Əliyevə hakimiyyətdaxili provokasiya

Yaxud da Ilham Əliyev Varşava öhdəliklərini necə tapdayır?
Azərbaycan Şərqi Avropanı BMT-də təmsil etmək mandatını alan həftədə bir baş redaktor həbs edildi. Əsas siyasi qüvvə olan Ictimai Palatanın regional toplantısı polis zorakılığı ilə dağıdıldı. Avropa Şurası insan haqları komitəsinin siyasi məhbuslar üzrə məruzəçisinin ölkəyə gəlişinə viza verilmədi. Ilham Əliyevin Polşada imzaladığı demokratiya öhdəlikli deklorasiyanın icrası yəqin ki, bu hadisələri nəzərdə tutmurdu.
Elə isə nə baş verir? Ilham Əliyev götürdüyü öhdəliklərin icrasından asılı olaraq Qərb dünyası ilə münasibətlərini yenidən yumşaltmaq şansını bu cür alt-üst etməkdə niyə maraqlı olsun? Göründüyü kimi, baş verənlərin izahı xeyli dərəcədə məntiqdən uzaqdır. Biz isə baş verənlərin mümkün səbəblərini araşdırmağa cəhd edək. Beləliklə, olaylardan hansı Ilham Əliyevin birbaşa iradəsi daxilində ola bilər? Yaxud da hadisələr zəncirində “özfəaliyyət həlqəsi” ola bilərmi?

Ramiz Mehdiyev bir addım öndə…

Əvəz Zeynallının həbsinin əsas səbəbləri barədə düşünərkən onun Ramil Usubovla son görüşməsini və Ramiz Mehdiyevlə məhkəmə çəkişməsində olduğunu gözdən qaçırmaq olmaz. Biz heç kimi ittiham etmək fikrində deyilik, amma Ramil Usubov və Gülər Əhmədovanın ortaq nöqtələri məhz Ramiz Mehdiyevlə münasibətləridir. Əvəz Zeynallı “Azadlıq”a açıqlamalarından birində bildirmişdi ki, Ramil Usubov ona pul təklif edib və baş redaktor bundan imtina edib. Prosessual məcəlləyə görə, prokurorluq Ramil Usubovu da məsuliyyətə cəlb etməli idi. Rüşvət istəmək cinayətdirsə, təklif etmək də eyni hüquqi tərkibi yaradır. Göründüyü kimi, burada birmənalı şəkildə qanun gözardı edilib və Əvəz Zeynallı qəsdən və əsas olmadan həbs olunub. Bizim üçün maraqlı tərəf odur ki, Ramiz Mehdiyev Ilham Əliyevin Qərblə münasibətlərini korlamaq istəyirmi? Yənin onun bu cəhdini – komanda şəklində həbs təşkil etməyi Moskvanın Bakı ilə Avroatlantik məkan arasında isinməkdə olan münasibətləri başlamadan korlamaq deyil ki? Bu sualın cavabını biz bir hadisənin şərhində verə bilmərik. Sonucda həbs edilən ölkədə oxunan qəzetlərdən birinin baş redaktorudur. Ramiz Mehdiyevin bu məsələdə əsas dirijor qismində görünməsi və iştirak etməsinin isə daha tutarlı açıqlamasını yəqin tapa biləcəyik.

Polis siyasi tədbiri dağıdarkən…

Azərbaycanda hər kəs bilir ki, siyasi müxalifətlə rəftarda polis bütün təlimatları siyasi hakimiyyətdən alır. Beyləqan rayonun polis rəisinin tanınmış qanqster Aslan Aslanovun qardaşı olması isə sadəcə onu məcbur edir ki, qanunsuz fəaliyyətini daha can-dildən həyata keçirsin. Amma onun fəaliyyətinin mahiyyəti barədə təlimat Ilham Əliyevin birbaşa nəzarətində olan addımların cədvəlindən irəli gəlir. Yəni polisin istənilən fəaliyyəti siyasi aparatın düşüncələrinin az təhriflə proyeksiyasıdır. Ictimai Palatanın Beyləqan təşkilatının formalaşmasına mane olmaq cəhdi də eynilə Ilham Əliyevin Polşada imzaladığı demokratiya öhdəlikli deklorasiyanın və bu sənətin icrasına olan ümidin üzərindən qara xətlər çəkməkdir. Hesab edək ki, bu addımı da Ramil Usubov yuxarıda göstərilən məqsədlə və Mehdiyevin planına uyğun olaraq atıb. Amma hazırkı situasiyada proseslərin daha qlobal bir tərəfi də diqqətdən qaçmamalıdır.

Ştrasseri kim buraxmır?

Siyasi məhbuslar üzrə həmməruzəçinin Azərbayacana gələ bilməməsi isə diqqəti başqa tərəfdən cəlb edir. Ştrasserin viza ala bilməməsi bütün məsələlərə aydınlıq gətirir. Çünki viza verən orqana Ilham Əliyevə birbaşa bağlı olan Elmar Məmmədyarov başçılıq edir. Amma həmməruzəçi viza ala bilmir. Onun səfəri baş tutmayan günlərdə isə daha bir siyasi həbsin olması o deməkdir ki, bütün bunların başında Ilham Əliyevin şəxsi iradəsi durur. Belə olmasaydı biz hansısa məntiqi və ya prosedur haçalanma ilə rastalaşardıq. Əgər Ilham Əliyevin ən yaxın adamı ilə Ramiz Mehdiyevin addımları arsında motiv eyniliyi varsa, jurnalistin həbsinin, müxalifətin toplaşmasına olan maneənin və siyasi məhbuslar üzrə mərzəçinin viza ala bilməməsinin yeganə səbəbi hakimiyyətin totalitar mahiyyətində və dövlət başçısının siyasi iradəsində, başqa sözlə, iradə çatışmazlığındadır. Beləliklə, biz həm də o qənaətə gəldik ki, Ilham Əliyev Varşavada götürdüyü öhdəliklər barədə də ondan öncəki beynəlxalq imperativləri haqda düşündüyü kimi düşünür. Bu isə o deməkdir ki, daha bir diktator islah olunmağa meyl etmir.

Seymur Həzi

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button