“New York Times” Əliyevləri Qəzzafi ilə eyniləşdirdi

 “Onlar uzun illər tükürpədici idarəçiliklə özlərinin dəhşətli sonlarını yaxınlaşdırırlar”
“Tiranların cəzalandırılması qaydasını özlərinin yürütdüyü siyasət müəyyənləşdirir”

Tunisdə başlayan “Ərəb baharı” nəticəsində dünyanın ən qanlı və qəddar tiranlarından biri olan Liviya diktatoru Müəmmər Qəzzafini üsyançılarin işgəncələrlə öldürməsinə dünya mediası müxtəlif cür münasibət sərgiləyir. Bəzi şərhçilər onun işgəncələrlə öldürülməsini doğru hesab etmədiyi halda, digər qrup analitiklər və siyasilər Qəzzafinin dəhşətli sonluğa layiq olduğunu düşünürlər.
ABŞ prezidenti Barak Obama isə söyləmişdi ki, Qəzzafinin nə qədər dəhşətli rəhbər olmasına baxmayaraq, bütün insanlar kimi, o da nəzakət haqqına sahibdir. Ağ ev rəhbəri bununla yanaşı, polkovnikin qətlinin bütün diktatorlara dərs və ciddi mesaj olacağını da bildirmişdi.
Dünyanın nüfuzlu qəzetlərindən biri “The New York Times” da bu mövzuda maraqlı məqalə dərc edib. Müəllif Simon Sebaq Montefiyore yazır ki, demokratik liderlərin təqaüdə çıxdıqdan sonra vəfat etməsi şəxsi həyatla birbaşa bağlıdır. Lakin bir tiranın ölümü həmişə siyasi hadisə kimi dəyərləndirilir, həmin tiranın hakimiyyətinin xarakterini əks etdirir. Əgər tiran öz yatağında, dəbdəbəli sarayında həyatdan “rahat” köçürsə, bu zaman onun ölümü başçılıq etdiyi rejimin teatr tamaşasına çevrilir. Yox, əgər tiran edam olunursa, bu, onun devrilmiş rejiminə qarşı qəzəbli xalqın münasibətini əks etdirir.
Liviya diktatoru Müəmmər Qəzzafinin işgəncələrlə öldürülməsinə toxunan müəllif yazır ki, qəzəblənmiş xalq illər uzunu yığılmış nifrətini tirana bildirmək üçün səbrsizlik edirdi. Onun ölümüylə tarixdə iz buraxmış başqa tiranların ölümü arasındakı yeganə fərq Qəzzafinin öldürülməsi səhnəsinin mobil telefonlarla yaddaşlara köçürülməsidir.
Simon Sebaq Montefiyore daha sonra tarixə ekskursiya edərək qəzəblənmiş xalqın cəzalandırdığı tiranları yada salır: “Tarixdə tiranların qəzəblənmiş xalq tərəfindən devrilməsi və edam olunmasına nəzər yetirsək, görərik ki, kral Ahebin qanını itlərə yalatdırıblar, şahzadə Izabel sarayın eyvanından aşağı atılıb. Əlbəttə ki, onların öldürülməsi Bizans imperatoru birinci Andronikusun acınacaqlı sonluğu qədər dəhşətli olmayıb. O, ölənə qədər döyülüb, zərbələrdən dişləri töküldükdən sonra gözəl sifəti qaynar suda yandırılmışdı”.
Müəllif bəzi Qərb liderləri və intellektlərinin polkovnik Qəzzafinin linç edilməsini doğru hesab etmədiyinə toxunaraq qeyd edir ki, Qəzzafinin tiranlığında özünə vurğunluq da var idi. Belə diktatorlarla yaranan problemlər ondan ibarətdir ki, tiran yaşadığı müddətdə terror həyata keçirir. Çörçilin dediyi kimi, “diktatorlar pələng çiynində gəzişirlər”. Belə olan halda, tiranların cəzalandırılması qaydasını qəzəblənmiş xalqdan çox, elə həmin tiranların özlərinin illər uzunu yürütdükləri siyasət müəyyənləşdirir.
Simon Sebaq Montefiyore yazır ki, müasir tiranlar ölüm qorxusuyla yaşadıqları üçün və mümkün hadisələrdən yayınmaq məqsədilə sülalə monarxiyasının əsasını qoyublar. Ərəb dünyasından başqa, Şimali Koreyada Kimlər, Çeçenistanda Kadırovlar, Konqoda Kabillər və Azərbaycanda Əliyevlər məhz bu tip diktatorluğu qurmağa çalışıblar. Ərəb dünyasının bəzi tiranları da belə etdi. Suriyada Hafiz Əsəd 2000-ci ildə yatağında ölərkən hakimiyyəti oğluna ötürdü. Polkovnik Qəzzafi, Hüsnü Mübarək və Səddam Hüseyn də bunu arzulayırdı. Əgər tiran öz yatağında dünyasını rahat dəyişə bilmirsə, bu, başqalarının günahı deyil. Çünki uzun illər tükürpədici idarəçiliklə onlar özlərinin dəhşətli sonlarını yaxınlaşdırırlar.

“Azadlıq” qəzeti

29 Oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button