İlkin Rüstəmzadənin həyatı təhlükədədir!

Cəmil Həsənli, Milli Şuranın sədri

İlkin Rüstəmzadə ilə bağlı cəzaçəkmə yerində baş verənlər son dərəcə həyəcanlandırıcı və dəhşətlidir. Ölkənin təhlükəsiz xidməti həbs altında olan gənc fəalı, N!DA gənclər hərəkatının rəhbərlərindən birini zorla gizli əməkdaşlığa, məxfi agentura işinə məcbur edir. İlkin həbs yerindən göndərdiyi məlumatda bildirir: “Açıq şəkildə deyiblər ki, əgər sən biz dediyimizi eləməsən, səni nə hospitala buraxmayacağıq, nə də buradan çıxmayacaqsan, elə burada qalacaqsan”. Yəni burada ömrünü başa vuracaqsan. Dəhşətli haldır ki, bütün bu qanunsuz əməllər dövlət adından törədilir.

İlkin tək siyasi məhbus deyil, həm də vicdan məhbusudur. Törətmədiyi əmələ görə saxta ittihamlarla o, 8 il azadlıqdan məhrum edilib. Saxta ittihamla və saxta məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş 8 N!DA fəalının həbsdə saxlanılan sonuncu nümayəndəsidir. İlkin Rüstəmzadə vətənpərvər bir gəncdir və 2013-cü ildə “Əsgər ölümlərinə son” mitinqlərinin əsas təşkilatçılarından biridir. Məhz elə bu aksiyadakı aparıcı roluna görə də həbs edilmişdi. Həbs ediləndə onun cəmisi 21 yaşı var idi. Amma 21 yaşlı bir gəncin düşüncələri, azadlıq arzusu, mübarizə əzmi  yaşından çox böyük idi. Cəzaçəkmə yerindəki 4 illik həyatı onun möhkəm iradə sahibi, ideallarına sadiq qalan bir gənc olduğunu nümayiş etdirdi. Öz milli və mənəvi xarakterinə, demokratik dəyərlərə bağlılığına, əxlaqi prinsiplərinə  sədaqətinə görə İlkin ölkədə dəyişiklik arzusunda olan müasir gəncliyin parlaq bir simvoludur.

Biz dəfələrlə İlkinin həbs yerində incidilməsi, təqib edilməsi, müxtəlif bəhanələrlə karserə salınması haqqında məlumatlar almışıq. İndi isə onun həyatı ilə oynayırlar, həyatını təhdid edirlər, dövlət adından ona hədə gəlirlər. Hələ təklif və təhdidlər qalsın bir kənara, DTX əməkdaşlarının cəzaçəkmə müəssisəsinə gəlib İlkinlə görüşməsi qanunun birbaşa pozulmasıdır. Həbs altında olan insanı iradəsinə zidd olaraq təhlükəsizlik xidməti orqanları ilə gizli əməkdaşlığa cəlb etmək  insan haqları və vətəndaş hüquqlarının birbaşa pozulması ilə yanaşı, ölkə konstitusiyasının, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların və hətta təhlükəsizlik orqanları haqqında qanunun özünün pozulmasıdır.

Doğrusu, bəzilərində illüziya var idi ki, MTN ifşası və iflasından sonra bu sahədə qayda yaradılacaq. MTN generallarının və yüksək vəzifəli şəxslərinin davam edən məhkəmə prosesində açılan rüsvayçı, rüsvayçı olduğu qədər də dövləti içəridən sarsıdan əməlləri bu sahədə hansı acınacaqlı mənzərənin yarandığını ortaya qoyur. Təqsirləndirilən şəxslərin və şahid ifadələrində təhdidlə rüşvət tələb etmə, saxta ittihamlar quraşdırmaq, təhlükəsizlik anlayışlarını rüşvətə bulaşdırmaq kimi rüsvayçı hallarda adı keçən bir sıra yüksək vəzifəli MTN əməkdaşları hələ də azadlıqda, bəziləri isə hətta yüksək görəvlərdədir. İlkini zorla əməkdaşlığa məcbur etmək cəhdləri də MTN ənənələrinin, MTN rüsvayçılığının onun varisi olan qurumda davam etdirilməsinin aydın bir göstəricisidir.

Əlbəttə, İlkinlə bağlı hadisədə yalnız DTX vəzifə səlahiyyətləri aşmayıb, yalnız təhlükəsizlik xidməti qanunu pozmayıb, eyni dərəcə də Penitensiar Xidmət də kobud qanun pozuntusuna yol verib. Mövcud qanunlara görə Penitensiar Xidmət məhkəmədən sonra azadlıqdan məhrum edilmiş vətəndaşların həyatlarının təhlükəsizliyinə cavabdeh orqandır. Biz lap bu yaxınlarda digər bir siyasi məhbus, bloger Mehman Qələndərovun istintaq təcridxanasında faciəli şəkildə həyatını itirməsinin, daha böyük ehtimalla işgəncə səbəbindən vəfat etdiyinin şahidi olduq. İndi isə həmin xidmətin cavabdeh olduğu bir sahədə digər xidmət orqanı gəlib İlkin Rüstəmzadə adlı vicdan məhbusunu faktiki olaraq təqib edir, onun həyatını təhdid edir. Heykəl məhbusu Bayram Məmmədov həyatının təhlükədə olması barədə SOS siqnalı verir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button