Əvəz Zeynallı zindandan təbrik göndərir

evez27.07.2013

Pərviz

Azərbaycan hakimiyyətinin Mətbuat Günündə nöqtəsini qoyub, iki il sonra üçün təməlini atdığı ev rəzaləti haqda çox şey yazmaq olar. Lakin buna dəyməz və nə qədər yazırsan yaz, bu yazıların heç biri o rəzaləti tam ifadə eləyə bilməz. Və bu hakimiyyət əgər umursa ki, bu rəzalət kampaniyası ilə nəyəsə nail oldu, kökündən yanılır, çünki 99,9 faizi iqtidaryönlü mətbuatın jurnalisti olanlar onsuz da onların şəninə yazıb-yaradır, ən yaxşı halda susurlar. Bundan sonra bir az daha ürəkdən yazacaq, bir az da ürəkdən susacaqlar, vəssalam. Hamısı bu. Müxalifət düşərgəsindən ev alanlar isə nə bundan sonra yollarını dəyişəndilər, nə də çalışdıqları qəzetlərin kursunu dəyişmək iqtidarında.

Lakin bu durumu hamılıqla dərk eləmək və qiymətləndirməyin bircə sadə yolu var. Və çox sadə. Sadədən sadə.

Məhkum jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə salonundan bir şəkli var. Qəfəsin içindədi. Əllərini dəmir barmaqlıqdan çıxarıb, qoluyla qəfəsə söykənib, üzündə isə özünə məxsus ironiyalı təbəssüm qəfəsin pəncərəsindən, gözündən dışarı baxır. Mən Mətbuat Günü fb-də onun bu şəklinin yayıb üstündən yazdım: “Bu da Əvəzin evi…” Mənə elə gəldi ki, bu əski şəklində o, ev alan həmkarlarına təbrik deyir. Mən də qoşuluram. Bir anlıq siz də özünüzü o qəfəsdə zənn edin və ordan dostlarınıza təbrik yollayın…

Bundan sonra jurnalistlərin 99,9 faizi öz pəncərəsindən icazəli mitinqlərə boylanıb reportaj hazırlayacaqlar. “Səs” üçün, “Lider” üçün, nə bilim hara üçün. Hətta balkona da çıxmayacaqlar. Çünki dövlət başçısı belə buyurub. Buyurub ki, pəncərədən baxarsız. Bu, jurnalistikamıza qayğı deyil də, nədi?

Nə isə, bu da bir tarixdi, yaşayırıq. Qəfəsin içində və çölündə…

Tarix demişkən, Içərişəhəri yenə də dağıtmağa başlayıblar. Belə getsə, Içərişəhərdə ancaq bir-iki məscid, bir-iki hamam, bir bazar, bir şah sarayı, bir də Qız Qalası qalacaq tarixdən. Tarix darmadağın olunur və kimsə bunu qarşısını ala bilmir. Onlar o qədim evləri tarix hesab eləmirlər. Hansısa Məhərrəmin evi niyə tarix olsun ki? Halbuki, Avropayla az-çox tanış olanlar bilir ki, onlar bacardıqca bütün tarixi evləri qoruyub saxlayır, bərpa edir və o tarixin üzərində inamla gələcəyə addımlayırlar. Biz isə keçmişi silib-süpürür, söküb-atır və heçliyin üzərində gələcəyə doğru can atırıq.

YAP hakimiyyətinin tarixə yanaşması iki cürdü. Onlar eyni zamanda tarixi həm sevir, həm də onu məhv edir, tarixin maddi əsaslarını gördüyümüz kimi, dağıdır, onun kif basmış mənəviyyatını, gerizəkalı təfəkkür tərzini, ictimai-iqtisadi formasiyasını (feodalizm), mental “dəyərlərini” isə göz bəbəyi kimi qoruyurlar. Onlara sərf edəndə xalqımızın mənəvi gözəlliklərindən danışır, o biri yandan isə xalqın evini yıxırlar, nədi-nədi, o evlərin yerində hansısa boynuyoğun oliqarx hotel tikəcəkmiş. Ev yıxmaq nə zamandan bəri yüksək mənəvi keyfiyyət olub? Jurnalistlərə ev verildiyi gün Içərişəhərdə həm sakinlərin evini, həm də bütün keçmişinin, xatirələrini dağıdırlar. Xatirələrin nə demək olduğunu bilirsinizmi?

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button