20 Yanvar

Nurəddin Xoca

“Xəzərdənizneftdonanma”sına “İstiqlal”, Kapitanlar Şurasının üzvlərinə “Şöhrət” ordeni, aksiyada iştirak edən bütün dənizçilərə isə “İgidliyə görə” medalı verilsin…

Azadlığı istəmirəm damla-damla,qram-qram
Xəlil Rza Uluturk

Daha bir 20 Yanvarı yola verdik. Növbəti sözlər, növbəti qəhrəmanlar. Ilboyu yada düşməyən şəhid qardaş və bacılar yaxşı ki, bir gün də olsa yada düşürlər. Bütün bu ənənəvi hadisələri təzələyən bir xoş hadisə oldu – “Xəzərneftdonanma”sının komutanları ekranlara çıxdılar. Ondan bir gün qabaq mənim hərəkat dostum, gəmi kapitanı, 20 Yanvarın həqiqi qəhrəmanlarından olan Kərəm Məmmədovun “Mən tarana gedirəm” sənədli kitabının təqdimati oldu. Mən də daxil olmaqla yaşlı kişilər o hadisələri göz yaşları ilə xatırladıq. 1990-cı il 20 Yanvar səhəri qan içində boğulan Bakı. Hər tərəfdə qan… 1000-lərlə, hətta 10.000-lərlə şəhidlərdən söhbət gedir. Çoxları hər şeyin məhv olduğunu düşünən zaman Bakı buxtasından aramsız gəmi fitləri eşidilir. Əvvəl hamı çaşqınlıq içindədir, sonra ümid işıqları hamının gözündə parıldayır. Bakı yaşayır, Bakı mübarizə aparır. Qosqoca sovet imperiyasının topunun-tüfənginin-tankının qarşısına bir ovuc dənizçi – “Xəzərdənizneftdonanması” silahsız, əliyalın çıxır. Onlar əllərində olan mülki gəmilərlə Bakı buxtasının giriş-çıxışını baglayıb SSSR müdafiə naziri Yazova ultimatum verdilər. “Öləcəyik, amma geri çəkilməyəcəyik! Dayandırın, çirkin əməllərinizi!” Hər yerdən informasiya blokadasına alınmış Bakı vəhşi ordunun tam əsarətinə verilmişdi və bu ordunu yeridənlər elə bilirdilər ki, hər şeyi nəzərə alıblar – köməksiz, blokadada olan şəhərdə nə istəsələr edə bilərlər.

Lakin alınmadı! Cəsur dənizçilər öz radiostansiyalari ilə bütün dünyaya müraciət etdilər. Hər bir saatdan bir bütün dünyaya göndərilən “SOS!” siqnalı və bütün dünyanın azadlıqsevən insanlarına müraciət.

Hamıya! Hamıya! Hamıya!
Sovet ordusu Bakıya hücum edib. Minlərlə ölən var!
Hamıya! Hamıya! Hamıya!

Bax, bu müraciətlər idi blokadanı yarıb bütün dünyaya xəbər verən. Ki, Bakı döyüşür, Bakı azad olmaq istəyir, Bakı azadlıq yolunda şəhid verir. Bax, bu radioqramlar idi ki, Bakıya əlavə qoşun yeridilməsinin, sonrakı qırğınların qarşısını aldı. Bax, əsl qəhrəmanlıq səlnaməsi yazan insanların cərgəsinə qoşulan dənizçilərin gördüyü işlər bunlardır. Ölümün üzünə şax baxan bu insanlar doğrudan da Azərbaycan tarixinə qızıl hərflərlə yazılmalıdırlar. Amma nədənsə onlar bir çox qəhrəmanlar kimi yaddan çıxıblar. Qəsdənmi, ya sadəcə səhlənkarlıqdanmı? Nədənsə saxta qəhrəmanlarla dolu olan radio və TV ekranları bu qəhrəmanları yaddan çıxarırlar. Nədən?

Guya yada salsaydılar, bir-iki xoş söz deyilsəydi nə olacaqdı? Onsuz da bu insanlar ölümə gedəndə heç gözləmirdilər ki, onlara kimsə “sağ ol” deyəcək. Onlar öz qəlblərinin çağırışı ilə getmişdilər bu işə. Vətən üçün, xalq üçün…
Sovet propaqandasını heçə çıxaran, bizləri ekstremist, millətçi kimi qələmə verən imperiyanın planlarını “Xəzərneftdonanması”nın qəhrəman dənizçilərinin aksiyası puça çıxardı.

Onların içındə rus mənşəli kapitan və radistlərin olması heç bir ekstremizmin, millətçiliyin olmadığından xəbər verirdi. Kapitan Volodya Sapranov, kapitan Radçenko. Deyəndə ki, “Sən russan, çıx get”, o, qürurla cavab vermişdi ki, “mən bakılıyam”. Bu cavaba görə ölüncə döyüşmüşdü. Bax, budur qəhrəmanlıq! Bax, budur millətindən, dinindən asılı olmayaraq haqqın yanında olmaq! Onsuz da bunlar əvvəl-axır bilinəcəkdi. Dünənə qədər 20 Yanvara qara yaxan, bizləri ekstremist adlandıran sapı özümüzdən olan baltalar, bu gün qəzet-radio-televiziyalardan 20 Yanvarı “qəhrəmanlıq epopeyası” adlandırırlar.

İ.S. Tarix öz sözünü deyir və əvvəl-axır xalq öz qəhrəmanlarını tanıyır. Ancaq dövlət də bu qəhrəmanları tanısa, qiymətləndirsə, daha yaxşı olmazmı? Elə dənizdə ordunun qarşısını kəsən, onunla ölüm-dirim mübarizəsinə girən və bu yolda əlindən gələn və gəlməyənləri edən “Xəzərdənizneftdonanma”sını dövlət mükafatları ilə mükafatlandırmaq olmazmı?

Baxmayaraq ki, Xəzərdə 2-3 donanmamız var və onlar da qoşula bilərdilər – qoşulmadılar. “Xəzərdənizneftdonanma”sı tək başına Bakı buxtasını blokadaya aldı. Heç bir silaha malik olmayan dənizçilər, təpədən-dırnağa silahlanmış Sovet Ordusu ilə mübarizə apardı və qalib çıxdı.

Təklif edirəm ki, “Xəzərdənizneftdonanma”sına “İstiqlal” ordeni, Kapitanlar Şurasının üzvlərinə “Şöhrət” ordeni, aksiyada iştirak edən bütün dənizçilərə isə “İgidliyə görə” medalı verilsin.

“Xural” qəzeti
il: 9, sayı: 004(412), 30 yanvar – 05 fevral 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button