Əli İnsanov məhkəməni doladı: “Elə bil kino çəkirlər”

Bu gün Qaradağ Rayon Məhkəməsində həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rəşad Mustafayev sədrlik edib. Məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsi başlanılıb.

Vəkil Ağaveys Şahverdi hakimdən tərtib olunmuş protokolda və aktda sabiq nazirin və onun müdafiəçisinin imzası olub-olmadığını soruşub: “Baxış protokolu 23 avqust 2016-cı ildə hal şahidlərinin iştirakı ilə tərtib olunub. Amma Əli İnsanov orada iştirak etməyib. O aktda Əli İnsanovun və vəkilinin imzası varmı?”

Hakim Rəşad Mustafayev sənədlərin hamısının bir-bir elan olunacağını proses iştirakçılarının diqqətinə çatdırıb.

Sabiq nazir isə deyib ki, bütün idarələrdə iş planı ilin əvvəlində hazırlansa da, Penitensiar xidmətdə bu plan iyul ayında tərtib edilib: “İş planı icad ediblər, avqustda da oyun çıxarıblar. Həmin aylarda hiss edirdim ki, nəsə işlənir”.

Hakim ortada heç bir ziddiyət olmadığını, 2016-cı ilin 3-cü rübü üçün plan hazırlandığını bildirib. Vəkil Toğrul Babayev isə deyib ki, tapılan dərmanların istifadə müddəti barədə ekspert rəyində qeyd yoxdur: “Əli İnsanov orada 2007-ci ildən saxlanılır. Bəlkə elə o tapılan dərmanların istifadə müddəti bitib” .

Hakim: “Ekspertiza keçirilib, həmin kapsulalar və dərmanlar yararsız olsaydı, bunlar ekspertiza rəyində göstərilərdi”.

Sabiq nazir: “Orada göstərilən həblərin rəngi ekspertizada yazılıbmı?”

Hakim: “Zavod üsulu ilə hazırlanmış ağ və göy rəngli həblərdi”.

Sabiq nazir: “O dərmanların heç vaxt rəngi olmur. Zərərçəkmiş Anar Məmmədov da dedi ki, ağ, göy, qırmızı rəngli kapsulalar olub. Bəs qırmızı həblər hanı? Bir daha təsdiq olunur ki, bu iş quramadır”.

Vəkil T. Babayev zərərçəkmiş Anar Məmmədovdan xəstəxanada neçə gün yatdığını xəbər alıb. Zərərçəkmiş bu suala cavab vermək istəməyib. Bunu sualın təkrar olunması ilə əsaslandırıb. Belə olan halda vəkil zərərçəkmişdən prokurorluqda nə zaman ifadə verdiyini soruşub. Zərərçəkmiş A.Məmmədov prokurorluqda hadisədən iki gün sonra ifadə verdiyini bildirib: “Maşınla aparıblar, gedib ifadə vermişəm. Kəllə-beyin travması almışdım. O demək deyil ki, əlim-ayağım yoxdur”.

Ə.İnsanov ekspertiza ilə bağlı üç sualı olduğunu məhkəmənin diqqətinə çatdırıb: “Burada ekspertizanın sənədləri tədqiq olunur. Bu sualları kimdən soruşum? İstintaq zamanı dərman qabları ekspertizadan keçirilmədi. Biz dəfələrlə dedik ki, dərman qabları ekspertizadan keçirilsin, görək mənim orada əl izlərim olub, ya yox. Lakin bunu etmədilər. O dərmanlar, onların üzərindəki barmaq izləri niyə ekspertizadan keçirilməyib? Anar Məmmədovun kompüter tomoqrafiyasını mənə göstərsinlər. Əgər varsa, göstərsinlər. Axı elə zədə olmayıb. Bunu şifahi yazıblar. Niyə müayinə olunmayıb? Qorxublar? O heç bir zədə almayıb. Alıbsa sübut hanı? Sübut isə yoxdur. Elə isə məni nədə ittiham edirsiniz?”

Hakim təqsirləndirilən şəxsin ona sual vermək səlahiyyəti olmadığını diqqətinə çatdırıb.

anar1Bundan sonra vəkil A.Şahverdi Ə.İnsanovun cırdığı deyilən protokolun iş materiallarında olmadığını deyib. Hakim isə həmin protokolun maddi sübut kimi saxlanıldığını qeyd edib. A.Şahverdi sübutların əsassız hesab olunması, baxış protokolunun və aktın sübutlar sıyahısından çıxarılması barədə vəsatət qaldırıb: “Əli İnsanov və vəkilləri baxış protokolu tərtib ediləndə orada iştirak etməyiblər. Bu da şəxsin müdafiə hüququnun pozulması deməkdir. Əli İnsanov istintaq zamanı ifadə verməyib. Onun evindən göndərilən paltarların üzərindən Anar Məmmədovun paltarının lifləri tapılıb”.

Ə.İnsanovun vəsatətə münasibəti bu cür olub: “Elə bil kino çəkirlər e… Kadr 1, dubl 2. Mənə məxsus əşyalara baxış keçirilir, məni niyə dəvət etmirlər? Vəsatəti dəstəkləyirəm. Gül kimi vəsatətdir”.

Məhkəmə vəsatətləri təmin etməyib.

Vəkil A.Şahverdi ekspertizanın obyektiv rəy verməməsi və təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırıb: “Ekspert qarşısında sual qoyublar ki, Anar Məmmədov poqonunu özü cıra bilərdimi? Lakin ekspert sualı cavablandırmayıb. Təkrar ekspertiza keçirilməsini istəyirik”.

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib: “Anar Məmmədovun köynəyinin və poqonunun cırılmasını şahidlər də təsdiq ediblər”.

Ə.İnsanov isə deyib ki, A.Məmmədovu görəndə onun cibinin ağzı qatlanmış vəziyyətdə olub: “Mən şübhələndim ki, yəqin səsyazan cihaz qoyub. Hadisədən sonra məsələ aydın oldu”.

Zərərçəkmiş isə sabiq nazirin dediklərinin yalan olduğunu bildirib.

Daha sonra Ə.İnsanov zərərçəkmişin anlaqlı olub-olmaması ilə bağlı vəsatət verib: “Ciddi zədə alıb. Elə zədədən sonra fəsadlar yarana bilər. Onları araşdırsınlar”.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim məhkəmə istintaqının tamamlandığını elan edib.

Növbəti proses aprelin 26-da keçiriləcək.

İttihama görə, Penitensiar Xidmət əməkdaşlarının 13 saylı Cəzaçəkmə müsəssisəsində axtarış apardığları zaman Ə.İnsanovun saxlandığı baraka (yataqxanaya) baxış keçirilib. Baxış zamanı Ə.İnsanova məxsus çantanın içərisində psixotrop (diazepam və travmodol) narkotik tərkibli dərmanlar aşkarlanıb. Bununla bağlı sənədləşdirmə aparılarkən məhkum Ə.İnsanov Penitensiar Xidmətin əməkdaşı, mayor Anar Məmmədovun əlindən protokolu alaraq cırıb, onun boğazından yapışaraq yumruq zərbələri endirərək itələyib və poqonunu cırıb. A.Məmmədov yıxılarkən başı qapıya dəyib, kəllə-beyin travması alıb və bu səbəbdən də halı pisləşib.

Xatırladaq ki, keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il həbs cəzası alıb.

2016-cı ilin oktyabrında Əli İnsanova qarşı Cinayət Məcəlləsinin üç maddəsi – 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması) maddələri ilə ittiham irəli sürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button