“Əkinçi”

Babalıq

Mətbu kimi sən çatmısan ilk ada, “Əkinçi”,

Rəhmət, yenə rəhmət böyük ustada, “Əkinçi”.

 

Seyyid və Nəcəf bəy, Gorani, dahi Axundov,

Kİmlər, daha kimlərdi düşən yada, “Əkinçi”.

 

Sən tənha idin, indisə yüz-yüz varisin var,

Səndən qalanı vermədəyik bada, “Əkinçi”.

 

Üst-üstə bu yüzlər yığışa, bircə sən etməz,

Əmması bu: yoxdur duzu urvada, “Əkinçi”.

 

Əksər qəzetin amalı, əfkarı pozuqdur,

Quyruq bulayır, xidmət edir yada, “Əkinçi”.

 

Var min qələti, yanlışı bir çap vərəqində,

Vermiş dilin imlasını bərbada, “Əkinçi”.

 

Bir çoxlarının “gül” sözü təhqir və söyüşdür,

Haşa, oxumam mən onu arvada, “Əkinçi”.

 

Var bir çoxu ki, buyruğu dövlətxanadandır,

Zorən satılır məmura, əfrada, “Əkinçi”.

 

Var KİV-lərə dəstək, nə bilim fondmu o, gondmu,

Yainki, balıq sövdası dəryada, “Əkinçi”.

 

İnsaf ilə, sən gördüyün o senzura yoxdur,

Amma ki pişik var yenə torbada, “Əkinçi”.

 

Yazmır biri ki, torpağı kim düşmənə satmış,

İnsan utanır gəzməyə dünyada, “Əkinçi”.

 

Gündəmdə gedir saxta tərif, saxta inanclar,

Yaltaq olanın ağzı çatır dada, “Əkinçi”.

 

Amma o da var ki, nə qədər cəngi–“Xural” var,

Batmaz həqiqət daş kimi dəryada, “Əkinçi”.

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button