23 ildir qərbi azərbaycanlılardan istifadə olunub!!!

Əziz Ələkbərli: «Bütün iqtidarlar qərbi azərbaycanlıların çiyinləri üzərindən hakimiyyətə sahib durublar…»

Son 20 ildə Qərbi Azərbaycanlıların Azərbaycandakı hüquqları hər dəfə pozulub…

Heç bir hakimiyyət son 20 ildə Qərbi Azərbaycanlıların təşkilatlanmasını istəməyib…

Qərbi Azərbaycanlılarla bağlı son 20 ildə hər şeyi unutdurmaq siyasəti aparılıb…

Əziz Ələkbərli dəyərli tarixçi-alimlərimizdəndir. Onunla uzun zamandır müsahibə götürmək planımız olsa da, tamam başqa bir mövzudan bəhs edəsi olduq. Süni şəkildə gündəmə çıxarılan və onun özünün də birində iştirak etdiyi «Qərbi Azərbaycanlı» mövzusunu masaya yatırdıq. Amma bizim Əziz müəllimlə ciddi sayıla biləcək bir anlaşmamız da oldu. İndən sonra Əziz Ələkbərli «Xural»a köşə yazacaq və əminik ki, onun yazacağı mövzular ölkə gündəminin ilk sıralarına yerləşəcək.
Beləliklə, Əziz Ələkbərlinin son günlərin baş verən hadisələrini dəyərləndirməsini Oxucularımızın ixtiyarına veririk…

– Əziz müəllim, ən önəmli hadisələr zamanı biz bu hallarla rastlaşırıq. Mərhum Heydər Əliyev hakimiyyətə gələndə də belə oldu, 2005-ci ildə də belə oldu. Belə deyək, cəmiyyətdə müəyyən narahatçılıqlar olan kimi biriləri bir yerlərdə yığılırlar və qərbi azərbaycanlılar məsələsini gündəmə gətirirlər. Təşkilatlanmalar yaranır, təşkilatlar qurulur. Nə baş verir? Çünki son vaxtlar da təxminən 4-5 ayrı-ayrı təşkilatlar, ayrı-ayrı qurumlar peyda olublar. Onların bir çoxunun ümumiyyətlə, Qərbi Azərbaycan məsələsinə heç bir aidiyyatları yoxdur. Bütün bunlardan xəbəriniz varmı? Sizin də adınızı bəzi yerlərdən eşitdik…

– 23 ildir Qərbi Azərbaycandan deportasiya olunmuşuq. Bunu tək deportasiya deyil, həm də soyqırım kimi qeyd etmək olar. 23 ildir Azərbaycanda gedən bütün proseslərdə qərbi azərbaycanlılardan istifadə olunub. Mən də o fikirlə razılaşıram ki, Azərbaycanda siyasi proseslər fəallaşan kimi – parlament seçkiləri, prezident seçkiləri öncəsi – mütləq qərbi azərbaycanlılar yada düşürlər. Ona görə ki, qərbi azərbaycanlılar həm siyasi cəhətdən aktivdirlər, həm də bu insanlar öz torpaqlarını tamamilə itirmiş insanlardır. Ona görə də bütün dövrlərdə bu camaatın siyasi potensialından istifadə etməyə çalışan qüvvələr meydana çıxır. Son 20 ilə nəzər salsaq, görərik ki, bütün hakimiyyət dəyişilmələrində bu regionun müstəsna rolu olub. Demək olar ki, bütün iqtidarlar qərbi azərbaycanlıların çiyinləri üzərindən hakimiyyətə sahib durublar. O da maraqlıdır ki, bu çevrilişlərin olmasına baxmayaraq, bütün iqtidarların qərbi azərbaycanlılara münasibəti təxminən eyni olub. Onlar siyasi cəhətdən bir-birilərinə alternativ olsalar da, bir-biriləri ilə əks cəbhələrdə, əks qütblərdə dayansalar da, hamısının qərbi azərbaycanlıların problemlərinə münasibətləri eyni, dəyişməz olub. Qərbi azərbaycanlıların çiyinlərində hakimiyyətə gələndən sonra o insanların hüquqlarının pozulmasının birbaşa iştirakçısına çevriliblər. Yəni son 20 ildə qərbi azərbaycanlıların Azərbaycandakı hüquqları hər dəfə pozulub.

– Niyə belə olur? Hər bir halda dövlətin yüksək vəzifələrini idarə edən inanların da bir çoxu qərbi azərbaycanlılardır. Onlar niyə belə münasibət bəsləyirlər?

– Hakimiyyətə gələnlərin hər biri yaxşı bilir ki, bu qüvvələr durduqca, nə vaxtsa, hansısa hakimiyyətə iddialı insanlar onlardan istifadə edə bilər. Ona görə də bütün iqtidarlar bu insanları parçalamaq siyasəti yeridiblər və onların təşkilatlanmasına imkan verməyiblər. Bunu təcrübələr də göstərir. Gözlərimizin önündə «Zəngəzur», «Ağrıdağı», «Qərbi Azərbaycan Beynəlxalq Cəmiyyəti», «İrəvan» kimi cəmiyyətlər yarandı. Bunlar hakimiyyəti nə qədər dəstəkləsələr də, sonunda bu cəmiyyətlər elə iqtidarların özləri tərəfindən də dağıdıldılar.

– Həqiqətən də elədir. Hətta Heydər Əliyevi dəstəkləyərək onu hakimiyyətə gətirən bu qüvvələr sonunda parçalanmağa məhkum olundular…

– Bəli. Bu insanların təşkilatlanmasını heç bir iqtidar istəməyib. Son zamanlar ictimai-siyasi proseslərdə bir canlanma hiss olunan kimi qərbi azərbaycanlılar yada düşür və ən müxtəlif – qərbi azərbaycanlılara dəxli olmayan siyasi və ictimai təşkilatlar, qruplar da qərbi azərbaycanlıların zəif damarından tutaraq istifadə etməyə çalışırlar. Şübhəsiz ki, onların bu cəhd göstərən qüvvələrinin arasında hakimiyyətə dəstək verən qüvvələr də var, narazı təbəqəni öz tərəfinə çəkməyə cəhd göstərən müxalif qüvvələr də… Həm hakimiyyət, həm müxalifət bu günə qədər qərbi azərbaycanlıların problemləri ilə maraqlanmayıb, onların hüquqlarının pozulmasına heç bir etiraz bildirməyib. Nə hakimiyyət bunun qarşısını alıb, nə də müxalifət onu tələb edib. Bu gün isə yenidən bu proses təkrar olunur. Mənə elə gəlir ki, yenə bu insanların parçalanmasına yönəlmiş siyasət yeridilsə, nəticə etibarilə yenə də uduzan qərbi azərbaycanlılar olacaq. Bu təşkilatlanmanın rəhbərliyini elə insanların əlinə verməyə çalışırlar ki, onların Qərbi Azərbaycana heç bir dəxli yoxdur, yaxud Qərbi Azərbaycana dəxli olsa da, bu camaat arasında heç bir imici, nüfuzu yoxdur. Bunu da məqsədli şəkildə edirlər. Qərbi Azərbaycanlıların öz içərisindən hər hansı bir təşkilat yaranarsa, onu da məhv etməyə çalışırlar…

– «Ağrıdağ»ın fəallaşması prosesimi gedir?

– Xeyr. 1998-ci ildə bu təşkilatın başında duran insanların hamısı Heydər Əliyevçilər, YAP-ın Siyasi Şurasının fəal üzvləri olsalar da, 1998-ci ildə onların hər biri müəyyən vəzifələri tutdular və «Ağrıdağ» Cəmiyyətini buraxdılar. Onların bir hissəsi deputat seçildi, digər hissəsinə də vəzifələr verdilər və bununla da cəmiyyət dağıdıldı.

– Amma 2003-cü ildə yenidən «Ağrıdağ» fəaliyyət göstərməyə başladı?

– Ondan sonra bu cəmiyyət fəaliyyət göstərməyib. Sadəcə olaraq, zəif təşəbbüslər olub. Mən həmin proseslər zamanı «Ağrıdağ» qəzetinin baş redaktoru olmuşam və istər-istəməz bu proseslərin yaxından şahidi olmuşam. Bəli, zəif təşəbbüslər olub, lakin bundan o tərəfə keçməyib. 1998-ci ildən başlayaraq «Ağrıdağ» Cəmiyyəti real olaraq fəaliyyətini dayandırıb.

– Nürəddin Mustafayevin başçılığı altında fəaliyyət göstərən «Ağrıdağ» Cəmiyyətinin o zaman fəaliyyət göstərən «Ağrıdağ» cəmiyyəti olmadığını deyirsiniz?

– Bəli. O, həmin cəmiyyət deyil. Faktiki olaraq bu gün elə bir cəmiyyət fəaliyyət göstərmir. Qərbi Azərbaycanlıların «Ağrıdağ» Cəmiyyəti dağılandan sonra yaratdıqları yeganə cəmiyyət rəhmətlik Şadman Hüseynovun rəhbərliyi altında yaradılan «Qərbi Azərbaycan» Beynəlxalq Cəmiyyəti oldu. Bu cəmiyyət çox aktiv fəaliyyətə başladı. Nəticəsi də «Ağrıdağ»ın sonu kimi nəticələndi. O, çox güclü bir təşkilat kimi formalaşacaqdı, lakin onun da aqibəti digər cəmiyyətlərin aqibəti kimi oldu. Həmin dövrdə akademik Budaq Budaqovun rəhbərliyi altında «İrəvan» Cəmiyyəti fəaliyyətə başladı. Paralet olaraq…

– Hə, bir dövr vardı ki, bir gecədə 40 təşkilat yaradıldı…

– Qərbi Azərbaycanlıların fəallaşması hiss olunursa, artıq bu, həmin cəmiyyətdə ictimai-siyasi proseslərin başlanacağından xəbər verir. Demək, artıq siyasi proseslər aktivləşdiyi dövrdür. Çünki yalnız həmin dövrdə Qərbi Azərbaycanlılar yada düşürlər. Həm aşağılardan, həm də yuxarılardan onlardan istifadə etmək üçün cəhd edirlər. Bir tərəfdən, bu, Qərbi Azərbaycanlıları iki yerə parçalamaq üçün nəzərdə tutulan siyasətdir, digər tərəfdən, insanların içərisində təbii yolla yaranmış cəmiyyətlərin qarşısını almaq məqsədini daşıyır.

– Yəni Qərbi Azərbaycanlıların ciddi bir təşkilatı, cəmiyyəti yaranarsa, dərhal hakimiyyət törəmə, süni təşkilatlar yaradır ki, xalqın içərisindən çıxan təşkilatı boğsunlar?

– Bəli.

– Demək, bu proses gedir?

– Bəli. Çünki süni şəkildə yaradılmış təşkilatlar heç bir zaman xalqın özü tərəfindən yaradılan təşkilatı məhv etmək iqtidarında olmadığı üçün məhz iqtidar bunu planlı şəkildə həyata keçirən zaman onu məhv edə bilir. Müxtəlif vasitələrdən, müxtəlif üsullardan istifadə edərək. Yəni heç bir hakimiyyət son 20 ildə qərbi azərbaycanlıların təşkilatlanmasını istəməyib. Bunu birmənalı olaraq bilməyinizi istəyirəm.

– Qərbi Azərbaycanlılar arasında əvvəlki birlik hiss olunmur, parçalanmalar çoxdur. Demək hakimiyyət bu yolla öz məqsədinə nail olub?..

– Bəli, Qərbi Azərbaycanlılarla bağlı son 20 ildə hər şeyi unutdurmaq siyasəti aparılıb. Hakimiyyət bu məsələ ilə bağlı bütün dövrlərdə bir çox addımlar atıb. O addımların tərkib hissəsindən bəzilərini demək olar. Birincisi, əgər yadınızdadırsa, bir neçə il bundan qabaq mətbuatda «Qərbi Azərbaycan» ifadəsinə qarşı məxsusi olaraq bir müharibə başlamışdı. Tanınmış ziyalıların, dövlət xadimlərinin imzaları ilə «Qərbi Azərbaycan» termininin əleyhinə bir kampaniya başladı və bizim bəzi görkəmli mütəxəssislərimiz, alimlərimiz, akademiklərimiz də bunların əleyhinə yazılarla çıxış etdilər. Həmin yazılar mətbuatda da çap olundu. Bütün bunlara etiraz edənlər arasında akademik Vəli Əliyev də var idi, professor Buludxan Xəlilov da… Mənim özümün də həmin səpkidə yazılarım dərc olundu. Yəni onların məqsədi bu idi ki, tədricən «Qərbi Azərbaycan» termini ortadan çıxsın və onun yerini «Ermənistan» termini tutsun. Yeri gəldi-gəlmədi «Ermənistan» sözünün işlədilməsi, həm Qərbi Azərbaycanlılara yerli əhalinin münasibətinin dəyişməsinə və ən əsası, Qərbi Azərbaycanlıların bir çatı altında birləşməsinə imkan verilməməsinə xidmət edirdi. Bu da təbii olaraq baş tutmadı. Çünki o, heç kimin sifarişi ilə dövriyyəyə daxil olmamışdı və heç kimin tələbi ilə də dövriyyədən çıxarıla bilməzdi, çıxarılmadı da. Ondan sonra başqa bir kampaniya başladı. Bu da bayaq qeyd etdiyim kimi, Qərbi Azərbaycanlıların yaratdıqları hər hansı bir ictimai təşkilatı dağıtmaq və Qərbi Azərbaycanlıların təşkilatlanmasına imkan verməmək məqsədi güdürdü. Növbəti aksiyalardan biri Qərbi Azərbaycanlıların ümumiyyətlə, statuslarının ləğv edilməsi məsələsi idi. Bunu da həyata keçirdilər. Azərbaycan dövlətçiliyinin mənafeyinin ziddinə olaraq Qərbi Azərbaycanlıların bütün statusları, onlara verilən güzəşt və imtiyazları ləğv etdilər. Bunun da nəticəsi o oldu ki, Azərbaycan bu gün də beynəlxalq təşkilatların təzyiqləri ilə üz-üzə qaldı. Nə mənada? Bu gün Azərbaycandan gedən ermənilərin hamısı əllərində Azərbaycan pasportu bütün dünyanı dolaşırlar…

– Yəni buradan köçən ermənilərin pasportlarını Ermənistan dəyişmədi?

– Xeyr. Azərbaycan pasportu ilə bu gün də qaçqın kimi bütün dünyanı dolaşırlar. Sabah onlar Azərbaycan dövlətinə qarşı təzminat davası qaldıranda, anlamaq olmur ki, Azərbaycan hakimiyyəti alternativ olaraq onların qarşısına nə qoyacaq? Əgər bu camaatın qaçqın kimi bütün hüquqları əllərindən alınıbsa, bütün sənədlərdə bunların Ermənistandan məcburi olaraq qovulduqlarını ifadə edən statusları tamamilə silinirsə, sabah bu hakimiyyət Ermənistan dövlətinin qarşısına nə ilə çıxacaq? Faktiki olaraq bu gün Azərbaycanda süni olaraq qaçqın olmadığı görüntüsü yaradılır. Bu, ermənistanlıların qaçqın olduqlarını yaddan çıxarmalarına xidmət edir. Qaçqının bir qaçqınlıq statusu olar, o, bunun məsuliyyətini tam varlığı ilə hiss edər və sabah da öz tarixi torpaqlarının uğrunda mübarizəyə qalxar. Bu, gələcəkdə onların öz torpaqları uğrunda mübarizəsinin qarşısını almaq və Qərbi Azərbaycanlıların bu imkanlarını sıfıra endirmək siyasətinin tərkib hissəsidir. Bundan əlavə, mən bir faktı da deyə bilərəm. Biz 1988-ci ildə Ermənistanın 22 rayonu ərazisində yerləşən 300-ə yaxın şəhər, kənd və qəsəbəsindən Azərbaycana qaçqın gələn insanlarıq. Bu gün bizim hər birimizə verilən şəxsiyyət vəsiqəsində cəmi 22 yaşayış məntəqəsinin adı var. Təssəvvür edin ki, bizim anadan olduğumuz qəsəbənin, kəndin adları şəxsiyyət vəsiqələrimizdən silinməklə azərbaycanlılara məxsus 300 türk toponiminin üzərindən xətt çəkildi. Necə oldu? Bu gün bizim şəxsiyyət vəsiqələrimizdə anadan olduğumuz respublikanın və rayonun adı yazılıb. Biz də 22 rayondan gəlmişik. Hər rayonun adı da həmin rayonda yerləşmiş bir yaşayış məntəqəsinin adıdır. Məsələn, Ermənistan-Amasiya, Ermənistan-Ararat, Ermənistan-Vardenis. İkinci, göstərilən adlar həm rayonun, həm də yaşayış məntəqəsinin adıdır.

– Sabah azərbaycanlılar yaşayan kəndlərin hamısı tədricən yaddan çıxacaq və heç bir rəsmi sənəd də bunu təsdiqləməyəcək…

– Bəli. Biz sabah heç kəsə sübut edə bilməyəcəyik ki, 1988-ci ildə Qərbi Azərbaycanlılar Ermənistanda olan 300-ə yaxın dədə-baba yurdlarından, kənddən, qəsəbədən, rayon mərkəzindən bura gəlib. Bu faktdır. Amma dövlət sənədlərində göstərilir ki, biz 300 deyil, 22 yaşayış məntəqəsində yaşamışıq. Bundan əlavə, o vaxtlar Qərbi Azərbaycanlılara qaçqınlıq vəsiqəsi veriləndə Bakıda anadan olmuş uşaqları Azərbaycan hökuməti qaçqın hesab etmədi. Belə çıxır ki, mən tarixi torpaqlarıma qayıtmaq hüququmu saxlasam da, mənim övladlarım həmin torpaqlara qayıtmaq hüququna malik deyillər. Yəni Azərbaycan hökuməti məni tarixi torpaqlarımıza göndərsə də, uşaqlarımı girov olaraq burada saxlayacaq. Və yaxud da ən pisi, mən və yaşıdlarım dünyadan köçəndən sonra övladlarımın həmin torpaqlara heç bir iddiası olmayacaq. Belə çıxır. Bu, Dağlıq Qarabağdan olan qaçqınlara da şamil edilib. Bu gün qaçqın ailəsində anadan olan 3 uşaqdan ikisi çörəkpulu alır, Bakıda anadan olan 3-cü uşaq çörəkpulu almır. Bu da bir bəladır, bir problemdir. Bu bir siyasət şəklində həyata keçirilir. Amma Qərbi Azərbaycan məsələsi deyəndə bəzi adamlar elə başa düşürlər ki, bu bir region məsələsi, region davasıdır. Əslində, belə deyil. Qərbi Azərbaycan məsələsi əslində, azərbaycanlıların tarixi torpaqlarını itirməsi məsələsidir. Bu, bütün Azərbaycanın problemidir, ona görə də bu problemə dırnaqarası baxmaq olmaz.

– Çox vaxt bu məsələlərlə bağlı fikir yürüdən insanların böyük əksəriyyəti Qərbi Azərbaycanla bağlılığı olmayan adamlardır. Nə baş verir?

Davamı gələn saylarımızda

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button