“ÇILPAQLAR ADASI” – AZƏRİYƏ

Baxıcı

Hüsamə Bin Sərxan

Kişisi kişi olan millətin qadınına hicab lazım deyil…

1. Hər örtük hicab deyil…

Qadının yad kişilər qarşısında öz bədən üzvlərini örtməsinin vacibliyi İslamın mühüm şərtlərindən biridir və bu müddəa Qurani-Kərimdə öz əksini tapmışdır. Amma qeyd edim ki, İran və Hindistan kimi qədim ölkələrdə, eləcə də yəhudi xalqı arasında hicab mövcud olmuşdur və onlarda mövcud olan hicab qanunları islami qanunlardan sərtliyinə və amansızlığına görə fərqlənmişdir. Məşhur tarixçi alim Vill Dorant “Sivilizasiyaların tarixi” adlı əsərində yəhudi qövmü və “Təl-mud qanunu” barəsində belə yazır: “Əgər hər hansı yəhudi qadın bu qanunu pozmaq fikrinə düşsəydi, məsələn, başını örtmədən camaatın arasına getsəydi, ictimai yerlərdə yun əyirsəydi, kişilərlə söhbət edib ucadan danışsaydı və onun səsini qonşular eşitsəydi, onda o qadını heç nə vermədən boşayardılar”.

“Hicab” sözü müxtəlif lüğəti mənaları özündə ehtiva edir – örtmək, örtülmək, pərdə… Lakin hər örtük hicab deyildir . O örtükləri hicab hesab etmək olar ki, pərdə arxasında qalmaq mənasını ifadə etsin. Keçmiş dövr və zamanlarda qadını “pərdə” arxasında saxlamağın müxtəlif şərt və hökmləri ilə tanış olduqca, insan dəhşətə gəlir. Məsələn, “heyzli” (aybaşı) qadınları nəinki cəmiyyətdən, hətta ailədən də təcrid edirdilər. Lakin cəmiyyətdəki təbii proqress qadınların ailədəki və ətrafdakı rollarını formalaşdırdıqca, qadın ictimai fiqura cevrilmiş və onun cəmiyyətdəki yeri və mövqeyi dəyişmişdir. Bu günün qadını prezident, baş nazir, millət vəkili, idmançı, şairdir… Bu günün qadını telefon gəzdirir, internetə qoşulur, on saatlarla televiziya ekranları qarşısında oturur, radioya qulaq asır və yəqin ki, hicab davası açan kişilər kimi bəzən “svetnoy” yuxular da görə bilir. İstəsək də, istəməsək də belədir. Söz yox ki, mən yaxşı mənada hicabın əleyhinə deyiləm. Amma bir şərtlə ki, o hicabdan günahlarımızı və eyblərimizi gizlətmək üçün deyil, abır və həyamızı qorumaq üçün istifadə edək; bizim hicabımız örpək, örtük yox, namus və qeyrətimiz olaydı. Bu günkü mənada hicaba ehtiyac olsaydı, yəqin ki , heç Yaradan da Adəm babamızı, Həvva nənəmizi əlbisəsiz yaratmazdı.

2. Hicab kişilərə lazımdır…

Bir sözlə, başa düşməli və anlamalıyıq ki, nə islama qədərki, nə islamdan conrakı hicabın bizə və millətimizə aidiyyatı yoxdur. Hərçənd bu, o demək deyil ki, keçmiş zamanlarla müqayisədə qadınlara qarşı ədalətsizlıklərə son qoyulmuş, qadınların “pərdə” arxasında saxlanması səbəbləri tamamilə aradan qalxmışdır.

Texnologiyaların tüğyan etdiyi indiki dövrdə hər gün yüzlərlə zorlama hadisələri baş verir ki, nə mütərəqqi Avropa və Amerika, nə hicablı-hicabsız İslam dünyası bu bəladan xali deyil. Çünki nə qədər ki, dünyaya şəhvətpərəst güclərin ehtirasları hökmranlıq edir, bəşər övladının namus və qeyrəti təhlükədədir. Bu gün dırnaqarası insan azadlıqları və demokratiya mahnıları ilə oynaqlayan dövrümüz, hicab arxasında gizlənən keçmişimizdən yalnız zahiri xüsusiyyətləri baxımından fərqlənir. Bir zamanlar hansısa bəy-xan hansısa şəxsin arvadını evindən zorla apartdırırdısa, indiki zamanda filan nazirin–başçının, oliqarx məmurun qızışmış “gül balası” müxtəlif yollarla millətin namus–qeyrətini, qız–gəlinini barlara, diskotekalara, gəmilərə və eyş–işrət məqsədi ilə təşkil edilmiş gecə məclislərinə dartıb gətirərək bədbəxt edir. Qız–gəlinlərin aldadılaraq oğurlanması, cinsi istismara və təcavüzə məruz qalması günümüzün dəhşətli reallıqlarındandır. Cinsi əxlaq məsələlərinin ailə mühitindən cəmiyyətə, iş və fəaliyyət sahələrinə doğru yönlədirilməsi isə artıq faciədir və milləti zəiflədir.

Ən dəhşətlisi isə odur ki, bütün bu kimi dəhşətli reallıqların yaradıcısı kişilərdir. Kişisi kişi olan millətin qadınına isə hicab lazım deyil . Kişisi kişi olmayan millətin qadınına da hicab lazım deyil . Hicab qadından çox seksual oriyentasiyası bəlli olmayan faiqlər və samirlər kimilərə, millətin namusuna təcavüz etməyə fürsət gözləyən şərəfsiz və binamus “erkəklərə” lazımdır.

Yazımın “Daban”ı:
Çılpaqlaşmaq əsrimizin bəlasıdır. Ancaq azəri–türk qadınına heç yaraşmır. “Çılpaqlıq adası”nın son vətəndaşı olmaq ümidin çin olsun, ablacım!

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button