“Rüfət Səfərovun hüquqlarını aktiv şəkildə müdafiə edək”-BƏYANAT

Bu gün Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin toplantısı keçirilib. Ziyalılar Birliyinin ofisində keçirilən toplantının nəticəsində bəyanat qəbul olunub. Xural.com-a daxil olan bəyanatda deyilir:

“Biz, Müdafiə Komitəsi olaraq Rüfət Səfərovu istedadlı hüquqşünas, vətənpərvər və mübariz bir insan kimi tanıyırıq. Rüfət Səfərov öz vicdanının səsinə qulaq asaraq haqqı-ədaləti daim uca tutmuş demokratik düşüncəli bir gənc kimi, şahidi olduğu haqsızlıqlara etiraz etməkdən çəkinməmişdir. O, məhz ölkədəki rüşvət və korrupsiyaya, kütləvi hüquqsuzluğa, pozulan insan haqlarına etiraz əlaməti olaraq çalışdığı prokurorluq orqanından istefa vermişdir. (Diqqət yetirin: nə qədər qəribə olsa da, R.Səfərova qarşı məhz rüşvət və korrupsiya ittihamı ilə, 10 yanvar 2016-cı il tarixində saxta sübutlarla cinayət işi qaldırılmışdır). R.Səfərovun bu hərəkəti təbii ki, bəzi səlahiyyət sahiblərinin hiddətinə səbəb olmalıydı, oldu da. Və o, absurd ittihamlarla 9 il (?!) həbs cəzasına məhkum edildi. Hətta Lənkəran Ağır Cinayətlər Məhkəməsi işə baxarkən müdafiəçi B.Bayramova müxtəlif təzyiqlər də etdi, – müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istənilsə də buna imkan verilmədi; üstəlik, vəkil, haqqında xüsusi qərar çıxarılacağı ilə hədələndi. Daha sonra, təqsirləndirilən R.Səfərovun son söz üçün vaxt istəyi də hakim tərəfindən “süngüylə” qarşılandı. Əslində bu, məhkəmə tarixində görünməmiş bir hadisə və AR-nın tərəfdar çıxdığı beynəlxalq konvensiyalara, Azərbaycan Respublikası qanunvericiliyinə, eləcə də humanizm prinsiplərinə birbaşa zidd olan hakim ozbaşınalığı idi.. Məqsədi, vəzifəsi ədaləti təsbit etmək və qanunun müdafiəsində dayanmaq olan ölkənin məhkəmə sistemi, ədalətsiz, qanunsuz və ancaq nonsens kimi dəyərləndirilən bir hökm çıxarmışdır. Hesab edirik ki, özündə hüqiqi nihilizm ehtiva edən bu məhkəmə hökmü, təkcə azad düşüncəyə, müstəqil demokratik təfəkkürə malik olan gənc bir hüquq işçisinə qarşı yox, eyni zamanda özünü hüquqi dövlət hesab edən ölkənin demokratik imicinə böyük bir zərbədir.
Rüfət Səfərovla bağlı keçirilən Apellyasiya Məhkəməsinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmünü qüvvədə saxlaması cəmiyyətin demokratik kəsimini növbəti dəfə məyus etməklə yanaşı, onlarda ölkənin məhkəmə sisteminin ədalətinə olan inam hissini bir daha sarsıtmışdır. Apellyasiya Məhkəməsinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlaması, Rüfət Səfərova verilən əsassız cəzanı qismən belə yüngülləşdirməməsi məhkəmənin obyektivlikdən, müstəqil iradədən məhrum olduğunu, sadəcə ona verilən siyasi sifarişin icraçısı rolunda çıxış etdiyini sübut edir.
Biz, Müdafiə Komitəsinin üzvü olan ictimai xadimlər, jurnalistlər, hüquqşünaslar, ziyalılar, yazıçı və şairlər bu sayaq aşkar haqsızlığa qarşı öz qəti etirazımızı bildiririk. Ümid edirik ki, ölkə rəhbərliyi, eləcə də hüquq müdafiəçiləri bu hökmün absurdluğunu dərk edərək yol verilmiş qanunsuzluğun tezliklə aradan qaldırılmasına yardımçı olacaqlar. Əminik ki, ölkədə fəaliyyət göstərən diplomatik korpuslar, o cümlədən insan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq təşkilatlar da məsələnin ciddiliyinin fərqində olacaqlar.
Müdafiə Komitəsi bəyan edir ki, Rüfət Səfərovun konstitusiyada təsbit edilmiş hüquqlarının pozulması azad sözə və müstəqil düşüncəyə malik vətəndaşa qarşı cəza tədbiri kimi dəyərləndirilməlidir.
Ölkə yalnız iqtisadi deyil, həm də siyasi böhran qarşısındadır. Bu, acı bir həqiqətdir. Sosial-iqtisadi, siyasi və psixoloji reallığın belə mürəkkəb məqamında məhkəmənin sifarişlə azad düşüncəyə qənim kəsilməsi, habelə azad və müstəqil yaşam tərzi seçmiş mübariz bir gəncin 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi olduqca təhlükəli nümunədir.
Müdafiə Komitəsi Azərbaycan Respublikasının Konstitusyasında nəzərdə tutulan bütün məqbul qanuni-hüquqi vasitələrdən istifadə edərək, Rüfət Səfərovun azad olunmasına səy göstərəcək, bu istiqamətdə zəruri addımları atacaqdır. Bu addımlardan biri kimi beynəlxalq təşkilatların, Azərbaycan Respublikasındakı diplomatik korpus və səfirliklərin daha ətraflı məlumatlandırılması, Rüfət Səfərovla bağlı ədalətsiz qərarın Avropa və dünya mediasında işıqlandırılması, demokratik dünya dövlətlərinin bununla bağlı rəsmi mövqeyinin ortaya qoyulması və s.-nin təmin edilməsi bundan sonrakı fəaliyyətimizin əsas prioriteti olacaqdır.
Bir daha Azərbaycan və dünya ictimaiyyətini Rüfət Səfərovun hüquqlarını aktiv şəkildə müdafiə etməyə çağırır, bu qərarın siyasi sifarişçilərini öz qərəzli mövqelərindən imtina etməyə səsləyirik. Rüfət Səfərova qarşı ədalətsizliyə imza atan şəxslər unutmasınlar ki, onlar bu əmələ görə gec-tez qanun və ədalət qarşısında cavab verməli olacaqlar.

Eldəniz Quliyev – Müdafiə Komitəsinin sədri, Azərbaycan Ziyalılar Birliyinin rəhbəri, kinodramaturq
Bəhruz Bayramov – hüquqşünas
Vidadi Mirkamal – hüquqşünas, ədliyyə generalı
Mətləb Mütəllimli – hüquqşünas
Namizəd Səfərov – hüquqşünas
Əfqan Məmmədov – hüquqşünas
Müzəffər Baxışov – hüquqşünas
Yalçın İmanov – hüquqşünas
Qurban Məmmədov – hüquqşünas
Əsabəli Mustafayev – hüquqşünas
Ataxan Əbilov – hüquqşünas
Oqtay Gülalıyev – hüquq müdafiəçisi
Pərviz Həşimli – Siyasi və Mülki hüquqlar Müdafiə Mərkəzinin rəhbəri, keçmiş vicdan məhbusu
Şahvələd Çobanoğlu – jurnalist
Təzəxan Mirələmli – jurnalist
Əvəz Zeynallı – jurnalist, keçmiş vicdan məhbusu
Surxay Bilaloğli – jurnalist
Zümrüd Yağmur – yazıçı
Rüstəm Behrudi –şair
Məmməd İsmayıl – şair

Səadət Cahangir – şairə, jurnalist
Azad Mursəliyev – ictimai xadim
Əbülfət Novruz – şair
Yeganə Əmiraslanova – ictimai xadim
Seyran Rəfiyev – ictimai xadim
Əmirağa İsmiyev -mühəndis, ictimai xadim.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button