30 İYUN – SEVGİLİLƏR GÜNÜNÜZ MÜBARƏK!!!

Tanrı heç bir millətə belə gün göndərmədi!..

30 İyunda Sevgililər Gəzintisi olacaq!

Hər il olduğu kimi bu il də “Xural” qəzeti 30 İyun Sevgililər Günündə Şəhidlər Xiyabanının qarşısındakı meydanda toplanaraq Sevgililər Gəzintisinə başlayacaqlar. Gəzintiyə bütün xalqımızı və Azərbaycan gənclərini dəvət edirik. Sevgililər Gəzintisindən sonra hər il olduğu kimi Milli Parkda ənənəvi gəzintimiz davam edəcək.

Beləliklə, toplaşırıq:

Tarix: 30 İyun 2011-ci il

Yer: Şəhidlər Xiyabanının qarşısındakı meydan

Saat: 11.00

Sevgililər Gününüz qutlu olsun!

…1970-ci ilin avqustun 11-də anadan olub Fərizə. 1962-ci ilin iyunun 12-də də İlham. Boya-başa dolublar. Atalarının, analarının göz bəbəyi, sıradan gənclər və vətəndaşlar olublar. Sonra qarşı-qarşıya gəlib sevib-seviliblər. Bir-birini tapıb “yar” deyiblər. Bir-birinin yarısı olublar. Vaxt ötüb, zaman keçib İlhamın ata-anası elçi düşüb Fərizəgilə gəliblər. Allahın əmri, peyğəmbərin şəriəti ilə qız istəyiblər. Sevənləri ayırmaq olmaz ya… Fərizənin ata-anası da belə edib və 1989-cu ilin mart ayının 8-də əziz-xələf və sevimli qızlarını İlham adlı ər oğlumuza verdiklərini bəyan ediblər. Qızın “hə”si verilib. 11 gün sonra 1989-cu ilin mart ayının 19-da nişan mərasimi keçirilib və tərəflər geniş şəkildə şadyanalıq edərək, tariximizin bu mübarək gənclərini birləşdiriblər.

…1989-cu ilin iyun ayının 11-də Fərizənin ata-anası “Solmaz” şadlıq evində qız toyu keçiriblər. Oğul toyunun da vaxtı gəlib. İlhamın ata-anası da Onun toyunu İYUNUN 30-da keçirib, muradlarına çatıblar – “Leyla” şadlıq evində…

…Beləcə, bir-birinə qovuşub tamamlanan yarılar düz 6 ay şad-xürrəm yaşayıblar. Düşmən başımızın üstünü alana kimi. 19-dan 20 Yanvara keçən gecə düşmən məmləkətə hücum edib. Liderləri və başbilənləri gizlənən ölkənin Ər oğulları küçələrdə döyüşə çıxıb, müstəqillik qazandırıb, baş ucaldıblar. İlham da onlardan biri. Və Şəhid olanların içərisində Onun da adı olub. Dərhal toplaşıb millətimizin bu Ər oğlunu Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. İki gün keçib. Qərara gəlinəndə ki, Şəhidləri sonradan “Şəhidlər Xiyabanı” adlanacaq müqəddəs məkanda torpağa versinlər, İlhamın məzarını da köçürmək məsələsi ortaya çıxıb.

…Bu arada bir Fərizəmiz də vardı ya. O da narahatdır. Elə hey “İlham, mən sənsiz yaşamayacağam”, “Söz verirəm, gələcəyəm” deyir. Heç kim onu ovundura bilmir. Fərizə “İlhamsız yaşamayacağam” deyir, başqa bir şey demir. İlham Xırdalandakı məzardan çıxarılan gün, səhər saat 5-6 radələrində şirin canına qıyaraq özünü öldürür.

…Yar yarını tənha qoymayıb. Bir yerə birlikdə, bir yerdə getmək üçün Fərizə tariximizin ən möhtəşəm abidəsini yaradıb. Bilirmiş ki, İlhamı “Dağüstü park”da dəfn edəcəklər və nə qərib bir taledir ki, bu park İlhamla Fərizənin ən çox sevdiyi və gəzintiyə çıxdığı park olub. Bir dəfə İlhamı ilə bura gəzməyə çıxanda “nə gözəl yerdir, kaş burada adamın bir evi ola” deyir.

…Beləcə, bir zamanlar ev tikmək və yaşamaq istədiyi parkda Fərizə İlhamla ev tikdi. Millətimizin ən müqəddəs və əzəmətli evini. İlk ev onlarındır. Artıq tariximizin ən şanlı və möhtəşəm binasıdır burası. Evlənənlər Onları ziyarət edir, xeyir-dua alır, əhd-peyman bağlayırlar burada. Bura sevgililərin ziyarətgahı və hesabat yeridir.

…Bəli, bəli. Zəmanəmizin ən böyük və şanlı bayramlarından biri yaxınlaşır. O, 30 İyun Sevgililər Günüdür. Bizim Sevgililər Günümüzdür. İlham və Fərizənin ortaq xoşbəxt olduqları gündür. Hansı gün?

30 İYUN – İLHAMLA FƏRİZƏNİN VÜSALA QOVUŞDUQLARI GÜN!!!

Bundan böyük sevgililər günü varmı?

…Bu gün millətimizin o günlərindəndir ki, Tanrı heç bir millətə verməyib. Biz sevə bilirik. Kişi kimi, qadın kimi sevə bilirik. Biz sevgimiz uğrunda dünya boyda imperiyalara, onlardan dünya boyda böyük ölümə meydan oxuya bilirik. Biz o millətin nümayəndələriyik ki, bir Fərizəmiz milyonlarla yanlış nümunədən üstün və əzəmətlidir. Biz o millətin nümayəndələriyik ki, bir İlhamımız bir ölkəyə dəyər. Qadınlarımızın kişiləri kişi etdiyi millətik biz. Sevə bilirik. Onun yolunda ölə bilirik. Nəhəng və dəyərliyik biz. Sevgimizə və sevgilimizə sadiq qala bilirik biz.

Fərizəmiz Ər Qız, Ər Gəlin, Ər Qadın, Ər Xanım,

İlhamımız Ər Oğul, Ər Kişi, Ər Bəy, Ər Cavan ola bilir.

Ola bilir bu məmləkətdə, qardaş, ola bilir. Dəyərlərin öldüyü, sevgilərin saxta və süni dünyamızda ləkələndiyi, dovşanın beli yəhərli at kimi kişnədiyi, filin qarışqaya yenildiyi bu məmləkətdə başqa nə bizi bu gün qədər böyüdər ki? Hər gün üstümüzə yağan dürlü-dürlü xəcalətlərin qarşısına hansı ideoloji silahla çıxa bilərik ki? Yoxdur bundan böyük silahımız! Bu silah həm də millətimizin min illərdən bəri axıb gələn şərəf və ləyaqət simvoludur!

…Fərizəni evindən çıxarıb gəlin göndərən Bağda ana bütün analar kimi ona gəlin getdiyi evdən də məzara getməsini istəmişdi. Qızı anasının sözünü tutdu. Özünün, İlhamın, ailəsinin, millətinin və Azərbaycan gənclərinin başını uca etdi. Bizə tarix qoydu. Biz bu tarixi həqiqi tarixə çevirdik, indi onu inkişaf etdirməyin, əbədiləşdirməyin zamanıdır. Millətimin övladları bu günü seçdi, indi onu əbədi yaşatmalıdır! Bu gün – Fərizəylə İlhamın vüsala qovuşduğu, Fərizənin İlhamın evinin XANımı olduğu 30 İYUN tarixidir. Elə o günü də millətimizin gənclərinə ərməğan ediblər öz ölümləri ilə.

ÇAĞRI

“Xural” bu işi millətimizin və tariximizin əmri kimi qiymətləndirdi və elə də qəbul etdi. Bu, Ulu və Şanlı Millətin əmridir. Yerinə yetirmək hamımızın vəzifəsidir. Bu günə sahib çıxmalıyıq.

Biz İlham və Fərizə kimi yaşamalı və ölməyi bacaran nəsil yetişdirməliyik. Bunun yolu SEVGİdən keçir. Sevməyən ölə bilməz.

O qədər sevmək lazımdır ki, uğrunda ölmək mümkün olsun – Fərizə kimi!

Elə sevmək lazımdır ki, uğrunda ölünsün – İlham kimi!

MƏN SƏN OLAN DÜNYAMIZI İSTƏRƏM!

Fərizə-İlham qisməti

 

O gecə – o qanlı yanvar gecəsi,

Bir müdhiş faciə yaşadı hamı.

Dəli bir tufan tək coşub-çağladı

İnsan izdihamı, sel izdihamı.

 

Ərşə dirənmişdi o müdhiş gecə,

Qəzəb intiqamı, kin intiqamı.

Məcnundan bu yana ülviyyət gəzən

Ölüm ağuşuna aldı İlhamı.

 

Bir isti yuvaya elə o gecə,

Uzandı həsrətin qara pəncəsi.

Məhəbbət üsyana, qiyama qalxdı,

Ayrılıq gecəsi, matəm gecəsi.

 

Hələ qulaqlardan uçub getməmiş,

Vağzalı havası, şənlik sədası.

Vüsal şərbətindən hələ doymamış,

Nə erkən başladı bu eşqin yası.

 

Bir məsum gəlinin səadətinə,

Sən demə, zülmətlər göz dikmiş imiş.

Əhrimən niyyətlər, qara kölgələr,

Bahar növrağına keçikmiş imiş.

 

Bəlkə də bir zaman bu gəlin özü,

Belə söyləmişdi, belə demişdi.

Dilinə gəlsə də ayrılıq sözü,

O, öz İlhamını belə sevmişdi.

 

Fərizə:

Sevib-sevilməkdən qorxuram bir az,

Böyük sevgiləri həsrət izləyir.

Məhəbbət – ayrılıq… xoş anlarını,

Həsrət oğurlayıb hərdən gizləyir.

İlham:

Demək, sevgimizin üstündə bəzən,

Əsib-titrəməyin əbəs deyilmiş.

Məhəbbət! Yuvası ürək olsa da,

Ürək bir dünyaymış, qəfəs deyilmiş.

 

Fərizə:

Ana sevgisindən, Vətən eşqindən,

Başladı ilk dəfə məhəbbətimiz.

Ayrılıq olsa da həyatın sonu,

Qaldı bu dünyada sədaqətimiz.

 

İlham:

Ölümü qorxutdun elə o gecə,

Silib yer üzündən qoparmaq üçün.

Az qala qarşında diz çökdü ölüm,

Səni bu dünyadan aparmaq üçün.

 

Fərizə:

Bildim, səni geri qaytarmayacaq,

Nəyimə gərəkdir sənsiz yaşamaq.

Ömrün sonunadək çiyinlərimdə,

Çətindi mənimçün qəmi daşımaq.

 

İlham:

Mən dünyanı tərk eləyib getsəm də,

Yaşamağa haqqın vardı, Fərizə!

Gül yuxuna gələcəkdim həmişə,

Sevənlərə tale yardı, Fərizə!

 

Fərizə:

Əhd etmişdim – sən hardasan, mən orda,

Sənsizliyi yaşamağım ölümdü.

Mən sən olan dünyamızı istərəm,

İki ürək bir olmasa, zülümdü.

 

İlham:

Yaşayaydın ikimizin yerinə,

Niyə mənə qurban getdin, Fərizə!

Bu dünyanın varmaq olmaz sirrinə,

Öz dünyanla üsyan etdin, Fərizə!

 

Fərizə:

Sənli dünyam öz dünyamdan əzizdi,

Sənsizliyi mən yox etdim, əritdim.

Qoşa gəldik, qoşa getdik dünyadan,

Həsrətimin göz yaşını qurutdum.

 

Məhəbbət – dünyanın eşq fəlsəfəsi,

Bülbülün naləsi, gülün qüssəsi,

Məhəbbət cahana günəşdir, sönsə

Zülmətə qərq olar ərzin kürəsi.

 

Məcnun Leyli üçün çöllərə düşdü,

Fərhad Şirin üçün dillərə düşdü,

“İlham və Fərizə” yeni bir dastan

Əbədi tarixə, illərə düşdü.

 

Şəhidlik zirvəsi son mənzilimiz,

Tanrıya qovuşmaq niyyətimizmiş.

Ülviyyət ünvanlı ziyarət yeri,

Məbədgah sayılmaq qismətimizmiş.

 

Səadət Məftun

“Xural” qəzeti, 10(226),

01-07 aprel 2007-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button