Eynulla Fətullayev Avropada hakimiyyətə qarşı sərt çıxış etdi
Bakı Siyasi Biliklər Proqramında (BSBP) təmsil olunan Azərbaycanın QHT, KİV, nümayəndələrinin Strasburqda Avropa Şurasının Demokratiya Yay Universitetində iştirakı bu gün yekunlaşır.
E.Fətullayevin çıxışını ixtisarla təqdim edirik: “Korrupsiya ilə mübarizədə GRECO təşkilatının fəaliyyəti qeyri-səmərəlidir. Bu məsələdə dövlətlərin könüllü istəklərinə ümid etmək və beynəlxalq təzyiq mexanizmlərindən istifadə etməmək yanlış mövqedir. Siz, cənab Kos, korrupsiya ilə mübarizəni kimin tərəfindən aparılması sualını səsləndirdiniz. Sistemli korrupsiyanın hökm sürdüyü ölkələrin hökumətlərinə etibar etmək olmaz. Azərbaycan, Rusiya, Ermənistan və keçmiş sosialist düşərgəyə daxil olan ölkələrdə hökumət strukturlarının özləri də sistemli korrupsiyanın başında dayanıblar. Korrupsiyaya uğramış hökumətlərə korrupsiyaya qarşı mübarizəni necə etibar etmək olar? Azərbaycanda dünyanın bəlkə də ən böyük korrupsiya layihələri gerçəkləşir. Bizdə dünyanın ən bahalı su kəməri, ən bahalı körpüləri, ən bahalı yolları tikilir, fantastik məbləğlərdə infrastruktur layihələr gerçəkləşdirilir. Dünya iqtisadi böhranından sonra Qərbi milyonlarla iş yerlərinin bağlanması düşündürürsə, bizi büdcədən qeybə çəkilən milyardlar narahat edir. Qərbdə da korrupsiya ilə bağlı problemlər var, lakin bu problemlər sırasında maraqların münaqişəsi, audit problemi, biznesin etikası və korporasiyaların – məsələn Siemens və ya Daimler kimi – korrupsiyaya bulaşmasıdır. Bu problemlərlə həm hökumət qurumları, həm vətəndaş cəmiyyəti mübarizə apara bilər, lakin sistemli korrupsiyaya qarşı mübarizə mümkün deyil. Məncə, bunun üçün GRECO kimi təşkilatlar birgə mübarizə üsullarını işləyib hazırlamalıdır. Siz necə düşünürsünüz – bunun üçün siyasi elitamı dəyişməlidir?”
GRECO təşkilatının rəhbəri Drago Kos bildirib ki, Azərbaycanda korrupsiya ilə bağlı vəziyyət narahatedicidir və təşkilat Azərbaycanla bağlı hesabat hazırlayıb, bundan sonra da vəziyyət nəzarət olacaq. O, E.Fətullayevin səsləndirdiyi fikirlərlə qismən razı olduğunu bildirərək qeyd edib ki, Azərbaycanda korrupsiya probleminin həlli üçün yuxarıdan aşağı hamı effektiv mübarizə aparmalıdır: “Əks təqdirdə uğur əldə etmək mümkün olmayacaq”.