Bilgəh Kardioloji Sanatoriyası – görüntü ilə qapanmış həqiqətlər…

«Üstü bəzək, altın nəcis» sanatoriyanın baş həkimi Muxtar Əhmədovun prezidentin etibarınından sui-istifadə etməsinin səbəbi nədir?

I Yazı

Yay istirahət mövsümünün yarıdan çoxu artıq arxada qalıb. Orta səviyyədə yaşayışını təmin edən insanlar qış aylarında qənaətlə topladıqları pulları sanatoriya və kurortlara sərf edirlər. Əlbəttə ki, bunun müqabilində də yaxşı istirahətlərinin təmin olunmasını gözləyirlər. Amma bu sahəyə dövlət tərəfindən hər il külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, «üstü bəzək, altı təzək» prinsipi yenə də qüvvədə qalır. Korrupsiya göz qabağındadır. Dövlət məsulları bir cür bəyanat verirlər, insanlar isə getdikləri yerdə bunun tamamilə əksi ilə qarşılaşırlar.

Məsələn, götürək elə Bilgəh Kardioloji Sanatoriyasını. İçəri girməzdən əvvəl, hər maşın üçün 1 manat tələb olunduqdan sonra birtəhər içəri keçdik. Pulu da nə az, nə də çox, polis işçiləri yığır. Verməyəndə qarşını kəsirlər, «əmi, bizi görmürsən?» deyə… İlk görüntüdən o qədər də bərbad halda görünməyən sanatoriyanın həyətində yarım saat qalmaq kifayət etdi ki, buranın çirkab və antisanitariya şəraitində olduğunu görək. Qanımız tam qaralmışdı. Çünki əvvəlcədən bu sanatoriyaya gəlmək üçün bizdən 600 manat pul almışdılar. Bu natəmizliyi görəndən sonra, «belə bir şəraitdə nə cür müalicə almaq olar» sualına, «artıq gecdir, gərək əvvəldən kəşfiyyat aparaydınız!» cavabını aldıq. Sanatoriyada tennis oynamaq üçün salınmış kortun ətrafında çirkab suların axıntısından yaranmış bataqlıqdan vuran üfunət iyi ürəyimizi bulandırdı. Nəfəsimizi içimizə çəkə-çəkə, «bu nə zülm idi, biz düşdük» sualı ilə başımızı yor-yora sanatoriyanın içinə doğru irəlilədik. Buradakı ağır hava nəfəsimizi yenidən kəsdiyindən, özümüzü bizə ayrılan otağa yox, sanatoriyanın həyətinə saldıq. Hətta dəniz havası da burnumuzdakı üfunət iyini silib apara bilmirdi. Ona görə də tam sahilə yaxınlaşıb, dənizin sərinliyini içimizə çəkmək istədik. Kaş ki, bu fikirdən vaz keçsəydik.

Bilgəh sanatoriyasının məşhur pilləkənləri ilə dəniz sahilinə düşərkən, buradakı natəmizlik, müxtəlif yaş qruplarına aid olan insan və heyvan nəcisləri, boş su qabları, zibillikdən seçilməyən ətraf qanımızı olmazın qaraltdı. Yaxşı, birtəhər düşdük, bəs geriyə nə cür qayıdacağıq dərdi ilə sahilə üz tutuq. Sahidə FHN-nin «Burada çimmək qəti qadağandır!» xatırlatmasına baxmayaraq, ətraf insanlarla dolu idi. Uşaqlı-böyüklü hər kəs sahilin kənarında özlərini quma verib günəşlənirdi. İnsanların cəmi 5 metrliyində isə, yenə də üfunətdən baş çatladan dolmuş zibil qutuları… Burada istirahətə gələnlər «putyovka»ya dəxli olmadığı üçün yanğılarını söndürmək üçün bir şüşə suya 1 manat verirlər. Halbuki şəhərdə qiymətlər iki dəfə aşağıdır.

Xidmətdən isə danışmağa dəyməz. Yaxınlaşanlara «stolun 1 saatı 3 manatdır, iki stol 6 manat» bəyanatını versələr də, üstündəki çirki belə təmizləməyi özlərinə rəva görmədilər. Özümüzü qınaya-qınaya birtəhər yerləşib, heç olmasa uzaqdan təmiz suyu xatırladan göy dənizi seyr etməyə başladıq. Amma ətrafdakı insanların səs-küyü, qışqırtısı bizi bu zövqdən də məhrum etdi. Sahilyanı tualetdən isə danışmağa dəyməz. Ürək eləyib şəklini belə çəkə bilmədik, özümüzü bir an içində çölə atdıq.

Artıq hava qaralırdı. Geriyə dönməyin vaxtının çatığını hiss etdik. Amma heç kəs yerindən qalxmaq istəmirdi. Düşünəndə ki, yenidən o çirkablı, nəcisli pilləkənləri qalxmalı olacağıq, anadan əmdiyimiz süd burnumuzdan töküldü. Nə etməli? Başqa yol da yoxdur. Axır məcbur olub, gözümüzü yarı qapada-qapada, nəfəsimizi içimizdə boğa-boğa pilləkənləri qalxmağa başladıq. Fikir bizi götürmüşdü. Görəsən, burada qalacağımız 15 gün ərzində bizi nə gözləyir? Hər gün müalicə kursu götürdükdən sonra xəyal edib, istirahətimizi dəniz sahilində davam etdirmək üçün hər gün görəsən neçə dəfə bu pilləkəni düşüb qalxmalı idik? Dəyərdimi? Onsuz da ürəyindən şikayət edən bir insanı müalicə etmək əvəzinə, onun xəstəliyini bu cür aurada kəskinləşdirmək də ciddi bir risk deyildimi? Sonradan kimin boynuna qoymaq olardı ki, vallah, bu adam o qədər də bərk xəstə deyildi, buradakı natəmizlik və laqeydlikdən vəziyyəti pisləşdi. Bəlkə də əsəbdən, ürək ağrısından öldü. Kim daşıyır bu məsuliyyəti? Hələ onu demirik ki, iki il əvvəl burada müalicə alan 65 yaşlı Səkinə Süleymanova sanatoriyanın dəhlizində dünasını dəyişib. Çox «tərifli» həkimlərin əhatəsində…

Bunu da eşidəndən sonra canımıza lap vahimə düşdü. Belə çıxır ki, gözlədiyimiz müalicə kursunu burada normal vəziyyətdə ala bilməyəcəyik. Hələ bu azmış kimi sanatoriyada müalicə alan xəstələrdən öyrəndik ki, bura «putyovka» əsasında yerləşdirilən hər bir insana fərdi qaydada müalicə kursu təyin olunur və gəldiyi günün səhərisi kursa başlanılır. Bunun üçün müxtəlif prosedurlar var ki, xəstə sanatoriyada qaldığı müddətcə ondan fayalanmalıdır Amma bunun da bir «əmma»sı var. Xəstələr səhər saatlarından növbəyə duraraq, həkimlərin onu çağırmasını gözləyirlər. Yayın istisində keçmiş Sovet dövrünün «ət-yağ» növbələrini xatırladan bu növbələr insanı lap hövsələdən çıxarır. Qəbul otaqlarının natəmizliyi də bir yandan xəstələrə «qan uddurur». Bütün bunlardan sonra sanatoriyanın yeməkxanasında vaxtı ötmüş ərzaq məhsullarından hazırlanmış yeməkləri yeyib, ağır-ağır ayağa qalxandan sonra, xəstə gününün qalan hissəsini nəyə sərf edəcəyi barəsində düşünür. Çünki o saatda artıq nə yatmaq olur, nə natəmiz, nəciz yaxılmış pilləkənlərdən düşüb, dənizə yaxınlaşmaq olur, nə də qonşunun laqqırtısından kitab oxumaq mümkündür.

Əgər nəzərə alınsa ki, buradakı xəstələrin böyük əksəriyyəti yaşlılardır və onlara cəmi 14 həkim-kardioloq nəzarət edir o zaman vəziyyətin nə qədər dözülməz olduğunu təsəvvür etmək çətin deyil. Özü də Bilgəh Kardioloji Sanatoriyasının baş həkimi Muxtar Əhmədov dəfələrlə dövlət mükafatları ilə təltif olunsa, ona ölkə prezidentinin fərmanı ilə respublikanın «Əməkdar həkimi» fəxri adı verilsə də, bu həkimlərdən cəmi bir nəfəri elmlər namizədidir. Yəni illərdir bu sanatoriyada çalışmalarına baxmayaraq, həkimlərin heç biri elmi savadını təkmilləşdirməyə cəhd göstərməyib və yaxud buna ehtiyac duymayıb. Əsrimiz isə texnika və tərəqqi əsridir. Bu gün gələn neft gəlirlərin hesabına səhiyyəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin sayı ilbəil ciddi sürətdə artır. Bu vəsaitlərə səhiyyənin ən son nailiyyəti olan avadanlıqlar alınır. Nə yazıq ki, bu cür böyük vəsait hesabına alınan avadanıqları işlətməyə qadir olmayan bir həkim kontingenti mövcuddur. Elə insan üçün çox ciddi xəstəlik olan ürək-damar sisteminin müalicəsi də bu gün hər bir məsul şəxs üçün əhəmiyyətli olmalıdır. Lakin Bilgəh sanatoriyasında çalışan həkimlərin kvalifikasiyasının zəif olması, artıq burada da Sovet dövrünün avadanlıqarından istifadə olunmasından xəbər verir.  O zaman bu geridəqalmışlığın müqabilində Muxtar Əhmədova bu cür məsul bir adı layiq görmək olarmı?

 

Kamal Hüseyn

 

Redaksiyadan:

Bilgəh Sanatoriyasında gördüklərimiz bizi dəhşətə gətirdi. Yazının çapa hazırlandığı müddətdə çox çalışdıq ki, sanatoriyanın baş həkimi Muxtar müəllimlə əlaqə saxlayaq. Təəssüf ki, buna nail ola bilmədik. Biri onun yerində olmadığını, digəri artıq işdən çıxarıldığını və uzun müddətdir sanatoriyada görünmədiyini söylədi. Bütün hallarda gözlərimizlə gördüyümüz natəmizlik bizi dəhşətə gətirdiyindən yazını çapa buraxırıq, amma bu qədər vəsaitin qarşılığında bu natəmizliyin baş alıb getməsinin səbəblərini də öyrənməyə çalışacağıq. Gələn saylarımızda biz sanatoriya ilə əlaqə yaratmağa cəhd edəcəyik. Qarşı tərəf də arzu edərsə, bizimlə əlaqə saxlaya bilər. Onların düşüncələrini də işıqlandırmağa hazırıq.

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il


 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button