19 ilin jurnalisti Prezidentə dərdini yazdı: “Məni ölkədəki 255 jurnalistdən biri olmağa layiq görmədilər”-FOTO

Köşə kimi status

 

Tanınmış jurnalist, 19 ildir mətbuatda fəaliyyət göstərən Space TV-nin Xəbərlər Xidmətinin redaktoru Azadə Balayeva prezident İlham Əliyevə müraciət edib. Müraciətini özünün facebook səhifəsində yerləşdirən Azadə Balayeva mətbuat üçün ev bölüşdürənlərin onu necə aldatdıqlarından yazıb və Prezident İlham Əliyevdən imdad diləyib. Xural.com Azadə Balayevanın statusunu olduğu kimi təqdim edir:

“Hörmətli cənab Prezident!
Sizin ölkənin hər bir vətəndaşının problemlərinə diqqətiniz heç kəs üçün sirr deyil. Vətəndaşın kiçik bir problemi olanda diqqətinizdən yayınmayıb, dərhal müdaxilə edərək o problemi aradan qaldırmış, günahkarları cəzalandırmısınız. Hətta qanunsuz kəsilən ağaclara görə məmurları cəzalandırmısınız. Çıxışlarınızda da dəfələrlə hamının prezidenti olduğunuzu vurğulamısınız və bunu əməllərinizlə sübut etmisiniz. Bu gün haqqı pozulan daha bir vətəndaşınız Sizə müraciət edir.

Cənab prezident!
Bir neçə il əvvəl jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına dair verdiyiniz Sərəncam mənzilə ehtiyacı olan qələm adamı kimi məni də çox sevindirdi və mənim də özümə məxsus mənzilimin olacağına dair ümidlərimi artırdı. Çünki buna haqqım çatırdı. Özüm Bakı Dövlət Universitetinin jurnalistika fakültesini bitirmişəm. Jurnalistikada 19 il stajım var. Onun da 6 ilini qəzetlərdə, 13 ilini televiziyada işləmişəm ve artıq 4 ildir “Space” televiziyasında çalışıram. İster süjetlərimlə, istər filmlərimlə öz fəaliyyət sahəmdə gərəkli xidməti göstərmişəm. Azərbaycanın tarixi üçün önemli sayıla biləcək 10-dan artıq sənədli filmim var. Uzun illər parlament müxbiri işləmişəm, 2007-2008-ci illərdə Sizin xarici səfərlərinzdə görüşlərinizi, fəaliyyətinizi ən operativ şəkildə işıqlandırmışam. 2008-ci ildə NATO-nun Buxarest sammiti çərçivəsində Sizin həmsədrlərlə görüşünüz, bir neçə saat sürən danışıqlarınız barədə Bakıya ilk məlumatı da mən çatdırmışdım. Xatırladığıma görə, 2007-ci ilin dekabrında BMT-də Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qətnamənin qəbulu zamanı həmsədr ölkələr bitərəf qalmışdı. Siz onlardan bunun hesabını soruşdunuz. Ona görə danışıqlar saatlarla davam etdi. Həmin görüşdən çıxan həmsədrlərin pərt, Sizin isə döyüşdən qalib ayrılan simanız hələ də gözlərimin qarşısındadır.

Cənab prezident!
Artıq 44 yaşımdayam. Bir oğlum var. Oğlum hələ 5 yaşında olanda həyat yoldaşımdan ayrılmışam. Tələbəlik illərimi də nəzərə alsam 17 il kirayələrdə yaşamışam, 8 il əvvəl isə İpoteka krediti ile cibime uyğun, her ay pulunu ödəyə biləcəyim prinsipiylə ucuz, kürsüsüz, bir daşdan tikilmiş 22 kvadratmetrlik bir ev tapıb aldım və ayrı-ayrı şəxslərin evlərində kirayenişinlikden bankın kirayenişinliyinə keçdim, o ümidlə ki, ölməyib qalsam 57 yaşımda özümə aid evim olacaq. Evi aldığımız zaman məhz naşılığımdan əslində bu ərazinin nəmişlik bir yer olduğunu, evin rütubət olduğunu anlamamışam ve bura köçdükdən sonra anladıq və artıq gec idi. Bu gün də çox ağır şəraitdə, nəm, rütubətli evdə yaşayıram. Başımıza toz-torpaq tökülməməsi üçün divara klyonka çəkmişəm. Divarları rütubətdən kif bağlayır. Dolabda paltarlarım kif atır. Qışda soyuqdan, yayda istidən bu evdə oturmaq qeyri-mümkündür. Kvadratı balaca olduğundan evə qaz peçi də qoymağa icazə yoxdur. Qışı çox çətinliklə başa vururuq. 10 il əvvəl bir qrup parlament müxbiri bir araya gelib ev üçün torpaq ərazisinin ayrılması xahişiylə Bakı Şəhər İçra Hakimiyyətinə müraciət etmişdik. O jurnalistlərin sırasında mən də var idim. Sonradan Siz jurnalistlərə mənzillerin inşası üçün yer ayrılması və çoxmərtəbəli binanın tikilməsinə dair sərəncam verdiniz. Və bu sərəncam məni də hədsiz sevindirmişdi. Ehtiyacıma göre, stajıma ve xidmetlerime güvənərək inanırdım ki, mənim də orada bir evim olar. Mənzil almağa namizədlər üçün bütün kriterlərə sahib idim və 2013-cü idə bir sıra həmkarlarım kimi mən də mənzil üçün müraciət etdim. Amma o vaxt kənarda qaldım. Ona görə də növbəti mənzil üçün daha dörd il gözləməyə qərar verdim. Və həmin vaxt söz verdilər ki, 2013-də müraciət edənlər heç bir qeyd-şərtsiz mənzillə təmin olunacaqlar. Amma təəssüf ki, mənim son 4 ildə qurduğum xəyallar puça çıxdı və ən acınacaqlısı da odur ki, haqqım çatdığı halda kənarda saxlanıldım, məni ölkədəki 255 jurnalistdən biri olmağa layiq görmədilər (bilmirəm, layiq gördüklərindən neçəsi heç olmasa bir il də olsa kirayədə yaşayıb). Bu, məni çox sarsıtdı. Siz hər kəsin, mənim də Prezidentimizsiniz. Məmurlar vətəndaşın haqqını pozanda “Yanınızda mən varam” deyirsiniz hər zaman. Sizə inanıram və Sizə güvənirəm!
Son söz Sizindir cənab Prezident!

Dərin Hörmətlə:
Azadə Balayeva
Space TV-nin Xəbərlər Xidmətinin redaktoru”

 

Azadə Balayevanın hazırda yaşadığı evin şəkilləri:

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button