Əfvlə başqa dustağı buraxdılar!

Ədliyyə Nazirliyinin Penitensiar xidməti əfv olunmuş məhbusun yerinə başqa məhbusun azadlığa buraxılması ilə bağlı “AzPolitika.info”nun araşdırmasına münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumatda xatırladılıb ki, məhkumun yaxın qohumları və vəkilinə istinad edilərək qeyd olunur ki, guya Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinin birində saxlanılan məhkum Elvin Bəxtiyar oğlu Mahmudovun əvəzinə eyni adı və soyadı olan, lakin atasının adı və təvəllüdü fərqli olan digər məhkum ölkə Prezidentinin əfv sərəncamı ilə qalan cəzadan azad olunub: “Ədliyyə Nazirliyi Penitensiar xidməti bildirir ki, dərc olunmuş məlumat tamamilə yanlışdır və böhtan xarakterlidir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı dürüst və vaxtında icra edilib. Əfv olunan şəxslərin arasında bu məlumatda dərc olunan məhkumun adı yoxdur. Əfv haqqında sərəncamın əhatə dairəsində olmuş eyni adı və soyadı olan, lakin atasının adı və təvəllüdü fərqli olan digər məhkum tam qanuna uyğun olaraq azad edilib. Acınacaqlı haldır ki, bəzi informasiya saytları ilə yanaşı yalan, iftira xarakterli, dəqiqləşdirilməmiş məlumatları vəkil funksiyalarını yerinə yetirən şəxslər də yayır. Düşünülməmiş hərəkətləri ilə vəkil adına xələl gətirən şəxsin hansı məqsədlər daşıdığı qeyri-müəyyəndir. Lakin hesab edirik ki, qeyd olunan faktlar aidiyyəti orqanlar tərəfindən ciddi araşdırılacaq və vəzifəli şəxsləri ağır cinayətlərdə ittiham etmiş vəkilin fəaliyyətinə hüquqi qiymət veriləcək”.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da yayılan məlumatlara münasibət bildirib. Komissiyadan “Report”a daxil olan açıqlamada bildirilib ki, həmin məlumat heç bir rəsmi fakta istinad edilməməklə əsassızdır: “Belə ki, qeyd olunan sərəncam hüquqi aktların rəsmi dərc olunduğu qəzetlərdə, habelə elektron variantda dərc edildiyi Hüquqi Aktların Dövlət Reyestrində dərc olunub. Həmin sərəncamdan göründüyü kimi, əfv edilmiş şəxs Mahmudov Elvin Habil oğludur.
Eyni zamanda, bildirilir ki, Əfv Məsələləri Komissiyasında məhkum Mahmudov Elvin Bəxtiyar oğlunun da əfv olunması ilə bağlı müraciətə baxılıb.
Müəyyən edilib ki, E.Mahmudovun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində 2016-cı il 8 oktyabr tarixdə məhkumların qarşılıqlı olaraq bir-birilərinə xəsarət yetirməsi faktına görə cinayət işi başlanıb. Həmin cinayət işinin istintaqı ilə bağlı E.Mahmudov və bəzi məhkumlar məhkəmənin qərarına əsasən cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilib. Hazırda istintaq davam etdirilir”.

“AzPolitika” təkzib olunan faktı elə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəsmi saytına istinadən bir daha təqdim edir. Penitensiar Xidmətin rəsmi saytından Prezidentin 16 mart tarixli Əfv sərəncamından çıxarışda oxuyuruq:

 
screenpent

Buradan da görünür ki, əfvə düşən Mahmudov Elvin Bəxtiyar oğludur. Ancaq qəribədir ki, Penitensiar Xidmət bu açıq faktı kobud şəkildə təkzib etməyə çalışır. Fakt isə faktlığında qalır: Mahmudov Elvin Bəxtiyar oğlu hələ də həbsdədir. Buraxılan kimdir və hansı əsasla buraxılıb? Fikrimizcə, Penitensiar Xidmətin rəhbərliyi bu faktı açıqlayan vəkilə hədə-qorxu gəlmək əvəzinə, Prezidentin sərəncamına müdaxilə edən şəxsləri ortaya çıxarsa, daha doğru olar.

Sözügedən yazı ilə buradan tanış ola bilərsiniz: PREZİDENTİN ƏFV SƏRƏNCAMI İLƏ BAĞLI ŞOK! – “Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!”

Onu da qeyd edək ki, bu gün günortadan sonra – bir-neçə saat əvvəl  Penitensiar Xidmətin rəsmi saytından Mahmudov Elvin Bəxtiyar oğlunun adını çıxararaq, Mahmudov Elvin Habil oğlunun adını yerləşdiriblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button