“Ərdoğan dünyanı Putinin girovluğundan xilas etdi”

cemilhesenli-xuralda

“Türkiyə tək qətiyyət deyil, həm də siyasi əxlaq nümayiş etdirdi”

Milli Şuranın sədri Cəmil Həsənli Türkiyənin Rusiya hərbi təyyarəsini vurması ilə iki ölkə arasında yaranan gərginliklə bağlı fikirlərini paylaşıb. C.Həsənli feysbuk səhifəsində yazıb:

“Türkiyə səmasında vurulmuş Rusiya qırıcı təyyarəsi ilə bağlı əsəblər gərilməkdədir. Moskvada Türkiyə səfirliyinin daşa basılması, Rusiya Dumasında “Erməni genosidinin” tanınması məsələsinin gündəliyə gətirilməsi, rus mətbuatı və televiziyasında, habelə rəsmi dairələrin açıqlamalarında Türkiyənin ünvanına böhtanların səsləndirilməsi heç bir sağlam məntiqə sığmır. Türkiyə özünə hörmət edən ölkədir və onun səviyyəsində olan heç bir ölkə sərhədlərinin dəfələrlə pozulmasına, suverenliyinə hörmətsiz münasibətə biganə qala bilməzdi. Rusiya beynəlxalq hüququ və beynəlxalq münasibətlərin universal prinsiplərini, sərhədlərin toxunulmazlağı haqqında BMT nizamnaməsini pozub. Bunun ayrı adı yoxdur. Söhbət yolun azmış, dumana düşmüş sərnişin təyyarəsinin vurulmasından getmir. Söhbət suveren bir ölkələrin sərhədlərini pozmuş hərbi təyyarənin vurulmasından gedir. Türkiyə bu addımı şüurlu şəkildə atıb. Belə də olmalı idi.

Cənab Putin son bir neçə ildir ki, öz siyasətini risk və blef üzərində qurmuşdu. Bu risk bir sıra məqamlarda ona uğur gətirmişdi. Bu dəfə belə olmadı. Rusiya təyyarəsi cəmisi 17 saniyə Türkiyə səmasında olmuşdu. Sürətlə hərəkət edən hərbi təyyarəni vurmaq üçün bu çox az vaxt idi. Amma rusların Türkiyənin hava sərhədlərini pozması ilə bağlı bir neçə xəbərdarlıqdan sonra Türkiyə bu qətiyyəti hətta 17 saniyə ərzində göstərməyə qərarlı idi və göstərdi də. Bundan daha böyük qətiyyət sərhəd pozucusu kimi Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulduğunun rəsmi səviyyədə elan edilməsi idi. Hər halda Rusiya onun təyyarəsinin Türkiyə hava qüvvələri tərəfindən vurulduğu iddiasında israrlı deyildi. Amma Türkiyə israrlı olaraq bildirdi ki, SU-24 bombardımançı təyyarə türk şahinləri tərəfindən vurulub.

Yəqin ki, vaxtilə Uzaq Şərqdə Cənubi Koreyanın sərnişin təyyarəsinin Sovetlər tərəfindən, ötən ilin yayında isə Malayziya sərnişin təyyarəsinin ruslar tərəfindən vurulması yaddan çıxmayıb. Hər iki hadisə inkar edilsə də, lakin təkzibedilməz dəlillərdən yayınmaq mümkün olmadı. Türkiyə isə tək qətiyyət deyil, həm də siyasi əxlaq nümayiş etdirdi. Açığı cənab Putin Krımın işğalı, Gürcüstan, Ukrayna və Suriyaya müdaxiləsi ilə ölkəsində və dünyada özünün qorxunc, türklər demiş “dəli Petro” obrazını yarada bilmişdi. Qərbin centlmen rəhbərləri ondan uzaq olmağa, rus tanklarının qarşısına bəyanatlarla çıxmağa üstünlük verir, son rus çarının güc siyasətinə adaptasiya olmağa meyllənirdilər. Cənab Ərdoğan öz qətiyyəti və iradəsi ilə dünyanı Putinin girovluğundan xilas etdi. İmitasiya deyil, mövqe nümayiş etdirdi, ölkəsinə və şəxsinə hörmət hissini ortaya qoydu. Hava sərhədlərini pozmuş Rusiya təyyarəsini vurmaq türklər üçün risk deyildi, zərurət idi, ölkənin nüfuzu məsələsi idi.

Azərbaycanda bəziləri üzrxahlıq fikrini atıb ortaya. Tamamilə yanlış yanaşmadır. Baş vermiş olayda Türkiyə suç sahibi deyil, güc nümayişinin qarşısında Ankara qətiyyət sərgilədi. Hər ləyaqətli ölkə, hər ləyaqətli lider belə etməli idi. Ərdoğan da bunu etdi!”.

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button