“Əvəz Zeynallı Azərbaycanın ictimai-siyasi tarixində bütün dustaqlara örnək olacaq mübarizə sərgilədi”

13.03.2013

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsilə bağlı onun hüquqlarının Müdafiə Komitəsi mətbuat konfransı keçirib. Mətbuat konfransında çıxış edən Ə.Zeynallının həbsilə bağlı yaradılmış Preventiv Təhqiqat Qrupunun rəhbəri Əfqan Muxtarlı hesab edir ki, Əvəz Zeynallının məhkəmə qərarı ilə ən azğır cəza – 9 il azadlıqdan məhrum edilməsini əslində gözlənilirdi: “Biz əvvəldən də Əvəz Zeynallının ağır siyasi motivlərlə həbs olunduğunu bildirmişdik. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində oxunan hökm bunu sübut etdi. Bir ilə yaxın gedən məhkəmə prosesində külli miqdarda qanun pozuntularına yol verildi. İstintaq tərəfindən şahidlərin heç biri ilə baş redaktor arasında üzləşdirmə prosesi aparılmayıb. Məhkəmə istintaqın hazırladığı, əsaslandıra bilmədiyi bütün əskiklikləri hökmə daxil etdi. Ə.Zeynallının işində əsas şikayətçi olan sabiq deputat Gülər Əhmədova bir dəfə heç kimə xəbərdarlıq edilmədən məhkəməyə gətizdirildi, həmin vaxt da o qədər hay-küy saldı ki, Ə.Zeynallının ona sual verməsinə imkan vermədi. Onun özü haqqında dələduzluq maddəsilə cinayət işi qaldırılandan və hətta həbs olunandan sonra da onun məhkəməyə gətizdirilməsi təmin edilmədi. Baxmayaraq ki, Ə.Zeynallı dəfələrlə, israrla vəsatət qaldırdı ki, G.Əhmədova məhkəməyə gətizdirilməlidir, hakim Ramella Allahverdiyeva bir mənalı olaraq “Gülər Əhmədova məhkəməyə gətizdirilməyəcək” dedi. G.Əhmədova məhkəmədə iştirak etməsilə bağlı xəbər də göndərdi, məhkəmə işin açılmasında maraqlı olmadığı üçün buna da əhəmiyyət vermədi. Yadınıza salaq ki, G.Əhmədova Baş prokurorluqda MTN əməkdaşları tərəfindən dindiriləndə də demişdi ki, “üzərimə çox gəlsəniz, Əvəz Zeynallı kartını açacam” . Məhkəmə ümumiyyətlə maraqlanmadı ki, Gülər Əhmədova bu mesajı kimə və niyə göndərir. Məhkəmə prosesinin getdiyi müddətdə digər şahidlər də istintaqa verdikləri ifadələrdən demək olar ki, imtina etdilər. Lakin dövlət ittihamçısı Ramazan Hadıyev onlara açıq təzyiq göstərərək istintaqa verdikləri ifadələri təsdiqlətdirdi. Ə.Zeynallının üzünə durdurulan adamların hamısı bir başa Prezident Administrasiyasının  şöbə müdiri Əli Həsənovun “adamları” olub. Bunlar “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov, KİV DF-nin prezidenti Vüqar Səfərli, “Xəmsə” restoranının sahibi Mürvət Həsənli, bu restoranın administratoru işləmiş  Xanoğlan Muxtarov, “Kurortlar” birliyinin keçmiş sədri Akif Məmmədov və başqaları idilər. Bu adamlar birbaşa Əli Həsənovun göstərişilə KQMİ-nə məcburən gətizdirilərək, Ə.Zeynallının barəsində ifadə veriblər. PA rəhbəri Ramiz Mehdiyev birbaşa, şəxsən özü bu sifarişin başında dayanıb. O,Ə.Zeynallıya 9 il həbs cəzası verilməsinin birbaşa sifarişçisidir.

“Turan” İnformasiyaAgentliyinin direktoru Mehman Əliyev məhkəmələrdə şəxsən iştirak etdiyini və əvvəldən sona qədər prosesi müşahidə etdiklərini bildirdi: “Mənim qənaətimə görə, Ə.Zeynallı 100 faiz sırf siyasi qərar əsasında həbs olunub. Əvəz Zeynallıya 9 il həbs cəzası kəsilməsi, həm də Azərbaycanın müstəqil  jurnalistikasına olan təzyiqdir. Müstəqil mətbuatın gözü qorxudulur ki, kim səsini çıxarsa, kim həqiqətlərin üzə çıxarılmasına nail olmaq istəyəcəksə, onu da Əvəz Zeynallının aqibəti gözləyir. Bütün bunlara baxmayaraq bütün mərhələlərdə Ə.Zeynalıının hüquqlarının müdafiəsi lazımı səviyyədə təşkil olunub. Bu gün də onun tezliklə azadlığa buraxılacağı ilə bağlı nikbin fikirlər var. Hesab edirəm ki, bütün qanuni və hüquqi vasitələrdən istifadə edərək, biz bu il Ə.Zeynallının həbsdən azad olunmasına nail ola biləcəyik”.

Siyasi Məhbuslarsız Azərbaycan İctimai Asossasiyasının sədri Elşən Həsənovun fikrincə, bu gün bir müstəqil qəzetin baş redaktorunun heç bir əsas olmadan barəsində 9 il müddətinə həbs cəzası kəsilməsi Azərbaycanın ədliyyə sisteminin nə qədər bərbad vəziyyətdə olduğunun göstəricisidir: “Məhkəmələr əxlaqsızlıq yuvalarına çevrilirlər. Hesab edirəm ki, artıq siyasi sifarişləri həyata keçirən hakimlərə bundan sonra “möhtərəm”, “hörmətli” ifadələri işlədilməsin. Onlar ictimai qınaq obyektinə çevrilməli, haqlarında beynəlxalq qurumlara şikayət göndərilməlidir”.

“Kür” Vətəndaş Cəmiyyəti Qərərgahının koordinatoru Oqtay Gülalıyev hesab edir ki, bu gün bir neçə adam var ki, onların azad olunması vaz keçilməzdir. Bunların biri Əvəz Zeynallı, digəri isə Hilal Məmmədovdur ki, onlara qarşı hakimiyyət tərəfindən amansız münasibət var. Digər siyasi motivlərlə həbsdə olan insanlarıız var ki, onların da tezliklə azadlığa buraxılmasına nail olmaq lazımdır. Məhkəmənin gedişində də sübut olundu ki, Ə.Zeynallı məhz jurnalistlik fəaliyyətinə görə həbs olunub. Onu mübariz, fədakar fəaliyyətinə, dəyişməz mövqeyinə görə həbs ediblər. Əvəz bəyin xaraktercə mübarizliyi məhkəmə zalında da özünü göstərdi. Mən deyərdim ki, Azərbaycanın ictimai-siyasi tarixində bəlkə də Əvəz Zeynallı bütün dustaqlara örnək olacaq bir mübarizə sərgilədi. O dəmir barmaqlıqlar arxasından göstərdi ki, dustağın azadlığı onun dəmir barmaqlıqlar arasına salınmasından asılı deyil. Mənən azad insan dəmir barmaqlıqlar arasında da azaddır. Əslində Ə.Zeynallıya qarşı olan münasibət Azərbaycanda azad mətbuata qarşı olan münasibətdir. Əvəz Zeynallının həbsi Azərbaycanda azad mətbuatın həbsidir. Hesab edirəm ki, nə qədər ki, Ə.Zeynallı kimi mübariz qələm sahibləri həbsdədirlər, Azərbaycanda mətbuat azadlığından danışmaq çox gülüncdür və yersizdir. Ə.Zeynallının timsalında bu gün mübarizə əzmi olan digər insanların da azad olunması üçün daha dinamik və ardıcıl iş aparılmalıdır. Biz bu həbslərə daha qətiyyətli şəkildə “DUR” deməliyik! Biz bəyan edirik ki, nə qədər ki, Əvəz Zeynallı kimi oğullarımız həbsdədir mübarizəmiz davam edəcək. Ə.Zeynallının anasının da qeyd etdiyi kimi Azərbaycanın bğöyük və işıqlı gələcəyi Əvəz Zeynallı kimi oğulların çiyninə düşür. Bu çox şərəfli bir mübarizədir. Əvəz bəy tək deyil, onun timsalında yüzlərlə mübarizə əzmi olan insanlar var ki, bu gün də onları susdurmaq qeyri-mümkündür”.  Əvəz Zeynallının anası Şamama Zeynallı Ə.Zeynallının həbsində əsas şikayətçi kimi həbs olunan Gülər Əhmədovanın YAP-ın adına vurduğu qara ləkədən sonra özünün həbs olunması da məhkəmə tərəfindən əsas götürülmədi. Məhkəmə izah etmədi ki, necə ola bilər ki, haqqında dələduzluq maddəsilə cinayət işi açılan bir adamın şər və böhtanı ilə bir baş redaktoru 9 il azadlıqdan məhrum etmək olar? Bütün proses cəmiyyətin gözü qarşısında oldu. Mandat bazarlığı, alverini edənlər kənarda qaldılar, rüşvət və korrupsiyaya qarşı mübarizə aparan Ə.Zeynallını məhz bu maddələrlə 9 il azadlıqdan məhrum etdilər. “Məmləkəti rey satanlar” bu gün də hakimiyyətdə ən yüksək vəzifələri daşıyırlar”.

“Bizim Yol” qəzetinin əməkdaşı İdrak Abbasov təəsüflə qeyd etdi ki, nə üçün Ə.Zeynallının azadlıqdan məhrum edilməsi ölkənin siyasi partiyaları, müstəqil QHT-ləri, sırf insan və jurnalist haqları ilə məşğul olan beynəlxalq və yerli təşkilatlar tərəfindən etirazla qarşılanmadı. Düzdür, müxtəlif qurumlar bəyanatla çıxış edərək, bu həbs cəzasına sərt etirazlarını bildirdilər: “Özünü müstəqil qüvvələr kimi təqdim edən bu təşkilatlara müraciət edirəm, prezident olmaq iddiasında olan siyasi partiya liderləri müraciət edirəm. Bir ölkənin müstəqil mətbuatının baş redaktorunun 9 il azadlıqdan məhrum edilməsi, ölkənin siyasi mənzərəsini dəyişmək üçün səbəb ola bilər”.

“Xural” qəzetinin kommersiya direktoru Nizami Həsənli məhkəmə prosesinin getdiyi 17 ayda bir çox şeylərin şahidi olduqlarını dedi. O proses müddətində ələrində olan rəsmi sənədləri dəlil olaraq məhkəməyə təqdim etmələrinə baxmayaraq, Ə.Zeynallı haqqında şıxarılan hökmdə öz əksini tapmamasını da “ucuz siyasi oyun” kimi dəyərləndirdi: “Bütün bunlara baxmayaraq Ə.Zeynallı hadisələrə çox nikbin baxır və hesab edir ki, siyasi sifarişlə onu həbs etdirdiyinə nail olduğunu düşünən PA rəhbəri R.Mehdiyev və şöbə müdiri Əli Həsənov zamanında qanun qarşısında cavab verməli olacaqlar”.

Musavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı Musavat partiyasının Ə.Zeynallının həbsinə etirazla yanaşdığını qeyd etdi. Onun fikrincə müstəqil, gündəlik bir qəzetin baş redaktoruna 9 il həbs cəzası kəsilməsi ancaq siyasi sifariş əsasında həyata keçirilə bilər: “Heç qəsdən adam öldürənlərə 9 il iş verilmir. Heç nəyə görə 9 il hökm oxumaq absurd və biabırçılıqdır”.

Mətbuat konfransının sonunda Ə.Muxtarlı bildirdi ki, artıq Ə.Zeynallıya 9 il hökm oxunması ilə bağlı məlumat və bəyanatlar hazırlanaraq, beynəlxalq təşkilatlara göndərilib. Müəyyən danışıqlar əsasında baş redaktorun həbsdən azad olunması üçün kifayət qədər məlumat toplanıb ki, onlar müvafiq qurumlara da təqdim olunacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button