17-ci “zon”da nə baş verib?

Oqtay GÜLALIYEV

…Şərlənərək 2- ci dəfə qanunsuz həbs həyatı yaşayan siyasi məhbus, hüquq müdafiəçisi Taleh Xasməmmədovun özünün və yaxınlarının istəyi ilə onunla görüşmək üçün saxlandığı 17 saylı Cəza Çəkmə Müəssisəsinə getdim. Sənədimi və özümü təqdim edib Taleh bəylə görüşmək istədiyimi bildirdim. Cavab birmənalı oldu: “Olmaz”. Müəssisənin rəhbərliyi, o cümlədən rəis Elçin Əlicanovla görüşdüm. O da əməkdaşları kimi mənə israrla bildirdi ki, siz məhbusun ailə üzvü deyilsiniz, ona görə də onunla görüşə bilməzsiniz. Penitensiar Xidmətin məsul əməkdaşları olan bu şəxslərə dəfələrlə 22 may 2012-ci ildə Milli Məclisdə qəbul olunmuş və dövlət başçısı tərəfindən təsdiq olunmuş “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu xatırladıb məhkumla görüş üçün onların yaratdığı problemin qanunsuz olduğunu bildirdim. Mübahisə yarandı. Təklif etdim ki, haqqında danışdığımız qanunu gətirin birgə baxaq. Mən sizə həmin maddəni qanunda göstərə bilərəm. Qanunda deyilir;

Maddə 19.6. Həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslər ilə ayda dörd dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir.

İzah etdim ki, həm bu qanunda, həm də Azərbaycanın da qoşulduğu “Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq Konvensiyada qeyd olunduğu kimi dustaq onun üçün qanuni maraq doğuran istənilən şəxslə görüşə bilər. CÇM-in rəhbərliyi nəinki haqqında danışdığımız qanunu yazılı şəkildə mənə təqdim edib bir vətəndaş olaraq izahını verdi, əksinə müəssisənin rəisi; “…mən sənə görüş verməyəcəm. …Yaxşı edirəm, get kimə istəyirsən şikayət elə” dedi. Onlarla müzakirənin lüzümsuz olduğunu görüb CÇM-də Penitensiar Xidmətin “Qaynar xətt” və şikayət telefonlarını axtardım, tapa bilmədim. Dedilər, burada elə şey olmur. Tam dərəbəylik və qanunsuzluğun hökm sürdüyü bir mühit… Bilmək olmur, bura dövlət müəssisəsidir, yoxsa kiminsə şəxs obyekti. Qeyd edim ki, şəxsi obyektdə də münasibətlər və iş rejimi müvafiq qanunlarla tənzimlənir. Mən 17 saylı CÇM-də bunu da görmədim. Dostlarıma zəng edib Penitensiar Xidmətin “Qaynar Xətt” telefon nömrəsini aldım. Zəng etdim. Mənimlə danışan xanım da rəis Elçin Əlicanovun dediklərini təkrarlayıb, görüşün mümkün olmadığını bildirdi. Yadıma atalarımızın məşhur bir misalı düşdü; “Balıq başdan iylənər”. Bir daha aydın oldu ki, Elçin Əlicanovlar sərgilədiyi qanuna sayğısız, hökmransayağı kobud münasibəti onlara rəhbərlik edənlərdən öyrəniblər. Ölkədə yalançı qanunçuluq və qanunlara hörmət təbliğatı gedir. Əslində, dövlət strukturlarında tam dərəbəylik və mənəm-mənəmlik hökm sürür. Bunların öz tabeliyində olan məmurları cəzalandırması, işdən çıxarıb həbsə atması qanunlara sayğıdan deyil, pay bölgüsü, nüfuz ugrunda aparılan didişmədən və daxili “razborka”-dan doğur.

17 saylı CÇM dustaqlara tez-tez işgəncələrin verildiyi, korrupsiyanın tüğyan etdiyi, anti-sanitariyanın və qanunsuzluğun hökm sürdüyü müəssisələrin biri kimi xarakterizə olunur. Son illər həmin müəssisədə baş verənlər və ora ordu yeridilməsi halları da buna misaldır.

Təbii ki, müəssisə rəhbərliyinin mənim Taleh Xasməmmədovla görüşməyimə icazə verməməsi müstəqil hüquq müdafiəçilərinin həbs yerlərinə buraxılmaması tendensiyasının davam etməsi və sözü gedən müəssisədə daxili problemlərin üzə çıxmasının qarşısın almğa xidmət edir.

…Həmin müəssisədə saxlanılan başqa bir siyasi məhbus, tanınmış jurnalist Seymur Həzinin də vəziyyətinin orada yaxşı olmadığına dair məlumatlar alırıq. Yaxınlarının bildirdiyinə görə o, ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçlə görüşmək istəyir. Seymur bəy xanım Mijatoviçin Bakıya növbəti səfəri zamanı mütləq 17 saylı cəzaçəkmə müəssisəsinə də baş çəkib onunla görüşməsini və cəza çəkmə müəssisəsindəki saxlanma şəraitilə tanış olmasını xahiş edib.
Zənimizcə, Seymur Həzi, Taleh Xasməmmədov, Hilal Məmmədov və digər siyasi məhbusların saxlandığı 17 saylı CÇM-ə diqqəti artırmaq lazımdır. Oradakı vəziyyətin ağır olması, həm də həmin siyasi məhbuslara münasibətlə bağlıdır.

Sonuncu qeyd; Bu gün şərlənərək 2-ci qanunsuz həbs həyatını yaşayan hüquq müdafiəçisi Taleh Xasməmmədovun həm də doğum günüdür. O artıq neçənci dəfədir ki, doğum gününü ailəsindən, övladlarından kənarda, dəmir barmaqlılar arxasında qeyd edir. Taleh bəyin doğum gününü təbrik edir, onun timsalında bütün siyasi məhbuslara, haqsız həbs olunanlara azadlıq arzulayıram!

Unutmayaq ki, yaman günün ömrü az olar…
Hər qaranlıq gecənin bir nurlu sabahı var!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button