi nəticələr çıxarmağa çalışır. Etiraf etməliyik ki, talış dilində samballı, əsaslı mövzular haqqında bəhs edib, yazmaq asan iş deyil. Bu ikiqat, üçqat çətin işdir.

Bir vacib məsələ də budur ki, özüm də daxil olmaqla çoxumuz Əli Nasirin yaradıcılıq stilini ala bilmirik. Dərk etməliyik ki, Əli Nasirin şeirləri və yazmaq üslubu onun xarakteri və istəyindədir.

Əli Nasir yaradıcılığının bir xüsusiyyəti də ondadır ki, o, Azərbaycan dilində olduğu kimi, talış dilində də təmiz, səlis, sadə ədəbi dildə danışır və yazır. Bir də o, nə yazır yazsın, oraya ürəyinin yağını, bütün ruhunu sərf eləyir. Yaradıcılığının acxəmirəsi ürəyinin cövhəri, cisminin alovudur.

Bir diqqət yetirin, onun “Şəvnışt”- “Gecə yığnağı”  qəzetinin 2006-cı il aprel ayında çıxan ikinci nömrəsində çap olunan “Gəlin Gecə yığnağına” “Boənən bə Şəvnışt” şeirinə. Doğrusu, mən bu şeiri dönə-dönə oxuduqdan sonra belə bir qənaətə gəldim ki, bu, adi şeir deyil, bu, Əli Nasirin harayıdır. Məzmunlu bir əsər və normadır. Elə bil Ə.Nasir talış dağlarının ən hündür zirvəsinə qalxaraq var gücü ilə o taylı-bu taylı yazarları bu məclisə – Gecə yığnağına – “Şəvnıştə” dəvət edir. Niyə? Tariximizi öyrənmək üçün! Niyə? Özümüzü dərk etmək üçün! Niyə? Qeyrətimizi, iftixarımızi qaldırmaq üçün.  Niyə? Həmrəyliyimizi yaratmaq üçün! Bu niyələri nə qədər artırmaq olar? İstənilən qədər…

Boənən bə “Şəvnışt”, çıki dıl pure,

“Şəvnışt” bə zılmoti ğənim bə nure.

Boənən siyo çoxo bıkəmon oğo,

Çəmə yolon bəmə jıqo votə, oxo.

“Boənən bıdə” (mənimdir),

Dınyo bızno əmə tolışonimon,

Dınyo kandüləye, əmə şonimon.

Yəni –

Kimin qəlbi dolub gəlin Yığnağa,

Yığılaq zülmətə qənim çırağa.

Mat qaracuxanı gəlin ayıldaq,

Bizə babalardan bu olmuş soraq:

Qoy dünya tanısın, biz Talışdanıq,

Dünya bir pətəkdir, biz ona şanıq.

Təkcə bu altı misra haqqında saatlarla söz açmaq olar.   Əli Nasir məişət xarakterli mövzulara az vaxt sərf edir, meylli deyil. O, quyruqdan yox, başdan yapışır. Sədəf çıxarmaq üçün okeanlara cumur, gücü çatdıqca dərinliklərə baş vurur.

Və deyir:

Dəhri dərya eyləyib qərq eyləyər dəryasına,

Kim ki qəvvas olmasa fəth eyləməz dürdanəni.

Qorxmur, heç belinə kislorod balonu da bağlamır. Cəsarət insanın xilqətidir! Cəsarət qələbənin rəhnidir!

Əli Nasir yazmaqdadır! Nə qonorarı var, nə imtiyazı! Nə yardımı var, nə güzəşti! Nə istirahəti var, nə rahatlığı!

Haray-həşirdədir! Bolluca danlağı var. Azadlıq təşnəsidir!

Xəlil Rza Ulutürk demişkən:

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram.

Qolumdakı zəncirləri gərək qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,

Azadlığı istəyirəm hava kimi, səma kimi.

Bu sətirlər sanki Əli Nasirin devizidir. Əli Nasir azadlığın təşnəsidir. O, təmiz havadan nəfəs alırsa, ona elə gəlir ki, hava deyil, azadlığı udur. Əgər o, su içirsə, ona elə gəlir ki, azadlığı içir. Nə deyim, vallahi-billahi, Əli Nasir uçmaq üçün qəfəsdəki quş kimi qanad çalır! Qəfəsin divarlarına çırpınır! O qədər çırpınıb ki, qanadlarının lələkləri büsbütün tökülüb! Lələksiz qalıb! Al qana bürünüb! Çoxuna nəhayətsiz geniş görünən dünya onun üçün elə bircə quşun güclə sığacağı qəfəs qədər kiçik və dardır. Yenə özü demişkən:

Şişirdib birə beş deyən,

Yoxuşuna eniş deyən-

Ey dünyaya geniş deyən,

Dardı cahan, dardı cahan!

Sizdən nə gizlin, sanki qurumuşdum. Qələmi əlimə alıb Əli Nasir haqqında yazmağa başladığım andan gözlərimin yaşı ümmana dönüb! Dayanmaq bilməyir!

Bax, indi onun “Ümmana dönən eşq” adlı kitabı qarşımdadır. Var gücümlə ha istəyirəm kitabı açım (kitab üç hissədən ibarətdir. ”Təsbeh”, “Belə divanə cəmaət” və “Ümmana dönən eşq”) daxilinə varam. İnanın, möcüzəli bir an baş verdi. Elə bil kitabın cildindəki qara rəngli qələmlə çəkilmiş şəkil qolumdan möhkəm yapışaraq:

”Dayan, oranı varaqlamağa nəzəri cəhətdən bir o qədər də ehtiyac yoxdur, diqqətlə mənə nəzər yetir, hər şey buradadır.”- dedi. Bir anlığa sarsıldım. Haçandan haçana özümə gəlib bütün diqqətimi həmən şəklə yönəltdim.

…Əslində isə o şəkil adicə bir şəkil deyil.

O, çox zərgərliklə üzərində işlənmiş

panoramadır. Əli Nasir ponoraması!!

Əli Nasirin bütün ruhu idealını və

mübarizəsini əks etdirən özü də bir az

abstrak və bir az da realizm ruhunda təsvir edilmiş geniş bir tablodur. Deyəsən bu tablonu yaradan, çəkən Əli Nasirin özüdür. Onun təxəyyülünün məhsuludur! Xirtdəyə qədər zindandadır Əli Nasir. Lakin sağ əlini möhkəm olan çənəsinə dayayaraq bütün ruhu ilə xəyala dalaraq, gözlərini üfüqə zilləmişdir. Orada darıxmır, bədbin deyil. Nikbindir. Niyə? Çünkü Nuhun gəmisi yanındadır. Onu fəlakətdən qurtuldar. Özü demişkən:

Haqqdan başqa Nur gəzənin,

Şimşək düşər zəmisinə.

Cümləsi batdı üzənin,

Minək Nuhun gəmisinə.

Ondan sonra “Təsbeh” onun dadına çatır. Deməli, Allahın himayəsindədir. Arxayındır. “İmpuls” qəlbindədir, “Ənəlhəqq” şüurundadır və ilhamından qaynaqlanan “Çeşmə” axmaqdadır. Gözü tutulmayıb. Daha gur axacaq. Atalar demişkən, çaya sel gəlibsə, yenə də gələcək. Daha gur axacaq. Əli Nasir buna əmindir!

Əmindir ki, o, yenidən mübarizə, döyüş meydanına atılacaq! Əli Nasir buna məyus da deyil! Qorxmur da! Çünki o, hamıdan daha çox dərk edir ki, Allah-Təala insanı bəşəriyyətin qorunması üçün yaradıb. Bunun da bir yolu var! Mübarizə yolu

“Ümmana dönən eşq” kitabının səhifəsində üç bənddən ibarət “Şair sözü”adlı qəzəlində Əli Nasir mübarizəsinin platformasını lakonik açıqlayır. Deyir:

Dillərlə ürəklər nə qədər olmasa həmrəng,

Nasir sözü zildən deyəcək, onda bəm olmaz.

Yəni deyir ki, nahaq yerə özünüzü yormayın, mənə tənə vurmayın! Məni susdura bilməzsiniz! Mübarizə eşqimdən uzaqlaşdıra bilməzsiniz! Heç zərrə qədər də!

Həsənoğlu demişkən:

“Şölə məstəm bu şərabi-cüzdən,

Ta qiyamətdə də hüşyar olmazam!”

“Ümmana dönən eşq” kitabına ön sözü akademik Vasim Məmmədəliyev yazıb. Böyük alim, islamşünas, həm də filoloq, bədii təhlilçi!

Əli Nasirin yaradıcılığı haqqında söz açması təsadüfi deyil!

Ona görə də mən kitab haqqında geniş söz açmağa ehtiyac duymuram. Çünkü əsas hədəf və məqsədimdən uzaqlaşmaq istəmirəm.

Qaydadır, insan ana bətnində 9 ay 9 gün 9 saat 9 saniyə qalandan sonra doğulur. Məncə bunu Əli Nasirə aid etmək olmaz. Buna onun hövsələsi çatmazdı. Deyirlər o, yeddiaylıqdır.

Əli Nasir yəqin ki, doğularkən heç anasına da çox əziyyət etməyib. Məncə o, öz mübarizəsini başlamaq üçün 9 ayı gözləyə bilməzdi. Burada bir məsələyə də toxunmağımı vacib hesab edirəm. Gəlin, Əli Nasirin yaradıcılığına dərindən bələd olaq. Əli Nasir nə deməkdir? Onda bizə tam aydınlaşar ki, Əli Nasir talışın olmuş və indiki şairlərinin fövqində, zirvəsində durur! Bu sözləri yazarkən heç bir şişirtməyə, heç bir subyektivizmə qapanmıram. Meyarım haq və ədalətdir!!

Yuxarıdakı fikrimə qayıdıram. Bəli, Əli Nasirin dünyaya gəlişində tələsməsi ana bətnindən vaxtından tez azad olmaq istəyi onun ruhunun minillərlə gecikmiş mübarizəsini tez başlamaq istəyindən irəli gəlmişdir. Bu onun ruhunun diqtəsidir. Bu zindandan azad olmaq istəyi kimidir!!!

Talışın belə bir deyimi var “bəjiyə kijə moğnə lizədə cik-cik bəka!” Yəni “Diribaş cücə yumurtada cikkildər!” Əsasım da Əli Nasirin “Məsləhət” adlı etnoqrafik hekayəsidir. Talış dilində yazılıb, hekayədə təsvir olunur ki, oğlan sevdiyi qızgilə elçi göndərəcəyini qıza bildirir. Qız ona: “Qoy anama deyim. Anam atamla məsləhətləşər.” deyir.

Səhərisi qızdan soruşur.

– Nə oldu?

– Atam deyib ki, babamla məsləhətləşər, hə-yoxu deyər.

Birisi gün qızla görüşəndə deyir:

– Nə oldu?

– Babam deyib ki, qardaşlarınla məsləhətləşmisən?- deyən kimi oğlan yapışır qızın qolundan, onu qaçırır.

Oğlan obrazı elə Əli Nasirin özüdür! Çünkü onun məsləhətləşmədən bağrı çatlayar! Düz də edir. Soruşulur niyə? Ona görə ki, biz – Azərbaycan xalqı – istər türkü olsun, istər talışı və ya qeyrisi, bizim məsləhətləşməmiz çox uzun çəkir. Bir nəticə də hasil olmur. Necə deyərlər, gönü suya veririk. Məsləhətləşmənin acısını məncə hamımız az-çox dadmışıq!

Əli Nasir realist, həm də prinsipial şairdir. Xarakterimizdə olan bu naqisliyə göz yuma bilməz. Bax budur Azərbaycanlılıq, bax budur vətənpərvərlik, bax budur əsil həqiqət carçısı olmaq.

Bax talışçılıq budur, ha! Həm ətalət və həm də ətalətə qarşı üsyançılıq!

Əli Nasir bu mənada təkcə öz xalqına deyil, bütün bəşəriyyətə səslənir və onu bu sarkastik ətalətdən qurtulmağa və ədalətə sarılmağa çağırır.

Tapdalayır ədaləti,

Qucaqlayır ətaləti.

İçində manqurt xisləti-

Ləpirini silə-silə,

Bəşər hara gedir belə?!

Ayağına başdır deyir,

Çopur daşa qaşdır deyir.

Qup-quruya yaşdır deyir-

Doğram-doğram, gilə-gilə,

Bəşər hara gedir belə?!…

Dəvəsinin qəbri itib,

Öz qəbrinə gəlib yetib.

Allah verən əmanəti-

Cismi kölə, ruhu kölə,

Bəşər hara gedir belə?!…

Üzaşağı pillə-pillə,

Ayaq üstə ölə-ölə,

Öz-özünə gülə-gülə-

Altı milyard azad kölə-

Bəşər hara gedir belə?!

Çünki bəşərin nicatı onun ədalətindədir!!!

Əşrəfi Sərxan

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il


 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button