Əvəz Zeynallının mətbuat konfransı keçirildi -VİDEO

17.01.2013

 Əvəz Zeynallıya dəstək vermək üçün onun məhkəmə proseslərinə qatılmaq lazımdır.

 Məhkəmə prosesinin məxsusi olaraq uzadılmasına etiraz əlaməti olaraq məhkəmə prosesində iştirak etməkdən imtina edən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının etirazlarının ictimaiyyətə çatdırılması məqsədilə mətbuat konfransı keçirilib. Tədbirdə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev çıxış edərək bildirib ki, “Ə.Zeynallının həbsindən sonra ölkədə çox ciddi siyasi hadisələr baş verib. Baş redaktorun əsas işverəni G.Əhmədova artıq özü cinayət məsuliyyətinə cəlb olunub. Bu cinayətlərdə PA rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir. Bütövlükdə elə bir şərait yaranıb ki, Ə.Zeynallıya qarşı qaldırılan cinayət işi kart evi kimi dağılıb. Hakimiyyət də Ə.Zeynallının həbsi ilə bağlı qəti qərar verə bilmir. O da aydındır ki, Ə.Zeynallı haqda verilən hər hansı bir qərar hər bir halda ədalətli olmayacaq. Son 2 məhkəmə prosesində də Ə.Zeynallı kifayət qədər əsaslı sübutlar ortaya qoyaraq sübut etdi ki, onun həbsi siyasi sifarişdir və müstəqil mətbuata qarşı təzyiqdir”.

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılının sözlərinə görə, məhkəmə prosesi artıq hamını təəcübləndirəcək səviyyədə uzanıb. Həklə Azərbayvan məhkəmələri tarixində bir adamın işi ilə bağlı bu qədər uzun müddətdə məhkəmə keçirilməyib. Proses süni olaraq uzadılır. Hakim də, prokuror da, müxtəlif bəhanələr gətirərək, bu işi uzatmağa çalışırlar. Bu insanın uzun müddət gərginlikdə saxlamaq, ona psixoloji təzyiq göstərmək deməkdir. Ə.Zeynallının həbsi jurnalist fəaliyyətilə bağlıdır və onun adı həbs olunan siyasi məhbuslar sırasındadır. Beynəlxalq qurumlar Ə.Zeynallının işi ilə bağlı hakimiyyətdəki maraqlı tərəflərə sual verəndə onlar əsas gətirməyə çalışırlar ki, Ə.Zeynallının məhkəməsi hələ başa çatmayıb. Bu doğru deyil. O da doğru deyil ki, onlar elə fikirləşirlər ki, məhkəmə prosesi davam edən baş redaktor siyasi məhbus hesab edilə bilməz. Artıq bu epizod “siyasi məhbus” anlayışında öz təsdiqini tapır. Bu gün Gülər Əhmədova bəyan edir ki, Ə.Zeynallı onun iddiası əsasında həbs olunmayıb. Halbuku məhkəmələrin qərarları var və məhz həmin qərar əsasında da həbsindən sonra Ə.Zeynallının redaksiyasında, maşınında və evində axtarışlar aparılıb. Bu gün G.Əhmədova hüquqi baxımdan iddiasından imtina edir. Məhkəmə isə bir daha onun prosesə cəlb edilməsinə imkan yaratmır. Görünür, G.Əhmədovanın məhkəmə prosesinə qatılması Ə.Zeynallının heç bir cinayət törətmədiyini sübut edəcəyi üçün, bunun qarşısı alınır. Ə.Zeynallının işində epizodlardan biri də 2006-2007- ildə münasibətlərdə olduğu adamların onun üzünə durmasıdır. Bu adamların heç biri baş redaktorun onlardan rüşvət tələb etdiyini demirlər və rüşvət məsələsini bir-birlərinin üzərinə ataraq məsuliyyətdən yayınmağa çalışırlar. Özü də bu adamların hamısı birbaşa və ya dolayısı ilə R.Mehdiyev və Ə.Həsənova yaxın olan adamlarla əlaqəsi olan adamlardır. Bunun özü də porodoks yaradır. Digər iddia vergilərin ödənməməsi və guya məhkəmə qərarlarını qəsdən icra etməmək barəsində qaldırılıb. Bütün bu işlərin hüquqi mahiyyətinə vararkən görünür ki, bütün bu ittihamlar saxtadır. Sadəcə, Ə.Zeynallının həbs olunması üçün əvvəlcədən ssenari əsasında hazırlanmış saxta ittiham əməliyyatıdır. Məhkəmənin gedişindən də göründüyü kimi əslində Ə.Zeynallının həbsi siyasi xarakter daşıyıb və onun jurnalistlik fəaliyyətilə bağlı olub. Müstəqil yazar Şahvələd Çobanoğlu Ə.Zeynallını hazırda həbsdə saxlamağın heç bir məntiqə sığmadığını dedi. G.Əhmədova özü ittihamdan imtina edir və Ə.Zeynallını həbs etdirənin ünvanını dolayısı ilə göstərir. Ə.Zeynallı dəfələrlə R.Mehdiyevin siyasi sifarişi əsasında həbs olunduğunu deyir, G.Əhmədova da müsahibəsində, “Ə.Zeynallı nə üçün və kim tərəfindən həbs olunduğunu özü bilir” deyir. Tədbir iştirakçıları Ə.Zeynallının müdafiəsinin zəif olduğunu diqqətə çatdırdılar. Onlar mətbuatın azad və müstəqil olmaması, eyni zamanda Ə.Həsənovun nəzarəti altında olması səbəbindən Ə.Zeynallının məhkəmə prosesilə bağlı lazımi informasiyaları yaymamasını da media üçün ciddi qüsur hesab etdilər. Hüquq müdafiəçisi Oktay Gülalıyev hesab edir ki, Ə.Zeynallının məhkəməsi ölkə reallıqlarını və çılpaqlıqlarını açıb ortaya qoyan prosesdir: “Əslində bu məhkəmə prosesi ölkədə gedən siyasi proseslərin güzgüsüdür. Ə.Zeynallıya qarşı qaldırılan ittihamlar məhz bu hakimiyyətin mahiyyətindən doğan, onun indiyə qədər apardığı siyasətin iç üzünü açaraq ortaya qoyan bir məsələdir.” Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Ə.Zeynallıya hər zaman ictimai dəstək olub: “Ə.Zeynallı əslində sırf siyasi məhbusdur və o dərhal azad olunmalıdır. Bu istiqamətdə mübarizə aparmaq lazımdır. Ə.Zeynallı dövlətçi adamdır. Onun məhkəmələrindəki çıxışlarından da bunu görmək mümkündür. Ola bilsin onun müdafiəsi bu kənardan bir qədər zəif görünsün. Amma insanlar kimin haqlı olub-olmadığını gözəl bilirlər. İnsanlar Ə.Zeynallının məhkəmələrində yaxından iştirak etməklə ona dəstək verməlidirlər.”  RATİ sədri Emin Hüseynov isə hesab edir ki, Ə.Zeynallı özü cəmiyyətdə gedən proseslərlə bağlı məqalələrini yazmaqda davam etməlidir: “Ola bilsin ki, onun məqalələri dərc olunmasın. O zaman biz beynəlxalq dəstək hesabına elə bir mətbu orqan yaratmalıyıq ki, həbsdə olan siyasi məhbuslar o media vasitəsilə öz fikirlərini azad ifadə edə bilsinlər”.

 Sonda Ə.Zeynallının dünya ictimaiyyətinə, yerli və beynəlxalq hüquq təşkilatlarına ünvanlanmış müraciəti müzakirə olundu.

Ə.Zeynallının növbəti məhkəmə prosesi yanvarın 23-də saat 14.00-a təyin olundu.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button