Əvəz Zeynallı: Siyasi məhbusları həbsə göndərənlərin də siyahısı hazırlanacaq – VIDEO

 

Hüquq müdafiəçisi Amerikanın Səsinə müsahibəsində siyasi məhbus problemindən danışıb

Hüquq müdafiəçisi Əvəz Zeynallı Amerikanın Səsinə müsahibəsində ölkədə siyasi məhbus kimi tanınan şəxslərin yeni tərtib edilmiş siyahısı və problemin həlli yollarından danışıb.

Amerikanın Səsi: Azərbaycanda siyasi məhbus kimi tanınan insanlarla bağlı iki siyahı dərc edilib. Siz hər iki siyahını hazırlayan işçi qrupda iştirak edibsiniz. 94 nəfərlik, yoxsa 166 nəfərlik siyahı daha realdır?

166 nəfərlik siyasi məhbus qrupu daha etibrlıdır, daha sağlam əsasları var.

Əvəz Zeynallı: Birinci işçi qrupda, 94 nəfərin siyahısını verən işçi qrupda mənim adım sonradan olub. O işçi qrupda mən təmsil olunmamışam. Amma, təmsil olunmaq istəmişəm. İkinci, 166 nəfərlik siyahını hazırlayan işçi qrupunun işində çox fəal iştirak etmişəm. 166 nəfərlik siyasi məhbus qrupu daha etibrlıdır, daha sağlam əsasları var.

Amerikanın Səsi: Səbəbi nədir?

Əsasən də Nardaran məsələlərində fərqli mövqelərimiz var.

Əvəz Zeynallı: Səbəb odur ki, daha geniş baxmışıq. Yəni, səthi yanaşılmayıb. Biz Nardaran hadisələrində bütün iştirak edənlərin, hətta bəzi jurnalistlərin (birinci qrup onun adını siyahıya salmayıb) adlarını da siyahıya salmışıq. Birinci siyahıya salınan bəzi adamlarda da yanlışlıqlara yol verilib. Biz o yanlışlıqları etməmişik. Biz hesab edirik ki, Nardaran hadisələrində iştirak edən və o hadisələrdə həbs edilən hər kəs siyasi məhbusdur. Əsasən də Nardaran məsələlərində fərqli mövqelərimiz var.

Amerikanın Səsi: Kriteriya nə olub?

Əvəz Zeynallı: Kriteriya Avropa Şurasının məruzəçisi olmuş Kristofer Ştrasserin (Avropa Şurası Parlament Assambleyasının 2009-2012-ci illərdə siyasi məhbuslar üzrə məruzəçisi-red) o vaxtkı siyahısının əsasını təşkil edən Avropa Şurasının 3 oktyabr 2012-ci il tarixli siyasi məhbus kriteryaları olub. Beş kriteriya var, hansı ki, Avropa Şurası tərəfindən qəbul olunub. Biz öndə o kriteriyaları tutmuşuq.

Amerikanın Səsi: Siyahını hazırlayan hər iki qrup hüquq müdafiəçilərinin birgə müzakirələr aprması mümkündürmü? Bu istiqamətdə danışıqlar aparılırmı?

Siyasi məhbus məsələsində müstəntiq və prokuror kimi hərəkət etmək olmaz.

Əvəz Zeynallı: Mümkündür. Biz o vaxt da bunu dedik. Mən həbsdən çıxandan sonra bu məsələ ilə aktiv şəkildə məşğul oldum, dəfələrlə bir araya gəlməyin yollarını aradım. Biz hamımız aradıq. Təbii ki, bir arada olmaq mümkündür. Sadəcə olaraq ortada müəyyən iddialar, müəyyən siyasi məhbusların bir ələ, bir mərkəzə, bir monopoliyaya götürülməsi cəhdlərini hiss edirəm. Təbii ki, o yolverilməzdir. Əslində o siyahı ilə bu siyahı da tamdır. Yəni, 94 nəfərlik siyahıda olanların hamısı, bizim 166 nəfərlik siyahıda var. Sadəcə biz bir az daha geniş siyahı tərtib etmişik. Siyasi məhbus məsələsində müstəntiq və prokuror kimi hərəkət etmək olmaz. Yəni, biz siyasi məhbusların olduğunu və bunların çox olduğunu diqqətə çatdırmalıyıq. Müəyyən rəqəm çərçivəsində, 90 cuvarında məhdudlaşmaq olmaz.

Amerikanın Səsi: Siyasi məhbus kimi tanınan insanların hüquqlarının müdafiəsi sahəsində hansı tədbirlər planlaşdırırsınız? Hazırlanan siyahılar hökumət qurumlarına və beynəlxalq təşkilatlara təqdim edilibmi?

Bu ölkədə təkcə siyasi məhbusların siyahısı hazırlanmamalıdır. Bu ölkədə siyasi məhbusları türmələrə və uzun müddət həbsə məhkum edən müstəntiqlərin, prokurorların və hakimlərin də siyahısı hazırlanmalıdır.

Əvəz Zeynallı: Çox ciddi işlər görülməlidir. Mən bu məsələ ilə həbsdən çıxandan sonra daha ciddi tanış olmuşam. Son dərəcə ciddi boşluqlar var. Təsəvvür edin ki, ömürlük məhkum olunan və Avropa Şurası tərəfindən tanınan məhbusların keysləri (barələrində məlumat toplusu-red) hələ hazır deyil. Bu məsələ çox ciddi problemdir. Təbii ki, bizim siyahı həm hökumət qurumlarına, həm beynəlxalq təşkilatlara ingilis və rus dilində tərcümə olunub təqdim ediləcək. Biz bu məsələni çoxşaxəli aparmaq niyyətindəyik. Bu ölkədə təkcə siyasi məhbusların siyahısı hazırlanmamalıdır. Bu ölkədə siyasi məhbusları türmələrə və uzun müddət həbsə məhkum edən müstəntiqlərin, prokurorların və hakimlərin də siyahısı hazırlanmalıdır. Güman ki, bizim gələcək siyahılarımızda bir neçə istiqamət olacaq. Həm siyasi məhbusların, həm siyasi məhbusları həbsə göndərən müstəntiqlərin, prokurorların, hakimlərin siyahısı, işgəncəyə məruz qalanların, işgəncəyə məruz qoyanların siyahısı olacaq. Həbs olunmayan, eyni zamanda mütəmadi təqib altında olan aktiv insanlar var, təbii ki, onlar da artıq bizim diqqətimizə gəlir, indi polis idarələrində yüzlərlə aktiv insanların siyahıları mövcuddur və o siyahılar əsasında insanlara təzyiq göstərirlər. Bu çox geniş şaxəli işdir və inanıram ki, bunun öhdəsindən gələ biləcəyik.

Amerikanın Səsi: Hökumət rəsmiləri Azərbaycanda siyasi məhbus olamdığlını bildirir? Siyasi məhbus kimi tanıdığınız insanlarla bağlı problemi hökumət rəsmiləri ilə müzakirə edib ortaq məxrəcə gəlmək mümkündürmü? Vəziyyətdən çıxışı nədə görürsünüz?

Onların xoşuna siyasi məhbus termini gəlmirsə, onların xoşuna gələn termin ətrafında da müzakirə etmək olar.

Əvəz Zeynallı: Hökumət bir addım atsın, biz 21 addım ataq. Mən həmişə elə görürəm. Hökumətlə danışmaqdan, hökumətin səlahiyyətli nümayəndələri ilə bu məsələləri müzakirə etməkdən heç vaxt geri çəkilmək olmaz. Hökumət illah deyirsə ki, siyasi məhbus yoxdur, o məsələni də müzakirə etmək olar. Onların xoşuna siyasi məhbus termini gəlmirsə, onların xoşuna gələn termin ətrafında da müzakirə etmək olar. Amma, hökumətin özünün də qəbul etdiyi bir termin var: “hökmlərində, mühakimələrində müəyyən ziddiyyətlər olan, suallar yaranan məhbuslar”. Bunlar iki il əvvəl o məsələdə bir anlaşma etmişdilər. Ad nə olur-olsun. Bu ölkədə şərlənən adamlar varsa, qanunsuz və əsassız həbs olunan adamlar varsa, istəyirsən hökumət buna siyasi məhbus desin, istəyirsən problemli məhbus desin, bunu müzakirə etmək mümkündür. Hesab edirəm ki, hökumətin arzusu, istəyi olarsa qarşıdurmaya getmədən, dünyanın ciddi təşkilatları tərəfindən də qınaq obyekti olmadan məsələnin daxildə həlli yollarını tapa bilərik.

Qeyd: Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olamadığını bildirir. Dövlət rəsmiləri bütün insanların qanun qarşısında bərabər olduğunu, insanların yalnlz törətdikləri qanunazidd əməllərə görə hüquqi məsuliyyət daşıdığını deyir. Eyni zamanda, hökumət rəhbərləri ölkədə məhkəmə hakimiyyətinin müstəqil olduğunu iddia edir.

Bununla yanaşı, Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda həbsdə olan 13 insanı “vicdan məhbusu” elan edib. Avropa İnsan Hüquqlar Məhkəməsi isə son illər Azərbaycanın istintaq orqanlarında, məhkəmələrində Avropa İnsan Hüquqları Konvensiyasının pozulması ilə bağlı onlarla qərar qəbul edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button