13 saylı cəzaçəkmə müəssisəsində vicdan məhbusları ətrafında nələr baş verir?

“Heykəl məhbusu”nun həyatı təhlükə altında; onun yenidən cəzalandırılması ehtimalı var

Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazdığına görə narkotiklə şərlənərək 10 il azadlıqdan məhrum edilmiş Bayram Məmmədov saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində təzyiq altındadır. “Heykəl məhbusu” ona verilmiş “kars” cəzasını çəkib qutarıb. Amma onun yenidən “kars”a qaytarılması ehtimalı var. Bundan ötrü bəhanə kimi guya, Bayramın cəzaçəkmə müəssisəsində yatdığı yeri özbaşına dəyişməsi göstərilir. Halbuki dəyişiklik müəssisə rəhbərliyinin razılığı ilə olub. Bu haqda Bayram Məmmədovun vəkili Əsabəli Mustafayev məlumat verib.
Vəkil bu gün 13 saylı cəzaçəkmə müəssəsində Bayram Məmmədovla yanaşı, həm də NİDA-çı fəal, “Əsgər ölümlərinə son!” aksiyasının təşkilinə görə 8 il həbs cəzası almış İlkin Rüstəmzadə ilə görüşüb. Vəkil deyir ki, 13 saylı cəzaçəkmə müəssisəsinə qısa müddətdə yenidən getməsinə səbəb oradakı siyasi məhbusların vəziyyəti barədə narahatlıq doğuran xəbərlərin gəlməsidir.
Gənc siyasi məhbuslar orada nələr baş verdiyi haqda vəkilə ətraflı məlumat çatdırıblar. Müdafiəçi də öz növbəsində Bayram Məmmədov ətrafında baş verənlər haqda geniş məlumat yayıb: “Bayram müəssisəyə yeni gələndə ona çox pis sayılan yer verilib. Ona verilən yataq çarpayısı “skovoznyak”da yerləşir və həmin yerdə qalanlar bir müddətdən sonra ağır xəstələnirlər. Ona görə də orada dustaqları qısa müddətlik yerləşdirirlər. Təxminən iki ay orada qalandan sonra müəssisə rəhbərliyi Bayramın yerini dəyişib. Bayram bildirir ki, bu dəyişmə rəhbərliyin göstərişi ilə olub. Yeni yerdəki çarpayının üzərinə onun ad və soyadının olduğu lövhənin yerləşdirilməsi də bu yer dəyişmənin rəsmi olduğunu bildirir”.
Vəkilin sözlərinə görə, keçən həftə müəssisə rəhbərliyi qəfildən Bayrama bildirib ki, o, yerini özbaşına dəyişib, əvvəlki yatağına qayıtmalıdır: “Havalar soyuyur, belə əmr yalnız Bayramın həyatını təhlükə altına atmaq məqsədi daşıya bilərdi. Buna görə də Bayram əvvəlki yerinə qayıtmaqdan imtina edir, nəticədə “kars”a salınır. “Kars”dan buraxıldıqdan sonra da müəssisə rəhbərliyi yenə Bayramı köhnə yerinə qaytarmaqda israrlıdır. Lakin Bayram bunu istəmir, çünki hesab edir ki, həmin yerdə o, mütləq xəstələnəcək. Bu səbəbdən onun yenidən “kars”a salınmaq ehtimalı var”.
Bayram Məmmədov hesab edir ki, özbaşına yerdəyişmə ittihamı sadəcə, bəhanədir. Əsas məqsəd isə onu intizamsız dustaq kimi qələmə verib, gələcəkdə saxlanma rejimini sərtləşdirmək, Qobustandakı qapalı həbsxanaya göndərməkdir.
“Heykəl məhbusu” həmçinin hesab edir ki, ona qarşı belə sərt və qərəzli tədbirlər heç də müəssisə rəhbərliyinin öz təşəbbüsü deyil. Onun fikrincə, bu barədə tapşırıq digər dövlət qurumlarından verilib: “Bayram bildirir ki, onun tərəfindən heç bir qayda pozuntusuna yol verilməyib, buna görə müəssisə rəhbərliyinin ona qarşı iradları da olmayıb. Bir neçə ildir həmin müəssisədə cəza çəkdiyinə görə oradakı mühiti yaxşı bilən İlkin Rüstəmzadə də bu fikirdədir”.
Qeyd edək ki, Bayrama qarşı baş verənlərə etiraz olaraq, İlkin Rüstəmzadə və orada saxlanılan daha bir vicdan məhbusu, NİDA-çı fəal Elgiz Qəhrəman aclıq aksiyası keçirəcəklərini elan etmişdilər. Bayram Məmmədov özü də bu aksiyaya qoşulduğunu bildirmişdi. Vəkil deyir ki, gənc siyasi məhbuslar bu aksiyanı rəsmi qaydalar çərçivəsində keçirmək istəyirdilər. Bununla əlaqədar onlar müəssisə rəhbərliyinə ərizə ilə müraciət edərək, aksiyanın qeydə alınmasını, aclıq zamanı onların digər dustaqlardan ayrı saxlanmasını xahiş etmişdilər. Lakin rəhbərlik onların müraciətini qeydə almaqdan imtina edib. Bu səbəbdən onlar hələ də bu aksiyaya başlaya bilməyiblər.
Bununla belə, hər üç vicdan məhbusu bu aksiyanı keçirməkdə israrlıdır. Onlar deyiblər ki, aksiya tezliklə qeydiyyata alınmasa belə, yenə də aclıq edəcəklər.
“Mən ictimai-siyasi xadimlərin, siyasi məhbusların dost və yaxınlarının aksiya keçirməmək haqda xahişlərini onlara çatdırdım. Əlavə olaraq bildirdim ki, Bayrama qarşı olan təhdidlərin hüquqi müstəvidə çözülməsi üçün də lazımi tədbirlər görüləcək. Siyasi məhbuslar bildirdilər ki, onların davranışı müəssisə rəhbərliyinin atacağı addımlardan asılı olacaq. Ümid edirəm ki, müvafiq dövlət orqanları da siyasi məhbusa qarşı qərəzli davranışın dayandırılmasına yardım edəcəklər”, – deyə Əsabəli Mustafayev bildirib.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button