​“SOCAR Georgia” vəsaitin olmamasından şikayət edir

700 milyon avroluq zavod ətrafında ziddiyyətli məlumatlar yayılır

Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Gürcüstanda 700 milyon avroya başa gələcək karbamid zavodunun tikintisi layihəsini dayandırmasına dair yeni və fərqli açıqlama verilib.
Virtualaz.org saytı xəbər verir ki, bu dəfə SOCAR-ın Gürüstandakı törəmə müəssisəsi “SOCAR Petrolium Georgia” zavod tikintisi layihəsinin “Azərbaycanın iqtisadi vəziyyətinə görə dayandırıldığını” açıqlayıb.
Xəbər verdiyimiz kimi, zavodun tiktintisi layihəsinin dayandırılması haqda SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
Abdullayev deyib ki, layihə “Gürcüstan hökuməti ilə müəyyən məsələlərə dair danışıqların alınmadığına görə” dayandırılıb.

Lakin Gürcüstanın energetika naziri Kaxa Kaladze zavodun tikintisi layihəsinin “sərfəli olmadığını”, bu üzdən dayandırıldığını deyib. Kaladze bildirib ki, layihə nə Gürcüstan, nə də Azərbaycan tərəfi üçün kommersiya baxımından sərfəli deyildi.
SOCAR-ın Gürcüstanda karbamid zavodu tikməsinə dair anlaşma Saakaşvili hökuməti dövründə əldə edilmişdi. Hazırda Ukrayna hökumətində müşavir olan Mixail Saakaşvili fürsəti əldən buraxmadan bu polemikaya qoşulub və Gürcüstanın indiki hökumətini SOCAR-dan zavodun tikintisinə görə “haqq” tələb etməkdə günahlandırıb.
Saakaşvili deyib ki, Gürcüstanın indiki hökumətinin öz maraqlarını güdməsi 10 minə yaxın insanı iş imkanından məhrum edib.
“SOCAR Petrolium Georgia” şirkətinin rəhbəri Mahir Məmmədov isə bu gün mayın 17-də jurnalistlərə açıqlamasında tamam fərqli arqument irəli sürüb. O bildirib ki, layihə bağlanmayıb, sadəcə olaraq təxirə salınıb. M.Məmmədovun sözlərinə görə, KİV-lərdə bu məsələyə dair müxtəlif spekulyasiyalar meydana çıxıb. Əslində isə zavod “Şahdəniz-2” layihəsinin başa çatmasından əvvəl tikilə bilməz. Məhz bu səbəbdən layihə təxirə salınıb.
“Azərbaycanın iqtisadi vəziyyəti elədir ki, bizim bu layihə ilə əlaqəli müəyyən problemlərimiz meydana çıxıb. Ona görə də zavodun tikintisi təxirə salınıb, ancaq biz hökmən bu layihyə qayıdacağıq. Bu, bizim qərarımız idi və Gürcüstan hökuməti də onunla razılaşdı. Beləliklə, layihə təxirə salınıb, dayandırılmayıb”- deyə Mahir Məmmədov bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button