“Xural” qəzeti kimə borcludur?

Ədliyyə Nazirliyi oktyabrın 25-də yaydığı açıqlamasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barədə Cinayət Məcəlləsinin 306.2 maddəsi ilə cinayət işinin başlandığını bəyan edib. Nazirlik cinayət işinin Ə.Zeynallının məhkəmə qərarlarının icrasından imtina etməsi ilə əlaqələndirməyə çalışıb. Açıqlamada Ə.Zeynallının “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun, KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin və müğənni Nüşabə Ələsgərlinin iddiaları əsasında kəsilmiş cərimələri ödənilmədiyi qeyd edilib.
Amma nədənsə nazirlik bu cərimələrin böyük hissəsinin – 10 min manatının Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin məhkəmə iddiasında vüəyyən edildiyini göstərməyi “unudub”. Digər tərəfdən “Xural” qəzeti və onun baş redaktoru Ə.Zeynallı tərəfindən bu cərimələrin müəyyən qisminin artıq ödənildiyini göstərmək də yaddan çıxıb.
Bununla bağlı “Xural” qəzetinin baş redaktoru Ə. Zeynallı bildirdi ki, ümumilikdə məhkəmələr tərəfindən 18300 manat miqdarında borcları var. Ə. Zeynallı borcun əsas hissəsinin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiası əsasında yarandığını və nədənsə Ədliyyə Nazirliyinin hörmətli Ramiz Mehdiyevin adını çəkmədiyini nəzərə çatdırdı. Ə. Zeynallı nazirliyin açıqlamasında adı çəkilən şəxslərə borcun bir qisminin ödənildiyini bildirdi.

“Xural” qəzeti olaraq ödənilən cərimələri təqdim edirik.

1.Nüşabə Ələsgərlinın iddiası əsasında çıxarılmış 200 manat məbləğində çərimə ödənilib.
2. Ağabəy Əsgərovun iddiası əsasında Ə. Zeynallıya və “Xural” qəzetinə qarşı çıxarılmış 670 manat məbləğində cərimə ödənilib  və məhkəmənin gedişatında qərarın tələbinə uyğun qəzetdə təkzib verilib.
Digər tərəfdən,
3. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiası ilə “Xural” qəzeti 10 min manat dəyərində cərimə edilib. Tərəflərin razılığı əsasında qərarın tələbinə uyğun qəzetdə təkzib verilib.  Qərarın icrasının dayandırılması barədə “Xutal” qəzetinin iddasına baxılmamışdan əvvəl, Nərimanov Rayon İcra Şöbəsinin əməkdaşları qəzetə məxsus
7 ədəd kompüteri,
2 ədəd lazer pirinterini,
1 ədəd elektron diktofonu və dəyəri 10 min manatdan artıq olan digər texniki avadanlıqlar müsadirə edilib. Bu baxımdan əvvəlcə həmin əmlak hərraca çıxarılaraq dəyərləndirilməli və qəzetin R. Mehdiyevə borcu ödənilmiş hesab edilməlidir.

Davam edən məhkəmə çəkişməsi

KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli ilə “Xural” qəzeti arasında məhkəmə çəkişməsi davam edir. Bu üzdən ilkin məhkəmə instansiyası tərəfindən 5 min manat cərimənin ödənilməsi barədə məhkəmə qərarı qüvvəyə minmiş hesab oluna bilməz.

“Xural” qəzetinin Azərbaycan dövlətinə 3 min manat borcu var

Nərimanov Rayon Məhkəməsi N. Əsgərlinin iddiası üzrə kəsilmiş cərimənin 100 manatını vaxtında ödənilmədiyi üçün “Xural” qəzetini 3000 min manat cərimə edib. Həmin cərimənin dövlət büdcəsinə keçirilməsi barədə qərar qəbul edilib. “Xural” qəzetinin baş redaktoru maddi problemlər üzündən cərimənin ödənilmədiyini bildirib. O eyni zamanda yaxın günlərdə başlayaraq ödənişlərin aparılacağını qeyd edib.

XuralTAC

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button