Əvəz Zeynallı: “Mən Tanrını gördüm”

“Biz Heydər Əliyevi həm də Azərbaycan kimi bilmişik”
Əvəz Zeynallı 2011-ci ildə həbs olunanda bəlkə də hamı fikirləşirdi ki, bununla o, tükənəcək. Amma elə olmadı. Özünün də dediyi kimi, 1158 gün həbs həyatından sonra o yenə də öz işinin başına qayıtdı. Ziqzaqlı həyat keçirsə də, həyatın hər üzünü – yaxşı və pis tərəflərini görsə də o, yorulmur, hələ də əvvəlki kimi enerjili Əvəz Zeynallı olaraq qalır.
“Xural” qəzetinin baş redaktoru Ə.Zeynallı redaksiyamızda qonaq oldu və Etatist.com-a müsahibə verdi. Müsahibəsində həbsə necə düşməyindən, həbs həyatından və sonrakı dövrdən danışdı.

Əvəz Zeynallının Etatist.com-a verdiyi müsahibənin üçüncü hissəsini təqdim edirik:

Əvvəlini buradan oxuya bilərsiniz


“Həbsxana, mənim kimi həbs olunan insan üçün ölümdür”

– Həbsinizi milad kimi görürsünüz?
– Bəli. Məsələn, filankəs necə insandır? Həbsimə qədər yaxşı. Artıq qohumlar da belə kateqoriyalardadır. Həbsdən sonra hər şey tamamilə başqa cür olub. Həbsxana, mənim kimi həbs olunan insan üçün ölümdür. Getdinsə, diri-diri ölürsən. Elə bil səni aparırlar ölüxanaya. Morq idi mənim üçün həyat. Mən o dünyadan baxmışam bu dünyaya. Çox ağıllı adamlar deyiblər ki, o, ölməz. O da 1-2 nəfər olub ölkədə. Üçüncüsü yoxdur. Amma əksəriyyət qürrə və təşəxxüslə deyib ki, “ölüb”. O tərəfdən bu tərəfə baxmaq o qədər maraqlıdır ki. Sən yoxsan və cəmiyyət də gözünün qabağındadır. Yazır, pozur, sevinir, oynayır, atmaca atır, qonaqlıq verir, qısaca hər şeyi edir. Mən həbs olunmuşam, televiziya kanallarının birində qurban kəsilib, böyük qonaqlıq verilir. Sonra qonaqlıq verən adamı həbs edib gətirirlər. Deyirəm, adam da heç belə şey edərmi? Bu dünya o qədər maraqlı dünyadır… Həbsdə oturub qayğılarımla məşğul olarkən, məni həbs etdirən deputat içəri girir. O mənada, mən Tanrını gördüm. Sonra mənə sual verirdilər ki, necə necə gördün Tanrını? Ona görə, həm də ədalətsizlik etməkdən qorxuram. İnsanlar fikirləşirlər ki,  Əvəz Zeynallı çıxdı, indi onun üzünə duranların halı necə olacaq? Heç bir şey olmayacaq. Kim nə qədər qazanıbsa, kim nə qədər üzə durubsa, kim nəyi nə qədər edibsə, Tanrı özü onun cəzasını verəcək… Və verib. Məndən onlara heç bir xətər olmaz. Əksinə, çox ağır vəziyyətlərində həmişə yanlarında olaram. Utandırmaq üçün, qızartmaq üçün ki, onların içində olan bəzi insanların qızarma, utanma hissi belə yoxdur. Demək istədiyim odur ki, Tanrını görən insan ədalətsizlik etməməlidir. Tanrı özünü mənə göstərdi. Başqa necə göstərməliydi? Məni tutdurub-saldırıblar içəri, yer-göy dağılır. Həmin adamın tifağını Tanrı dağıdır, mənim məhkəməm qurtarmamış o da girir içəri.

– Əvəz bəy, dediniz ki, “Tanrını görən insan ədalətsizlik etməməlidir”. Siz ədalətsizlik etmişdiniz?
– Məndən soruşular ki, o xanım tutulanda sevindin? Həmişə anama da, yoldaşıma da deyirdim ki, əsla, insandır, qadındır, qəti sevinmək olmaz. Mənim anam mənimlə bərabər döyüşürdü, yoldaşım həmişə arxamda idi, qardaşım, bacılarım, bacılarımın yoldaşları general kimi bu cəbhədə döyüşürdülər. Bu insanların hamısı sınaqdan üzüağ çıxdı. Ona görə sevinmək olmaz ki, Tanrı sənə onu göstərir. Tanrı göstərir ki, mən sevinəni belə etdim. Mənim həbsim günü televiziyanın ən böyük auditoriyasında qonaqlıq verən adam həbs olunub içəri gəlir. Bu, ədalətdir, mən görürəm axı bunu. Deputat gəlir, özü də hansı deputat, özü də hansı aşırımlardan keçərək gəlir. Tanrı qiymətləndirir. Bəzən çox uzun illlər çəkir, amma heç kimin haqqını heç kimsədə qoymur. Ölüb getsən də hesabını alır. Amma bu yazıq Tanrı məni ölməyə də qoymadı. Həmişə qınadığım, həmişə əsəbləri ilə oynadığım Tanrı… Mən Tanrının da əsəbləri ilə oynamışam. Mən Tanrının da qaydalarına riayət etməmişəm axı. Qınamışam, ağlıma gələni demişəm, tək olanda əsəbiləşmişəm ki, “yekə oğlansan, yekə kişisən, nəsən sən, göstər özünü”. O, özünü göstərdi. Onda adam bir az ehtiyatlı olur ki, ədalətsizlik olmasın.

– “Xural”ın əvvəlki dövrü ilə bağlı bir söz dediniz ki, “…əvvəlki kimi olmayacaq”.
– “Olmayacaq” demirəm. Məsələn, hansısa hakimiyyətin nökərçiliyini qəbul edən bir qurumla aylarla döyüşməyə dəyərmi?

– Niyə döyüşürdünüz ki?
– Döyüşməli idim.

– Bəs gələcəkdə belə bir dönəm yarananda?
– Ehtiyac yoxdur artıq. O mərhələ keçdi. Məsələn, “KİVDF-dən bizə də 10-20 min manat verilsin döyüşünə” dəyərmiydi? Mənim hər ilim yüz ilə bərabərdir axı. İndi mən o dövrlərə gülməli baxıram. Məsələn, Vüqar Səfərli o qurumun sədri olduğu müddətcə KİVDF-yə müraciət etməyəcəm. Əgər mən KİVDF-yə müraciət etməyəcəmsə, mən onunla niyə döyüşməliyəm? Bəlkə də sabah elə bir söz deyəcəklər, elə bi hərəkət edəcəklər ki, onun adekvat cavabı olacaq, amma çalışacam, bu da olmasın. Məsələn, 14 fevralda hansısa Xalq artisti konsert verir. O dərəcədə döyüşməyə dəyərmi? – Dəyərdi, o vaxt düz etmişik, amma bundan sonra bir söz dəyər ki, “filankəs bu gün konsert verməsin”. Döyüşməyə dəyməz. Bəlkə də biz döyüşdüyümüz üçün bu həddə gəldik, bu ayrı məsələ… Bəlkə də bu döyüşlər o günü qazandırdı…

“Biz Heydər Əliyevi həm də Azərbaycan kimi bilmişik”
Əvəz Zeynallı: "Mən Tanrını gördüm"

– O, vaxt siz Heydər Əliyevlə görüşüb, müsahibə götürmüşdünüz. Həm də o görüşü geniş şəkildə yazmışdınız. Heydər Əliyev orda sizə bir söz demişdi: “Sənin böyük gələcəyin var”. “Xural”ın şüarı o böyük gələcəkdir?

– Ümumiyyətlə, jurnalın özü o “böyük gələcək”dir. Mən Heydər Əliyevi çox istəyirdim. Heydər Əliyev bizdə nəsilliklə, tayfalıqla sevilən adam olub. Ermənistanlıların evində 10 otaq olurdu, hamısında da Heydər Əliyevin şəkli asılırdı. Heydər Əliyev bizim erməniyə qarşı silləmiz idi. Biz gedirdik rayona, iki erməni ilə o dəqiqə dalaşırdıq. Sonra bilirdik dava olacaq, 5-6 nəfər gedirdik. Avtobusun vaxtına 10 dəqiqə qalmış erməniləri harada tutduq döyürdük, sonra qaçırdıq avtobusa, gəlirdik kəndə. Onlar Heydər Əliyevi söyəndə biz onlarla dalaşırdıq. Biz Heydər Əliyevi həm də Azərbaycan kimi bilmişik. Biz gözümüzü açanda elə olub. Dövlətçi tayfa olmuşuq.

– Demək, “Xural”ın istinad nöqtəsi Heydər Əliyevin sözündə başlayır?
– Yox, istinad nöqtəsi yox. Heydər Əliyev çox böyük və ağıllı insan idi. Mən onunla Ankarada görüşdüm. Həm də qeyri-adi bir şəkildə. O, bizə yarım saat vaxt ayırmışdı. Bir saat əlli dəqiqə keçmişdi, şirkətlər qapını ağzında gözləyirdi, aləm dəymişdi bir-birinə, amma görüşümüz davam edirdi. Heydər Əliyev idman geyimində idi, yanında da Vasif (Vasif Talıbov- red.) var idi. Oturduq xeyli söhbət etdik. Təbii ki, bir saat əlli dəqiqəlik söhbəti mən apardım. Zorla tələbələri toplamışdım, yalvarmışdım ki, bu Heydər Əliyevdir, onunla görüşə gedirik. Mən ona həm də bir keçmiş kimi baxırdım. Xeyli söhbətimiz oldu. Sonda dedi ki, “sənin çox böyük gələcəyin var, sən hər gələndə mənim qapımı döyməsən, mənim qonağım olmasan, inciyərəm”. Mən ondan götürəcəyim müsahibənin razılığını da aldım. Soruşdu ki, nə qədər olacaq müsahibə? Mən dedim ki, təxminən 150-200 saat. Bu, ona o qədər ləzzət etdi ki, məşhur gülüşüylə güldü…

Ot kökü üstündə bitər. Bütün bu böyük ideallar mənə atamdan keçib. Heydər Əliyevin o sözu böyük bir şey də deyil əslində. Deyim ki, məndə böyük bir şırım açdı, yox, sadəcə Ankarada jurnal çıxarmaq istəyirdim, jurnalı çıxardanda adını düşündüm, yadıma Heydər Əliyevin dediyi düşdü: “Böyük gələcək”.

– Heydər Əliyev bildi bu jurnal haqqında?
– Mən Ankarada nə iş görmüşəmsə, onun ilkini Heydər Əliyevə göndərmişəm. Bilsə də, bilməsə də, kitab, broşüra, Azərbaycan gəncliyinə müraciət – nə etmişəmsə hamısını… Özüdə bu, çox xərcli bir iş idi. Azərbaycan Respublikasının Prezidenti adına ilk nüsxəni göndərirdim – 20-25 dollara. Biz cəmi 100 dollar alırdıq. Mən dövlət kimi adamam. Mənim nə etdiyimdən dövlətin başçısının xəbərdar olmasını istəmişəm hər zaman. Sonra Heydər Əliyev bir neçə özəl toplantıda məni axtarmışdı. Bizim bir neçə nazir o məsələ ilə bağlı mənimlə söhbət etmişdi. Mənimlə bağlı hakimiyyətin ən müxtəlif dairələrində çox maraqlı planlar olub, müəyyən söhbətlər gedib, amma müstəqilliyim hər zaman perspektivimin qarşısında bir əngəl olub. Mən həmişə müstəqil olmuşam. Həm atam məni müstəqil böyüdüb, həm də mən kəndimizdə qalanda hamısı köçdü, 1986-cı ildə Ağbulaq kəndində tək qaldım. Orada da mübarizə olurdu və özümüzdən dəfələrlə güclü olan uşaqlarla döyüşürdük. Bu döyüş həm də oradan gəlir. Mən heç zaman bərabər döyüşdən narahat olmadım. Mən qarşımda ən az 10 nəfər olanda da narahat olmadım. 30-40 nəfər tökülüşdü… Problem o zaman yarandı… Ondan sonra Türkiyədə təxminən 10 il qaldım. Azadlığın ən məhdudiyyətsiz formasını yaşadım.

Həmin o azadlıq məsələləri perspektiv məsələlərini baltaladı. Mən İlham Əliyevi də çox istəmişəm. Amma mən onları həm də çox ağır formada tənqid etmişəm. Siz mətbuatdasınız, yazılar yazırsınız. Bir adamın portretini yaradırsınız. Bunu qardaş-qardaşa deməz, amma mən deyirəm sizə. Əgər yazdığınız yazıdan, haqqında yazdığınız insanın xoşu gəldisə, deməli, siz yaxşı jurnalist deyilsiniz. Mən həmişə bu kriteriya ilə baxmışam. Mən İlham Əliyevə “Bəxtsiz cavan” portreti yazmışam, onu bu yaxınlarda təkrar dərc edəcəm. Heydər Əliyev haqqında “Xalq yaradan tək adam”, “Adam kişi olar, kişi kimi mübarizə aparar” yazılarını yazmışam. Hakimiyyətin adamları mənə bunu həbsdə dedilər ki, sən o vaxt bunu yazmısan. Bunlar unutmurlar heç nəyi. Mən Atatürkü çox sevirəm, Atatürk mənim üçün ideala yaxın adamdır. Amma mənim Atatürk haqqında o qədər ağır, tənqidi fikirlərim, sözlərim var… Mən bilirəm axı Atatürkün qüsurları haradadır…

– Bəlkə bu səmimi münasibətə dair fikirlərinizi paylaşmayasınız?
– Paylaşmıram, amma bəzən də, paylaşıram (gülür- red). Bu, bir həddə qədər belədir. Bir həddən sonra artıq sən ədalətlisən. Bayaq dedim, Tanrı niyə gördü məni? Tanrının nəzərində deyiləm ki, mən. Ümumiyyətlə, Tanrı mənim kimi adamları görmür. Amma Tanrı bildi ki, mən heç bir zaman ədalətsizlik etmərəm. Məni 147-ci, 148-ci maddə ilə tutmaq olar. Yazıya görə mənə cinayət işi də qaldırmaq olar, amma məni tam əlaqəsiz və ədalətsiz maddələrlə ittiham etmək, mənə şər atmaq olmaz…

– Əvəz bəy, belə demək olarmı ki, “Xural” yeni  bir fəlsəfə ilə qayıdacaq?
– Bəlkə də demək olar.

““Xural” yalan danışmayacaq”
Əvəz Zeynallı: "Mən Tanrını gördüm"

– Bu fəlsəfəni özət olaraq üç tezisə bölsək, necə formalaşdıracaqsınız?

– Açığı, heç bir tezis yoxdur. Bir şey deyim, mən bütün ömrüm boyu yalan danışmadım. Heç bir  zaman. “Xural” da yalan danışmayacaq.

– O zaman “Xural” çıxmayacaq? (gülür-red). Təbii ki, bu bir zarafatdır…
– Bəlkə də çıxmayacaq. Aleksandr Soljenitsının SSRİ-nin dağılmasını təşkil edən əsas kitabının ana qayəsi bir cümlə idi, o cümlə Nobel mükafatı aldı. Soljenitsın SSRİ-nın vətəndaşlarına müraciət edirdi ki, “Yalan danışmayın!”. O tezis qalib gəldi. Sadəcə yalan danışmamaq, vəssalam! Tutaq ki, həbsxanaya gəlirdilər-gedirdilər, hər cür təklif olurdu. Mənim iki övladım böyüyür. Onlar məni tamam başqa cür görürlər axı. Yəni mən cəmiyyətə xitab edirəm, mənim oxucum var, mən bir ictimai xadim oldum, bu davaların içindən keçdim – yalan danışmaq olmaz!

İsmət İnönünün gözəl bir sözü vardı: “Türkiyə o zaman yaxşı dövlət olacaq ki, namuslu insanların sayı, namussuz insanların sayından bir nəfər çox olsun”. Mən hər zaman inanmışam ki, Azərbaycanda namuslu insanların sayı, namussuz insanların sayından bir nəfər çoxdur. Elə olmasaydı, ölərdim, içəridən çıxa bilməzdim. Onsuz da o nikbin notlardır insanı oradan çıxaran, oradan çıxmaqmı olardı? Orada özünü təslim etdinsə, deməli, parça-parça oldun, getdin. Yəni mən xarakter etibarilə optimistəm.

Bayaq maşını saxlamaq istədim, park edə bilmədim. “Milyonerlər məhəlləsi” deyilən yerdə maşın saxlamaq mümkün deyil. Amma o evlərin birinə belə içimdən bir parça qəzəb keçmədi. Çünki o evlərin hamısını özümün bilirəm. O nikbinlikdi əslində adamı yaşadan…

Dünən Selcanla söhbət edirdik. Deyirəm, nə edirsiniz? Deyir, dərs keçməmişik, ata. Deyirəm, bəs nə etdiniz? Deyir, heç qızlarla söhbət etdik. Deyirəm, nədən söhbət etdiniz? Deyir, heç dolların bahalaşmasından-filan. Deyirəm ki, ay Selcan, sən hara, dollar hara? Deyir, niyə ata, mənlikdir də, dollar bahalaşıbsa, ayaqqabı da bahalaşıb. Sinifdə qızlar dolların bahalaşmasını dərd edir. Çünki hamısı ayaqqabı almaq istəyir, hamısı atasına deyir. Hamısının atası deyib ki, çox bahalıqdır, bir gözləyin hələ. Bu reallıqda yaşamaq olarmı? Yaşamaq olmaz, çətindir. Amma kim bu problemi həll etməlidir? Biz etməliyik, sən etməlisən, mən etməliyəm. Nəyin bahasına etməliyik? Həmin günlərin, həmin həbslərin, həmin ömürlərin bahasına. Niyə deyirəm hər kişinin görə biləcəyi bir yerdir? Keçmişdə deyirdilər ki, qala kişi üçün tikilib. Və ya hər aktiv qadının, qızın görməli olduğu yerdir. İnsanları anlamadan, insanları dinləmədən, insanların dərdini, problemini bilmədən irəli getmək olmaz. Mən bu yaxınlarda partiya sədrlərinin müavininin birinə deyirəm ki, 27 min məhkum var, məhkumlarla işləyin. Hər evdən, hər kənddən bir məhkum var. Mənə nə desə yaxşıdır?..

– “İmkanımız yoxdur”?
– Elə desə nə var… Deyir, “onlar itirilmiş adamlardır, burax cəhənnəm olsunlar”. Bunu həbsxana görmüş adam deyir. Bununla mübarizə aparmaq olar? Amma mən bilirəm ki, həbsxanadakıların ən azı 70-80 faizi siyasi çalarlı məhkumlardır. Yəni 3 il almalıdır, 5 il veriblər, 5 il almalıdır, 10 il veriblər. Bunun hamısı da müəyyən maddi gözlənti səbəbindən olub. Amma bütün hallarda ölkədən getmək, qaçmaq olmaz. Bütün gedənlərin hamısına can sağlığı arzu edirəm, Allah Avropada onların bəxtini açıq etsin… Amma bu ölkədən getmək olmaz!

– Sizin həyata baxış fəlsəfəniz, düşüncəniz və bu düşüncənin illər ərzində formalaşdırdığı mühitiniz, Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsi ilə eyni vaxtdan başlayır. Doğma kəndinizdən məcburi şəkildə köçürülməyiniz. Daha sonra siz xarici ölkəyə dövlət hesabına ilk göndərilən, tələbə oldunuz…

Ardı var…
Etatist.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button