Yunusların vəsatəti təmin olunmadı

Leyla YunusAvqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların növbəti məhkəmə prosesi yarımqapalı keçirildi. Prosesi müşahidə etməyə gələnlərdən biri Leyla və Arif Yunusun səhhətinin yaxşı olmadığını deyir.

Vəkil Əfqan Məmmədov məhkəmə tərkibinə yazılı etiraz etdi. Dedi ki, məhkəmə qərəzli aparılır, Arif Yunusun şüşə qəfəsdən çıxarılması barədə vəsatət təmin olunmadı: “Bizim cinayət işinə xitam verilməsi barədəki vəsatətimiz də təmin edilmədi. Belə çıxır ki, bizim burada oturmağımız əsassızdır. Ona görə də məhkəmə tərkibinə etirazımı bildirirəm”.

Daha sonra çıxış edən Leyla Yunus vəkilin çıxışını dəstəklədi. Dedi ki, o, xəstə adamın məhkəmə zalına gətirilməsini ilk dəfədir görür: “Arifə hər gün iynə vurulur. Belə məhkəmə olmaz”.

Hakim Əfqan Hacıyev isə təqsirləndirilən şəxsin arqessiv çıxışına belə reaksiya verdi: Leyla Yunus, bura məhkəmə zalıdır. Danışığınıza fikir verin, tərbiyəniz olsun.

Leyla Yunus üzünü zala tutaraq çıxışını davam etdirdi. Dedi ki, bu məhkəmə işi Novruzəli Məmmədovun işinə bənzəyir: “Ayın 3-də keçirilən prosesdə Arifin təzyiqi qalxdı, başı dizimin üstündə qaldı. Belə proses olmaz. Bu, qanunsuzluqdur”.

Leyla Yunus dövlət ittihamçısı Fərid Nağıyevə ona qarşı zorakılıq edildiyini, hüquqlarının pozulduğunu bildirdi.  “Siz kimsiniz, nəçisiniz, haralısınız? Mən boyu 1 metr 60 sm, çəkisi 45 kilo olan yaşlı qadınam, amma siz məndən qorxursunuz. Siz qorxaqsınız”.

Müşavirədən qayıdandan sonra isə dövlət ittihamçısı Leyla Yunus tərəfindən təhqir olunduğunu, onun ictimaiyyəti və mətbuatı aldatdığını bildirdi, dediklərinin əsassız olduğunu, ona qarşı heç bir zorakılıq olmadığını söylədi: “Məhkəmə zalında kameralar var. Zorakılıq olsaydı, hamı görərdi, kameraya da düşərdi. Onun dediklərinin heç bir əsası yoxdur”.

Vəkil Ramiz Məmmədov cinayət işi üzrə bir neçə maddəyə xitam verilməsini, müdafiə etdiyi şəxslərə maliyyə ayıran, onlarla əlaqəsi olan xarici fondların nümayəndələrinin prosesə dəvət olunmasını, alınan qrantlar hesabına Arif Yunusun çap etdirdiyi kitabların sübut kimi cinayət işinə daxil edilməsi istəyib. Vəsatətin kitabların cinayət işinə daxil edilməsi hissəsi təmin edilib.

Bundan sonra məhkəmə sənədlərinin təhlili başlayıb. Sənədlərə bank əməliyyatları, Arif Yunusun Çexiyada ev alması ilə bağlı apardığı danışıqlar, təqsirləndirilən şəxslərin Bakıdakı evlərində aparılan axtarış zamanı müsadirə olunan sənədlər və s. daxildir.

Leyla Yunus bildirib ki, 1996-cı ildə qeydiyyata alınmış Ön Qafqaz Qadınlarının Cəmiyyətinin faktiki sədri olub: “Cəmiyyətə faktiki olaraq, mən rəhbərlik etmişəm. Qurumun hüququ sədri Rəna Səfərəliyeva idi. Amma o, cəmiyyətin fəaliyyətində iştirak etmirdi, tamamilə uzaqlaşmışdı. Bu cəmiyyət çətir rolunu oynayırdı. Sülh və Demokratiya İnstitutu, Qadın Krizis Mərkəzi və Minalardan Müdafiə Təşkilatı buraya daxil idi. Biz daha sonra həmin təşkilatların qeydiyyata alınması üçün müraciət etmişdik. Cəmiyyət dövlət qeydiyyatından keçdiyi üçün bütün qrantlar cəmiyyətin hesabına köçürülürdü. Cəmiyyətin sədr müavini kimi pulları almaq hüququ mənə verilmişdi. Heç bir sənəd saxtalaşdırılmayıb və vergidən yayınma faktı olmayıb”.

Yunusların növbəti məhkəmə prosesi avqustun 6-da davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button