“Xural” Vüqar Səfərlinin və oğlunun oğurluğunun üstünü açdı!!!

Oğru Vüqar Səfərlinin öz oğlunu qalib etməkliyi


Saxta tarixlə müsabiqəyə verilən və qalib edilən faciəvi yazı

KİVDFnin biabırçı müsabiqəsi, vəzifə səlahiyyətlərindən suiistifadə, korrupsiya faktları

 

III yazı

 

Buna inanmaq çox çətindir və həqiqətən normal təfəkkürə sığışdırmaq olmur: Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkiafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri Vüqar Səfərli belə saxtakarlığa gedərmi?

Onu bu boyda rüsvayçılığa nə məcbur edib: oğlunu qalib etmək, yoxsa cəmi-cümlətanı min manata sahiblənmək ehtirası?

 

Vüqarın vicdanı, eşqi, ürəyi

 

II yazımızda Vüqar Səfərlinin elan etdiyi müsabiqəyə saxta tarix və qanun pozuntusuyla dürdüşdürdüyü yazı – oğul Səfərlinin məqaləsi – haqda danışacağımızı vəd etmişdik. Söhbət ondan gedir ki, bu məqaləni nəinki hansısa müsabiqədə qalib elan etmək, hətta normal yazı saymaq jurnalist vicdanına sığa bilməz.

Yox, olmadı! Bu cümləni oxuyan dərhal bizi qərəzlikdə suçlaya bilər. Amma tələsməyin, biz Vüqar Səfərlinin qalib elan etdiyi və 1000 manat mükafat verdiyi yazını bitdə-bitdə təhlil edək, haqlı olub-olmadığımıza siz özünüz qərar verin.

Oxuculara məlumat üçün bildirək ki, jurnalist yazısının, xüsusilə müsabiqəyə təqdim olunan məqalənin peşəkarlıq dərəcəsi ilk olaraq adına görə dəyərləndirilir. Vüqar Səfərlinin oğlu Seymur Səfərlinin məqaləsinə qoyduğu ad belədir: «Nadir və nəsli kəsilmək təhlkəsində olan flora növlərinin mühafizəsi».

Bu iki kilometrlik cümlə məqalənin alt başlığı, yəni Oxucu marağını çəkmək üçün istifadə olunan vasitə deyil, birbaşa yazının başlığıdır. Ad o qədər şablondur ki, sanki Sovet dövrünün rəsmi orqanı partiya tapşırığı ilə plana uyğun təbliğat aparır. Hələ bu harasıdır?

Bu uzunluğunda başlıqdan sonra yazı belə bir yarımbaşlıqla təqdim edilir: «Planetin ekoloji vəziyyəti korlanıb».

Hörmətli Oxucu, «planetin ekoloji vəziyyətinin korlanmasından» xəbərin vardımı? Bax, təsəvvürəgəlməz dərəcədə müdrikanə bir şok xəbərlə yazıya başlamaq buna deyilir. Bu, Vüqar Səfərli məktəbinin müasir jurnalistikaya bəxş etdiyi, Allah qoymasa, örnəkdir, nümunədir, dəyərdir, meyardır…

Belə dəyərlə başlanan yazının ilk cümləsi necə olmalıdır? Təbii ki, şok yaratmalı, dizləri titrətməli, gözləri bərəltməlidir. Eləsə, ilk cümləni oxuyun:

«Müasir dünyada baş verən təbii fəlakətlər, müharibələr, sənayenin və iqtisadiyyatın inkişafı cəmiyyət üçün nüvə müharibəsi qədər təhlükəlidir».

Dedik axı, gözlər bərəlməlidir. Bərəlmədimi?

Əvvəla, Oxucuya məlum oldu ki, deməyəsən, «sənaye» «iqtisadiyyata» aid olmayan sahəymiş – yoxsa, müəllif onu ayrıca qeyd edərdimi?

İkinci, sənayenin və iqtisadiyyatın inkişafı cəmiyyət üçün nüvə müharibəsi qədər təhlükəliymiş. Təsəvvür edirsinizmi?

Ola bilsin, «ekoloji baxımdan» sözü müəllifin yadından tarrappıltıyla düşüb məqalənin növbəti cümləsinə. Yoxsa, belə fikri işlətmək müəllifin qalib adına o qədər də yaraşmır, axı.

Ona görə növbəti cümləni oxuyaq:

«Bu fəlakətlər insanların yaşayış tərzinin pisləşməsinə və məcburən yeni sahələrə köçməsinə səbəb olub».

Əslində, üslub baxımından cümlə «olur»la bitməlidir. Çünki «olub» son illərdə daha çox keçmişə aid xəbər kimi işlənir. Müəllif isə elə təzəcə dedi ki, «müasir dünyada»kı filan-filan zadlar təhlükəlidir. Bəs, niyə belə səhv gedir?

Yüz faiz korrektə səhvidir – yoxsa, hansı danə (ötən yazımızda bu sözün izahını verdik və xahiş etdik ki, «danə»ni «dana» kimi oxumayın: «danə» – bir dənə, ağıllı, müdrik adam mənasındadır, «dana» isə elə danadır; amma təkcə inək balasına «dana» demirlər, hərdən bu söz bənzətmə, metafora, istixarə kimi də işlənir) belə kobud səhv edər? Ümumiyyətlə, «Mövqe» qəzetinin korrektorunu işdən çıxarmaq yox, məhkəməyə vermək lazımdır: adam gah mayın 27-də çıxan qəzetin çap tarixini «yaddan çıxarır», amma sıra nömrəsini düzəldir; gah gül kimi yazıda bu cür səhvlə üslubun içinə zibil qoyur, yazının qalib adına ləkə gətirir və s.

Şərhimizə davam edək: elə düşünməyin ki, «bu fəlakətlər» deyəndə müəllif ilk cümlədə qeyd etdiyi «təbii fəlakət, müharibə, sənaye, iqtisadiyyat» anlayışlarını birləşdirib. Doğrudur, əvvəlcə adam çaşır, çünki ilk cümlədə adı keçən «təhlükələr» növbəti fikirdə birləşdirilməli, və yaxud ayrı-ayrı qeyd olunmaqla açımı verilməlidir. Ancaq məqalədən məlum olur ki, «sənaye və iqtisadiyyat» çoxdan gedib işinin dalıyca – müəllif həmin sözləri hələlik adam yerinə qoyub saf-çürük etməyə vaxt da sərf etmir.

Yəni Oxucu özü fəhmlə duymalı, hiss etməli, anlamalıdır ki, «bu fəlakətlər» deyəndə müəllif «təbii fəlakətlər və müharibələri» nəzərdə tutur – necə ki, münsiflər bunu duyduqlarından yazını qalib elan ediblər.

 

Təfəkkür fəlakəti

 

Yazının üçüncü cümləsinə baxın: «Həmin sahələr tədricən bərpa edilib, insanlar yenidən öz torpaqlarına qayıdıblar».

Anlamadıq, burda nə demək istəyir müəllif?  Hansı sahələr?

Yox, gərək son iki cümləni bir yerdə və təzədən oxuyaq: «Bu fəlakətlər insanların yaşayış tərzinin pisləşməsinə və məcburən yeni sahələrə köçməsinə səbəb olub. Həmin sahələr tədricən bərpa edilib, insanlar yenidən öz torpaqlarına qayıdıblar».

«Həmin sahələr» «yeni sahələrdirmi»? Yeni sahələr «tədricən bərpa olunub» və «insanlar» geri qayıdıblar?

Bəlkə müəllif «həmin sahələr» deyəndə insanların köçdüyü sahələri yox, əvvəlki yaşayış yerlərini nəzərdə tutur? Bəs, niyə «həmin sahələr» yazıb? Axı, normal jurnalist yox, ağlı başında olan və Azərbaycan dilində danışmağı bacaran normal insan təfəkkürü ilə «həmin sahələr» ifadəsi mütləq əvvəlki cümlədə xatırladılan «sahə» sözünün davamı olmalıdır?

Digər tərəfdən, «Nadir və nəsli kəsilmək təhlükəsində olan flora növlərinin mühafizəsi» adı altında dərc olunan və «Planetin ekoloji vəziyyəti korlanıb» yarımbaşlığı ilə giriş verilən yazıda bu 3 cümlənin nə iti azıb? Bu bir-birini tamamlamaq əvəzinə, bir-birinin ətini yeyən, biri Ala, o biri Qara dağdan olan fikirlərin yazıya nə dəxli var ki!

Növbəti cümlədən görəcəyik ki, müəllif məsələyə, türklər demiş,  genəl yanaşır, mövzuya bir qədər uzaqdan, köndələninə gəlir.

Eybi yox, oxumaqda davam edək:

«XIXXX əsrlərdə dünyada sivilizasiya çox böyük sürətlə inkişaf edib, Yer kürəsində yaşayış məskənlərinin sayı çoxalıb. Urbanizasiya prosesində zavod və fabriklərin sayı 100 dəfələrlə artmış, daxili və xarici ölkələr arasında əlaqələri yaxşılaşdırmaq məqsədilə dəmir, şosse yolları, biosferin nazik yerüstü təbəqəsi olan stratosferdə təyyarələrdən, okeanlarda, dənizlərdə, çaylarda gəmiçilikdən geniş istifadə edilməyə başladı».

Bir dəqiqə dayan görüm: bu nə cümlədir, bu nə fikirdir, bu nə hoqqadır? Tabesiz mürəkkəb cümlə o demək deyil ki, hər xəbər müxtəlif zamanlarda ola bilər? Belə cümlə qurmağı hansı müəllim öyrədib? Belə Azərbaycan dili olur?

«100 dəfələrlə artmış… dəmir, şosse yolları… təyyarələrdən… gəmiçilikdən istifadə edilməyə başladı» cümləsinin başı, ayağı hanı? «Artmış» feli harada tamamlanıb? «Dəmir, şosse yolları» və «təyyarələrdən» istifadə olunur?  Qatar, avtomobil və təyyarədən istifadə olunar! «Təyyarə» işlənirsə niyə «gəmi» yox, «gəmiçilik» verilir; gəmiçilik verilirsə, niyə «aviasiya» sözü işlədilmir? Və s.

«…Biosferin nazik yerüstü təbəqəsi olan stratosferdə…» fikri ilə savad nümayiş etdirən qalib yazar da «daxili və xarici ölkələr» sözünü yazar? «Daxili və xarici ölkələr» nə deməkdir, hörmətli Vüqar Səfərli? Bu yazını qalib elan edən şəxs kimi, «daxili ölkələr» deyəndə Sizin çox möhtərəm danə ağlınıza nə gəlir?

 

Tragediya davam edir

 

Yazını oxuduqca adam bilmir gülsün, uğunub getsin, ya əsəbiləşsin. Adam da cəmiyyəti, jurnalistikanı bir heç sayıb prezidentin etimadının boyunu bu cür yerə soxarmı?

Baxın növbəti cümləyə:

«Bu iqtisadi inkişaf nəticəsində antropogen amillər biosferi dəyişib, bu da planetdə ekoloji vəziyyəti korlanıb».

Yaxşı, yaxşı, bir az humanist olaq, «korlanıb» sözündəki «n»-nın «y» olduğunu qəbul edək və bunu da anası ölmüş korrektorun üstünə yıxaq. Bəs, bunun ardınca gələn cümlə?

«Xüsusən də dünyanın bütün ölkələri ilə əlaqələrin, sərhədlərin, açılması ərazilərdə yerləşdirilən hava limanları və onların yaradıcısı olan hava nəqliyyatı vasitələrinin ətraf mühitə axıtdığı tullantılar torpağın çirklənməsinə, insanların təbii fəlakətlərlə üzləşməsinə səbəb olub».

Tutaq ki, bu cümlədə də «sərhədlərin» sözündən sonrakı vergülü götürüb qoyduq «açılması» sözünün dalına, korrektor səhvini düzəltdik və «qəzetçilikdə belə yanlışlıqlar normaldır» məntiqi ilə problemi yola verdik; bəs, «əlaqələrin, sərhədlərin açılmasını» hara yozaq? Bu yazını oxuyana qədər elə bilirdik ki, əlqələr qurulur, genişlənir, inkişaf edir: sən demə, əlaqələr açılırmış!

Hələ «əlqələri açandan» sonra «ərazilərdə yerləşdirilən hava limanları»nın əlindən hansı təyyarə ilə qaçmaq lazımdır, onu bilmirəm. Bəs, «hava limanları və onların yaradıcısı olan hava nəqliyyatı»na nə don geydirək?

 

Yaşan «Qırmızı Kitab»!

 

Daha bir-iki cümlə ilə də problemi dərindən izah edən müəllif, «Məhz bu təhlükələrin aradan qaldırılması isiqamətində ekologiyanın müxtəlif bölmələrində geniş axtarışlar aparılır» – fikri bildirir və axır ki, mövzunun üstünə gəlib dərhal yazır: «Bitkilərin mühafizəsində «Qırmızı kitab»ın rolu böyükdür. Bu kitaba düşən bitkiləri dövlət mühafizə edir».

Hiss olunur ki, müəllif bayaqdan nala-mıxa döyə-döyə özünü «Qırmızı kitab»a çatdırmaq istəyir. Çünki «bitki» adını çəkən kimi (yazının mövzusu olmalı idi) qələmi sıyırıb «Qırmızı kitab»ın üstünə düşən qalib dərhal «kitab»ın dəyərini Oxucuya izah etməyə çalışır və yazır:

«Alimlər 1600-cü ildən bəri 150-dən çox vəhşi heyvan və quş nəslinin tamamilə kəsildiyini dəqiqləşdiriblər. Respublikamızın «Qırmızı kitab»ının tərtib olunması üçün 1977-ci ildə qərar verilib. Bitki və heyvanların «Qırmızı kitab»a düşməsi onların sayının azalmasının qarşısını xeyli alıb. Adı «Qırmızı kitab»a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə qorunur. Dünyada 20 minə kimi bitki növünün yığılması qadağan olunub».

Bu informativ bilgilər arasındakı əlaqələri tapan şəxsə gərəkdir ki, mükafat verilsin. Müəllifin sanki nəfəsi tıncıxır, tövşüyə-tövşüyə gah ordan, gah burdan xəbər verə-verə gedir…

Amma… Bu, onun öz yazısı deyil ki!

Vüqar Səfərlinin qalib elan etdiyi yazının bu və başqa parçaları məhz hazır materiallardır, cümlə-cümlə, abzas-abzas, orijinalda necədirsə, bax, eləcə oğurlanıb və aralarında biabırçı əlaqə qurulmasına cəhd göstərilməklə məqalə halına «salınıb». Yəni hətta belə biabırçı mətn də müəllifin əxs etdiyi biliklər deyil, çox primitivcəsinə başqa mənbələrdən götürüb yazısına atdığı cümlələrdən quraşdırılıb.

Mətnin bu və digər parçaları hardan «kopyalanıb»?

Bu oğurluğu və şərhin davamını 4-cü yazıda oxuyarsınız…

 

“X” Analitik Qrupu

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

1 şərh

  1. Təəssüf ki, Azərbaycan jurnalistikasında plagiat hal-hazırda özünə kifayət qədər yer edib. Ən “məşhurlar” belə plagiatla məşğuldu. Məsələn, Azərbaycanda 1 nömrəli internet xəbərçiliyinin daşıyıcısı hesab edilən məşhur bir saytda bu gün bir “araşdırma yazısı”na rast gəldim. Oxuyan kimi plagiat olduğunu anladım və cəmi yarım saat ərzində araşdırıb müəyyən edə bildim ki, bu yazını haradan götürüblər. Adına “araşdırma yazısı” qoyulan bu oğurluq əslində Anadolu türkcəsindən dilimizə uğursuzca uyğunlaşdırılmışdı, o qədər… Bilmədim ki, gülüm, ya ağlayım…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button