Əvəz Zeynallı Baş prokuror Zakir Qaralovun dediklərinə reaksiya verdi

03.10.2012

Azərbaycan Respublikası

Baş prokuror Zakir Qaralova

 Kütləvi İnformasiya vasitələrinə

 Baş prokurorun Gülər Əhmədovanın işi ilə bağlı mətbuata verdiyi məlum açıqlamalarından sonra bəzi məqamlara toxunmaq istəyirəm.

  1. Mən G.Əhmədovanın əsassız, heç bir dəlil və sübuta söykənməyən iddialarına görə, guya ondan “hədə, qorxu, şantaj yolu ilə külli miqdarda rüşvət” tələb etmişəm. Ortada bunu sübut edəcək heç nə olmadığı halda, sabiq deputatın quru, təxəyyüllərə söykənən iddiası əsasında haqqımda AR CM-nin ən ağır – 311.3.2, 311.3.3, 311,3. 4. maddələri ilə cinayət işi açaraq, dərhal həbs ediblər. Bu maddələr isə əməlində heç bir cinayət olmayan bir jurnalistin, baş redaktorun 8 ildən 12 ilədək azadlıqdan məhrum edilməsilə nəticələnə bilər. Bu gün də heç bir təqsirim olmadan 1 ilə yaxındır ki, həbsdəyəm. Hazırda məhkəmə gedir. İctimaiyyətin gözü qarşısında məhkəmə prosesləri zamanı haqqımda olan ittihamların necə saxta və qurama olduğu aşkarlanır. Hətta o da məlum olub ki, G.Əhmədova haqqımda Baş prokurorluğa heç bir ərizə təqdim etməyib, hər bir halda istintaq materiallarının içərisində belə bir ərizə mövcud deyil. Sadəcə Korrupsiyaya qarşı Mübarizə İdarəsində hazırlanmış mətn G.Əhmədovaya imzalatdırılıb. Bu gün isə Gülər Əhmədovanın özünün hədə, qorxu, şantaj yolu ilə külli miqdarda rüşvət tələb etməsini sübut edən videogörüntülər, yəni əsl faktlar ortaya çıxır. Bu qadının əməllərində, deputat kürsüsünün necə “bazarlığa” çıxarılması, hansı yollarla dövləti cinayətlər etməsi, ortada konkret olaraq rüşvət hadisəsinin olması  inkaredilməzdir. Bu bir faktdır. G.Əhmədova bu cinayəti törədərkən deputat və vəzifəli şəxs kimi, yəni əlində müəyyən səlahiyyətləri olan adam kimi çıxış edir. Bununla yanaşı, o, dövlətin və prezidentin adından, iriçaplı məmurların adından istifadə edir. Bütün bunlar açıq-aşkar göründüyü halda onun haqqında AR CM-nin 178.3.2 maddəsilə cinayət işi açılıb. Qanunla mən vəzifəli şəxs hesab olunmuram, çünki dövlət vəzifəsini yerinə yetirməmişəm, o baxımdan da səlahiyyət sahibi olmamışam. Ancaq haqqımda qaldırılan cinayət işi sırf vəzifəli şəxslərə aiddir və korrupsiya ilə birbaşa əlaqəlidir. Mən rüşvətin predmeti və obyekti deyiləm. Məhz Gülər Əhmədova törətdiyi cinayət əməllərinə görə, AR CM-nin 311.3.2, 311.3.3, 311,3. 4. maddələrilə cinayət məsuliyyətinə cəlb olunmalı idi. Ortada iki cinayət var – birinin törədilməsi göz qarşısındadır, digərinin törədildiyi haqda ortada heç bir dəlil-sübut yoxdur. Cinayət törədən evində azad şəkildə yaşayır, cinayət törətməyən isə 1 ilə yaxındır ki, həbsdə saxlanılır. Bu ikili standartların izahını baş prokuror necə verə bilər?  Azərbaycan qanunları alidir və hər kəs onun qarşısında eyni hüquqludur. Belə çıxır ki, qanunlar məhz onların təmsilçiləri tərəfindən kobud və saymazyana şəkildə pozulur.
  2. İstintaq zamanı üzləşdirilmə məsələsidir. Baş prokuror israr edir ki, Elşad Abdullayev Azərbaycana gətirilməlidir və Gülər Əhmədova ilə üzləşdirilməlidir. Əgər üzləşdirmə qanuni tələbdirsə, (AR CPM üzləşdirilməni tələb edir) o zaman necə olur ki, haqqımda aparılan 7 aylıq istintaq müddətində Bakıda yaşadığı halda, vəzifə səlahiyyəətlərini yerinə yetirdiyi halda qanunlara hörmətsizlik edərək mənimlə üzləşdirilməyə gəlmədi. Əgər üzləşmə bu qədər məcburi prosedurdursa, E.Abdullayev mütləq halda Bakıya gələrək mütləq halda G.Əhmədova ilə üzləşdirilməlidirsə, o zaman nəyə görə G.Əhmədovanın mənimlə üzləşdirilməsi təmin olunmadı? Baş prokuror o zaman niyə narahat olmadı? Nəyə görə G.Əhmədovanın üzləşdirilməyə gətirilməməsinə göz yumdu? Belə çıxır ki, söhbət Əvəz Zeynallıdan gedəndə qanun pozula bilər, tapdana, çeynənə bilər, amma G.Əhmədovaya çatanda mütləq qanunlar yada düşüb, E.Abdullayevin məcburi Fransadan Bakıya gəlməsi təmin olunmalıdır?
  3. Baş prokuror açıqlamasında bildirir ki, nəyə görə Elşad Abdullayev bu cinayətin üzərindən 7 il keçəndən və ölkəni tərk edəndən sonra hüquq mühafizə orqanlarına bu haqda məlumat verib. Eyni qaydada mən baş prokurora müraciət edirəm. Haqqımda açılan AR CM 311.3.2 maddəsində mənə qarşı üç predmet var. Bu 3 nəfər – Aydın Heydərov, Akif Məmmədov və Sabir Tarverdiyevdir. Yeri gəlmişkən istintaq onların heç biri ilə üzləşmə aparmayıb. Bu adamların heç birinin əlində mənim onlardan rüşvət tələb etməyimlə bağlı sübut yoxdur. Onların əsassız ifadələrinə görə,  2005-ci ildə baş verdiyi iddia olunan hadisələr istintaq materiallarına əlavə edilir. Özü də bu müraciətlər Ramiz Mehdiyev “Xural”ı talan etdirmək qərarını verəndən sonra nə üçünsə eyni gündə KQMİ –nə “daxil olub”. O zaman nəyə görə, onların “7 il” müddəti nəzərə alınır, haqqımda AR CM 311.3.2 maddəsilə cinayət işi qaldırılır, amma E.Abdullayevin müraciəti isə “yubadılmış” müraciət kimi qələmə verilməyə çalışılır?  Baş prokuror o zaman mənim işimlə bağlı nəyə görə belə bir etirazı etməmişdi? Bu qədər ayrıseçkilik hansı qanunla. Hansı kriteriyalarla müəyyənləşdirilir? Gülər Əhmədova da artıq deputat deyil və mənim kimi vətəndaşdır. Nəyə görə törətdiyi sübut olunan cinayətə görə ona bu qədər imtiyaz tanınır? Qanunlar nəyi tövsiv edir – baş redaktora qarşı bir cür, dövlət məmuruna qarşı ayrı cür münasibət bəslənilməlidir? Ümumiyyətlə, baş prokuror ghəbs olunan gündəlik qəzetin baş redaktorunun işi ilə maraqlanıbmı?

Mən 1 ildir ki, həbsimin sifariş olduğunu, “Xural”a qarşı hücum planını həyata keçirən PA rəhbəri Ramiz Mehdiyevin birbaşa adamı olduğunu iddia edən Gülər Əhmədovanın şər və böhtanı əsasında həbs olunduğumu bəyan etmişəm. Bu gün də bütün bunların həqiqət olduğu ortaya çıxır.

 Cənab prokuror, hörmətli media nümayəndələri!

 Bu gün artıq bir çox qaranlıq məqamlara aydınlıq gətirilib, haqqımda gedən məhkəmə prosesləri zamanı da istintaqın saxta sənədlər, şifahi, təxəyyülə söykənən ifadələr əsasında aparıldığı aşkarlanır. Mən qanunun ikili standartlarla deyil, hüquqi əsaslarla tətbiq olunmasının tərəfdarıyam.

 Hesab edirəm ki, yuxarıda qeyd etdiyim hallar bir-bir araşdırılmalı və mənim işimə tətbiq olunmalıdır.

 Əvəz Zeynallı

“Xural” qəzetinin baş redaktoru”

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button