120 ailə Prezident Administrasiyası qarşısında aksiya keçirəcək

Kərəm Həsənov

«Planeta» şirkətlər qrupunun rəhbəri Elxan Yaqubov 3 sot torpağa sənədlə 4308 manat; qeyri-leqal olaraq 1 milyon manat ödəyib

Nəsimi rayon, Cavadxan küçəsi 26 və 30 saylı binanın sakinləri iki ildir dövlət idarələrinin qapılarında “pusqu” qurublar. Sözügedən binada 120 ailə yaşayır. Iki bina arasında 3 sot həyətyanı sahə var ki, 500-dən çox sakin istirahət üçün burada dincəlirlər. Xırda bir park və bir neçə skamyadan ibarət olan həyəti isə sakinlərin əlindən alıb orada klinika tikmək istəyirlər. Bu projenin rəhbəri isə Elxan Yaqubovdur…

Proses necə başladı?

Öncə Elxan Yaqubovun kim və nə işlə məşğul olmasına diqqət yetirək.
Əslən Göyçaydan olan Yaqubov “Planeta” apteklər şəbəkəsinin rəhbəridir. Məlumatlara görə, Bakıda eyni adda 11 aptek fəaliyyət göstərir. Onun həmçinin “Bioloji Təbabət” klinikası da var. Elxan Yaqubov almanlarla müştərək işləyir.
Bəs, Cavadxan küçəsində yerləşən iki bina arasında həyətyanı sahələr nəyə gərəkdir? Ərazidə yaşayan sakinlər deyir ki, Elxan Yaqubov həyat yoldaşı Səbirə Yaqubovanın adına həyəti özəlləşdirib: “Burada ya iki, ya da üç mərtəbli klinika tikmək niyyəti var. Ancaq biz buna razı deyilik. Çünki burada hər hansı bir ofis tikilsə, uşaqlarımızın istirahət etmək üçün heç bir imkanı olmayacaq”. Bina əhli dəfələrlə aidiyyəti qurumlara müraciət edib. Onlara özəlləşdirmənin qanunsuz olduğu rəsmi şəkildə bildirilsə də, hələlik heç bir nəticə yoxdur. Çarəsiz qalan sakinlər sonda öz gücləri hesabına Yaqubovlar ailəsinin layihəsinin qarşısını alırlar.
Şəhərin mərkəzində yerləşən bu ərazinin 3 sotu 4308 manata özəlləşdirilib. Ancaq sakinlər iddia edirlər ki, Elxan Yaqubov Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənova 1 milyon manat ödəyərək planlarını həyata keçirməyə çalışır. Sənədlərdə satıcı qismində Kərəm Həsənovun müavini Rafiq Cəlilov, alıcı kimi isə Səbirə Yaqubova göstərilir.

Bir topa sənədə diqqət edən yoxdur

Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev 13 mart 2010-cu il tarixində Bakı şəhər Icra Hakimiyyətinin (BŞIH) memarlıq və şəhərsalma baş idarəsinin rəis əvəzi Akif Abdullayevə müraciət ünvanlayıb. Müraciətdə vətəndaş Səbirə Yaqubovaya Cavadxan küçəsi 30 B ünvanda qeyri-yaşayış sahəsində ofis binası tikilməsi üçün icazə verilməsi xahiş olunur. Ancaq adıçəkilən ünvanda “Cavadxan küçəsi 30 B” deyilən bir şey yoxdur.
Akif Abdullayev 19.03.2010-cu il tarixdə Nəsib Məhəməliyevin ünvanladığı müraciətə müsbət cavab verir. Cavabda həmçinin sakinlərin razılığının alınması və yaşıllığın qorunması birmənalı qeyd olunur.
Az keçmədən, yəni 03.04.2010-cu il tarixdə Nəsib Məhəməliyev Yaqubovlara adıçəkilən ünvanda ofis tikilməsinə icazə sənədi verir. Ancaq o da sənəddə “sakinlərin narazılığına səbəb olmasın” sözünü qeyd edir.
Sakinlər sakit durmadan hər yerə müraciət edirlər. 24.05.2010-cu ildə BŞIH-dən Şahlar Rzayev Nəsib Məhəməliyevə adıçəkilən ünvanda heç bir tikinti işlərinin aparılmaması üçün məktub ünvanlayır. Daha sonra 25.05.2010-cu ildə tikintinin qanunsuz olduğu barədə rəy yazır. Bir gün sonra (26.05.2010) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Elmar Hüseynzadə adıçəkilən ərazinin əhali üçün nəzərdə tutulduğunu qeyd edir. O da tikintiyə icazənin verilməməsini bildirir.
Hələ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) rəhbəri Qərib Məmmədovun imzasıyla Yaqubovların projesinin qanunsuz olduğu bildirilən məktub aidyyəti qurumlara ünvanlanır. DTXK-nın 14.04.2011-ci il tarixli məktubunda BŞIH rəhbəri Hacıbala Abutalıbova qanunsuz əqdlərin ləğv olunması tövsiyə edilir. Həmçinin verilən çıxarışın qadağan olunduğu vurğulanır.

Kərəm Həsənov sakinləri necə aldatdı?

Sənədlər bununla bitmək bilmir. Fövqəladə Hallar Nazirliyi (FHN) 21.05.2011-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) məktub ünvanlayaraq ərazidə yaşıllıqların küçürülməsi barədə müvafiq əmrin məqsədəuyğun olub-olmadığını bildirməyi xahiş edir. ETSN isə 12.05.2011-ci ildə tarixdə FHN-ə cavab məktubu yazır. Məktubda həyətyanı sahənin sakinlər üçün nəzərdə tutulduğu qeyd edilir. Bildirilir ki, yaşıllıqların köçürülməsi müsbət nəticə verməyəcək.
Ətraf Mühitin Mühafizəsi Departamenti də tikinti işlərinin qanunsuz olduğu barədə rəy verir.
Sakinlər əllərində bir topa sənədlə BŞIH-ə, Prezident Administrasiyasına (PA) tikinti işlərinin qanunsuz olması barədə dəfələrlə müraciət edib. Ancaq heç bir faydası olmayıb. Sakinlər Nəsib Məhəməliyevin qəbuluna getsələr də, təhqir olunaraq geri qayıdıblar. Yaqubovlar isə tikintini aparmaq üçün əraziyə Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları ilə gəlib. Sakinlərlə Elxan Yaqubov arasında qarşıdurma yaranıb. Yaqubov elə polislərin gözü qarşısında bir neçə sakini döyüb və təhqir edib.
Ərazini özəlləşdirən Səbirə Yaqubova adıçəkilən binalarda onun projesinə mane olmağa çalışan beş fəal qadını məhkəməyə verib. Qarşılıqlı iddia ərizəsiylə çıxış edən sakinlərin iddiasını Nəsimi rayon məhkəməsinin hakimi Şahin Abdullayev təmin etməyib. Hazırda iş Apelyasiya Məhkəməsindədir. Kərəm Həsənov sakinlərlə görüşəndə bu hadisədən xəbərsiz olduğunu deyir. Sakinlərin dediklərinə görə, Həsənov ərazinin qeyri-yaşyış sahəsi olduğunu zənn edirmiş. Komitə sədri, məhkəmə prosesinə hüquqşünas göndərəcəyini və tikinti işlərinə qadağa qoyacağını zərərçəkənlərə söz verir. Ancaq heç bir prosesdə komitəni kimsə təmsil etmir.

Qırılan ağaclar və taxta-şalban

Sakinlər deyirlər ki, Elxan Yaqubov “Planeta” aptekinə bitişik binanın zirzəmisini də işğal edib.
Vəziyyətin ağır olduğunu, aidiyyəti qurumlardan gələn cavablarda “sakinlərin razılığı olmalıdır” ifadəsini görən Elxan Yaqubov qonşuluqdakı binanın 22 sakininin hər birinə 50 manat verərək imza toplayır. Halbuki imza sahiblərinin heç birinin həmin həyətyanı sahəyə iddia etmək hüququ yoxdur.
Sakinlərlə bir neçə dəfə görüşən Səbirə Yaqubova onlara heç yerə şikayət etməməyi məsləhət görüb: “Bizə dedi ki, heç yerə şikayət edib, özünüzü yormayın. Onsuz da problemi həll edəcəyik”.
Yaqubovlar həyətdə onlarla ağacı qırmaqla yanaşı əraziyə tikinti materialları da yığıb. Ancaq tikinti işinə başlanan kimi sakinlər ayağa qalxıb, prosesə mane olurlar.
Elxan Yaqubovun məsələyə münasibətini öyrənmək üçün “Bioloji Təbabət” klinikasına üz tuturuq. Qapıda dayanan tibb bacısı rəhbərliyin olmadığını deyir. Üstəlik əlavə edir ki, Elxan Yaqubov bir neçə dəqiqə öncə xəstəxananı tərk edib. Yaxın zamanlarda iş yerində olmayacaq.
Elxan Yaqubov mətbuata açıqlamasında ərazinin ona məxsus olduğunu qeyd edib: “Buranı özəlləşdirmişəm. Burada istənilən obyekt tikdirə bilərəm”.
Bir müddət öncə Yaqubovun apteklərində MTN əməliyyat aparmışdı. Əməliyyat zamanı vaxtı keçən dərman preparatlarının satıldığı üzə çıxmışdı.

Son söz əvəzi

Ərazidən ötüb redaksiyaya qayıdan zaman növbəti dəfə sakinlərlə qarşılaşırıq. Onlar həyətdə ofis tikiləcəyi təqdirdə dövlət qurumlarının qarşısında aksiya keçirəcəklərini bəyan edirlər. Heç bir nəticə hasil olmayacağı təqdirdə isə xarici ölkələrə sığınmaq üçün müraciət edəcəklərini deyirlər.
Hamı kimi hüquqları tapdanan Cavadxan küçəsinin 26 və 30 saylı binalarının sakinləri köməyi ölkə daxilindən yox, artıq kənardan axtarmaq istəyinə düşüblər. Çünki bu ölkənin vətəndaşlarıyla ölkənin içindəkilər deyil, dışındakılar daha çox maraqlanır.

Ramin DEKO

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

1 şərh

  1. AY BIZIM YARAWIQLI ALI BAW KOMANDAN SIZIN ESGERINIZ CENAB ELDAR EZIZOV SILAHI XALQA TEREF CEVIRIB WEHID AILESININ OBYEKTINI ERMENI BIZIM QARABAQMIZI DAQITDIQI KIMI ELDAR BEYDE SULH KUCESINDE SENEDLI OBYEKTI DARMADAQIN ETTI BES WEHID AILESINI SIZE EHTIBAR EDIB DOYUWE GIRMIWDI NE OLDU KV METRI 1000 MANATA OLANDA BELE OLUR? WEHIDIN BALASINI AC QOYDU. EHMEDOVA QELEMNAZ 2 QRUP XESTE WEHIDIN YOLDAWI.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button