Əvvəl yol, sonra kanalizasiya?!

Binəqədi şossesinin sol tərəfində salınmış yeni qəsəbənin sakinləri etiraz edirlər…

“Biz bir qrup sakin bir müddət əvvəl prezident İlham Əliyevə müraciət etdik. Bildirdik ki, 7 ildən artıq bir müddətdə burada yaşamağımıza, şossenin yanına qədər kanalizasıya xəttinin çəkilməsinə, illərlə müvafiq orqanlara şikayət etməyimizə baxmayaraq, bu günə qədər qəsəbəyə kanalizasiya xətti çəkilməyib.Yayda üfunət iyindən başımız çatlayır, qışda da müvəqqəti bu məqsəd üçün qazdırdığımız quyular yağış suyundan durmadan dolub daşır, məhəllələrarası yollara ciddi ziyan vurur. Nəinki insanlar, maşınlar belə palçığa batıb çıxa bilmir. İndi də bələdiyyədən xəbər göndəriblər ki, ay camaat, sevinin küçələrinizə asfalt çəkəcəyik. Bu kanalizasiya xətti çəkilmədən küçələri asfaltlayıb, yenidən söküb kanalizasiya çəkmək dövlətin malına-puluna xor baxmaq demək deyil, bəs nədir?” Cəfər Əsgərov və yüzlərlə onun kimi vətəndaşın şikayəti dəfələrlə bələdiyyə səviyyəsində baxılsa da, bir faydası olmayıb. Prezidentə etdikləri şikayət əsasında bələdiyyəyə çağrılan sakinlərə ilin sonunadək kanalizasiya xəttinin çəkiləcəyi sözü verilib. Lakin illər bir-birini əvəz etsə, şosseyə qədər kanalizasiya xətti çəkilsə də, min bir əziyyət hesabına tikilən və şəhərin gözəlləşməinə xidmət edən evlərə kanalizasiya xətti paylanmayıb. Bu azmış kimi indi də məhəlləarası yolların asfaltlanmasından danışırlar. Birinci görüləcək iş sonraya saxlanılır. Sonra görüləcək iş qabağa salınır. “Kim deyir ki, biz yollarımızın asfaltlanmağını istəmirik? Bəlkə də bizdən çox bunu istəyən yoxdur. Amma əgər bu asfalt yollar sonradan – kanalizasiya xətti çəkiləndə dağıdılacaqsa, onda kimi aldadırlar – Dövləti, yoxsa Prezidenti? Bunlar öyrəniblər asfalt çəksinlər, sonra da dağıdıb töksünlər. Camaatı hövsələdən çıxarmağın bütün yollarını bilirlər. Halbuki prezident pul ayırıb. Bunların səhlənkarlığı ücbatından heç nə yerində deyil. Əvvəlcə adam kimi kanalizasiyamızı çəksinlər, sonra da yolumuzu. Bizim də bu dövlətdə adam kimi yaşamağa ixtiyarımız çatır!” deyən sakinlərdən biri həyəcanla “Siz Allah, bizim qazdığımız, kanalizasiya kimi istifadə etdiyimiz quyuların da şəklini çəkin. Bəlkə prezident görüb, bu agılsız məmurlarının cəzasını verə…” dedi. Qəsəbədə jurnalistin olması xəbərini bir-birinə çatdıran qonşular yanımıza gəlməyə başladılar. Şikayətləri isə eyni idi. Qəsəbədə kanalizasiya xəttinin olmaması səbəbindən inkişafın dayandığını iddia edənlər də çox idi. Sakinlərdən ən yaşlısı, “Biz qəsəbəmizə Əziz Əliyevin adının verilməsi təklifini irəli sürəndən sanki gözdən düşmüşük. Hətta Biləcərinin ən ucqar, şosse yollarından 10 kilometr uzaq məsafədə olan yerlərə belə kanalizasiya xətti çəkilib, biz isə gözlərinin qarşısında ola-ola özlərini görməzliyə vururlar. Elə qonşular var ki, çirkab sularını bir-birinin həyətinə buraxırlar. Dava-dalaşdan, səs-küydən rahatığımız ərşə çəkilib. İlbiz, qurbağa, ilan, ağcaqanad əlindən tərpənmək olmur. Belə getsə, yığılıb prezidentin iqamətgahına gedib, sözümüzü orada deyəcəyik. Daha nə qədər Binəqədi bələdiyyəsinin səxavətini gözləmək olar? Artıq bizdə nə səbr qalıb, nə də hövsələ…”

Zəhra Hidayətqızı

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul 2011-ci il

 


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button