“Azadlıq Salnaməsi”ndə Mirmahmud Mirəlioğlu (I hissə): “Elçibəylə qan qohumluğumuz ola bilər…”-VİDEO

Mirmahmud Mirəlioğlu: “Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO

Mirmahmud Mirəlioğlu ilə həm “Qaynar Qazan”da, həm də “Azadlıq Salnaməsi”ndə görüşümüz demək olar ki, bu verilişlər yaranandan, hətta ondan da əvvəldən planlaşdırılsa da, alınmır ki, alınmırdı. Hər dəfə bir iş çıxır, ya vəlvələdən, ya zəlzələdən görüşümüz baş tutmurdu. Təbii ki, bu işdə əsas yük bizim üzərimizə düşmür. Siyasilərimiz bəzən könülsüz, ya da soyuq yanaşırlar istəyimizə. “Qaynar Qazan” bir az başqa formatlı olduğu üçün bəziləri ümumiyyətlə, siyasətçi olsa da, gəlməyə risk etmirlər, “Azadlıq Salnaməsi” isə qismən uyğun olsa da, eyni yanaşmalar bəzən bizi çətinə sala bilir. Təbii ki, Klassik Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlunun çəkinməyə, ya da ehtiyat etməyə bir səbəbinin olmadığını hamıdan yaxşı bilənlərdən biri mənəm, ancaq alınmayanda alınmır da…

Bu dəfə ötən ilin elə bu zamanlarında etdiyim təklifi yenə etdim Mirmahmud Mirəlioğluna. Onunla sırf Elçibəydən, onun son günlərindən danışmaq istəyirdim. Ötən il də bu barədə müraciət etmişdim, amma alınmamışdı. Bu il də etdim. Zaman qısa idi, ancaq bu dəfə Ağadan müsbət cavab ala bildik və çəkilişə KXCP-nin qərargahına, kabinetinə gəldik. Söhbətimiz alındı.

Əbülfəz Elçibəy haqqında danışmaq heç bir zaman asan deyil. Bəyin fəaliyyəti o qədər ziqzaqlı, təzadlı, mürəkkəbdir ki, istər-istəməz çətinlik törədir. Ona görədir ki, ölümündən 15 il keçməsinə baxmayaraq, hələ də gündəmdədir Elçibəy. Yenə tənqid edənlər arqumentlərini müdafiə edirlər, dəstəkləyənlər eyni tezislərlə cavab verirlər. Dəyişən bir şey yoxdur arqumentlərdə. Təkcə müşahidə etdiyim maraqlı bir məqam var. Hər gün keçdikcə Əbülfəz Elçibəyə maraq artır, yeni nəsil onu daha yaxşı tanımağa başlayır və çalışır. Önəmlisi odur ki, yeni nəslin qəhrəmanı yoxdur və onlar bugünkü harın və qudurğan məmurların, onların balalarının Azərbaycanı talaması və dağıtması fonunda Elçibəy kimi borc içində ölən birisinin qəhrəmanlığına ehtiyac duyurlar. Düşünürəm ki, bir müddət də keçəcək və Elçibəy bu günümüzdəkindən daha güclü və populyar olacaq. İndi o günlərin ərəfəsindəyik. Bir nəsil qəhrəmanını qəbul etdisə, onun yanında nə edirsən et, qəhrəmanına sahib çıxacaq. Bax, Elçibəy düz ölümünün bir az öncəsində olduğu kimi, çox güclü və çox maraqlıdır. İndi fərqi odur ki, onu daha öldürmək, ya da aradan götürmək mümkün olmayacaq. Onunla döyüşdükcə böyüyəcək…

Mirmahmud Mirəlioğlu ilə belə bir zamanda görüşdük. Maraqlı söhbət oldu, amma hər zamankı kimi, tam olmadı məncə. Daha səmimi, daha açıq, daha çılpaq bir söhbət də ola bilərdi. Zənnimcə, Əbülfəz Elçibəy haqqında hələ çox şey danışılmayıb. Xüsusilə, son günləri haqqında suallarıma, Elçibəyin öldürülə biləcəyi haqqında ehtimallara hər zamankı kimi qapalı cavablar verdi Ağa. Hər cür açıq danışmaqdan yayındı. Elçibəylə dostluqlarından Novella Cəfəroğlunun iddialarına qədər hər məqamdan səthi keçdi düşüncələrimə görə. Bəlkə mən çox şey gözləyirdim, bəlkə mən çox şey bilirəm, ya da bilmək istəyirəm, bilmirəm, amma açığı, bu söhbət ürəyimin dərinliklərinə işləmədi. Deyəsən, heç Elçibəyin cənazəsi ilə birlikdə gətirilən pullardan başqa yeni bir söz də deyilmədi. Hər halda, mənim nə deməyimdən asılı olmayaraq, Mirmahmud Mirəlioğlunun bu müsahibəsinə ən böyük qiyməti Oxucu-Tamaşaçı verəcək və güman edirəm ki, Elçibəyin şəxsiyyətinə olan maraq məni yanıldacaq.

Çox məqamlardan danışdıq Mirmahmud Mirəlioğlu ilə. 1974-cü ildə ilk dəfə onun haqqında eşitməsindən 1980-vi il avqustun 21-də baş tutan ilk görüşlərinə, hakimiyyət illərindən son günlərinə qədər gəldikləri uzun yoldan danışdı Ağa. Özünün dəqiq ifadə etdiyi kimi – “23 il və son 23 gün” kimi bir mazisi var Əbülfəz Elçibəylə. Adamlar 1 dəfə alayarımçıq görüşüb özlərini Elçibəyin az qala qardaşı bilir, ya da təqdim edirlər, Mirmahmud Mirəlioğlu 23 il və son 23 gün də bir yerdə olmasına baxmayaraq, “mən kiməm ki, Elçibəyin dostu olum?” deyir. Bu, təbii ki, təvazökarlıqdır, amma hələ son deyil. Düşünürəm ki, onun Elçibəy haqqında demədiyi çox sözləri qaldı və əslində, nə dedi ki?!

Ölümündən bəri gündəmdən düşməyən bir mövzudur Elçibəy. Heç düşməyəcək də. Bu, belə də davam edəcək. Tariximizin son 30 ilinə damğa vuran 2 böyük şəxsiyyət haqqında belə çox davam edəcək hələ. Həm Heydər Əliyev, həm də Əbülfəz Elçibəy onlardan daha üstün, daha maraqlı, Azərbaycanın bütün problemlərini həll edəcək daha qüdrətli bir şəxsiyyət meydana çıxana qədər ölkənin gündəmini müəyyən edəcəklər. Tarix onlara işləyəcək…

Tarixin güclü şəxsiyyətlərindən birinin dostu, ömrünün 23 ilini və son 23 gününü onunla birlikdə olan Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəy haqqında danışır – Azərbaycanın 2-ci, özünün dediyi kimi, “demokratik yolla seçilən ilk və son prezidenti” haqqında.

“Azadlıq Salnaməsi”ndə 20-ci qonağı Mirmahmud Mirəlioğludur. Klassik Xalq Cəbhəsi Partiyasının sədri…

Əvəz Zeynallı,

“Azadlıq Salnaməsi”

 I hissə

 

Mirmahmud Mirəlioğlu “Azadlıq Salnaməsi”ndə müsahibəsinin I hissəsində dedi ki:

 

– Millətimizin dostu, sevgisini millətimizə həsr edən bir insan haqqında danışıram

– Əbülfəz Elçibəy seçilmiş ilk prezident idi

– Elçibəy sirli adam deyildi, Elçibəy hər kəsə açıq idi

– Tarix kitablarında niyə Elçibəyin adı yoxdur?

– Əgər biz böyük düşmənlə üz-üzəyiksə, daxili hisslərimizi cilovlamağı bacarmalıyıq, bir-birimizə olan münasibətlərimizi tənzimləməliyik və Azərbaycana sevgi ilə baxaraq bu vəziyyətdən çıxmağı bacarmalıyıq

– Elçibəyin başçılığı ilə davam edən 11 aylıq milli hakimiyyətin gördüyü işlər Kürəkçay sülh müqaviləsindən, Cavad Xanın şəhid düşməsindən, ta… 1993-cü il may ayının 25-nə qədər olan dövrün ən mühüm hadisəsidir

– Kürəkçay sülh müqaviləsi Azərbaycana rusların ilk gəlişidir

– 1993-cü il may ayının 25-də rus qoşunları Azərbaycandan birdəfəlik və geri dönmədən çıxarılıb

– Elçibəy seçkiyə getməmişdən qabaq, 1992-ci ilin martında Milli Məclisdə çıxışında dedi ki: “Gəlin, etimad hökuməti yaradaq. İndi seçkiyə getmək haqqında qərar verəcəksiniz, 3 aydan sonra seçki keçirəcəksiniz, 3 aydan sonra keçirdiyiniz seçkinin nəticəsi olaraq seçdiyiniz adamı 1 ildən sonra yıxacaqsınız” – bütün bunların hamısını öncədən görən və bəyan edən adam o qısa zamanda nə mümkündüsə, nə edə bilərdisə, artıqlaması ilə edib

– Hakimiyyət dəyişəndə Silahlı Qüvvələr Günü dəyişdirilir və birinci reaksiyanı Elçibəy verir və deyir ki, Heydər Əliyev hakimiyyəti doğru edib, biz tələsmişik, Azərbaycan Demokratik Cümhuriyyətinin Silahlı Qüvvələr Gününü oktyabrda qeyd etmişik

– Elçibəy özünü Atatürkün əsgəri hesab edirdi

– Birmənalı şəkildə Elçibəyi qəbul etdiyimizə görə, olduğu kimi qəbul etdiyimizə görə, onun bütün addımlarını təqdir edirik

– Hökumətlə dövləti bərabər sayırlar, bu, doğru deyil, ona görə də biz Allahın ermənisinə də uduzuruq

– Hakimiyyət dövlətçiliyin əlifbasını belə bilmir

– Bu günün özündə belə Elçibəyə uduzanlar, onu daha çox tənqid edirlər

– Azərbaycanda qəhrəmanlıq yoxdur – qəhrəmanlıq eləmək üçün meydan var, amma daha o meydan da yoxdur

– Azadlıq Aşiqləri bilsinlər ki, indi bizim “Azadlıq” meydanımız “Formula-1” üçün təmir-servis yeridir

– Elçibəy dedi ki, bir xanımın haqqında danışmazlar, danışarlarsa, müsbət danışarlar

– Deməli, Elçibəyin əleyhinə danışan adanların hələ də günahı var və onlar hələ də cəzalarını çəkib qurtarmayıblar – ona görə də Elçibəy onların yadından çıxmır

– Rahim Qazıyevin maraqlı bir təklifi var: “Gəlin, bütün bu məsələləri bir yerdə müzakirə edək” – mən ikiəlli razıyam

– Elçibəy Kələkidən gələndən sonra deyirdi ki, mən komandamı bir yerə toplayıb bütün bu baş verənləri müzakirə etmək istəyirəm

– Mən kiməm ki, Elçibəylə dostluq edim?

– Elçibəy dedi ki, sən məni özünə böyük qardaş saysan, mənim üçün böyük şeydir

– İlk dəfə 1974-1976-cı illərdə “Türküstan” hərbi dairəsində, sovet ordusu sıralarında hərbi xidmətdə olanda Elçibəyin haqqında eşitmişəm

– Elçibəylə ilk görüşümüz 21 avqust 1980-ci ildə Naxçıvanda, Əylis kəndində baş tutdu

– Elçibəyin bizə ilk sözü bu oldu ki, nəyin bahasına olur-olsun Universiteti bitirmək lazımdır

– Heç kəsə etibar etmədiyim 96 vərəqli bir yazı dəftərimi Bəyə verdim

– Mən Elçibəyin içdiyini heç bir zaman görməmişəm – and da içə bilərəm

– 23 illik tanışlığımız boyu Bəy mənim yanımda badə qaldırmayıb, mən Bəyi badə qaldıran görməmişəm

– Elçibəylə qan qohumluğumuz ola bilər, ikimiz də ərdəbilliyik

 

I hissənin sonu

 

“Azadlıq Salnaməsi” fotolarda:

        

 

Xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. Mirmahmud Mirəlioğlu – Azərbaycan siyasətbaz riyakarlarından və demoqoqlarından biri və bu gün bəlkə də birincisidir!..

    Və əslində intuisiyası az-maz yerində olan hər bir şəxs bunu Mirmahmud Mirəlioğlunun deidiyində və görünüşündə, onun intonasiyasında, jestlərində, baxış və poza tərzində hər an, hər addımbaşı duya və görə bilər!…

    Bəli, “elçibəyçilik” = riyakarlıqdır və demoqoqluqdur!.. Budur “elçibəyçilik”!

    Və əslində “elçibəyçilik” – yoluxucu xəstəlikdir!..

    Və bu xəstəliklə çox ciddi şəkildə gündəlik mübarizə aparmaq lazımdır ki, millət yenidən boş-boğazların əlinə keçməsin və yenidən dərəyə yuvarlanmasın!..

    Əbülfəz bir insan idi… Çox cılız, riyakar, beşüzlü, onüzlüinsan, daim özünə uydurduğu rol oynayan insan idi…

    Və bu yolla özü, lakin özündən əvvəl və özündən bu məsələdə qat-qat böyük əməyi olan, KQB – Əbülfəz Əliyevin “dissident” obrazını və sonra “lider” obrazını yarada bildilər, bu obraz haqqında onun agentura legendasını yalançı mif olaraq insanlarına beyninə həkk edə bildilər və bu millətə bütün bunları zaman-zaman sırıya bildilər.

    Və bu baxımdan “elçibəy”, “elçibəyçilik” – artıq bir cılız kəsin fərdçiliyindən çıxıb kənarlaşır və siyasi-tarıxı bir yalançı və zərərli mifə və təzahürə çevrilir ki, bununla vuruşmamaq sadəlövhlik, nadanlıq və qanmazlıqdır…

    Yenə deyirəm, söhbət tabunda artıq cismani çürümüş və yalnız sümükləri qalmız insandan getmir, sövbət ictimai-siyasi təzahürdən gedir ki, bu millətin düşmənləri vaxtılə çox böyük agentura, siyasi, təxribatçılıq işi görərək bu mifi və təzahürü bu millətin beyninə və canına sala bildilər və indi də bu millət bu cür yalançı mifə, təzahürə yoluxub və bu milləti bu mifdən, bu təzahürdən müalicə etmək gərək ki, millət sağalsın, ağıllansızn, qanmazlıq səviyyəsindən qalxsın, bu yoluxucu xəstəlikdən azad olsun!..

    Bunun da bir yolu var – bu mifi ifşa etmək, həqiqəti olduğu kimi, KQB-nin uydurduğu kimi deyil, həqiqi olduğu kimi dərk etmək, bilmək, öyrənmək və bu yazıq millətə çatdırmaq!…

    Oqtay Ataxan

    23.08.2017. 11:36

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button