Əvəz Zeynallının həbsi ilə bağlı PCQ-nin hesabatı açıqlandı

Yanvarın 11-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində «Xural» qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı yaradılmış “Preventiv cavab qrupu”nun (PCQ) ilkin hesabatı mətbuata açıqlanıb.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə jurnalistlərə hədə və zorakılıqların qarşısının alınması üzrə həyata keçirilən “Preventiv cavab qrupu” (PCQ) adlı layihəni Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun (Soros Fondu) maliyyə yardımı, Jurnalistlərin və Söz Azadlığının Müdafiəsi Fondunun (JSAMF) himayədarlığı ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) həyata keçirib. Layihədə məqsəd KİV işçilərinin təhlükəsizlik sisteminin yaradılması, onların həyatına, sağlamlığına və azad jurnalist yaradıcılığına təhdidlərin aradan qaldırılmasıdır.

Bu məqsədlə, “Preventiv cavab qrupu” jurnalist, vəkil və tibb işçisindən ibarət yadadılan mobil bölmə KİV işçilərinin həyatına, sağlamlığına və azadlığına təhlükənin əvvəlcədən qarşısını almaq üçün tədbirlər görür, qarşıya qoyulan məqsədə çatmaq üçün hüquq-mühafizə orqanları, ictimai təşkilatlar və KİV ilə sıx təmaslar qurmağa cəhd ediblər.

“Preventiv cavab qrupu” (PCQ) “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsinin təhqiqatı ilə məşğuldur. Qrupun rəhbəri Əfqan Muxtarlı “Preventiv cavab qrupu”nun (PCQ) ilk təhqiqat araşdırmalarının nəticələrini ictimaiyyətə açıqlayıb. Onun sözlərinə görə,  PCQ  Ə.Zeynallının həbsi zamanı baş verən qanun pozuntularını araşdırıb və belə qənaətə gəlib ki, həbs zamanı respublikanın müvafiq qanunlarına görə, onun azadlıq və toxunulmazlıq hüququ ilə yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsi kobud şəkildə pozulub. Bundan başqa,  İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsi, Cinayət Prosessual Məcəllənin həbs qətimkan tədbiri ilə bağlı tələbləri də ciddi şəkildə pozulub. Əfqan Muxtarlı onu da nəzərə çatdırıb ki, baş redaktorun qanunun heç bir tələbinə uyğun gəlməyən şəkildə tələm-tələsik, AR-nın ən ağır cinayət maddəsilə sübutsuz həbs olunması ilə bağlı təhqiqat qrupu kifayət qədər materiallar toplayaraq, ilkin hesabata daxil edib: “Biz əvvəlcə hesabata Nəsimi rayon Məhkəməsi tərəfindən Ə.Zeynallı haqqında istintaqın aparılması ilə əlaqədar çıxardığı 3 aylıq həbs müddətini əhatə edən dövrü daxil etdik. Sonradan isə məlum oldu ki, istintaqa yeni işlər əlavə olunur, ona görə də bu ğünkü hesabatımızı ilkin hesabat şəklində təqdim edərək, təhqiqatın işini davam etdirmək qərarına gəldik.” Daha sonra Ə.Muxtarlı, hakim YAP-ın üzvü olan məmurlar tərəfindən “Xural” qəzeti və onun baş redaktorunun dəfələrlə məhkəməyə verildiyini və millət vəkili Gülər Əhmədovanın Ə.Zeynallıya qarşı iddia irəli sürdüyü gün – oktyabrın 19-da “Xural” qəzetinin redaksiyasının texniki avadanlıqlarının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiası əsasında məhkəmə icraçıları tərəfindən müsadirə olunmasını bir daha nəzərə çatdırdı: “Qrup bütün bunlardan belə qənaətə gəlib ki, G.Əhmədovanın Ə.Zeynallıya qarşı irəli sürdüyü iddialar əsassızdır, çünki bunu sübut edəcək heç bir fakt ortada yoxdur və Ə.Zeynallının həbsi birbaşa R.Mehdiyevin sədri olduğu Korrupsiyaya qarşı Mübarizə İdarəsinə verdiyi göstəriş əsasında həyata keçirilib.”

“Turan” informasiya agentliyinin direktoru,  Açıq Cəmiyyət İnstitutunun (“Soros fondu”) Azərbaycan bölümünün İdarə Heyətinin rəhbəri Mehman Əliyev bildirib ki,  “Preventiv cavab qrupu” Azərbaycanda ilk dəfə olaraq jurnalistlərə təzyib, təqib, təhdid və böhtan xarakterli təhqiqatlar aparır və bu araşdırmalarını davam etdirmək niyyətindədir: “Nə qədər ki, Azərbaycan mətbuatında bu cür problemlər ar hesab edirik ki qrupun işi də uzunmüddətli olacaq. Qrupun tərkibi hər zaman eyni olmayacaq, o dəyişə bilər. Ə.Zeynallının işi ilə bağlı dörd əməkdaş – iki jurnalist, bir nəfər keçmiş hüquq-mühafizə orqanlarının işçisi, Baş Prokurorluğun mühüm işlər üzrə tədqiqatçısı Adil Mirhəsənli və vəkil Elçin Sadıqov təhqiqat aparıblar. Biz gələcəkdə də bu işlərimizi davam etdirmək niyyətindəyik.”

Qeyd: “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi ictimaiyyət tərəfindən kəskin şəkildə pislənildi. Azərbaycan cəmiyyətində həbsin ilk günündən Əvəz Zeynallının siyasi sifariş əsasında qanunsuz olaraq təzyiqə məruz qalması barədə rəy formalaşdı. “Preventiv cavab qrupu” (PCQ) yaradılmasının vacibləşdirən əsas şərtlərdən biri ictimai rəydir. İctimai rəy isə Ə.Zeynallının hakimiyyətlə bağlı yazdığı sərt və kəskin yazılarına görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin göstərişi əsasında, onun parlamentə təyin etdiyi millət vəkili Gülər Əhmədova tərəfindən şərlənərək həbs olunduğu qənaətindədir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button