”10 may dedikdə, Bayramla Qiyasın cəsarəti yada düşür”

Anası Bayram Məmmədovun həbs olunmamışdan öncə yazdığı qeydlərini oxuyur. Sevinc Məmmədova Bayramsızlığa dözməyin çətinliyindən danışır:

“Bəzən o qədər dözümsüzlük yaranır ki, Bayramın acısını, həsrətini çəkə bilmirəm. Balaca bir dəftərçəm var. Həmin an ona yazıram. Bir də baxıram ki, səhifəni doldurmuşam. Çəkdiyim həsrəti ancaq ora köçürürəm”.

Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək” şüarını yazan gənclərin həbsindən 2 il ötür. Heykəl məhbusları kimi tanınan Bayram Məmmədov və Qiyas İbrahimov narkotik ittihamı ilə həbs olunub. 10 il azadlıqdan məhrum ediliblər.

“Ən əsası odur ki, mənim oğlum şərəflidir. Bu şərəfli yolda oğlumun arxasındayam”-Bayram Məmmədovun anası Şura Əmiraslanova deyir.

Gənc fəal Anar Abdulla deyir ki, Qiyasla Bayramın etirazı vətəndaş cəmiyyətinə canlanma gətirdi:

“10 may dedikdə, artıq gül bayramı deyil, qul bayramı və yaxud da Bayramla, Qiyasın cəsarəti kimi qeyd olunur”.
Sevinc Məmmədova Bayramı qürürla xatırlayır. Oğlu ədalətsiz həbs, yaşadığı işgəncələr qarşısında dimdik, məğrur dayanıb.

“Bəlkə nə vaxtsa haqq-ədalət yerini tutacaq. Və yaxud düşünəcəklərmi bir gəncin həytına bu qədər qəsd etmək olmaz? Bu cür potensialı olan uşağa 10 il həbs həyatı yaşatmaq olmaz”.

Gənclərin həbsi beynəlxalq aləmdə də səs-küyə səbəb oldu. Bayramla Qiyasın həbsinə etiraz olaraq aksiyalar keçirildi. Şəkilləri Azərbaycanın xaricdəki səfirliyi önündəki küçələrə vuruldu.

Hüquq-müdafiə təşkilatları da gənclərin, əslində, keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazıldığına görə həbs edildiyini bəyan etdilər.

Bayram Məmmədov həbs ediləndə universiteti bitirmək üzrəydi. Məzun “vinetka”sını da görmək elə həbsxanada qismət oldu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button