Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı toplanan imzalar prezidenə göndərildi

11.03.2013

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsi və hüquqlarının bərpası çağırışı ilə prezident İlham Əliyevə ünvanlanmış müraciətilə bağlı başlanan imza toplanışının yekunları açıqlanıb. Bu gün keşirilən mətbuat konfransında RATİ-nin rəhbəri Emin Hüseynov məlumat verib:

  “ Ötən 16 ay göstərdi ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi tam olaraq siyasi sifariş əsasında həyata keçirilib. Məhkəmə prosesinin getdiyi 11 ay müddətində cəmiyyət başa düşə bilmədi ki, sabiq deputat G.Əhmədova Ə.Zeynallının işində şikayətçi, yoxsa zərəçəkmiş qismində iştirak edib. Biz məhkəmədən ədalətli qərar gözləməyimiz gülünc olardı. Biz məhkəmə prosesinin bu cür gedəcəyini əvvəlcədən bildiyimiz üçün vətəndaş cəmiyyətinin adından Prezident İlham Əliyevə müraciət ünvanladıq. Bu müraciətə 300 nəfərə yaxın ictimai-siyasi xadim, hüquq müdafiəçiləri imza atıblar. Biz çox yaxşı bilirik ki, Ə.Zeynallının azad olunması yalnız prezidentin siyasi idarəsindən asılıdır. Prezident Administrasiyasının rəhbəri R.Mehdiyevin sifarişilə həbs olunmuş Əvəz Zeynallının üzərindən saxta ittihamların götürülərək, azad olunmasını yalnız prezident səlahiyyətlərindən istifadə edərək,  təmin edə bilər. Prezident bu addımı atmaqla bütün bu qanunsuzluqlara son qoya, Ə.Zeynallı haqqında qaldırılmış saxta ittihamların ləğv olunaraq, onun bəraətlə azad olunmasında siyasi iradə nümayiş etdirə bilər.

Məlumdur ki, baş redaktoru rüşvət almaqda ittiham edən G.Əhmədovanın özünün adı rüşvət və korrupsiya qalmaqalında hallanır və o hazırda AR CM-nin 178-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Ə.Zeynallı haqqında Bakı Ağır Cinayətlər Məhkəməsi hökm oxumalıdır. Nə qədər ki, gec deyil, saxta ittihamlarla həbs olunan baş redaktorun həbsdən azad olunması üçün ədalətli qərar çıxarılmalıdır”.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, Ə.Zeynallının həbsindən sonra yaradılmış Preventiv Təhqiqat Qrupunun (PTQ) istintaqla paralel apardığı araşdırmalar öz təsdiqini tapdı. Prezident Administrasiyasının rəhbəri R.Mehdiyev və şöbə müdiri Ə.Həsənov öz maraqlarına xidmət edərək baş redaktoru siyasi göstəriş əsasında həbs etdiriblər. Çünki həbsindən əvvəl “Xural” qəzetinin həm R.Mehdiyev, həm V.Səfərli ilə məhkəmə çəkişmələri olub. İndiki durumda Prezident Administrasiyasında mətbuatı yönləndirən bu adamların hələ də vəzifədə olduğunu nəzərə alaraq, baş redaktorun bəraət əsasında həbsdən azad olunmasını gözləmirik. Amma mən də hesab edirəm ki, indiki durumda prezident siyasi iradə göstərərək, bir baş redaktorun saxta ittihamlarla həbsdə saxlanılmasına imkan verməməlidir”.

PTQ-nun rəhbəri Əfqan Muxtarlının sözlərinə görə, “ PTQ-nun 11 ay ərzində apardıqları araşdırmalar onu deməyə əsas verir ki, Ə.Zeynallı jurnalist fəaliyyətinə görə həbs olunub. Onun üzərinə qoyulan saxta ittihamların heç biri özünü doğrultmayıb. Ə.Zeynallının həbsində əsas şikayətçi olan Gülər Əhmədovanın özü haqqında cinayət işi açılıb. Hakimlər Ə.Zeynallı haqqında hökm oxumazdan əvvəl, onu da əsaslandırmalıdırlar ki, nəyə görə, Gülər Əhmədovanın dediklərinə inanaraq bir jurnalisti azadlıqdan məhrum etmək olar? Biz ən azı ona nail olmalıyıq ki, nə R.Mehdiyev, nə də Əli Həsənov məhkəmənin çıxaracağı hökmə müdaxilə edə bilməsinlər. Bu müdaxilə olduğu təqdirdə məhkəmədən ədalətli qərar gözləmək mümkün deyil”. E.Hüseynov da hesab etdi ki, yuxarılardan müdaxilə olduğu təqdirdə məhkəmə Ə.Zeynallı haqqında 95 faiz ədalətsiz qərar çıxaracaq. Prezident bu qanunsuzluğa yol verilməsinə mane olmalıdır.  Cəmiyyət oyanışdadır. Düşünmək olardı ki, insanlara göstərilən təzyiqlər müqabilində onlar bir daha aksiyalarda iştirak etməyə meyilli olmayacaqlar. Lakin 10 mart aksiyası bu fikirləri alt-üst etdi. Nə qədər ki, günahsız, öz haqlarını tələb edən insanlar saxta ittihamlarla həbsə atılırlar, hakimiyyətlə vətəndaş cəmiyyəti arasında heç bir dialoqdan söhbət gedə bilməz.”

Əfqan Muxtarlı digər vacib məqama da toxundu: “Bu günlər Helsinki Vətəndaş Assambleyasının Azərbaycan üzrə milli rəhbəri Arzu Abdullayeva mətbuata verdiyi açıqlamada qeyd edib ki, Amnesty international Beynəlxalq İnsan Haqları təşkilatı Azərbaycandan Ə.Zeynallı haqqında arzuolunmaz məktublar, mesajlar alırlar. Bu məsələ də araşdırılmalı, kimlərin beynəlxalq təşkilatlara məqsədli olaraq yalan informasiya verdikləri aydınlaşdırılmalıdır.” Bunun üçün Amnesty international-a sorğu göndərilməsi qərara alındı.

Məlumat üçün bildirək ki, 2012-ci il oktyabrın 9-da kampaniyanın başlanmasına həsr olunmuş brifinqdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bildirib ki, istənilən vətəndaş müraciəti imzalaya bilər və imza toplanışı Facebook, E-mail və çap versiyasında həyta keçirilir.

Prezidentə ünvanlanmış müraciətdə deyilirdi: «Cənab prezident, sizi «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsinə və hüquqlarının bərpasına çağırırıq. Keçmiş deputat Gülər Əhmədovadan rüşvət istəmə ittihamı üzrə Ə. Zeynallını 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Eyni zamanda G. Əhmədovanın Beynəlxalq Universitetin keçmiş rektoruElşad Abdullayevdən onun deputat seçilməsi üçün 1 mln. dollar tələb etməsi barədə video süjet bütün KİV-ə yayımlanıb.

Ə. Zeynallıya qarşı irəli sürülmüş ittihamın ləğvinin, ona dəyən maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsinin vaxtı çatıb».

İmza toplanışı 5 ay müddətində davam edib. Brifinqdə kampaniyanın nəticələri açıqlandıqdan sonra sənəd Prezident İlham Əliyevə və hazırda Ə.Zeynallının işi ilə bağlı araşdırma aparan və jurnalist barəsində hökm çıxarmağa hazırlaşan BACM-nin hakimlərinə  göndəriləcək.

Xatırladaq ki, Ə. Zeynallı keçmiş deputat Gülər Əhmədovanın prokurorluğa müraciəti əsasında həbs olunub. G. Əhmədova redaktor tərəfindən şantaja məruz qaldığını, Əvəz Zeynallının ondan pul tələb etdiyini bildirib.

Onun ərizəsi əsasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ə. Zeynallı barəsində CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi qaldırıb.

Hazırda G.Əhmədovanın özü haqqında AR CM-nin 178 və 307-ci maddələrilə cinayət işi açılıb və o həbs edilib.

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button