“Xural”a basqılar pislənir…

mətləb mütəllimliİctimaiyyət nümayəndələri azad sözün müdafiəsinə qalxd

“Xural” qəzetinə basqılar ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Redaksiyamıza müraciət edən çoxsaylı Oxucular “Xural” qəzetinə dəstək olduqlarını ifadə edirlər. Qəzetimizə qarşı basqılar ölkənin tanınmış siyasi xadimlərinin, media kapitallarının da etirazlarına səbəb olub.

“Amaşova demək lazımdır ki, yenidən İlham Əliyevə jurnalistlərin dostu adını versin”

İstiqlalçı deputat Mətləb Mütəllimli hər kəsi qəzetimizin müdafiəsinə çağırdı: ““Xural” qəzetinə basqılar gözlənilən idi. Cünki “Xural” öz cəsarətli mövqeyi ilə Oxucuların rəğbətini qazanmışdı. Bu hakimiyyətdən bundan başqa heç nə gözləmək olmaz. Sadəcə olaraq Əflatun Amaşova demək lazımdır ki, yenidən İlham Əliyevə jurnalistlərin dostu adını versin. Daha rahat şəkildə qəzetlərə basqılar edə bilsinlər. Əminəm ki, “Xural” qəzetinin əməkdaşları öz mübariz əzmlərini qoruyub saxlayacaqlar. Biz də hər birimiz qəzetə dəstək olmalıyıq”.

 “Hər kəs bildi ki, indiki dövrdə ən prinsipial qəzet “Xural”dır”

Qəzetimizə basqıları şərh edən Mustafa Hacıbəyli  “Xural” qəzetinə basqıların gözlənilən olduğunu bildirdi: “Hakimiyyətin “Xural” qəzetinə basqısı gözlənilən hadisədir. Qəzetin prinsipial mövqeyi ortadadır. Bu qəzet üçün qapalı mövzu, toxunulmaz məmur yoxdur. Xüsusən, gündəlik nəşrə başladıqdan sonra qəzetin ictimai rəyə təsiri xeyli güclənib. “Demokrat” qəzetində yazan müəlliflərin əksəriyyətinin indi “Xural” qəzetində yazması bu qəzetin rəhbərliyinin prinsipial mövqeyindən, burada daxili senzuranın olmamasından xəbər verir. 3 gün əvvəl baş verən müsadirə qərarı isə “Xural” qəzetinin bir müstəqil nəşr kimi özünü təsdiq etməsi kimi qiymətləndirilə bilər. Bu, hər bir Oxucuya mesajdır. Hər kəs bildi ki, indiki dövrdə ən prinsipial və irticaya münasibətdə ən barışmaz qəzet “Xural”dır”.

“Vandalizm hərəkətini pisləyirəm”

“Milaz.info” saytının redaktoru, ehtiyatda olan polkovnik–leytenant Üzeyir Cəfərov baş verənləri vandalizm adlandırdı: “Azərbaycanda mətbuata qarşı növbəti zorakılıq hərəkəti baş verdi. Bu hadisə demək olar ki, bir vaxtlar mənim də çalışdığım “Gündəlik Azərbaycan” qəzetinə qarşı qondarma adlarla ora göndərilmiş FHN və digər qurumlar tərəfindən həyata keçirilmiş əməliyyatın eyni ilə təkrarıdır.

İndi irəliyə məhkəmə icraçılarını verən gözəgörünməyən, amma adları bəlli olan şəxslər növbəti dəfə ölkənin adını fikirləşmədən qara siyahıya saldırdılar. Bu dəfəki hadisə mənə elə gəlir ki, hakimiyyət rəsmiləri üçün çox başağrısı gətirəcək.

Çünki məhkəmə qərarları ölkəmizdə onsuz da lazım olanda və lazımi şəxslər üçün canla-başla yerinə yetirilir.

Mən qətiyyətlə bu vandalizm hərəkətini pisləyirəm və düşünürəm ki, qısa zamanda səhv addım düzəldilməlidir”.

“Kür” Vətəndaş Qərargahının koordinatoru Oqtay Gülalıyev, “Yaxından qəzeti izləyən şəxs kimi qeyd edim ki, “Xural” Azərbaycanda ən çox ədalətsiz məhkəmə sanksiyalarına məruz qalan qəzetdir. Bu gün “Xural”a qarşı olan hücum Azərbaycanda azad mətbuata olan hücumun tərkib hissəsidir. Və uzun müddətdən bəri gələn repressiyanın tərkib hissəsidir. Son hadisələri pisləyirik. Vətəndaş cəmiyyətinin üzvləri və QHT nümayəndələri olaraq “Xural” qəzetinin yanındayıq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button