“Mənim müdafiəm həm də Azərbaycanda azad sözün və müstəqil mətbuatın müdafiəsidir”

Xəbər verdiyimiz kimi, “Xural” qəzetinin Bakı Istintaq Təcridxanasında saxlanılan baş redaktoru Əvəz Zeynallı həbsindən sonra görüşmək istədiyi hüquq müdafiəçisi, “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəhbəri Eynulla Fətullayevlə görüşdən imtina edib.

Noyabrın 25-dən sonra bu görüşün baş tutacağını iddia edən E.Fətullayev vəd etdiyi vaxtdan iki aydan çox müddət keçməsinə baxmayaraq, Əvəz Zeynallı ilə görüşməyib. Ə.Zeynallı E.Fətullayevin mətbuatda Ədliyyə orqanlarını rəsmi müdafiə edən çıxışlar etməsindən narahat olub və bunu ilk növbədə həbsdə olan söz düstaqlarının müdafiəsini baltalamaq kimi dəyərləndirib: “Artıq bundan sonra cəmiyyət elə hesab edə bilər ki, bütün jurnalistlər E.Fətullayev kimidir. Müdafiə olunduqları müddətdə xalqın, azadlıqda olduqları müddətdə hakimiyyətin mövqeyini ifadə edirlər. Ona görə də jurnalistlərin müdafiəyə ehtiyacı yoxdur. Bir vaxtlar “Xural” qəzetinin E.Fətullayevin hüquqlarının müdafiəsində iştirak etməsinə baxmayaraq, bu gün onun verdiyi bəyanatlarla və tutduğu mövqe ilə razılaşmıram və E.Fətullayevlə görüşdən imtina edirəm.”
Bu məlumat mətbuatda yayıldıqdan dərhal sonra E.Fətullayev Ə.Zeynallının ailəsi ilə əlaqə saxlayaraq, bu məlumatın həqiqət olub-olmadığını aydınlaşdırmağa çalışıb: “Bilirsinizmi, mənim Bakı İstintaq Təcridxanasında monitorinq aparmaq üçün giriş iznim yoxdur. Belə bir iznim olmadan mən Ə.Zeynallı ilə necə görüşə bilərdim. Düzdür, bir neçə həftə əvvəl Ədliyyə nazirliyi mənə monitorinq aparmaq üçün icazə verib. Bu icazə isə yalnız cəzaçəkmə müəssisələri ilə bağlıdır. Ə.Zeynallının hüquqlarını müdafiə edənlərin dairəsi o qədər də geniş deyil. O baxımdan hesab edirəm ki, Əvəz bəyin qərarı tələsik qərardır.”
İnformasiya Agentliklərinə verdiyi açıqlamada isə Eynulla Fətullayev “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının onunla görüşdən imtina etməsi ilə bağlı yaydığı açıqlamaya münasibət bildirərkən deyib ki, vəkil E.Sadıqov ona Ə.Zeynallının onunla görüşmək istədiyini bildirib. Lakin o bunun qarşılığında deyib ki, “İnanmıram məni Bakı İstintaq Təcridxanasına buraxsınlar. Ona görə də hesab edirəm ki, Əvəz Zeynallı dediklərində haqlı deyil”.
Xatırladaq ki, həmin ərəfədə “Yeni Musavat” qəzetinə verdiyi müsahibədə E.Fətullayev bildirib ki, ABŞ-dan Azərbaycana noyabrın 25-də qayıdacaq və qayıdan kimi Penitensiar Xidmətin rəisinə məktubla müraciət edəcək: “Görüşə icazə verilməməsi mümkün deyil. Düşünürəm ki, icazə verərlər. Yəqin onlar da bilir ki, AŞ PA-nın iclaslarında ekspert kimi çıxış edirəm. Siyasi məhbuslarla bağlı iş görürük. Onlara qarşı ədalətsizliklər, prosessual pozuntular, saxta ittihamlar, saxlanma şəraiti ilə tanışlıq üçün bu görüşlər lazımdır. Hər halda, görüş üçün təkid edəcəyəm”.
Ə.Zeynallı E.Fətullayevin onunla görüş üçün təkid etməməsi məsələsinin bu həddə qabardılmasının tərəfdarı olmadığını deyib, ancaq bəzi məqamlara aydınlıq gətirilməsinin zəruri olduğunu da qeyd edib: “Mənə deyirlər ki, E.Fətullayev əgər Sənin hüquqlarını müdafiə etməsə, beynəlxalq təşkilatlar da etməyəcək. Bu məntiqi tam əsassız sayıram və hesab edirəm ki, beynəlxalq təşkilatlar bir müddət əvvəl E.Fətullayevin hüquqlarını müdafiə edərkən, bunun üçün heç bir hüquq müdafiəçisinin, jurnalistin və ya QHT sədrinin fikirlərini dinləməmişdi. E.Fətullayev özü də qeyd edir ki, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Myatoviçlə görüşərkən, o mənim həbsim məsələsinə toxunub. E.Fətullayev belə də deyib: “Mən bir söz deməzdən öncə onlar bildirdilər ki, uzun illər fəaliyyət göstərən qəzet gündəlik nəşrə keçəndən və hakimiyyət rəhbərliyini tənqid edəndən sonra baş redaktor saxta ittihamla həbs edilib.Yəni özləri Azərbaycandakı vəziyyəti təhlil edib nəticələr çıxarırlar. Mənim fikrimcə, Əvəz Zeynallının məsələsi şişəcək. Əgər hökumət geri addım atsa, bu zaman zərbələrdən yayınacaq”. Bu baxımdan hesab edirəm ki, heç bir vaxt beynəlxalq təşkilatlar bir vaxtlar hüquqlarını müdafiə etdiyi insanların sözü ilə oturub-durmayıblar. Bunu dilə gətirməyin özü belə məntiqsizlikdir”. Digər tərəfdən, Ə.Zeynallı kimliyindən asılı olmayaraq onun müdafiəsinə “minnətli” qoşulan hər kəsin müdafiəsindən imtina edəcəyini də nəzərə çatdırıb. Ə.Zeynallı sonda onun hüquqlarını müdafiə edən bütün insanlara minnətdarlığını bildirib və bu müdafiənin ilk növbədə həm də Azərbaycanda azad sözün və müstəqil mətbuatın müdafiəsi olduğunu qeyd edib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button