Əvəz Zeynallının məhkəmədə iştirakını təmin etməyən BİT rəisi cərimələndiriləcək

 

31.07.2012

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun 26 noyabr 2011-ci ildə Bakı İstintaq Təcridxanasının (BİT) rəhbərliyindən məhkəməyə etdiyi şikayətə 2 saylı İstintaq Məhkəməsinin hakimi Rəna Hüseynovanın icraatında baxılıb.

Məhkəmə bir həftə əvvəldən Əvəz Zeynallının prosesdə iştirakının təmin olunması ilə bağlı Bakı İstintaq Təcridxanasına bildiriş təqdim edib. Lakin hazırda BİT-da saxlanılan Ə.Zeynallının prosesdə işrirakını təmin etməyən  BİT-in rəisi Elxan Sadıxovun özü də nümayəndəsini məhkəməyə göndərməyib.

Hakim Rəna Hüseynova bununla bağlı qeyd edib ki, BİT-a sərəncam göndərilsin və bildirilsin ki, məhkəmə sərəncamının icra edilməməsilə bağlı cərimə olunacağı barədə xəbərdarlıq edilsin.Növbəti prosesdə, əgər Ə.Zeynallının iştirakı təmin olunmayacaqsa, o zaman BİT cərimə olunacaq.  AR Vəkillər Kollegiyasına da məlumat verilsin ki, iddiaçı, şahid Elçin Sadıqov növbəti məhkəmə prosesinə qatılsın. Məhkəmə prosesin gedişi ilə bağlı Əvəz Zeynallıya məlumat verilməsilə bağlı sərəncam verib.

Növbəti məhkəmə prosesi 14 avqust 2012-ci il, saat 10.00-a təyin olundu.

Məlumat üçün bildirək ki, Ə.Zeynallı vəkili Elçin Sadıqovun BİT-da heç bir əsas olmadan üzərində axtarış aparılması, məxfiliyə riayət edilməməsi, təqsirləndililən şəxsin, yəni Ə.Zeynallının müvafiq hüquqlarının pozulması məhkəmə şikayətinə səbəb olub. İyunun 4-də keçirilən məhkəmə də gərginliksiz ötüşməyib. O zaman Ə.Zeynallı məhkəmədə etirazını bildirb: “Aylardır ki, işi məhkəməyə vermişik. Lakin bu gün, mənə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəfildən məhkəmə barədə məlumat verib və bura gətiriblər. Nə üçün bu qədər uzun müddətdə şikayətimizə baxılmayıb? Bu tələskənliyin səbəbi nədir?”. Hakim  BİT-na aprel ayının 27-dən sərəncam göndərildiyini deyib. BİT isə səlahiyyətlərini növbəti dəfə pozaraq, bu haqda əvvəlcədən Ə.Zeynallıya məlumat verməyib. Vəkil E.Sadığov hesab edir ki, BİT bunu etməklə məhkəmədə media nümayəndələrinin iştirakının qarşısını alıb.

Ötən məhkəmə iclasında Bakı İstintaq Təcridxanasını Qeydiyyat İdarəsinin rəisi və Rejim Nəzarət Şöbəsinin rəisi təmsil ediblər. Lakin onların rəsmi nümayəndəlik kağızı olmadığından məhkəmə prosesə başlaya bilməyib. Məhkəmədə BİT-in nümayəndələri Ə.Zeynalının məhkumlar üçün nəzərdə tutulmuş qəfəslikdən prosesdə iştirakının təmin edilməsilə bağlı vəsatət qaldırsalarda, hakim  Ə.Zeynallının məhkum olunmuş şəxs olduğu sübut olunmadığını əsas gətirərək, qəfəsliklə bağlı vəsatəti təmin etməyib.

Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham edilir və hazırda heç bir əsas olmadan 10 aydır ki, Bakı İstintaq Təcridxanasında saxlanılır.

Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan haqları komitəsi 2012-ci il iyunun 26-da alman deputat Kristofer Ştrasserin “siyasi məhbus”lara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini 02.07.2012 tarixində qəbul edib. Qətnamə layihəsində Azərbaycan hakimiyyəti hazırda həbsdə olan 89 siyasi məhbusu azad etməyə çağırılır. Hazırda 17 nəfərin azad olunduğu məlum siyahıda Əvəz Zeynallının da “siyasi məbus” olaraq həbs olunduğu qeyd edilib.

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.

XuralTAC


 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button