Əvəz Zeynallı: “Bu, “düşmən dəyirmanına su tökmək” deməkdir” – VİDEO

“Hər yerdə hörməti var, ad-sanı var yerazların”.

Bu sözlər sosial şəbəkələrdə yayılan yeni “Yeraz” mahnısındandır. Mahnının müəllifləri, ifaçıları haqqında dəqiq məlumatlar olmasa da, İrəvandan olan azərbaycanlılar tərəfindən xüsusi maraqla qarşılanır.

Qeyd edək ki, bundan əvvəl də bu tip mahnılara rast gəlmişik. Onlardan biri də “Yerazam, yerlibazam” mahnısıdır. Adıçəkilən mahnının isə sözləri Firdovsi Rəsula, musiqisi Tural Hüseynova, ifası isə “Ağla gözəl” mahnısı ilə məşhurlaşan, əslən Buzovnadan olan Zarina Tağıyevaya aiddir.

Bir çoxlarının maraqla qarşıladığı bu mahnılar haqqında tənqidi fikirlər səsləndirənlər də var. Onlar bu cür mahnıların Azərbaycanı parçalamaq və regionlara bölmək kimi qiymətləndiriblər.

“Yeraz” sözünün mənasına gəldikdəsə, deyilənə görə, bu sözün müəllifi mərhum akademik Ziya Bünyadovdur. Akademik ilk dəfə 1988-ci ildə bunu “Yerevan azərbaycanlıları” söz birləşməsinin qısaldılmış variantı kimi səsləndirib. Onun yarızarafat-yarıciddi işlətdiyi bu kəlmə sonradan ölkədə sürətlə populyarlaşmağa başlayıb.

Lakin elə ilk gündən birmənalı qarşılanmayan bu sözə görə insanlar arasında mübahisələr və davalar olub. Xüsusilə İrəvandan, Zəngəzurdan, Göyçədən köçüb gəlmiş soydaşlarımız 1991-2000-ci illər arasında bu sözü təhqir kimi qəbul ediblər.

Lakin 2000-ci ildən başlayaraq “yeraz” sözünə münasibət tamamilə dəyişməyə başlayıb. Bir çox İrəvan azərbaycanlıları fəxrlə bir-birilərini “yeraz” adlandırır, bu haqda çoxsaylı mahnılar yazılır, toylarda həmin mahnıları sifariş edirlər, sədaları altında rəqs edirlər.

“Azərbaycanda regional baxımdan insanları ayıraraq məsələn, “yeraz”, “graz”, “naxaz” və s. demək, bütün bunların hamısı millətin və toplumun bölünməsinə dəlalət edir və bu, “düşmən dəyirmanına su tökməkdir”.

Bu sözləri əslən Qərbi Azərbaycandan olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib.

Baş redaktor qeyd edib ki, “yeraz balası”, və ya “bakılı balası” sözünü səmimi şəkildə deyənlər olsa da, bunun özü də cəhalətdən irəli gəlir: “Yəni ağıllı, millətini sevən, özünü türk bilən adam bu sözləri deməməlidir. Hesab edirəm ki, bu, çox zərərlidir və Vahid Azərbaycan türklərini bölmək deməkdir. “Yeraz” sözünün yaranma tarixinə gəldikdə isə, bu haqda çox məlumatlar deyilir. Məsələn, ilk dəfə bu sözü akademik Ziya Bünyadov 1988-ci il hadisələri zamanı Qazaxda işlədib. Sonralar isə bu sözün mənasının “yerli azərbaycanlılar” olduğunu bildirib.

Məsələn, bir dəfə bir oğlan məndən soruşdu ki, “Yeraz sözünün mənasını bilirsən?” Dedim ki, “yox”. Cavabında bildirdi ki, “Yeraz sözünün mənası “yenilməz və enilməz rəiyyətin ali ziyalısı” deməkdir”. Soruşdum ki, “Hardansan?” Bildirdi ki, əslən Masallıdandır.

İndi biri deyir ki, “Yerazam, yerlibazam” və s. Bu haqda mahnılar da ortaya çıxır. Halbuki onu oxuyan da, yazan da Qərbi Azərbaycandan deyil. Onlar sadəcə, Qərbi Azərbaycanın bəzi ziyalılarının pulundan istifadə etmək, Rusiyada toylara getmək və s. üçün bu cür mahnılar yaradırlar. Millətin vahidliyini pozmaq olmaz. İnanıram ki, bizim milli şüurumuz artdıqca bunlar da aradan qalxacaq”.

Əvəz Zeynallı ona “yeraz” sözünün deyilməsini normal qarşıladığını da qeyd edib: “Hətta bununla bağlı zarafat da edirəm. Lakin bu məsələni ciddi platformada müzakirə etmək, mahnılar yazmaq, onları toylarda oxutmaq doğru deyil”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button