Əvəz Zeynallının məhkəməsi yenə təxirə salındı

12.09.2012

Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi uzun fasilədən sonra sentyabrın 12-ə təyin olunsa da dövlət ittihamçısı Ramazan Hadıyevin məzuniyyətdə olması səbəbindən növbəti dəfə təxirə salınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva məhkəmə prosesini sentyabrın 19, saat 14.00-a təyin edib.

Xatırladaq ki, məhkəmə iclasları hakim R.Allahverdiyevanın məzuniyətə çıxması ilə bağlı qeyri-müəyyən vaxtadək təxirə salınmışdı. Növbəti məhkəmə prosesinin daha 10 gün müddətinədək uzadılmasının səbəbi kimi prokuror Ramazan Hadıyevin hələ də məzuniyyətdən qayıtmaması göstərilirdi.

Qeyd edək ki, sentyabrın 19-da keçiriləcək məhkəmə prosesində zərərçəkmiş qismində çıxış edən şəxslər dindiriləcək.

Onu da bildirək ki, Ə.Zeynallının həbs olunması üçün şikayət ərizəsilə müraciət edən Gülər Əhmədova ötən iclasda məhkəməyə şahid qismində qatılıb və baş redaktora qarşı “ağlasığmaz” ittihamlar irəli sürüb. Ə.Zeynallı G.Əhmədovanın ittihamlarına cavab vermək imkanı isə deputatın növbəti məhkəmə iclasına qatılmaması səbəbindən baş tutmayıb.

Qısa məlumat: Bundan əvvəlki məhkəmə iclaslarında  “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, müğənni N.Ələsgərli, ədliyyə işçiləri, “Kurort” MMC sabiq prezidenti Akif Məmmədov, “Xəmsə” restoranının administratoru Xanoğlan Muxtarov şahid qismində ifadə veriblər.

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button