5 armudu stəkanlıq çay 3 manata satılır

bulvarda cayKimin ağrayır canı,
Bol çay içsin, mərcanı,
Min bir dərdin dərmanı, 
Çay, çay, çay…
Bakı bulvarında bol çay da içmək olmaz…
Havaların isti keçməsi paytaxt sakinlərinin dəniz kənarına – Bakı Bulvarına getməsinə səbəb yaradır. Ailəlikcə bulvarda hər hansı kafedə və ya çayxanada əyləşmək minimum əmək haqqını belə keçir. Bir ailənin büdcəsinin buna imkan verməməsi məlumdur. O zaman insanlar dənizkənarında hələlik pulsuz istifadəyə verilən oturacaqlardan yararlana bilərlər. Vay o hala ki, uşaqlardan biri ya susasın, ya da şokoladla çay istəsin, o zaman ailə başçısının hansı duruma düşdüyünü təsəvvür etmək belə çətin deyil.
Bu məsələ ilə bağlı day.az saytı araşdırma aparıb.
xural.com həmin araşdırmanı təqdim edir.
Avropa Oyunları ərəfəsində Bulvar ərazində sadə çayın qiyməti 2 manat, mürəbbə ilə birlikdə çayın qiymətisə 5-6 manat təşkil edirdi. Hətta bununla bağlı bulvar idarəsi də rəsmi açıqlama vermişdi.
Bu qiymətlərin dəyişib, dəyişməməsi ilə bağlı məlumat əldə etmək üçün bulvar ərazisində yerləşən “Forest” kafesinə, “Balıq evi” kafesinə və “Dəniz kafesinə” üz tutduq. İlk olaraq, “Forest” kafesinin ofisiantından çayın qiymətləri haqqında məlumat verməsini istədik.
O, sadə çayın 3 manat, mürəbbə ilə birlikdə çayın qiymətinin 8 manat olduğunu, plitka şokaladın qiymətinin 2 manat, balaca dəstgahın 15 manat, orta dəstgahın 20 manat, böyük dəstgahın qiymətlərininsə, 25 manat olduğunu bildirdi.
“Balıq evi” kafesinin ofisiantı isə, sadə çayın 2 manat, plitka şokaladın 4 manat, mürəbbə ilə birlikdə çayın qiymətininsə 8 manat olduğunu dedi.
Həmin kafenin digər əməkdaşı isə “Bizdə plitka şokaladın qiyməti 3 manat, tək mürəbbə 5 manat, sadə çayın qiyməti isə 3 manat təşkil edir” – deyə bildirdi.
“Dəniz” kafesinin əməkdaşları isə demək olar ki, müştərini veclərinə belə almırlar. Nə istəyir, nə sifariş verir, dəxli yoxdur, kimsə müştərini dinləmir.
Ofisiantlardan birini çağırsam da 5 dəqiqə keçdikdən sonra, digər ofisiantı əyləşdiyimiz masaya yönləndirdi. Həmin ofisiant da “nə olub, qaçır o? Görürsən ki, iş görürəm” – deyib, mızıldana-mızıldana masaya yaxınlaşdı.
Qiymətlərlə maraqlanmaq istədiyimi və menyunu gətirməsini xahiş etsəm də “”Sadə çay 3 manat, mürəbbə ilə 7 manat, tək şokaladın qiymətisə 4 manatdır” -bildirdi və sifarişi qəbul etmədən, digər masaya yaxınlaşdı.
Demək, artıq sizə də məlum oldu ki, qiymətlərin hansı həddə olduğunu biləsiniz.
Bulvar idarəsinin rəis müavini Nazim Məcidovla telefon bağlantısı yaradıb, çay qiymətlərinin neçə manat olmasını soruşduqda, o, “Bulvar ərazisində çaylara xüsusi qiymətlər tərtib edilməyib, ərazimizdə 34 belə kafe fəaliyyət göstərir. Onların 25-də sadə çayın qiyməti 2 manat təşkil edir. Müştəriyə məcburi heç bir şey satılmır. Müştərinin istəyinə uyğun sifariş qəbul olunur. Hər bir sahibkar özü satdığı mallara qiymət tərtib edib və menyu hazırlayıb. Müştərilər nəsə sifariş verəndə menyu tələb etsinlər və istəklərinə uyğun sifarişlərini versinlər. Əlavə problemlər yaranarsa, qaynar xətt vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər”.
O, həmçinin bildirdi ki, “Avropa Oyunları ərəfəsində yayılan xəbərlər şayiədir. Bəzi saytlar bizimlə əlaqə saxlamadan öz mənafelərinə uyğun xəbərlər hazırlayıb və Bulvar idarəsinin çaylara qiymət tərtib etdiyini yazıblar. Biz müştərilərin rahatlığı üçün sadə çayın satılmasını və müştəriyə məcburi əlavə şeylərin satılmamasının qarşısını almışıq və alacağıq da”.
Yeri gəlmişkən, bir istehlakçı olaraq bulvar ərazisində hüquqlarınızla bağlı hər-hansı problem yaranarsa,

Günün 24 saatı, həftənin 7 günü aktiv olan bulvarın “Qaynar xətti”nə – 055 282 70 00, 012 480 18 36 nömrələrinə zəng edə bilərsiniz.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button