“Azadlıq Salnaməsi”ndə Zəminə Allahyarova (II sonuncu hissə): “Onlara “Akademik Ətalət Qrupu!” deyirdim”-VİDEO

 “Heydər Əliyev Beycana oğlum deyirdi”-VİDEO

 

 

Zəminə Allahyarova: “Mən birdən-birə 38-40 yaşından 60 yaşına gəldim”

Naxçıvanın keçmiş Baş naziri, Milli Azadlıq Hərəkatının önəmli simalarından biri Beycan Fərzəliyevlə müsahibəni danışan və qərarlaşdıran kimi, Zəminə xanımla – Beycan bəyin həyat yoldaşı ilə müsahibə götürmək imkanlarının olub-olmadığını da araşdırdım. Soruşdum, imkan olarsa, elə onunla da “Azadlıq Salnaməsi”ndə söhbətləşmək istədiyimi dedim. Dostlar sağ olsunlar, danışdıq, qərarlaşdırdıq və Zəminə xanımla müsahibə götürmək məsələsini həll edə bildik. Təbii ki, 25 il Azərbaycan mətbuatına danışmayan Beycan bəy qədər Zəminə xanım da danışmamışdı və deyəsən, Zəminə xanımın ümumiyyətlə, bu çapda müsahibəsi olmamışdı. Ona görə də mən Beycan Fərzəliyev qədər Zəminə xanım Allahyarova ilə də müsahibəyə hazırlaşdım. Həyat yoldaşı olmaqlarına baxmayaraq, fərqli adamlar kimi fərqli baxışlara sahibdirlər həm də…

“Hər bir başarılı kişinin arxasında bir başarılı qadın var” kəlamı bir çox hallarda həqiqətdir. Beycan bəylə Zəminə xanımda da belədir. Araşdırmalarımın, götürdüyüm müsahibələrin və danışdığım hərəkat adamlarının əksəriyyətində belə düşüncələr var ki, Zəminə xanım Beycan bəyin başarılarında əsas yükü daşıyan adamdır. Bunun şahidi də oldum. Səviyyəli, elitar bir münasibət var aralarında. Ümumiyyətlə, ailədaxili münasibətlər sistemi xoş təsir bağışladı. Bir neçə dəfə Beycan bəyin oğlu İbrahimlə telefon danışığının şahidi oldum. Sakitcə qulaq asan İbrahim hər zamankı təmkinlə “Əmr et, Ata”, “Əmrin olur, Ata” deyə cavab verir, amma öz düşündüklərini də aramla söyləyə bilirdi. Tam Türk hərb sisteminin gərəkləri kimi. Hər hallarından Türk hərb sisteminin bir parçasına çevriliblər artıq İbrahimoğlular ailəsi. Zəminə xanım isə bu hərb sisteminin başında, təbəssümlü və gülərüzlü siması ilə eyni missiyanı daşımaqdadır – 25-30 il bundan əvvəl olduğu kimi…

Prezidentlərin qarşısına çay gətirən, prezidentlərə yemək verən bir qadın kimi görür, tanıyırdım. Eşitdiklərimdən belə çıxırdı. Təbii ki, söhbət fəaliyyətdə olan ölkə prezidentlərindən getmir. Söhbət gələcəkdə Azərbaycana hökm edəcək, onun taleyini dəyişdirəcək gələcək prezident Əbülfəz Elçibəydən, SSRİ-nin qüdrətli şəxslərindən olan və Azərbaycana qayıdıb onun tarixini və simasını büsbütün dəyişdirəcək Heydər Əliyevdən gedir. Bu iki tarixi şəxsiyyətlə bir dəfə görüşmək belə tarix hesab edilərkən, Zəminə xanım onlara saysız dərəcədə çay-çörək gətirib. Bununla da yetinməyib tarix – Zəminə xanım həm də gələcək prezidentlərin belə demək mümkündürsə, sirr yoldaşı, dərd ortağı olub. Onlar şikayətlərini ona ediblər, dərdlərini ona danışıblar, onunla məsləhətləşiblər, bəzən aldıqları qərarda onun məsləhətlərinin təsiri olub. Onlar barədə də danışdıq təbii ki…

Tam açılmadı məncə, tam geniş danışa bilmədik məncə, amma Zəminə xanımın bu müsahibəsi bilmədiyimiz maraqlı məqamları anladır. Zəminə xanım Beycan bəyin müsahibəsinə canlı-canlı diqqətlə qulaq asır, kənardan bəzi hərəkət müdaxilələri edir, bəzən bizi hizaya gətirirdi. Eyni şeyi də Beycan bəy etdi. Biz Zəminə xanımla müsahibəyə oturanda Beycan bəy də kənardan müsahibəni seyr etməyə və bəzi hərəkət müdaxilələri etməyə cəhd etdi. Normal idi təbii ki. 25 ildən sonra 25 il əvvəlin xatirələri canlanır. Bəzən bəzi xatirələr belə olduğu kimi danışılmaz, amma danışılan da səmimi danışıldı. Ən azı, mən özüm Zəminə xanımı daha yaxından gördüm, müşahidə etdim, dinlədim.

Beycan bəylə müsahibənin giriş hissəsində də yazmışdım. Mənim Ankarada təhsil aldığım illərdə və fəaliyyətimin qaynar olduğu dönəmlərdə Beycan bəylə olduğu kimi Zəminə xanımla da görüşə bilmədik. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri vardı, o haqda da danışdıq. Səbəblər və səbəbkarlar haqqında da sözarası müzakirə etdik, amma mənim anladığım bir şey oldu. Bəzən vaxtında tanışmalar və vaxtında qarşılaşmalar bir çox hadisələrin axarını dəyişdirə bilir. Müsahibə gedə-gedə o haqda düşünürdüm – zamanında tanışlıq bəlkə də çox fərqli və möhtəşəm işlərin başlanğıcı ola bilərdi. Görünür, Tanrı səbəbləri və səbəbkarları da ortaya çıxaranda, hər şeyi düşünür. İndi də belədir. Zəminə xanım, illərdir Azərbaycanda deyil, amma olayları çox yaxşı xatırlayır. Səbəbə və səbəbkarlara baxmayaraq…

Zarafat deyil, olmamalıdır. Milli Azadlıq Hərəkatının ən qızğın günlərində Beycan bəyin evi hərəkatçıların qonaqlama, məsləhətləşmə, toplanma yeri olub. Beycan bəy kişidir, anlaşılandır hər hərəkəti, amma Zəminə xanımın bir qadın kimi bu boyda fədaklarlığı necə etdiyi maraqlıdır. Hamının qarşısına çay qoymaq, çörək gətirmək, dərdini dinləmək, sirrinə şərik olmaq, evi saxlamaq, təmizləmək – və daha nələr, nələr edib bu qadın. Bir dəfə yorulduğunu, uf dediyini də görən, danışan, xatırlayan olmayıb. Və bütün bunlardan sonra onun evinin qonaqları gəlib Azərbaycanın hakimi olublar. Hamısı vəzifələrdə təmsil olunublar, prezident olublar, hətta onu da Beycan Fərzəliyev kimi hansısa vəzifələrə dəvət ediblər. Amma Zəminə xanım qəbul etməyib. Başqaları qəbul ediblər, müxtəlif vəzifələrdə olublar, müxtəlif işlər görüblər, amma Zəminə xanım heç bir yerdə təmsil olunmayıb və AXC hakimiyyəti çevrilən kimi də çıxıb ölkədən gedib. Bir daha da Beycan Fərzəliyev kimi qayıtmayıb. Heç bir zaman da Azərbaycan mətbuatına danışmayıb. Vəssalam.

Səmimi, sadə, gözəl insandır. Bir neçə gün bir yerdə olduq, evlərinə qonaq getdik, birgə qəlyanaltı etdik, qızının gözəl balasının ad günü münasibətilə Ankaranın gözəl səmtlərinin birində piknikə getdik. Onun necə canıyananlıq və səmimiliklə davranışını görəndə illər öncəni gözlərinin önünə gətirməyə bilmirsən. Bizə, indi belədirsə, gör illər bundan əvvəl millətin möhtəşəm və əzəmətli günlərində millətin gələcək vəd edən gənclərinə, böyüklərinə necə olub. Tanrı bu böyük millətin uğrunda etdiklərinə görə onun əvəzini versin və millətimizin balalarına halal olsun. Hansı ki, müsahibənin sonunda “bu müsahibəyə ona görə razılıq verdim ki, hamıya halallıq vermək istədim” dedi və hamımızı kövrəltdi.

Halalınız olsun, Zəminə xanım! Haqqınızı Siz də halal edin!

Hə, 19-cu qonağımız – “Azadlıq Salnaməsi”nin bu duyğusal qonağı Zəminə Allahyarovadır. Onunla Ankarada görüşdük. 25 ildən sonra Azərbaycana bunları söylədi…

Əvəz Zeynallı,

“Azadlıq Salnaməsi”

 

I hissəni buradan oxuya bilərsiniz:

https://www.xural.com/z%C9%99min%C9%99-allahyarova-azadliq-salnam%C9%99sind%C9%99-i-hiss%C9%99-heyd%C9%99r-b%C9%99y-d%C9%99-%C9%99bulf%C9%99z-b%C9%99y-d%C9%99-cox-maraqli-h%C9%99msohb%C9%99t-idil%C9%99r/ (Zəminə Allahyarova “Azadlıq Salnaməsi”ndə (I hissə): “Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO)

 

II sonuncu hissə

 

20 qoyuna 1 erməni dəyişdirdik

 

– Hətta Beycan bəydən sizə şikayət eləyirmiş…

– Yox, o zarafat idi. (Gülür…)

– Yarızarafat, yarıciddi…

– Dedim, Beycan bəy söz xəsisidir.

– Amma Beycan bəy də…

– Danışa bilməz… Beycan bəyə doğrudan “oğlum” deyirdi.

– Beycan bəyə də “oğlum” deyib…

– Beycan bəyə “oğlum” deyirdi.

– Beycan bəy də yerində duran adam olmayıb. Hansı deputatlasa…

– Bu, zatən yazılmış, çizilmiş bir şey idi. Deməli, hadisənin kökü belədir. Ermənistandan gəlib Sədərəkdən sürüləri götürüb, aparmışdılar. Naxçıvanın enerjisi yox…

– Ermənilər gəlib qoyun sürülərini aparmışdılar?

– Hə, ermənilər aparmışdılar. Naxçıvanın yeyəcək çörəyi yox. Hər tərəfdən qapalı. Və Beycan bəyin praktikalılığı bu məsələyə də bir çözüm tapdı. Bilirsiniz, orada Cəbhənin də uşaqları var idi. Onlara dedi ki, “gedin, haradan tapırsınız tapın, 5-6 erməni tutub gətirin”. Tapıb gətirdilər. Dedi ki, indi bunları qoyunlarla dəyişirik – bizim öz 20 qoyunumuza, sizin 1 adamınızı dəyişirik.

– Çox maraqlıdır.

– İndi o məsələyə baxanda çox da siyasi, şıq görünmür. Amma özünüzü o dövrdə qoyun, başqa necə eləmək olardı?

– Çox maraqlı bir şeydir. Yəni deyib ki, aparılan qoyunlarımızı geri qaytarın. Onun yerinə bir ermənini geri veririk?

– Hə.

 

Naxçıvanda rus deputatı necə ifşa olundu?

– Sonra da 1 qoyuna 1 erməni dəyişdirib?

– Yox, canım. Erməni o qədər də dəyərsiz deyil. 1 ermənini 20 qoyuna dəyişdi. O zaman Şabat vardı, yazardı, pozardı. Belə bir fərziyyə də var idi ki, anası ermənidir bunun. “Правда” qəzeti, “Комсомольская правда” qəzetində Beycan bəyin əleyhinə onun məqalələri dərc olunurdu.

– Rus Dumasının deputatı Şabat?

– Hə. Yazırdılar. Sonra Şabat və SSRİ Ali Sovetinin bir qadın deputatı – ismini xatırlamıram – və daha bir adam Ermənistana gəlib aclıq elan eləmişdilər. Yenə deyirəm, Beycan bəy nəzəriyyəçi deyil, çox praktik zəkalı bir adamdır. Aradı, bir yol tapdı. Telefon açdı və onlara dedi ki, “siz gəlin, Naxçıvanda da aclığınızı davam elətdirin, birtərəfli mövqe tutmayın. Həm də danışaq görək, axı biz niyə belə eləyirik, siz niyə aclıq elan etmisiniz? Buna bir qərar verək”. Onlar da qəbul elədilər, gəldilər, oturdular. Görünür, Beycan bəy bunlara siqaret çəkmək təklif eləyib, onlar da qəbul eləyiblər. O zaman Beycan müəllim Aydın Kərimovu – sonralar Ədliyyə nazirinin müavini oldu – axtarıb tapdırdı, iki komissiya – o zamanlar əsgəri “leçkomissiya” var idi, bir də Naxçıvanda olan mülki vətəndaşlardan ibarət bir komissiya təşkil elətdirdi. Ona qədər də bunları ordan-burdan oyalayıb. Nə isə, o iki komissiyanın üzvləri gələndə, Beycan müəllim deyib ki, “siz haqlısınız, ola bilər ki, etirazınız olsun, amma sizin aclığınızı təsbit eləmək üçün bir tibbi komissiya lazımdır. Birtərəfli olmasın deyə, həm ruslardan ibarət bir əsgəri komissiya və bir də mülki komissiya.” Bu komissiyaların ikisi də bunları analiz ediblər və görüblər ki, bunlar nəinki aclıq eləməyiblər, hətta konyak-filan da içiblər.

– Araq da içiblər?

– Hə. Hər iki komissiya imza atandan və qərar verəndən sonra Beycan bəy özünəməxsus bir üsulla Şabatı oradan çıxarıb. Deyib ki, “rədd ol, buradan”. Onun katibəsi telefon açdı. Dedi ki, “Beycan bəy qadının qolundan tutdu, “mən sənə bir şey eləmərəm, sən də dur burdan get!” dedi”. (Gülür…)

– Hə, yəni o məsələ də belə yoluna qoyulub…

– Hə. Əgər tarixlə maraqlanırsınıza, diqqət edin. Ondan sonra Şabatın səsi-küyü çıxmadı. Həmin dəqiqə də komissiyanın qərarını Yeltsinə göndərmişdi. Axşam rəhmətlik Heydər bəy bizə gəlmişdi.

 

Heydər Əliyev çox narahat idi, axşam bizə gəldi…

– Həmin axşam?

– Həmin axşam. Çox nigarançılıq çəkirdi. Onun nigarançılığını anlamaq da mümkün idi. O sistemdə çalışmışdı və nələr edilə biləcəyini gözəl bilirdi. Amma Beycan bəy o sistemdə çalışmadığı üçün, həm də bir az cavan və gözüqara olduğu üçün onu sakitləşdirdi və “sən qorxma”, dedi, “mən Yeltsinə bütün sənədləri göndərdim”.

– Yəni bunun qarşılığında Rusiyanın nəsə eləyəcəyindən narahat olmuşdu?

– Hə, narahat olmuşdu. Həqiqətən də elə idi. Bunun deputatını qapından qovursan. Onları qovanda maşının arxasını açdılar ki, nə qədər kolbasalar, içkilər, daha nələr yoxdur.

– Aclıq elan edənlərin?

– Hə. Onları Cəbhəçilər eləcə də sərhəddin o tərəfinə tolazladılar. Bizdə belə bir söz var. Deyərlər ki, “Hərcayi sözün mərcayi də cavabı olar”. O məqsədlə qalxıb gəlib o tələbləri eləyən adamı, ancaq elə yola salarlar.

– Elə gözüqara olmasaydılar, rus ordusunu Azərbaycandan çıxarmaq mümkün idimi?

– O da bir başqa söhbətdir.

 

“Akademik Ətalət Qrupu” adını qoymuşdum onlara…

– İstərdim ki, Türkiyə həyatınızdan danışasınız.

– Türkiyə həyatımızdan nə danışaq? Beycan bəy… O zamanlar Cəbhəçilər bizim evə toplananda Beycan bəy o evə ən son gələn və ən erkən gedən insanlardan idi. Onların hamısı nəzəriyyəçi idi. Hətta mən onlara zarafatla ad da qoymuşdum.

– Deyin, deyin.

– “Akademik Ətalət Qrupu”.

 – Maraqlı bir şeydir.

– Niyə?

– “Akademik Ətalət Qrupu” sizə ilk gələn o qrupu adlandırmısınız?

– Hə. Niyə demişdim? Çünki doğrudan da onların hamısı nəzəriyyə ilə məşğul idilər. Yəni bunlar Akademiyada çalışa-çalışa yazmaq, pozmaq, bəyanat verməklə məşğul idilər.

– Yəni real həyatdan bir qədər uzaqda idilər?

– Hə. Onlar da yaxşı şeylərdir, amma onları realizə etmək üçün də arxanda güc lazımdır. Sən o gücü qaçırarsansa, nəzəriyyələrin ancaq kağız üzərində qalar. Bu artıq fəaliyyət olmaz. Beycan bəy eksperimentatordur. Təcrübəçi idi. O zaman onlar oturub iclas eləyəndə Beycan bəy gedib Politexnik İnstitutunun zirzəmisində, “podval”ında, “bodrum”unda, – adına nə istəyirsinizsə, onu da deyin – günlərlə, gecələrlə eksperiment qoyurdu. Elmi işini yazırdı.

– Zəminə xanım, hərəkat yarana-yarana paralel olaraq Beycan bəy də hər zaman laboratoriyada işləyib, eləmi?

– Təbii, təbii.

– Yəni elmi işini də heç bir zaman əldən qoymayıb?

– Təbii. Onlara heç yansıtmayıb da ki, mən gedib laboratoriyada gözümün qarasını töküb işləyirəm. O qədər rahat, maşında oturub, geyimli-keçimli gəlirdi ki, Allah bilir fikirləşirlərmiş ki, hara getdi, haradan gəldi? Daha demirlər ki, nə qədər çalışır o.

– “Akademik Ətalət Qrupu” da gəldi ölkəni ətalətə apardı eləmi?

– Yox, ona elə deməyək. Onların hər birisinin… Bir şey deyim sizə. Mən ümumiləşdirməyi sevmirəm. Onların hər birisinin özünün çox dəyərli tərəfi də var idi. Amma çatmayan tərəfi də var idi. Biz özümüz özümüzü yaratmış kişilər deyilik ki, özümüzə də cavabdeh olaq. Hər birinin iç niyyəti var idi, çöl niyyəti var idi. Hər birinin insanlara yanaşma şəkili var idi. Dediyim kimi, mən sadəcə müşahidəçi idim.

– Belə çıxır ki, müşahidəçi olmağı da özünüz istəmisiniz?

– Mən istəmişəm, təbii…

Niyə 25-26 ildir nə həyat yoldaşım, nə özüm bir adam haqqında bir kəlmə də olsa danışmamışıq?

– Yoxsa, sizə nə qadağa var idi, istəsəydiniz iştirakçısı da ola bilərdiniz.

– Mən evimə gələn insanlara qarşı bir maraq hiss edirdim. Baxın, siz mənimlə müsahibə almağa gəlmisiniz. Düşünürsünüzmü ki, niyə bu müsahibəni qəbul elədim? Niyə 25-26 ildir nə həyat yoldaşım, nə özüm bir adam haqqında bir kəlmə də olsa danışmamışıq? Demək ki, mən incələyərək, müşahidə eləyərək, bir şeylər gördüm ki, buna razılıq verdim. Mən evimə gələn adamların kimdir, nəçidir, nə niyyətlə gəldiyini bilməyim gərəkirdi, ya yox?

– Təbii ki…

– O qədər də bəsit deyildi ki, kimsə gəldi yedi-getdi, mən onu görmədim. Türklər deməli, “Pək ala” hamısını da görürdüm.

– O MTN-nin göndərdiyi adama nə demişdiniz?

– O da bir zarafat idi.

– “Ye-get, amma bir də gəlmə?”

– Mitinqdən sonra hamı gəlirdi bizə. Sağ olsunlar. Bir azca da uğur məsələsi var idi. Hamı gəlib oturandan sonra bizim bir Cəbhə yeməyimiz var idi. Yəqin ki, uşaqlar sizinlə danışanda bu haqda da deyərlər. Qocaman bir tavamız var idi, qoyurduq qazın üstünə. Evimizdə nə vardısa, Allah verəndən tökürdük içinə. Bişirdi, olurdu Cəbhə yeməyi. Ortalığa qoyurduq, hər kəs çörəyini götürüb, cumurdu ora. Vallah, bizim evimiz qəribə bir evdir. Bəlkə görərsiniz, görmüsünüz. Buz dolabının yanında da qocaman bir çörək qazanı var idi. Biri oturub orada. Soyuducu açıqdır, içində də bir böyük kasa şordan başqa heç nə yoxdur. Amma bu uşaq o çörəkdən kəsir, bu şordan üstünə sürtüb, bir ləzzətlə yeyir ki… Qıvırcıq-qıvırcıq da saçları var idi, heç yadımdan çıxmaz. Gördüm ki, bu uşağı heç tanımıram. Soruşdum kiminlə gəlmisən? Ağzı dolu olduğundan “mmm….”, deyə bir şey elədi. O zaman da Etibar Məmmədov Tətil Komissiyasının sədri idi. Dedim ki, “ay Etibar, o çörək yeyən səninlə gəlib?” Dedi, yox. Kimdən soruşdum heç kəs onu boynuna götürmədi. Gəlib, bir də soruşdum ki, “sən kiminlə gəlmisən?” Ora-bura baxdı, sonra da üzümə baxdı. Dedim, “anladım oğlum, halal xoşun olsun, ye, amma bir də gəlmə!”

– Bizim bu DTK işçiləri də çox maraqlı olublar. Sonra gəlmədi, eləmi? Yəni heç görmədiniz?

– Yox, gəlmədi. Görmədim.

– Zəminə xanım, bilirəm ki, sizdə peşimançılıq hissi olmaz, amma yenə də o illərə qayıdanda nəyisə “başqa cür etmək olardı”, kimi fikirlərə düşünürsünüzmü?

– Desəm ki, düşünmürəm, inanarsınız? Təbii ki, düşünürəm. Amma hər şeydən çox… Cəbhənin uşaqlarının hamısını bir-bir xatırlayıram. Hamısı haqqında danışmayacam. Bir Tahiri deyəcəm.

– Tahir Məmmədov?

– Sürət Hüseynovla gedəndə Gəncədə vurulub öldürüldü.

– Milli Qvardiyanın komandiri, gədəbəyli balası.

– Necə düşünməzsən ki, onları? Mənim düşüncələrim böyük bir gəlişim deyil. Kaş ki, onun ora gedib öldürülməsinin şəraitinimi deyim, o günü gəlməsinimi deyim, nə deyim? Gərək bunu eləyən insanlar düşünə ki, hər verilən qərar haqqında ciddi düşünməsən, arxasında belə bir ölüm var.

Mən sadəcə içimə ağlayanam

– Bəli.

 – Mənim indi düşünməm çox az şeyi ifadə eləyir. Mən sadəcə içimə ağlayanam.

– Eşq olsun, Bir Azərbaycan qadınının hərəkat dövründə bu qədər ürəklə fədakarlıqlar eləməsi, heç də elə-belə şey deyil. O qədər qulluqlarında dayanmısınız, yedirdib içirdibsiniz…

– Halal xoşları olsun. Qadının borcudur o.

– Elə adam var ki, 2-3 dəfə qarşına çay gətirəndə etiraz eləyir, amma siz o qədər fədakarlıqlar eləmisiniz, bu gün də çəkdiyiniz əziyyətə görə peşman deyilsiniz. Hər şeyi də yoruldum demədən eləmisiniz.

– Vallah, heç yorulduğumu xatırlamıram. Mənim üçün inanılmaz bir şey idi. Düşünürsən ki, bu qədər insan karyerasından keçib, sabah başına gələcəklərdən keçib…

– Hər halda tarixdir. Bəlkə də o evi yaxın tariximizin muzeyi də eləmək olar. Doğrudan da… Kimlər gəlib, kimlər gedib. Hər kəs ora gəlib gedibmi?

– Hər kəs.

– İsgəndər Həmidovdan Zərdüşt Əlizadəyə qədər…

– Hamısı, hamısı…

– Etibar Məmmədov…

– Təbii, canım.

– Tahirgil gəlibsə, deməli, Köçərigil də o evdə olublar.

– Təbii.

– Çox maraqlı bir şeydir.

– Gəl, belə eləyək. Sən bu haqda məndən yox, onlardan soruş.

 

Əgər Beycan müəllim o yolu tutmasaydı…

 

– Hə, onlardan da soruşaram. Çünki o ev məsələsi mənim üçün də maraqlı oldu. Çünki sizdən əvvəlki müsahiblərimizdə də hər dəfə deyirdilər ki, “Filan qərarı Beycangildə aldıq”. Bu qərarlarda sizin də müəyyən qədər rolunuz var.

– Bilirsinizmi, qəribə olan bir şey də var. Bayaq dediyim kimi, o, mənim özəlliyim deyildi. Mənim qarşımda duran adamın məni qoruya biləcək, məni təsdiqləyə biləcək qabiliyyətidir. Əgər Beycan müəllim o yolu tutmasaydı, mən o qədər irəli gedə bilməzdim.

– Çox adam da deyir ki, “əgər Zəminə xanım olmasaydı, Beycan bəy də indiki kimi olmazdı…”

– O da onların seçimidir. Amma sizə bir şeyi də deyim. Onlar o evə niyə gəlirdilər? Quldurluq eləməyə gəlmirdilər, yol kəsməyə gəlmirdilər. Mən deyə bilmərəm ki, iç niyyətlərində, ay hakimiyyətə gələcəklər, ay bunu edəcəklər, deyə fikirləşiblər. O yollarda o qədər yanlışlıqlar oldu ki, saymaqla qurtarmaq olmaz. Mənim birdən-birə analıq yaşım böyüdü. Mən birdən-birə 38-40 yaşından 60 yaşına gəldim. Mən birdən-birə qadın kimi geyinməyi buraxdım. 60 yaşlı qadının geyindiklərini geyinməyə başladım ki, onlar qorxmadan, çəkinmədən mənə ana deyə bilsinlər. Siz necə düşünürsünüz? Mən həm ana olub, həm də bir karyerist, ay nə bilim, daha nə olmağım haqqında düşünə bilərdimmi?

– Uzlaşmazdı, hə. Uzlaşmazdı.

– Yaraşardımı? Yaraşmazdı.

– İndi nə işlərlə məşğulsunuz? Beycan bəy yenə də…

– Təcrübələrini aparır…

Beynini niyə özünlə qəbirə aparasan ki, əgər içində bir şey varsa…

– Amma indi, maşallah, bütün təcrübələrin sahəsi də, istiqaməti də dəyişib. Hər şey tam fərqli istiqamətdə inkişaf edir. İndi də, maşallah, üzü Nobelə tərəf gedirsiniz.

– Belə deyim sizə. Məni o şeylər o qədər az maraqlandırır ki… Mənim fikrimcə, bir insan iki paltarı üst-üstə geyinə bilməz. Birini geyinər. Toxkən ikinci dəfə yemək yeyərsə xəstə olar. Bir dəfə yemək yeyə bilir. Bizim bir parça yeməyə çörəyimiz var. Bizi utandırmayan, məhcub eləməyən, başımızı dik tuta bilən övladlarımız var. Allah hamının balasını qorusun, bizimkiləri də. Mənim həyat yoldaşım, hələ bu yaşında da dişi ilə, dırnağı ilə – ehtiyacdan deyil, missiya olaraq  çalışır. Gedib bir şeylər yaratmağa, bir şeylər düzəltməyə çalışır. Bizdə bir məsəl var, deyərlər ki, “40-da öyrənən gorunda çalar”. Biz bu yaşından sonra, tutalım ki, nə qazandıqsa da qazandıq, nəyə yarayar ki? Bizim uşaqlarımız heç bir vaxt bizim əlimizə baxmayıblar. Şükür Allaha, özləri öz çörəklərini qazanacaq qabiliyyətdədirlər. Yəni bizimki bir yaşam savaşı deyil. Biz artıq elədiyimiz işlərdən ləzzət almaq, bir xeyir vermək yaşındayıq. Beynini niyə özünlə qəbirə aparasan ki, əgər içində bir şey varsa… Bu qədər bəsitdir bu iş. Doğrudur, ilk gələndə çox əziyyət çəkdik. Allah qürbəti heç kəsə qismət eləməsin. Biz kimsənin qapısını çalmadıq. Kimsədən kömək istəmədik. Yəni mən bunu sizin qarşınızda və idrak da edirəm ki, 100 min həmvətənimin qarşısında deyirəm. Əgər onun əksini düşünən varsa, cavablamağa hazıram.

– Amma o çətin illər də mənim yadımdadır. Tələbəlik illərimdə. Yenə də gələn sizin evə gəlirdi. Yenə də qapını insanların üzünə siz açırdınız.

– Sizə bir şey deyim, yenə güləcəksiniz. Mənim uşaqlarım 1 toyuğu bir həftə bişirdiyimi anlamadıqları zamanlar olub. Mən bir az da öyünüm. Bu barədə bir az da qabiliyyətliyəm (Gülür…). Şükür Allaha. Heç o korluğu ailəm çəkməyib. Müəllim bilib, mən bilmişəm. Amma yavaş-yavaş, yavaş-yavaş o da haqq elədiyi yeri tapıb. Bura Azərbaycan deyil, deyəsən ki, nəyisə nə iləsə aldım. Burada bir genel başkanın qardaşı qarovulçu işləyir və onlar maddi cəhətdən bir-birilərinin malına qarışmaya bilirlər. Bura elə bir yerdir.

– Almanlar kimidirlər.

– Yox, onları da özləri bilərlər. Amma sənə inanmasalar, güvənməsələr, sənin işinin bir sonunu, nəticəsini görməsələr, sənə nə o hörməti eləyərlər, nə o etibarı eləyərlər, nə də səni o qədər sayarlar. Bu qədər bəsitdir.

– Bir xatırlatma verim. Bayaq dediniz ki, müsahibənin sonunda niyə danışdığımı deyəcəm.

– Müsahibənin sonuna gəldiksə, danışım.

 

Allahım, onlar inanclı deyillər…

– Bəli.

– Biz bir hərəkata başladıq. Allahın mənə böyük inayəti idi ki və mən də elə bir ailədə idim ki, o hərəkatın yuvası halına gəldik. Mən ancaq minnətdar ola bilərəm. Mən sabah durub deyə bilmərəm ki, torpağım gedirdi, mən heç nə eləyə bilmədim. Ən azından onu eləyə bildim. Mən çörəyini həmişə halallıqla qazanan bir kişinin arvadıyam. Bunun üçün də başımı dik tutub, gəzə bilərəm. Əksini düşünən varsa, versin sualını, cavabını alsın. Amma mənim gözümün qabağında insanların içindən əcaib, gözləmədiyim şeylər çıxmağa başladı. Mirzə Ələkbər Sabirin məlum şeiri var: “Çırmanırıq keçməyə, çay gəlməmiş…” Elə şeylər çıxmağa başladı. Hələ formalaşmamış bir qurumda bir-birilərinə olmazın şeylər deməyə, kiçik hissləri qabarmağa başladılar. Parçalanmağa başladılar. Mən bunu sizə heç nə ilə izah edə bilmərəm. Bu, çox böyük bir şey idi. Allah kimsəyə elə bir şey göstərməsin. Bir ananın övladının can çəkişməsini görməsi kimi bir şeydi. Mənim içimi elə yaraladı. Onu kiminsə üzərinə atmaq istəmirəm… Bu, şəxslər məsələsi deyildi. Bu, toplum məsələsi idi. Bu, cəmiyyət məsələsi idi. Heç kəs özünü başqasının yerinə qoyub, “mən onun yerinə olsaydım, nə edərdim”, sualını özünə vermədi. Toya gedirsiniz. Gözünüzün qabağına gətirin, toyun sonunda bir qalabalıq olur. Hamı oynayır, harmonik heç nə yoxdur. İçiblərmi, kefləri kökdürmü, yorulublarmı, bilə bilməzsən. Hər kəs öz içində oynayır. Və mən o toya düşünün ki, haradansa uzaq bir nöqtədən baxıram ki, Allahım… Mənə bir kitab vermişdilər, onun epiqrafında Yuri Suçikin bir sözü vardı, o söz həmişə məni yandırardı. Mən onu azərbaycancaya doğru-düzgün də tərcümə edə bilmədim: “Боже они не верует.”

– Onlar inanmırlar?

– İnanmırlar, yox. “не верят”, yox “не верует”.

– İnanclı deyillər.

– İçinin inancını qeyb etmək kimi bir şeydir. Mən o zaman başa düşdüm ki, həyatda tamaşaçı olmaqdan ağır bir missiya yoxdur.

– Belə başa düşürəm ki, sizi incidən məqamlar çoxdur.

– Yox, niyə incitsin ki? Bu da mənim həyatım idi. İncitmədi. Bayaq dediyim kimi, böyük bir işlə uğraşan bir adamın, torpağını qurtarmağa cəhd eləyən bir adamın, dövlətinin, millətinin taleyini həll etməyə qalxan bir adamın, “evinə bomba atdırıb ki, nüfuzu yüksəlsin”, demək sizcə nə deməkdir? İncitməz kimisə?

Evimə bomba atan adamı aylarca gözümün qabağında yedirdib içirtdim

– İncidər, təbii ki…

– Mən o sözə incimədim, o adama incidim. Necə yaşaya bilirsən bu dünyada? Əgər onu düşünə bilirsənsə… Mən evimə bomba atan adamı… – axırda müəllim dedi ki, “bunu mənim gözümün qabağından rədd elə” – o hadisədən sonra da aylarca gözümün qabağında yedirdib içirtdim.

– O sözü dedi, sizə gəldi?

– Yox, o sözü deyəni yox. Deyən zatən gəlib-gedirdi. Bombanı atan adamı…

– Aaa…

– Vallah.

– Maraqlı bir şeydir. Yəni bilirsiniz ki, evinizə bomba atmağı bu adam təşkil edib, yenə də evinizdə qəbul etmisiniz?

– Gəlmirdi. Yoldaşlarından xahiş elədim. Cavan uşaq idi. İsrar etdim ki, “filan uşaq niyə bizə gəlmir, gəlsin-getsin”. Gətirdilər. Sonunda bilirsinizmi, nə dedi? Sonralar onun üzərində istintaq işi də apardılar. Məhkəmə qərarı da var ki, bu işi “KQB” edib. Kimə elətdirib, necə elətdirib? Biz bomba atılan evdə yatırdıq, bir gün əvvəl başqa evə daşındıq. Dedim ki, bombanı bizim üstümüzə atmaq idi məqsəd? Uşaq partladı ki, “nə bilirsən, o uşaq bilmirdi ki, siz o evə daşınmısınız?”

– Hə. Yəni bilə-bilə ki, başqa evə daşınmısınız, o evə atıblar bombanı?

– Hə. Yəni, “mən məcbur idim o bombanı atmağa, amma bilirdim ki, həmin gün orada yatmamısınız, ona görə atdım”.  Ölübsə, Allah qəni-qəni rəhmət eləsin, yaşayırsa, Allah günahlarını bağışlasın. Müəllim, bağışlayan olmaq çox önəmli bir şeydir. Oturub indi fikirləşirsən, çoxmu böyük adamlar idilər? Yox. Hərdən yazığım da gəlir.

– Ankarada azərbaycanlılar çoxdur, heç əlaqə saxlayırsınızmı?

– Vallah, əlaqə saxlamaq istəyənlərə başımın-gözümün üstündə yeri var. Saxlamaq istəməyəni də zorlamaq olmaz.

– Amma təşkilatlı formada deyilsiniz?

– Yox, yox, yox.. Mən təşkilatlardan qorxuram artıq. (Gülür…)

– Bir sözünüz varmı? Azərbaycana nə demək istərdiniz?

– Müsahibəni niyə qəbul elədim, onu demək istəyirəm.

– Buyurun.

– Bir sizdən eşitməmişəm. Mən də çox adamdan eşitmişəm ki, Beycan bəyin evi, Zəminə xanım, filan hadisə, filan məsələ… Əgər 25 il bunu unutmadan təkrarlayırlarsa, bu da onların içindəki çox pozitiv bir ruhun, insanlığın nəticəsidir. Özlərinin iç günahlarını bir yerə tökmək üçün bəzi şeyləri deyib xatırlayırlarsa, Allah onları bağışlasın. Çünki insan özünü müdafiə eləmək üçün, əvvəlcə öz içində aldadır və aldanır. Kimisə aldada bilmir. Kiminsə tərəfindən aldanmır.

 

Mən bu müsahibəni halallaşmaq üçün istədim

 

– Yəni hər kəs özünə edir. Aldadırsa da özünü aldadır, aldanırsa da özünə aldanır.

– Hər kəs öz daxilində ölür. Əgər bir şeyə fikir vermisinizsə, insan qocaldıqca onun beynindəki neqativ şeylər silinməyə başlayır. Özünü haqlı göstərmək niyyəti, onu silməyə başlayır. Bir adamın 50 dəfə ona verdiyi çörəyi unudur, amma bir dəfə verib, ya verməyib özünün başqasına verdiyi bir tikə çörək böyüyür və onu heç vaxt unutmur. Mən bunun fərqinə vardığım üçün çalışıram ki, bu məsələlərə çox girməyim. Əgər öz günahlarını başqalarının üzərinə yıxıb, özünü hüzurda hiss eləmək istəyirsə, mən bunu bilirsiniz, ən özünü lider sayanlardan tutmuş, bu hərəkatda az-çox fəaliyyəti olanlara da deyirəm. Ümumiyyətlə, xalqa deyirəm. Allah onları bağışlasın ki, başqalarını günahkar tutmaq üçün uydurmalar qoşmasınlar. İnsanın o zaman hüzuru da olmaz.

Mən bu müsahibəni halallaşmaq üçün istədim. (Kövrəlir…) Evimə gələn-gedənin niyyəti nə olursa-olsun, mən ilahi ədalətə həqiqətən də çox inanan adamam. Mən qatı dindar deyiləm, amma ilahi ədalətə çox inanan biriyəm. Və insanın həyatının sonunda başına gələnlərin, yaşadığı həyatdakı doğrulara və yanlışlıqlara çox bağlı olduğuna inanan biriyəm. Mən insan kimi onların hamısını bağışlayıram. Əgər gücləri çatırsa, müəyyən bir yanlışlıqlar görüblərsə, onlar da məni bağışlasınlar. Bu, mənə aiddir. Amma mənim ailəm, həyat yoldaşım, uşaqlarım mənim anlayışıma görə, çox doğru-dürüst bir həyat yaşayıblar. Elədikləri heç nəyin hesabını vermədən, qabaqcadan düşünmədən eləməyiblər. Həmişə verəcəkləri bir hesab olub. Mən Beycan bəyin, düşünərək kiməsə zərrə qədər pislik edə biləcəyini ağlımın ucundan belə keçirmədim. Çünki onun sərt, bir az tikanlı, bir az özü haqqında danışmamasının arxasında bir təvazökar insan var…  Baxın, adam Nobelə namizəd göstərilir, onu çıxıb deməyə utanır. Adam “Təmiz Dünya” Konseyinin başqan yardımçısıdır, bunu deməyə utanır.

Beycan bəyin hakimiyyətə iddiası olsaydı, Naxçıvandan dönməzdi

– Bəli, Beycan bəyin Nobelə namizədliyi çox da ciddi qurumlar tərəfindən irəli sürülüb. 

– Baxın… Adam bunu deməyə belə utanır. Təmənnası olan bir adam belə həyat yaşayar? Yox. Bu adam, səhər, günorta, axşam yeməyini evdə yeyən bir adamdır. Kənarda da çörək yemir. Onun başqa nə təmənnası ola bilər ki? Əgər Beycan bəyin hakimiyyətə iddiası olsaydı, Naxçıvandan dönməzdi. Dönməmək imkanı da çox böyük idi. Onu insan kimi xarakterizə edəndə… Heydər bəy insanlara dəyər verməsini bilən adam idi. Sadəcə Beycan bəy, hökumətə tabe olan adam deyildi. Yəni bu məsələlər bu qədər bəsitdir.

– Müsahibəmiz çox maraqlı tonda bitdi. Məni də təsirləndirdi “halallıq məsələsi”…   Təşəkkür edirəm.

– Sağ olun, var olun. Yəni məni danışdırdınız.

 

SON

 

Xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. Halal olsun!

    Birinci dəfədir ki, həyatımda bu dərəcədə dünya səviyyəsində nümunəvi qadın görürəm özü də milləyətcə öz millətimdən olsun!

    Fərəhləndim!

    Eşq olsun!

    Bu cür qadının sağ ikən heykəlini ucaltmağa dəyər!…

    Bir daha eşq olsun!…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button