25 min manata get qumarxana aç!..

Heyyy, Ramil Usubov!..

Ölkədə qumarxana biznesi çiçəklənmə dövrünü yaşayır!..

Bir zamanlar qumarxana bizim ölkəmizdə sərbəst idi. Adamlar doyunca qumar oynayır, bəs deyincə pul uduzur, kef edirdilər. Sonra bir gün nə oldusa mərhum ümummilli lider Heydər Əliyev qumar oynayanlara və qumarxana saxlayanlara həddindən artıq əsəbiləşdi və qumarxanaların hamısını qadağan elədi. Rəhmətlik ölənə qədər bu haqda düşünmək belə qorxulu röya kimi bir şey oldu. Ətrafındakılar daha qumarxana açmaq və qumar oynamaq eşqinə düşmədilər. O niyyəti olanlar da çıxıb xarici ölkələrə getdilər və azarlarını oralarda öldürdülər…

Elə ki ümummilli lider öz şirin canını sevgili silahdaşlarına təslim edib dünyamızı tərk elədi, bu haqda yenidən düşünənlər və daşınanlar cücərdi. Yerdən çıxan göbələklər kimi xısın-xısın qumarxanalar da işləməyə və fəaliyyət göstərməyə başladılar. Gah açıq, gah qapalı – müxtəlif adlar altında qumarxanalar yenidən ölkəmizin gül kimi inkişafına kölgə salmağa başladı. Bu dəfə onlara «dur» deyən olmadı və bir də baxdıq ki, qumarxanalar ətrafımızı dövrə vurub müştərilərini gözləyirlər.

Budur, illər keçib və artıq Bakıda qumarxana açmaq adət halını alıb. İndi hər tində müxtəlif adlar altında qumarxanalar açılır. Çətin də deyil. Hər orqanın «haqqı»nı ver, qumarxananı aç. Sadəcə, bir az ürkək ol, gözə dəymə, fəaliyyətini də azca gizlət, yetər.

XuralTAC əməkdaşları gəzib-gəzib bir qumarxana açmağın qiymətini öyrənib gəliblər. Sən demə, bir qumarxana açmaq 25.000 manata başa gəlirmiş. Necəmi?! Əlinizi ürəyinizin üzərinə qoyub yavaş-yavaş oxuyun:

10.000 manat – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə;

5.000 manat – Milli Təhlükəsizlik Nazirliyinə;

5.000 manat – əlaqədar Rayon Polis İdarəsinin rəisinə (məsələn, qumarxana Nizami rayonu ərazisindədirsə, Nofəl Məhərrəmova);

3.000 manat – Vergilər Nazirliyinə;

2.000 manat – ərazinin polis bölməsinin rəisinə.

25.000 manatını ver, qumarxananı aç… Bu da Azərbaycan reallığı…

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

 

 

 

Əlaqəli məqalələr

2 şərh

  1. Adlari cekilen nazirlik ve bas idareler tecili olaraq arasdirib oz sahelerinde bu isle mesgul olanlari,evladlarimizin geleceyi namine,tapmali ve ciddi cezalandirmalidirlar.Yeqin ki. korrupsiyaya qarsi mubarize komisiyasi bu faktlara qarsi laqeyid olmayacaqlar.Her halda qumarxanalarin askarlanmasi teqdire layiq isdir.Onlarin baglanmasi ise qanunun aliliyidir.Tessuf doguran haldir ki,bu ise revac verenler ele qanun kesikcileridir.Cox-cox tessufler.!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button