ƏVƏZ ZEYNALLI “EKSPRESS SERVIS” ŞIRKƏTINI MƏHKƏMƏYƏ VERDI

musfiq sefiyev 2

21.05.2013

Tərəflər arasında 3 illik müqavilənin imzalanmasına baxmayaraq, 2011-ci il oktyabrın 20-də gündəlik “Xural” qəzetinin nəşrini siyasi göstəriş nəticəsində dayandıran “Ekspress Servis” MMC-yə qarşı “Öhdəliyin yerinə yetirilməməsi nəticəsində pozulmuş hüquqların bərpası və vurulmuş zərərin ödənilməsi barədə” iddia qaldırıldı.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Xural” qəzetini qanunsuz olaraq çap etməkdən imtina etməsinə görə vurulmuş maddı zərər üçün cavabdeh “Ekspress Servis” şirkətindən 150 min manat pulun alınaraq, “Xural” qəzetinə ödənilməsi; “Ekspress Servis” şirkətinin “Xural” qəzetini çap etməkdən imtina etməsi nəticəsində dəymiş 200 min manat mənəvi zərərin əvəzi olaraq cavabdehdən alınaraq iddiaçılar Ə.Zeynalov və “Xural” qəzetinə ödənilməsi; Cavabdeh “Ekspress Servis” MMC-nin və digər mətbəələrin siyasi göstərişlə “Xural” qəzetini çap etməkdən imtina etmələrinin ifadə azadlığına müdaxilə kimi tanınması barədə qətnamə qəbul edilməsi iddiası ilə çıxış edib.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcu dövlət büdcəsinə ödənilməsi də qeyd olunur.

Əvəz Zeynallı isə ittihamlarla və hökmlə razılaşmır və hakimiyyəti tənqid edən yazılarına görə, siyasi sifarişlə həbs edildiyini bildirir.

Qeyd edək ki, Əvəz Zeynallının cinayət işində əsas şikayətçi olan Gülər Əhmədova fevralın 13-də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunaraq, ayrı-ayrılıqda 3 ay olmaqla, barəsində 6 ay həbs qətimkan tədbiri seçilib və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button