Elçin Sadıqov bir daha əsassız yoxlamaya məruz qaldı

26.02.2012 

Əvəz Zeynallı bir daha ombudsman Elmira Süleymanovaya, Ədliyyə naziri Fikrət Məmmədova, Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət etdi.  

Xəbər verdiyimiz kimi, “Xural” qəzetinin hazırda Bakı İstintaq Təcridxanasında həbsdə olan baş redaktoru Əvəz Zeynallının bu günlər vəkili Elçin Sadıqova verdiyi məktublar növbəti dəfə təcridxana əməkdaşları tərəfindən vəkildən alınıb. Elçin Sadıqovun sözlərinə görə, hər dəfə Əvəz Zeynallı ilə görüşə gələrkən və gedərkən ciddi yoxlamalara məruz qalır: “Mən hüquqşünasam və nəyin qanuni və nəyin qanunsuz oldüğünü  təcridxana rəhbərliyindən pis bilmirəm. Dəfələrlə ciddi yoxlanışdan keçməyimi də tam qanunsuz hesab edirəm. Çünki hüquqlarını müdafiə etdiyim şəxsin müvafiq orqan və nazirliklərə məktublamüraciət etməsi Azərbaycan qanunvericiliyinə əsasən tanınır. O baxımdan da həmin müraciətləri  vəkili olaraq ünvanlarına çatdırmaq mənim səlahiyyətimdədir. Lakin təcrixana rəhbərliyinə bununla bağlı dəfələrlə etdiyimiz şikayətlərə baxmayaraq təcridxanada Əvəz Zeynallıya qarşı “xüsusi göstəriş” hələ də davam edir və üzərimdə olan ən xırda kağız parçalarına qədər yoxlanılaraq götürülür. Etiraz edəndə də bildirirlər ki, məktubları özləri ünvanına çatdıracaqlar.  Məsələn bu yaxınlarda Əvəz Zeynallı təcridxananın dəftərxanasından öyrənib ki, onun Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə, Ombudsmana Gülər Əhmədovanın onun kollektivini təhdid və şantaj edən müsahibələr verməsilə bağlı etdiyi müraciətlər təcridxana rəhbərliyi tərəfindən ünvanlarına çatdırılmayıb. Bu yalanlar isə ilk növbədə Əvəz Zeynallının öz hüquqlarını müdafiə etməsinə göstərilən ciddi maneədir.”  Məlumdur ki, Gülər Əhmədovanın mətbuatda “Xural”ın kollektivinə, “gərək onda mən onların başına güllə vuram ” kimi təhdidlərindən sonra, qəzetin redaktoru Anar Mahmudoğluya naməlum şəxs tərəfindən zəng vurulmuş və qəzeti çıxarmaqda israrlı olacağı təqdirdə onu və ailəsini nələrin gözləməsilə bağlı “xəbərdarlıq” edilmişdi. A.Mahmudoğlu  bu haqda Daxili İşlər naziri Ramil Usubova müraciət edərək, özünün və ailəsinin təhlükəsizliyinə təminat istəmişdi.  Hazırda təhdidlərin kimlər tərəfindən törədilməsilə bağlı DİN-nin müvafiq qurumlarında istintaq aparılır.  Bu hadisədən hələ bir müddət əvvəl Ə. Zeynallı müvafiq orqanlara məktubla müraciət etsə də onun məktubları vəd olunduğu kimi təcridxana rəhbərliyi tərəfindən ünvanlarına çatdırılmayıb.  Bu haqda isə o, bu yaxınlarda təcridxananın dəftərxanasında olarkən məlumat alıb. Məlum olub ki, onun indiyədək təcridxana rəhbərliyi tərəfindən vəkildən tutularaq alınan bütün məktubları təcridxana rəhbərliyi ünvanına çatdırmağa tələsməyib. Bu isə yenə də BİT-nın rəhbəri Elxan Sadıxova yuxarılardan verilən göstərişlərin tərkib hissəsi olduğundan xəbər verir.

QEYD: “Xural” qəzetinin baş redaktoru  Əvəz Zeynallının vəkili Elçin Sadıqovun 2 ay əvvəl üzərində qanunsuz olaraq axtarış aparılması və hüquqlarını müdafiə etdiyi şəxslə aralarındakı söhbətin konfedensiallığının pozulması ilə  bağlı ombudsman Elmira Süleymanovaya etdiyi müraciət:

“Hörmətli Elmira xanım!

Mən, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Sadıqov Elçin Əli oğlu 28 oktyabr 2011-ci il tarixdə Cinayət Məcəlləsinin (CM) 311.3.3-cü və 311.3.4-cü maddələri ilə (hədə qorxu ilə külli miqdarda rüşvət tələb etmə) ittiham edilərək həbs edilən “Xural” qəzetinin baş redaktoru Zeynalov Əvəz Tapdıq oğlunun vəkiliyəm. 04 noyabr 2011-ci il tarixdə ona qarşı yeni ittiham irəli sürülüb. Hazırda Zeynalov Əvəz Tapdıq oğlu CM-nin 311.3.2-ci, 311.3.3-cü və 311.3.4-cü maddələri ilə ağır cinayətlər törətməkdə təqsirləndirilir.
Əvəz Zeynallı 29 oktyabr 2011-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bir neçə dəfə mənimlə görüşüb. Hər dəfə Əvəz Zeynallının vəkillə görüşdən əvvəl üzərində axtarış aparılır, müzakirə etməyə gətirdiyi qeydlərə baxış keçirilir, görüşdən sonra da üzərində axtarış aparılır və bütün qeydlərə baxış keçirilir.

Mən İstintaq Təcridxanasına girməzdən əvvəz qadağan olunmuş əşyaların olub-olmaması haqqında sorğu-sual edilir və hər dəfə bununla bağlı qəbzə imza edirəm. İstintaq otaqlarından çıxdıqdan sonra təcridxana əməkdaşları tərəfindən Əvəz Zeynallı ilə söhbət zamanı nədən danışdığı, üzərində hər-hansı yazı olması ilə bağlı sorğu-sual edilir və yoxlanılmağa məruz qalır. Təcridxana əməkdaşlarının sözlərindən məlum olur ki, istintaq otaqlarında dinləmə və görüntüləmə qurğuları var və onlar bizim söhbətlərimizin məzmununu bilirlər, sadəcə olaraq, onlara yazılı əlaqələrimiz lazımdır. Belə ki, biz dinlənildiyimizi bildiyimizdən söhbətlərimizi əsasən yazılı aparırıq.

“Yeni Musavat” qəzetinin 22 noyabr 2011-ci il tarixli buraxılışında “Gülər Əhmədovadan debat təklifinə sərt reaksiya” başlıqlı, “Ya söyüş söyməliyəm, ya da onların təpəsinə güllə çaxmalıyam” yarımbaşlıqlı məqalə dərc edilmişdir. Həmin məqalədə deputat Gülər Əhmədova Əvəz Zeynallını, onun ailəsini və yaxınlarını təhdid edərək deyir: Mən onların səviyyəsinə enə bilmərəm. Onların səviyyəsi sayt və qəzetdən aydın görünür. Mən debata çağıranda polemika qabiliyyəti olan, səviyyəli şəxslərdən danışırdım. Bu gün mən ya onların səviyyəsinə enib söyüş söyməliyəm. Bunu da etmərəm, çünki ana və millət vəkiliyəm. Ya da bu insanların barəmdə yazdıqlarına görə onların təpəsinə güllə çaxmalıyam…”

Bu təhdidlə bağlı “Xural” qəzetinin kollektivi Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət ediblər. Bundan başqa Zeynallı özü də Daxili İşlər Naziri cənab Ramil Usubova, Ədliyyə Naziri cənab Fikrət Məmmədova və Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova müraciət edib. O, müraciətinin birini 24 noyabr 2011-ci il tarixdə təcridxananın rəisi Elxan Sadıqova verib. Müraciətin təqdim edilməsi və göndərilməsi barədə Zeynallıya heç bir qəbz verilməyib.

Şikayətinin rəsmi qəbul edilmədiyini, lakin ailəsinin, yaxınlarının və özünün təhlükədə olması ilə bağlı real təhdid edildiyini anlayan Əvəz Zeynallı etdiyi müraciətin bir nüsxəsini 25 noyabr 2011-ci il tarixdə mənə verib ki, həmin müraciətləri cənab Ramil Usubova, cənab Fikrət Məmmədova və cənab Eldar Mahmudova göndərsin və həmin müraciətin bir nüsxəsini özündə saxlasın (müraciət əlyazma şəklində olub).
25 noyabr 2011-ci il tarixdə saat 17.50 radələrində Əvəz Zeynallı ilə görüşümüz 6 saylı istintaq otağında başa çatıb. Görüşdən sonra Əvəz Zeynallı axtarış aparılması üçün xüsusi otağa aparılıb. Məni isə istintaq otaqlarında işləyən Oqtay adlı əməkdaş “səninlə işim var” adı ilə 3-cü otağa çağırdı. Orada bildirdi ki, onu rəhbərlik çox incidir ki, Əvəz Zeynallının yazıları mətbuata çıxır. Bununla bağlı ona töhmət veriblər və mükafat kimi almalı olduğu 500 (beş yüz) manatdan məhrum edilib. O, mənim üstümdə axtarış aparmağı rəva görmədiyini dedi və məndə Əvəz Zeynallının yazısı varsa, ona təqdim etməyi tələb etdi. Əks təqdirdə məcburi axtaracağını bildirdi.
Mən dedim ki, sənin vəkili yoxlamağa icazən yoxdur. Oqtay isə üst-başımı axtarmağa cəhd etdi, bu zaman mən Əvəz Zeynallının cənab Ramil Usubova, cənab Fikrət Məmmədova və cənab Eldar Mahmudova etdiyi müraciəti göstərdim.

Oqtay bildirdi ki, o, bu müraciətləri mütləq rəisinə göstərməlidir. Mən nə qədər bildirsəm də ki, vəkilə edilmiş məlumat başqa şəxsə göstərilə bilməz, Oqtay buna heç bir əhəmiyyət vermədi. Oqtayla birlikdə rəisin yanına getdim. İkinci mərtəbəyə çıxdıqda gördük ki, rəis getməyə hazırlaşır. Rəisin yanında müavin Süleyman Süleymanov vardı. Oqtay müraciəti rəisə uzatdıqda rəis bildirdi ki, bu müraciətdən birini də Əvəz ona verib. Rəis müraciəti Süleymana verdi. Mən müraciəti tələb etsəm də, Süleyman müraciəti qaytarmadı. Müraciətin götürülməsi haqqında qəbz tələbimə də əhəmiyyət verilmədi. Bildirdi ki, Oqtay müraciətin məndən götürülməsi ilə bağlı akt tərtib edəcək, sabah, yəni 26 noyabr 2011-ci il tarixdə tərtib olunacaq “akt”ın sürətini ala bilərəm.
26 noyabr 2011-ci il tarixdə təcridxanaya gedib “akt”ı tələb etsəm də, Oqtay “akt”ı Süleyman müəllimə verdiyini bildirdi.
26 noyabr 2011-ci il tarixdə Əvəz Zeynallı görüş zamanı Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubovun istintaqa cəlb olunaraq dindirilməsi haqqında şəxsən əlyazma ilə vəsatət yazmış və həmin vəsatəti lazımi vaxtda müstəntiqə təqdim etmək üçün mənə vermişdir. Yenə təcridxanadan çıxarkən axtarışa məruz qaldım və Əvəz Zeynallının əllə ilə yazdığı vəsatət aşkar olundu. Oqtay bu dəfə Əvəz Zeynallını və məni Süleyman müəllimin yanına apardı. Süleyman müəllim vəsatəti diqqətlə oxuduqdan sonra geri qaytardı.
01 dekabr 2011-ci il tarixdə, saat 15.30 radələrində Əvəz Zeynallının barəsində seçilmiş həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətimə Nəsimi rayon Məhkəməsində baxılarkən istintaq orqanının danışığından məlum oldu ki, Daxili İşlər naziri Ramil Usubovun istintaqa cəlb olunaraq dindirilməsi haqqında vəsatət barədə onlara təcridxanadan məlumat verilmişdir.

01 dekabr 2011-ci il tarixdə Əvəz Zeynallının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətim təmin edilməmişdir. Faktiki olaraq təcridxanada Əvəz Zeynallı ilə mənim konfedensial görüməyim üçün heç bir şərait yoxdur. Əvəz Zeynallı ev dustaqlığına buraxılmadığına görə biz koinfedensial əlaqə saxlamaq hüququndan məhrum olunmuşuq. Bu isə təqsirləndirilənin müdafiə hüququnun və vəkilin hüquqlarının ən kobud pozuntusudur.
Qeyd edilənlərdən əlavə bildirmək istəyirəm ki, Əvəz Zeynallı ilə görüşə gedərkən qeydiyyatdan keçib istintaq otağına gəlirəm. Əvəz Zeynallının gətirilməsi üçün tələbnaməni təcridxana əməkdaşlarına verirəm. Lakin Əvəz Zeynallını mənimlə görüşə bilərəkdən gec gətirirlər və təxminən 60 metr aralıda olan kameradan Əvəz Zeynallını ən tezi 40-50 dəqiqəyə gətirirlər və bu bizim söhbətlərin vaxtını məhdudlaşdırmaq üçün edilir. Bununla bağlı 26 noyabr 2011-ci il tarixdə təcridxana rəisinə müraciət etsəm də, heç bir dəyişiklik olmayıb.

AR Cinayət Prosessual Məcəlləsinin 92.9.2-ci maddəsinə əsasən, müdafiəçi söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququna malikdir. Konfedensial ünsiyyət təkcə söhbətləri yox, eyni zamanda bütün ünsiyyət formalarının, qeydlərin, məlumatların da konfedensial saxlanılmasını özündə ehtiva edir.

Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında Qanunun 7-ci maddəsininin 3-cü bəndinə əsasən, vəkili peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirmək qadağandır. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz.

Qanunun 7-ci maddəsinin 4-cü bəndinə əsasən, vəkillərə və onların təşkilatlarına edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur. Tutulan, həbs edilən və ya məhkum edilən şəxslərə hüquqi yardımın göstərilməsi üçün vəkil ilə təklikdə görüşlər və məsləhətləşmələr üçün lazımi şərait yaradılmalı, konfidensiallıq təmin olunmalıdır.

Qanunun 17-ci maddəsinə əsasən, vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir. Peşə vəzifələrini həyata keçirərkən məlum olan ibtidai istintaqın sirrini təşkil edən məlumatların vəkil tərəfindən yayılması yalnız prokurorun və yaxud müstəntiqin icazəsi ilə ola bilər. İbtidai istintaqın sirrini təşkil edən məlumatların yayılmasında təqsirli olan vəkillər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Müraciət etmiş şəxsə hüquqi yardımın göstərilməsi ilə əlaqədar olaraq vəkilə məlum olmuş hallar barədə o, şahid kimi çağırıla və dindirilə bilməz. Vəkil göstərilən hallar barədə izahat verməməli və ona etibar edən şəxsin bildirdiyi məlumatı yaymamalıdır. Vəkil sirrini təşkil edən məlumatlar vəkilin hüquqi yardım göstərdiyi cinayət, mülki və inzibati işlər üzrə, həmçinin həmin vəkilin iştirakı ilə aparılan məhkəmə prosesində sübut kimi qiymətləndirilə bilməz.

Yuxarıda göstərilənlərə əsasən xahiş edirəm ki, müdafiə hüququmuzun pozulmasının qarşısının alınması, hüquqlarımızın bərpa olunması üçün təxirəsalınmaz tədbirlər həyata keçirəsiniz”.

Elçin Sadıqov

Bu müraciətə də ombudsman tərəfindən münasibət bildirilməyib.

Xural TAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button