320 adamlıq muğam konserti

Əhməd Oruc, Azadlıq partiyasının sədri

Ölkəyə bir bax – əhlikef bir hakimiyyət, hər an satılmağa hazır, qarımış və sönmüş bir müxalifət…

Noyabrın 11-də ölkə başçısı döyüş bölgəsində, Qarabağda-Fizulidə oldu. Həmin gün Ermənistan prezidenti də Azərbaycanın işğal altında olmuş torpaqlarında – Qarabağda idi. Azərbaycan prezidenti Fizulidə Heydər Əliyevin heykəlinin, muğam teatrının və idman kompleksinin açılışını etdi. Ermənistan prezidenti isə Erməni ordusunuun Qarabağdakı manevrlərini müşahidə edirdi. Ermənilər ordularının döyüş qabiliyyətini artırmaqla, yeni döyüşlərə hazırlaşmaqla məşğuldur. Azərbaycan hakimiyyəti isə hər şəhərdə, hər kənddə H.Əliyevə yeni heykəllər qoyur. Dünyanın elə bir ölkəsi varmı ki, 20 faizi işğal olunsun, qalan hissəsində bu qədər heykəllər olsun. İlin-günün bu vaxtında böyük bir hissəsi işğal olunmuş bir rayonda «Muğam evi» tikmək kimin ağlına gəlib? Bu gün minlərlə itkini olan, əsirlikdəki adamlarının taleyi bəlli olmayan, işğal altında olan Azərbaycan torpaqlarından cəmi bir atəş məsafədə 320 adam muğam konsertinə gedəcək? Bundan da düşüncəsiz bir kompozisiya heç kimin ağlına gələ bilməz! 320 adam Horadizdə muğam konsertinə gedəcəkmiş…

Ermənistan prezidenti erməni hərbi birləşmələrinin son manevrlərini seyr etdikdən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin Azərbaycan tərəfin hərbə hazırlaşdığını, Azərbaycan prezidentinin hədə dolu çıxışlarını xatırlatmasına cavab olaraq bildirib ki, «Erməni ordusu son, həlledici döyüşə hazırdır». Ermənistan prezidentinin «son», «həlledici döyüş» dedikdə nəyi nəzərdə tutduğunu başa düşmək çox asandır. Azərbaycan rəsmiləri isə özünü başadüşməzliyə qoyaraq yenidən «ermənilər təşvişə düşüb» kimi əttökən açıqlamalarını davam etdirməkdədirlər. Bu hakimiyyət özünü o qədər məsuliyyətsiz, ölkənin problemərinin həllində heç bir cavabdehliyi olmayan, əllaməçiliklə məşgul olan bir duruma salıb ki, istənilən təlatümdən, lap elə ermənilərin yeni hücumlarından sonra gecənin birində şeyx Nəsrullahsayaq aradan çıxa bilərlər. Bu millətin bu qədər məsuliyyətsiz, atdığı addımların hesabatını verə bilməyəcək qədər əhlikef bir hakimiyyətin ümidinə olduğunu düşünmək insanın ürəyini ağrıdır. Üstəlik, düşünəndə ki, bu hakimiyyətin bu qədər sorumsuz bir hala gəlməsində bu gün ana müxalifət deyilən siyasilərin böyük bir xidməti var və onun önündə gedənlər istənilən vaxt hakimiyyətlə bazarlaşa bilirlər, onda vəziyyət daha da qəlizləşir. Əhlikef bir hakimiyyət, hər an satılmağa hazır, qarımış və sönmüş bir müxalifət…

Son seçkilərə fikir verək. Hakimiyyət bütün saxtakarlıqlardan, aşağılıqlardan istifadə edərək seçkiləri saxtalaşdırdı. Parlamentə bir nəfər də olsun hakimiyyətin nəzarətində olmayan, bu hakimiyyətin diqtəsi altında deyil, öz vicdanının nəzarətində olan, millətini gerçəkdən sevən, millətinin, onun hər bir fərdinin mənafei uğrunda mübarizə aparan bir nəfər də olsun düşmədi. Bu hakimiyyət seçki anlamını, demokratik sistemi elə bir eybəcər hala gətirdi ki, Azərbaycan vətəndaşları demokratik seçkini bir dəfə də görmədən ondan iyrəndilər. 45 günlük seçki marafonunda hansı rəzilliklər olmadı, hansı murdarçılıqlardan istifadə olunmadı. Müxalifət namizədlərini seçkidən kənarda qoymaq üçün yalan, hədə-qorxu, şantaj, üzədurma kimi metodlardan istifadə olundu. Seçki günü 100 mindən çox müəllim, icra orqanları işçiləri, mühəndis, həkim, yapçı, konstruktiv müxalifətçi ölkə başçısının müəyyənləşdirdiyi siyahıda olanların «qalib gəlməsi» uğrunda müxalifət təmsilçiləri ilə ölüm-dirim savaşına çıxmışdılar. Bu 100 min insan artıq zorən hakimiyyətin cinayətinin ortağına çevrildi. Nizami rayonundakı 12 nömrəli məktəbin müəllimələrinin biri qutuya bülleten atır, diğəri qutuda topa bülletenlərin dağılması üçün qutunu qucağına alıb çalxalayır, üçüncüsü müxalifətdən olan müşahidəçilərin həmin anları mobil telefonla çəkməməsi üçün bütün gücü ilə müşahidəçini yumruqlayır və bütün bunlar bir neçə polis zabitinin gözü qarşısında baş verirdi. Ara səngiyəndən sonra nəfəsini dərən məntəqə komissiya üzvü müəllimələrdən biri üzünü mənə tutub «buradan 3-5 manat pul alırdıq, onu da bizə çox görürsünüz» söyləməsindən sonra özümü çox pis hiss elədim və dərhal həmin ərazini tərk elədim. Müəllimələrimiz o günə düşüb ki, elədiyi hərəkətin nə hüquqi, nə mənəvi, nə əxlaqi tərəfi artıq onu düşündürmür, onu yalnız öz təbiri ilə desək, «3-5 manat» düşündürür. Mən seçkilərin günahını həmin müəllimələrin çiyninə qoymaq fikrindən uzağam. Onların zərif çiyinləri bu qədər çirkin bir yük üçün yaranmayıb və onlardan heç biri bu eybəcərliyin könüllü iştirakçıları deyildi. Onları həyat yoldaşları, məktəb direktorları, icra hakimiyyətləri, prezident administrasiyası və prezident özü bu əməllərə məcbur etmişdi…

İndiki müxalifət ötən 18 illik müxalifətçilik dönəmində heç vaxt bu seçkilərdə olduğu qədər zəif çıxış etməmişdi. Nə seçkidən öncə seçki mühitinin, seçki qanununun demokratikləşdirilməsi ilə bağlı, nə təbliğat dövründə, nə də seçkidən sonra seçki saxtakarlığına etiraz xarakterli əhəmiyyətli bir aksiya keçirilmədi. Müxalifətin bir araya gələ bilməməsi, hər bir partiyanın, hər bir siyasi liderin problemi fərdi qaydada «həll etmək» illüziyası, seçkidən öncə və seçki dövründə müxalifətin bir aksiya belə keçirməməsi, aydın bir xəttin və taktikanın olmaması hakimiyyətə parlamenti istədiyi kimi formalaşdırmaq imkanı verdi. Ən maraqlı məqam isə öndəki müxalifət partiyalarının özlərinin «müxalifətə 15-20 faiz yer veriləcək» şayiəsini yayması, sonradan isə onların özlərinin də bu şayiələrə inanması idi. Seçkilərin ilkin nəticələrinin elan olunmasından 3 həftəyə yaxın vaxt keçsə də, hakimiyyətin bu saxtakarlığına qarşı müxalifətin hansı addımlar atacağının bəlli olmaması da vəziyyətin nə dərəcədə ağır olmasından xəbər verir.

Bu gün müxalifət düşərgəsindən yeni siyasi proseslərin başlanması, yeni toparlanma, bütün demokratik cameənin bir araya gəlməsi, yeni xalq hərəkatı və s. ilə bağlı təşəbbüslər göstərilməkdədir. Bu cür təşəbbüslər alqışlanmalıdır. Amma nəzərə alsaq ki, bu gün birləşmə təşəbbüsü ilə çıxış edənlər cəmi 2 ay əvvəl milli düşərgənin bir araya gəlməsinə imkan verməyənlərdir, qəribə bir mənzərə əmələ gəlir. Cəmi 2 ay əvvəl Demokratiya Uğrunda İttifaqın milli demokratik düşərgənin seçkilərə vahid platforma ilə getməsi təşəbbüsünə qarşı çıxanların, «AXCP-Müsavat blokundan başqa ölkədə real müxalifət yoxdur» bəyanatı verənlərin bu gün «real olmayanlar»la bir yerdə olmaq istəyi nədən yaranıb? Bəlkə məğlubiyyətin yükünü bölüşmək istəyirlər, bəlkə «bizdən başqa real müxalifət yoxdur» tamaşası ilə daha heç kimi aldatmaq mümkün deyil. Cəmi bir ay öncə «AXCP-Müsavat birliyi sosial sifarişdir, biz bir araya gələn kimi toplum aktivləşəcək» kimi «dahiyanə proqnozlar verən» «nəhəng strateqlər» bu gün xalq hərəkatı haqqında təşəbbüslə çıxış edirlər. Hər bir şəxs söylədiyi fikrin sorumluluğunu daşımalı, bir qədər abır-həya etməlidir. Dayanmadan, heç biri doğru çıxmayan milli düşərgənin vəziyyətini daha da ağırlaşdıran ideyaları nəfəsdərmədən söyləmək nədən qaynaqlanır? Ya bu şəxslər özlərinin «ideyaverən» olduğu haqqında xəstə təxəyyülə malikdirlər, ya da məqsədli şəkildə müxalifəti doğru yoldan sapdırmaq üçün dayanmadan fəaliyyətdədirlər. Müxalifətin seçkidən əvvəl bir araya gəlməsinə qarşı çıxmaq, hər şey bitəndən sonra «birlik-birlik» deyə hay-həşir qaldırmaq normal məntiqə sığmır. Yeni ideyaların da açıq və ya dolayısı ilə indiki siyasilərin cəmiyyətdəki lider vəziyyətinin qorunmasına yönəldiyi və bu liderlərin 18 illik məğlubiyyət projelərinin başında durduğu nəzərə alınarsa, bu «yeni-köhnə» ideyanın cəmiyyəti aktivləşdirəcəyinə, prosesə yeni güclərin, yeni nəfəsin gələcəyinə böyük şübhə yaranır.

Ortada cəmiyyəti silkələyə biləcək ideyalar, hakimiyyət uğrunda mübarizənin ağılkəsən proqramları və ən əsası, millətin etimadını itirməmiş, millətin inana biləcəyi liderlər yoxdursa, hansı xalq hərəkatından danışmaq olar?! Millətin gözləri önündə onlarla məğlubiyyətin məsuliyyəti altında olan, mürgü tutmuş, hakimiyyətə gəlmək uğrunda deyil, ana müxalifət olmaq uğrunda çarpışan indiki liderlərlə nəinki xalqı hərəkətə gətirmək, əksinə, sabaha az-çox ümidi olan, indiki rejimə qarşı fədakarlıqla çarpışan insanları belə ümidsizliyə düçar etmək olar.

Xalqı hərəkətə gətirəcək hədəflər, bu hədəflər uğrunda mübarizənin ideoloji əsasları, maddi təminatı və nəhayət, millətin önündə gedən bir təşkilat, bir lider olarsa xalq hərəkatından danışmaq mümkündür.

Əks halda heç olmasa gedib Horadizdə muğamata qulaq asmaq yaxşıdır…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button