“Xural” qəzetinə basqılar davam edir

Anar Mahmudoğlu: “Əvəz Zeynallı məhbəsdə də mübarizəsini davam etdirir”

Bu gün “Xural” qəzetinin kollektivi qəzetlə bağlı yaranmış problemlərlə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransında çıxış edən qəzetin redaktoru Anar Mahmudoğlu Əvəz Zeynallının salamlarını çatdırıb: “Əvəz bəy hamıya salam söyləyib. Özünü normal hiss edir. Əvəz Zeynallı məhbəsdə də mübarizəsini davam etdirir. “Azadlıq” qəzetində köşə yazıları ilə çıxış edir”.
A.Mahmudoğlu daha sonra Gülər Əhmədovanın “Yeni Müsavat” qəzetində verdiyi son müsahibəsinə münasibət bildirib: “Gülər xanım müsahibəsində polemikaya hazır olduğunu bildirmişdi. Biz onunla telefon əlaqəsi yaratmağa çəhd etdik. Lakin zənglərimizə cavab vermədi. Ona görə də mətbuat vasitəsi ilə onun debatını qəbul etdiyimizi söylədik. Təssüf ki, deputat irəli sürdüyü təşəbbüsə cavab verməyib. Biz də qərara gəldik ki, ona mətbuat vasitəsi ilə suallar ünvanlayaq”.
Sualları mətbuat nümayəndələrinə yazılı şəkildə təqdim edən A.Mahmudoğlu həmçinin “Xural” qəzetinin capında yaranan problemlər barədə də məlumat verdi: “Qəzetimizin capına oktyabrın 20-dən etibarən qadağa qoyulub. Mətbəələr “Xural” qəzetini cap etməkdən imtina edir. “Azərbaycan” nəşriyyatı şifahi şəkildə imtina edib. Digər özəl mətbəələrin rəhbərləri də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun qəzetimizi cap etməmək barədə göstəriş verdiyini bildirirlər”.
A.Mahmudoğlu “Xural”ın capında yaranmış problemləri nəzərə alaraq yeni qəzet təsis etmək istədiklərini bildirdi: “Yeni Xural” adlı qəzeti təsis etmək qərarına gəldik. Qəzetin redaktoru Nürəddin Xoca Ədliyyə Nazirliyinə yeni qəzetin qeydə alınması ilə bağlı sənədlər təqdim etdi. Noyabrın 4-də sənədləri Ədliyyə Nazirliyinə təqdim etmişdik, noyabrın 5-də, cəmi bir gündən sonra özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər mətbəələrdə olub. Həmin şəxslər mətbəə sahiblərinə bildiriblər ki, “Yeni Xural” adlı qəzet təsis edilir və həmin qəzeti heç bir halda cap etməyin. Onu da bildirim ki, MTN-nin əməkdaşları da göstərişin Əli Həsənov tərəfindən gəldiyini bildiriblər. Nəticə isə ondan ibarətdir ki, Ədliyyə Nazirliyi “Yeni Xural” qəzetini qeydə almaqdan ümumiyyətlə imtina etdi”.
A.Mahmudoğlu yaranmış problemlərlə bağlı xarici səfirliklərə müraciət etdiklərini söylədi.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button