Ərdoğanın Azərbaycana səfəri niyə təxirə salındı?

erdoqan-55

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfərinin təxirə salınması əslində gözlənilməz deyildi. Baxmayaraq ki, bu təxirəsalma Ankarada baş verən terror hadisəsiylə əlaqələndirildi, ancaq zənnimizcə, məsələnin daha dərin kökləri vardı və terror hadisəsi törədilməsəydi belə, müxtəlif bəhanələr gətiriləcək, səfər baş tutmayacaqdı.

Necə ki, təxminən eyni vaxtda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Gürcüstana səfəri təxirə salınmış və bu, çox maraqlı səbəblə açıqlanmışdı. Guya, havanın dumanlı olması Türkiyənin bir nömrəli diplomatının Ankaradan uçub Tiflisə gəlməsinə imkan verməyibmiş.

Prinsipcə, Türkiyə prezidentinin Azərbaycana səfərinin təxirə salınmasının da bu cür “meteoroloji əsasları” yaradılmışdı. Türkiyə rəsmiləri hava şərait səbəbiylə Gəncəyə deyil, Bakıya uçmağı, lazım gələrsə, buradan ikinci böyük şəhərimizə getməyi məsləhət bildiklərini açıqlamışdılar.

Tədricən səfərin təxirə salmasına doğru irəliləyən bu arqumentlər müxtəlif suallar ortaya çıxarırdı: Mühüm bir siyasi səfərin təxirə salınmasına yol açan duman, son zamanların məşhur ifadəsiylə desək, hansı “hava sahəsi”ndə qeydə alınmışdı? Əgər duman Ankaranın başı üstündə dolaşırdısa, Tiflis və Gəncəyə uçan təyyarələrə əngəl yaratdığı halda, nə əcəb Bakıya uçuşa mane törətməmşdi? Yox, əgər həmin duman Ankaranın başı üstündə deyil, Tiflis və Gəncəni təyyarə səfərləri üçün yararsız hala salmışdısa, onda prezidentlər Bakıdan necə Gəncəyə uçacaqlardı?

Hər halda səfərin son ana qədər Gəncədə keçirilməsi düşünülürdü və bu niyyət Türkiyənin Azərbaycandakı səfirliyinin ANS-ə verdiyi açıqlamasından da aydın olurdu: “Türkiyə prezidentinin təyyarəsi sabah Gəncəyə deyil, birbaşa Bakıya gələcək. Havanın dumanlı olması ilə əlaqədar, Gəncədə planlaşdırılan görüş də, çox güman ki, Bakıda keçiriləcək”.

Göründüyü kimi, səfirliyin bu mövqeyi Gəncə variantının tam olaraq istisna edilmədiyindən xəbər verirdi.

Bütün bu arqumentlər göstərir ki, Türkiyə prezidentinin Azərbaycan səfəri əvvəlcədən təxirə salınmış, fəqət əsaslandırılması üçün müxtəlif bəhanələrə ehtiyac duyulmuşdu. Böyük ehtimalla, məlum Ankara terroru baş verməsəydi də, Türkiyə yenə “meteoroloji sürprizləri” əsas gətirərək, Bakıya da gələ bilməyəcəklərini açıqlayacaqdı. Sadəcə, məlum terror hadisəsi təxirəsalmanın daha ağlabatan “səbəbinə” çevrildi.

Baş tutmayan səfərdən qabaq yaşanan bir sıra hadisələr də irəli sürdüyümüz arqumenti təsdiqləyir. Xatırlayırsınızsa, Azərbaycan Xarici İşlər Nazirliyinin nazirdən daha səlahiyyətli və informasiyalı müavini Araz Əzimov Avstriya mətbuatına verdiyi müsahibəsində, faktiki olaraq, Suriya diktatoru Bəşər Əsədi dəstəkləmiş, onu legitim prezident, ordusunu isə hüquqi hərbi institut adlandırmışdı.

Bu açıqlama Ərdoğanın Azərbaycan səfərinin ruhuna zidd idi. Səfərin gündəliyi ilə bağlı əvvəlcədən açıqlanan məlumatlardan aydın olurdu ki, iki ölkənin siyasi iradəsi hərbi-strateji əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. “İclas çərçivəsində ikitərəfli münasibətlərin hərtərəfli inkişafı və əməkdaşlığın daha da irəliyə aparılması üçün bir sıra danışıqların baş tutacağı, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, regionda və dünyada baş verən hadisələrin müzakirə olunacağı gözlənilir. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanması planlaşdırılır. Azərbaycana Rəcəb Tayyib Ərdoğanla yanaşı, Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bəzi nazirlərin gələcəyi gözlənilir”. (Sitat: anspress.com-dan. Yazı: Ərdoğanın Gəncə səfəri təxirə düşdü)

İki qardaş ölkənin hərbi-strateji əməkdaşlıq məsələlərini müzakirə edəcəkləri iclasdan qabaq qardaşlardan birinin tamamilə başqa havaya oynaması, sözsüz ki, səfərin təxirə salınması üçün ən vacib səbəb təsiri bağışlayır. Nədən ki, hərbi-strateji əməkdaşlığa gedirsənsə, deməli, həm çətin anda, həm də  xoş gündə qardaşınla bir yerdə olmalısan.

Görünən isə bu idi ki, Azərbaycan Yaxın Şərq məsələsində Türkiyəylə eyni cəbhədə yer ala bilmirdi. Prinsipcə, haqsız da deyildi.

Məsələ onda deyil ki, Azərbaycan, az qala, 3-cü Dünya müharibəsinin poliqonuna çevrilmiş Suriyadan çox-çox uzaqlarda yerləşir. Əksinə, məkan olaraq biz Suriyadan nə qədər uzaqda görünsək də, mədəni sahə baxımından bu coğrafiyaya bir o qədər yaxınıq. Bu torpaqlarda hazırda məhv edilən türkmən varlığı bizim tarixi mirasımız, canı bir, qanı eyni olan qardaşlarımızdır. Təbii ki, ölkəmiz, ən azı bu səbəbdən, Suriyada baş verən hadisələrə laqeyd qala bilməz.

Amma məsələ ondadır ki, Azərbaycan hətta öz torpağını bir ovuc erməni işğalçısından belə təmizləyəcək qüdrətdə deyil. 30 ilə yaxındır ki, öz ana vətəninin 20%-ni geri qaytara bilməyən bir ölkəni dünya dövlətlərinin hesablaşdığı coğrafiyaya çəkmək qardaş ölkəyə nə verəcəkdi? Fikrimizsə, bu sualın məntiqli cavabı olmadığından Azərbaycan özünü Ərdoğanın səfərinin ruhuna hazır vəziyyətdə hiss etmirdi.

Sözsüz ki, bu qüdrətsizliyimiz ermənilərin daha güclü olmasından irəli gəlmir. Yaxın qonşularımızın, xüsusilə də Rusiyanın geopolitik məqsədləri və hadisələrə müdaxilə ehtimalı bizi, faktiki olaraq, ermənilərdən daha zəif duruma salıb. Əlbəttə ki, rus imperializminin dişinin Suriyada, Ukraynada, yaxud dünyanın istənilən məkanında qırılmasından ən çox divident əldə edəcək dövlətlərdən biri də biz olacağıq. Bunun üçün də, yeri gələndə, əlimizi daşın altına qoymağı bacarmalıyıq. Fəqət əlimizi altına qoyduğumuz daş başımıza düşər və biz altında əziləriksə, adını qoyduq-qoymadıq, müqavilə bağladıq-bağlamadıq, onsuz da strateji müttəfiqimiz olan dostlarımızın, qardaşlarımızın başını daha çox ağrıtmarıqmı? Bax, səfərin təxirə salınmasına səbəb olan Azərbaycanın hazırlıqsılığı da məhz bu sualdan doğan əndişədə axtarılmalıdır.

Azərbaycanın Rusiya və İrana qarşı yaradılması planlaşdırılan beynəlxalq koalisiyada ancaq gizli yer almaq imkanı vardır.
Əks halda, şimaldan Rusiya, cənubdan İran, qərbdən Ermənistan, hətta son zamanlar baş verənlərdən aydın olduğu kimi, şimal-qərbdən də Gürcüstanın təxribatlarıyla üz-üzə qalması istisna edilməməlidir. Üstəlik, dünya hegemoniyası uğrunda iri dövlətlərin apardığı mübarizədə kimin qələbə çalmasından asılı olmayaraq, ölkəmizin qazanacağı yeganə divident “keçi taleyi”dir. Hansı ki, “toy da olsa o keçinin vayıdır, vay da olsa o keçinin vayıdır”.

Bu gün Azərbaycanın Rusiyaya qarşı hərbi koalisiyaya qoşulmasını istəyən Qərb dövlətləri ən müxtəlif beynəlxalq tədbirlərdə bizdən daha çox, ermənilərin tərəfində dayanmayıblarmı? Kim qarantiya verər ki, sabah Rusiya girdiyi geopolitik mübarizədə uduzsa, savaşın qalibi olacaq Qərbin bizə münasibəti əvvəlkilərdən fərqli olacaq?

Dörd tərəfdən düşmənlərlə əhatə olunan Azərbaycandan yağı üzərinə yürüməyi gözləmək hansısa piyadanı vəzirin qarşısına qoyub şahın önünü açmaq taktikasına bənzəyir. Neçə gedişdən sonra mat olacağı bilinməyən bu şahmat oyununda ilk güdaza gedənin həmin piyada olacağı isə şəksizdir. Üstəlik, piyadanı vuracaq rəqibin bundan sonra hansı taktikaya əl atacağı və ümumiyyətlə, bu şahmat oyununun kimin xeyrinə tamamlanacağı da bəlli deyil.

Bu gün ikinci ana vətənimiz, türk dünyasının qürur mənbəyi olan Türkiyə olduqca çətin vəziyyətdədir. Yeri gələndə hər bir azərbaycanlının könüllü şəkildə qardaş ölkəyə gedərək, əlinə silah götürüb səngərdə yer alması boyun borcudur. Düşünürəm ki, elə bir səfərbərlik elan olunsa, minlərlə, bəlkə də onminlərlə insan bu çətin dövrdə ailə-uşağını atıb qardaş ölkənin müdafiəsinə yollanar. Amma bizim bir dövlət kimi hansısa beynəlxalq koalisiyalarda iştirakımız ölkəmizi asanca hədəfə çevirə bilər…

Ərdoğanın Azərbaycana gözlənilən səfəri ərəfəsində yaşanan bəzi hadisələr də qardaşımızın bizdən gözləntisinin məxfi əməkdaşlıq deyil, konkret mövqe ortaya qoymaq olduğunu təsdiqləyir.

Görünən budur ki, bizdən Rusiya və İrana qarşı hazırlanan islam ölkələri hərbi koalisiyasında rəsmən iştirakımız tələb olunur. Strateji müttəfiqlər Bakıdan minlərlə könüllü yox, sadəcə, bir neçə rəsmi əsgər istəyirlər. Bu ehtimalı sözügedən səfərin təxirə salınmasından sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bəyanatı da sübut edir. Məlumata görə, Elmar Məmmədyarov türkiyəli həmkarıyla görüşdən sonra deyib: “Bizim bu məsələdə mövqeyimiz aydındır – terrorun hər bir formasını pisləyirik. Terrorla mübarizə çox mühümdür və hazırda Azərbaycan İslam antiterror koalisiyasında iştirak məsələsinə baxır. Lakin hələlik bununla bağlı qərar verilməyib”.

Azərbaycanın nə qədər çətin situasiya qarşısında qaldığı, Xarici İşlər Nazirliyinin iki mühüm yetkilisinin bir-birini təkzib mövqelərindən də ortaya çıxır. Müavini açıq mətnlə Bəşər Əsəd rejimini dəstəkləməyə məcbur olduğu halda, nazirin özü sözdə Suriya diktatoruna, əslində isə Rusiya və şiə ittifaqına qarşı yaradılan hərbi koalisiyada iştirak ehtimalından danışır. Nə qədər ürkək bir şəkildə bununla bağlı bir qərar verilmədiyini və dolayısıyla verilməyəcəyini desə də…

Elmar Məmmədyarovun bu fikirləri Mövlud Çavuşoğluyla görüşdən dərhal sonra dilə gətirməsi Azərbaycanın qardaş ölkənin təkidiylə bu bəyanatı səsləndirdiyini sübut edir.

 Nə yazıq ki, qardaş ölkə bizim bir dövlət kimi həssas nöqtələrimizi nəzərə almaq istəmir. Anlamaq istəmir ki, əhalisinin 60%-nin şiə olan bir dövlətin qlobal məzhəb mübarizələrinə çəkilməsi, özü də şünni ittifaqında yer almağa təşviq olunması Azərbaycanın perspektivdə Suriyadan pis vəziyyətə salınmasına münbit zəmin hazırlayır.

Üstəlik, şiə ittifaqının hərəkətverici qüvvəsi olan İranla yaxın münasibətlərimiz, cənublu qardaşlarımızla eyni mədəni-mənəvi dəyərləri paylaşmağımız bizi məkrli Tehran qarşısında xeyli aciz duruma sala bilər.

Bu azmış kimi, Azərbaycanda hələ də ciddi təsir imkanları olan Rusiya İranla eyni koalisiyadadır və istər-istəməz, o da “cızığından çıxan” rəsmi Bakını cəzalandırmaqda Tehrana yardım edər.

Bəlkə də, gün qədər aydın olan həqiqəti Ankarada da başa düşürlər. Elədirsə, bizdən niyə ata bilməyəcəyimiz addım tələb olunur?

Zənnimizcə, bu suala Qərbin, daha konkret desək, ABŞ-ın Rusiyaya qarşı tətbiq etmək istədiyi “parçala, hökm sür” siyasətinə ötəri bir nəzər salmaqla cavab vermək olar.

Azərbaycanın Səudiyyə Ərəbistanı tərəfindən yaradılmış və Türkiyənin də yer aldığı sünni hərbi ittifaqına cəlbi Rusiyaya qarşı beynəlxalq  siyasətin tərkib hissəsidir. Moskvanı xarici qarşıdurmalara çəkməklə iqtisadi və hərbi cəhətdən çökdürmək istəyən beynəlxalq qüvvələr onun daxilində də mərkəzdənqaçma prosesi yaratmaq istəyirlər.

Bunun üçün ilk öncə slavyanlararası ziddiyyətlərdən istifadə olundu. Slavyan asiliyinə rəhbərlik edən Polşanın dəstəyi ilə proses Ukraynaya sıçradı. Bundan sonra, yəqin ki, növbə Belarusa gələcək.

Mərkəzdənqaçma prosesinin indi dini və milli zəmində aparılması nəzərdə tutulur. Dini zəmində yürüdülən prosesə isə Səudiyyə Ərəbistanı rəhbərlik edir. Rəsmi Riyadın terrora qarşı 150 minlik İslam ordusu yaratmaq fikrini ortaya atması, 40-a yaxın müsəlman ölkəsinin bu ittifaqda birləşməsi və həmin qüvvənin Suriyada Rusiyanın önünə çıxarılması Moskvanın İslama qarşı mövqe tutması təəssüratı yaradacaq. Bunun da, istər-istəməz, Rusiya əhalisinin 30%-ni təşkil edən müsəlmanlarla xristianlar arasında ziddiyyətlərə səbəb olacağı düşünülür. Beləcə, şimal qonşumuzun dini münaqişəyə cəlb olunaraq sarsıdılması nəzərdə tutulur.

Zənnimizcə, Azərbaycanın da sözügedən koalisiyada iştirakını arzulayanların yeganə məqsədi də məhz budur – siyasi görüntü, aldadıcı vizyon! Hətta bir əsgər göndərməsək belə, sadəcə koalisiyada iştirakımızla bağlı verəcəyimiz bəyanatımız da kimlər üçünsə yetərli görünə bilər. Amma 4 tərəfdən üstümüzə diş qıcıyan qurdlar süfrəsindəki Azərbaycan buna gedə bilərmi? Sadəcə, siyasi vizyon xətrinə Azərbaycanın qurdlar süfrəsində keçi durumuna salınmaq istənməsi qardaşlığa sığarmı? Özü də türklük davası aparan Türkiyənin deyil, vəhhabi bayrağı qaldıran Səudiyyə Ərəbistanının qucağında…

Xarici işlər nazirimiz Elmar Məmmədyarovun “sünni ordusuna” qoşulmaq barədə düşündüyümüzü ifadə edən bəyanatından sonra Rusiyadan gələn reaksiya da atacağımız addımın şimaldan diqqətlə izlənildiyindən xəbər verir. Rəsmi Kremldən gələn açıqlama təxminən belə idi: “Bu, Azərbaycanın daxili işidir. Hansı tərəfdə istəsə dayana bilər”.  Həmin bəyanatda bircə, “əgər dayanmağı bacararsa” sözü çatışmırdı. Onun deyilməməsi isə əsl rus niyyətini pərdələmək üçün idi…

Heydər Oğuz

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button