57 saylı Kürdəmir DSK-da nələr baş verir?

azad mursaliyev
Mursaliyev Azad
“57 saylı Kürdəmir Seçki Dairəsində baş verən qanun pozuntuları sadəcə məsuliyyətsizliyin nəticəsidir, yoxsa düşünülmüş şəkildə pozuculuq fəaliyyətidir?”
Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmış hüquqlarımı nəzərə alaraq 01 noyabr 2015-ci il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə iştirakım üçün öz təşəbbüsüm əsasında 07.09.2015-ci il tarixdə deputatlığa namizədliyimi irəli sürmək məqsədi ilə sənədlərimi 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasına təqdim etmişəm. Təəssüflər olsun ki, 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasının sədri Səfərov Şərbala və tabeçiliyində olan Katib Şirvan Məmmədov, Baş məsləhətçi Zamik Əmirov bir sıra bəhanələr gətirərək mənim ərizəmi qəbul etməkdən imtina etmişlər. Elə həmin günü bu qanunsuzluq faktı ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının qaynar telefon xətti ilə şikayətimi bildirdim. Şikayətimin dərhal araşdırılıb cavab veriləcəyi barədə MSK-nın məsul şəxsi Rauf İbrahimov söz verdi. Nəhayət, 08.09.2015-ci ildə 57 saylı Kürdəmir Dairə Seçki Komissiyası uzun süründürməçilikdən sonra Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyimin irəli sürülməsinin təsdiq edilməsi üçün öhdəlik ərizəmi qəbul etdi. Öhdəlik ərizəmin qəbul edilməsi prosesində mənə səlahiyyəli nümayəndəmin seçilməsi üçün notara getməyimin zəruri olduğu bildirildi ki, bu məqsədlə Ağsu rayonunda yerləşən notariat kontorunda Nəsirov Şaban Fəxrəddin oğlunun və Abdullayev Tehran Mübariz oğlunun adlarına 2 (iki) etibarnamə təsdiq verdim. Küdəmir rayonuna geri qayıtdıqdan sonra 57 saylı Kürdəmir Dairə Seki Komissiyasında mənə bildirdilər ki, etibarnamələr düzgün yazılmayıb. Məcburiyyət qarşısında təkrarən Ağsu rayonuna geri dönüb notarla 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasının sədri Şərbala Səfərovu mənə məxsus mobil telefonla danışdırdım ki, onlar öz aralarında mənim səlahiyyətli nümayəndələrim üçün veriləcək etibarnamələrin formalarını razılaşdırdılar. Həmin etibarnamələri 08.09.2015-ci il tarixdə 57 saylı Kürdəmir Dairə Komissiyasına təhfil verdim. 12.09.2015-ci ildə 57 saylı Kürdəmir Dairə Seçki Komissiyası səlahiyyətli nümayəndəm olmaqları üçün hər iki şəxsə verdiyim etibarnamələri qəbul etməkdən imtina edir, eyni zamanda 01 noyabr 2015-ci il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə öz təşəbbüsüm əsasında deputatlığa namizədliyimi təsdiq edir və namizədliyimin müdafiəsi üçün mənə imza vərəqələrinin verilməsinə dair 9/22 saylı qərar qəbul edir. 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasının Katibi Şirvan Məmmədov tərəfindən mənə təqdim olunan 11 (onbir) ədəd, hər biri 50 (əlli) imzalıq, ümumilikdə 550 (beş yüz əlli) imza atıla biləcək və üzərində 57 saylı Kürdəmir Seçki Dairəsinin möhürü olan imza vərəqələrinin doldurulmasına tərəfimdən 24.09.2015-ci il tarixdə başlanıldı. İmzatoplama prosesində qarşılaşdığım bir çox çətinliklərə baxmayaraq, 28.09.2015-ci il tarixində tərəfimdən 548 nəfərin imzası toplanaraq 57 saylı Kürdəmir Seçki Dairəsinin Katibi Ş.Məmmədova təqdim edilmişdir. 29.09.2015-ci il tarixdə isə 57 saylı seçki dairəsində məndən tələb olunan bir sıra sənədlər və məlumatlar, xüsusilə 1.Əmlak haqqında məlumat (mənə məxsus bir ədəd BMV markalı avtomaşın barədə məlumat və 2.750 Ha torpaq sahəsinin torpaq mülkiyyətçisi və dövlət arasında icarə müqaviləsinin sürəti -10 (on) vərəq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış-2 (iki) vərəq. 2.Təqaüd alma barədə arayış.
Bu məlumatlar mənim tərəfimdən təqdim olunduqdan sonra 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasının baş məsləhətçisi Z.Əmirov şəxsən hesablama aparmış və “Namizədin gəlirlərinin miqdarı və mənbələri haqqında məlumat vərəqində mənə imza atdırmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.4-cü maddəsinin tələblərinə əsasən “Seçki komissiyası seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə sənədlərin qəbulu barədə yazılı arayış verir. Təəssüflər olsun ki, 29.09.2015-ci il tarixdə seçki komissiyasının katibi Şirvan Məmmədov və baş məsləhətçi Zamik Əmirov tərəfindən mənə təqdim olunan arayışda nə imza vərəqələrinin, nə də mənim namizədliyimin müdafiəsi üçün toplanılmış imzaların sayı barəsində heç bir məlumat yoxdur və yaxud bu informasiyanı özündə əks etdirən digər bir arayış mənə təqdim edilməmişdir. Eyni zamanda imza vərəqələrinin təhfil verilməsi prosesində 57 saylı Kürdəmir Seçki Dairəsinin katibi Ş.Məmmədov və baş məsləhətçi Z.Əmirov tərəfimdən məlumatlandırılmışdırlar ki, “bəzi namizədliklərini irəli sürmüş şəxslərdən fərqli olaraq mən şəxsən Kürdəmir rayonunun Atakişili, Mürtülü, Cəyli, Xırdapay, Qağacılı, Topalhəsənli, Şahsevən, Təklə, Qaraqocalı və bir çox digər kəndlərində oldum, imzaları özüm topladım, imza vərəqələrini demək olar ki, öz xəttimlə özüm doldurdum. Belə ki, bu mənim şəxsi təşəbbüssümdən irəli gəlmədi ki, bütün kəndlərdə özüm olum, bunun səbəbi ondan irəli gəldi ki, imza toplamaq prosesinin elə ilk günündən mənim iki nəfər səlahiyyətli nümayəndəm kimi MSK-ya təqdim etdiyim şəxslərin etibarnamələri etibarsız sayılmışdı. Şükürlər olsun ki, bütün bunlara baxmayaraq, imzatoplama prosesində səlahiyyətli nümayəndələrin olmaması mənə ciddi bir problem yaratmadı. Əksinə, şəxsən özümün imza toplama prosesində iştirakım mənim üçün çox böyük əhəmiyyət kəsb etmişdir. Uzun müddət rayondan aralı düşmüş birisi üçün bu görüşlər dedikcə qiymətli və səmərəli olmuşdur. Lakin təəssüflər olsun ki, çətinliklər bununla bitmir. Belə ki, imzatoplama prosesində bir sıra neqativ hallarla qarşılaşdım ki, bu halların səbəbkarlarını normal seçkilərin keçirilməməsi üçün pozuculuq fəaliyyəti ilə məşğul olmaqları kimi tərəfimdən qiymətləndirilir. Bəzi kəndlərdə yerli icra və bələdiyyə nümayəndələri açıq-aydın insanlara təzyiq göstərirlər ki, bəzi namizədlərə, xüsusilə şəxsən mənə imza verməsinlər. Namizədliyini irəli sürmüş şəxsin avtomaşınını izləyirlər, özlərinə məxsus mobil telefonlar vasitəsilə namizədliyi irəli sürülmüş şəxsə imza vermək üçün yaxınlaşmış şəxslərin telefonlarına zəng edib imza verməməyi tələb edirlər. Bundan əlavə, şəxsən mənim özümün Kürdəmir rayonunun Təklə kəndində imza topladığım evlərdə yerli icra nümayəndəsi, onun həyat yoldaşı və mühasibi olaraq imza vermiş şəxsləri boş, yəni ağ kağızlara imza atmağa vadar etmişdirlər. İmzaları aldıqdan sonra isə bildirmişdilər ki, “siz vətən xaininə niyə imza verirsiniz? Bunlar müxalifətə işləyirlər.” Gördüyünüz kimi, artıq cəmiyyətmizdə insanların düşmən və qeyri düşmən düşərgələrə bölməyə nail olublar. Əslində hər hansı bir müxalif patiyada və yaxud qruplaşmada iştirakım olmasa da, mənə müxalifətçi damğasını yapışdıranlara öz minnətdarlığımı bildirirəm. Bunlar anlamırlar ki, dövlət büdcəsindən regionların inkişafı üçün ayrılmış vəsaitləri mənimsəyib, həmin abadlıq işlərini xalqın içindən çıxan sahibkarlara gördürməklə milyonlara sahib olub insanların nifrətinə tuş gəlməkdənsə, bunlara qarşı müxalif olmaqdan şərəfli yol yoxdur. 57 saylı Kürdəmir Seçki Dairəsinin üzvləri bu məsələnin mənim tərəfimdən qaldırılmamasını və mənə qarşı baş verən təzyiqlərin heç bir nəticə verməyəcəyini bildirmişdirlər. Bundan sonra 29.09.15-ci il tarixdə saat 11:00 radələrində Dairə Seçki Komissiyasının sədrinin imzası ilə təsdiq edilmiş arayış (sənədlərin təqdim olunmasına dair) mənə təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 59.3-cü maddəsində göstərilir ki, imza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Bunu nəzərə alaraq tərəfimdən imza vəərəqələrinin yoxlanılması prosesində iştirak etmək arzumu 57 saylı Kürdəmir Dairə Seçki komissiyasının sədrinə bildirdim. Bundan sonra demək olar ki, hər gün mütamadi olaraq baş məsləhətçi Zamik Əmirovla telefon (0506242220) əlaqə saxlamışam, imza vərəqələrinin yoxlanılması prosesinin nə vaxt başlanacağına dair suallar vermişəm. 03.10.2015-ci il tarixdə son telefon danışığımızda mənə bildirilib ki, 05.10.15-ci il tarixdə saat 11:00 radələrində 57 saylı Kürdəmir Seçki Dairəsinin Dairə Seçki Komissiyasının iclasında iştirak edə bilərəm və bu məqsədlə hətta mənim yaşayış ünvanıma rəsmi məktub da göndərilib. Təəssüflər olsun ki, ancaq 05.10.2015-ci il tarixdə poçtdan mənə zəng edilərək adıma rəsmi məktubun gəlməsinə dair məlumat verilmişdir. Əgər nəzərə alsaq ki, Bakı şəhəri ilə Kürdəmir rayonu arasında təxminən 200 km yol məsafəsi var, o zaman mənim şəxsi təşəbbüsüm sayəsində baş məsləhətçi Z.Əmirova telefon zəngi açılmasaydı, bu iclasda iştirak etmək şansımı itirmiş olurdum. Bu məqam bir daha onu göstərir ki, 57 saylı Kürdəmir Seçki Dairəsində 05.10.15-ci il tarixində keçiriləcək iclasda mənim iştirakım dairə rəhbərliyi tərəfindən nəzərdə tutulmamışdır. 05.10.2015-ci il tarixdə saat 11:00-da 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasının iclasında iştirak etdim və komissiyanın mənim barəmdə çıxartdığı qərara təəccüb etdim. Birincisi qeyd edim ki, təxminən 20-25 (iyirmi-iyirmi beş) dəqiqə davam edən iclas heç də imza vərəqələrinin yoxlanılmasına həsr edilməmişdir, çünki bu az bir müddətdə imza vərəqələrinin yoxlanılması fiziki cəhətdən mümkün deyildi. İmza vərəqələri artıq öncədən mənim iştirakım olmadan nəzərdən keçirilmişdir. Bu iclas sadəcə mənim barəmdə qeyri ədalətli qərarın elan edilməsi məqsədilə baş tutmuşdur. Yəni seçki komissiyası imza vərəqələrinin yoxlanılması prosesində mənim iştirakımı təmin etməmişdir. Bundan əlavə, həmin iclasda 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasının qəbul etdiyi 22/56 saylı 05.10.15-ci il tarixli qərarında göstərilirdi ki, “mənim namizədliyimin müdafiəsi üçün toplanmış “498 (dörd yüz doxsan səkkiz)” seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olunmalı sənədlər namizədliyimin qeydə alınması üçün dairə seçki komissiyasına təqdim edilmişdir. Dairə seçki komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, namizədin qeydə alınmasından imtina edilməsi üçün əsasların olmasını müəyyən etmişdir. İşçi qrupu imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 03 oktyabr 2015-ci il tarixli protokol və rəylərini dairə seçki komissiyasına təqdim etmişdir. Təqdim edilmiş imza vərəqələrində olan 447 etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur. Belə ki, təqdim edilmiş imza vərəqələrində bir imza istisna olmaqla təkrar 13 imza, məlumatları qeyri düzgün olan 4 imza, müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş 13 imza, seçki hüququ olmayan 18 yaşına çatmamış vətandaşın 1 imzası, digər səbəblərdən 11 imza, imza vərəqəsində doldurulmalı olan, lakin tam doldurulmamış sətirdə 1 imza, dairə hüdudlarından kənarda yaşayan vətandaşlar tərəfindən qoyulan 8 imza qeyri düzgün sayıldığından cəmi 51 imza olmaqla etibarsız sayılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün ən azı 450 imza qanuna uyğun toplanmalıdır. Lakin namizədin təqdim etdiyi imza vərəqələrində 447 imza qanuna uyğun hesab edilmişdir. Bundan əlavə, araşdırma prossesində müəyyən edilmişdir ki, Azad Oqtay oğlu Mursaliyevin Atakişili kəndi ərazisində birgə mülkiyyətdə 2.75 hektar torpaq sahəsi vardır. 2014-2015-ci illərdə həmin torpaqda hər hansı kənd təsərrüfatı bitkiləri əkilməmiş, torpaq sahəsi biçənək kimi istifadə olunmuşdur. Torpaq sahəsinin 0.212 hektarı Cənubi qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinin təsiri altına düşmüş, dövlətlə onlar arasında 03 noyabr 2014-ci il tarixdə 3/M-256 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən payçılara birlikdə 3677.00 manat vəsait hesablanmış, həmin vəsaitin ¼ hissəsi, yəni 919.25 manatı Mursaliyev Azad Oqtay oğlunun əldə etdiyi 919.25 manat öz əksini tapmamışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2.2-ci maddəsinə əsasən namizədin qeydə alınması üçün təqdim edilən zəruri seçki sənədləri düzgün rəsmiləşdirilmədikdə və ya olmadıqda onun qeydiyyatından imtina üçün əsas yaradır. Bu səbəbdən 57 saylı Kürdəmir Dairə Seçki Komissiyası qərara gəlmişdir ki, 2015-ci il noyabırın birinə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mursaliyev Azad Oqtay oğlunun namizədliyinin qeydə alınmasından imtina edilsin və namizədə bu barədə məlumat verilsin.” Onu bildirim ki, uzun müddət respublikanın hüquq-mühafizə və xüsusi xidmət orqanlarında çalışan birisi kimi, hələ bu qədər naşı, qeyri-obyektiv, saxta və ədalətsiz bir qərarla qarşılaşmamışam. Belə bir qərarın qəbul olunması demokratik seçkilərin keçirilməsi abu-havasına qeyri-ciddilik və şübhə yaradır. Bunun səbəblərini izah etməyə, hətta sübut etməyə çalışacam.
Birincisi başlayım ondan ki, bu ədalətsiz qərarda göstərildiyi kimi, mən namizədliyimin müdafiəsi üçün seçicilərin imzalarının toplanması kampaniyasında 498 (dörd yüz doxsan səkkiz) imza deyil, 548 (beş yüz qırx səkkiz) imza toplayıb 57 saylı Kürdəmir Seçki Dairəsinin katibi Şirvan Məmmədova və baş məsləhətçi Zamik Əmirova təhfil vermişəm. Diqqətinizə çatdırım ki, imza vərəqələri 57 saylı Kürdəmir Seçki dairəsinə təhfil verilməmişdən öncə tərəfimdən 11 (on bir) imza vərəqinin hər birinin foto sürəti çıxarılmış və hər bir imza vərəqi üzərində olan seçici imzalarının video qeydi aparılmşdı. Hətta yoxlanılması qeyri-obyektiv aparılmış imza vərəqələrində “müəyyən edilmiş” uyğunsuzluqları qəbul etsəm belə, yenə də mən tələb olunan 450 (dörd yüz əlli) imzadan 47 (qırx yeddi) səs əlavə toplamışam. Belə çıxır ki, ya məsuliyyətsizlik ucbatından və yaxud bilərəkdən mənim topladığım 548 (beş yüz qırx səkkiz) imzanın 50 (əlli)si ümumiyyətlə nəzərə alınmamışdır. Hansı səbəblərdən, bunu heç kim mənə izah etmək istəmir. Bu ədalətsiz qərarda bir sıra “aşkar edilmiş” uyğunsuzluqlarla bərabər 4-cü abzasda 4-cü sətirdə “digər səbəblərdən 11 (on bir) imza qeyri-düzgün sayılmışdır” cümləsi ümumiyyətlə heç bir çərçivəyə sığmır. Mən anlaya bilmirəm o, hansı digər səbəblərdir görəsən? Bundan əlavə, hətta bu gün mən imzasını aldığım hər bir seçici ilə təkrarən görüşmək imkanındayam və sübut edə bilərəm ki, onların hər biri mənə könüllü olaraq imzalarını etibar etmişdirlər. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.12-ci maddəsinə əsasən “Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun sürəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun sürəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətirin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir. Təəssüflər olsun ki, 05.10.2015-ci il tarixdə 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasının iclasından sonra mənə heç bir protokol təqdim edilməmiş və bu günə kimi, qərarda göstərilən uyğunsuzluqlara dair heç bir təsəvvürüm yoxdur. Bundan əlavə, qərarda ədalətsiz olaraq göstərilir ki, araşdırılma prossesində müəyyən edilmişdir ki, mənim Atakişili kənd ərazisində birgə mülkiyyətdə olan 2.75 hektar torpaq sahəsinin 2014-2015-ci ildə 0.212 hektarı Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinin təsiri altına düşmüş, dövlətlə bizim aramızda 03 noyabr 2014-ci il tarixdə 3/M-256 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, payçılara birlikdə 3677.00 manat vəsait hesablanmış, həmin vəsaitin ¼ hissəsi, yəni 919.25 manatı Mursaliyev Azad Oqtay oğlunun əldə etdiyi 919.25 manat seçki komissiyasına təqdim olunan məlumatlar arasında öz əksini tapmamışdır. Birincisi, qeyd edirəm ki, bu məlumatı mən 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasının üzvlərinə, xüsusilə Katib Şirvan Məmmədova və baş məsləhətçi Z.Əmirova şəxsən təqdim etmişəm. Əgər nəzərinizdən qaçmayıbsa, yuxarıda göstərdim ki, söhbəti gedən torpaq sahəsi barəsində seçki komissiyasına tərəfimdən iki sənəd təqdim edilmişdir ki, bunlardan biri “2.750 Ha torpaq sahəsinin torpaq mülkiyyətçisi və dövlət arasında icarə müqaviləsinin sürəti -10 (on) vərəq”, digəri “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış-2 (iki) vərəq” idi. Birinci sənədin, yəni “2.750 Ha torpaq sahəsinin torpaq mülkiyyətçisi və dövlət arasında icarə müqavilə”sinin 7 (yeddi)ci vərəqində CQBKG layihəsi üzrə kompensasiya məbləğinin hesablanması və bu kompensasiyanın 3677 (üç min altı yüz yetmiş yeddi) AZN təşkil etməsinə dair bütün məlumatlar öz əksini tapmışdı. Bir sözlə, mənim tərəfimdən tələb olunan bütün məlumatlar və sənədlər seçki komissiyasına təqdim edilmişdir, xüsusi olaraq namizədin gəlirlərinin miqdarı və mənbələri haqqında məlumat blankı doldurularkən isə rəqəmlərin hesabını şəxsən baş məsləhətçi Z.Əmirov aparmış və mənə diqtə olunan rəqəmlər blanka daxil edilmişdir. Ümumiyyətlə, bu məlumatın seçki komissiyasından gizlədilməsinin mənim üçün heç bir motivasiyası ola bilməzdi və gəlirlərimin 919.25 AZN artıq göstərilməsi mənim namizəd kimi təsdiq olunmağıma heç bir təsir göstərməzdi. Əgər 57 saylı Kürdəmir Seçki Dairəsində mənim topladığım 548 (beş yüz qırx səkkiz) imzadan 50 (əlli) imza yoxa çıxarılırsa və yaxud da gəlirlərimə dair məlumatlar düzgün hesablanmırsa, burada mənim hansı günah sahibi olmağımdan söhbət gedə bilər ? Mənə elə gəlir ki, problemi elə dairə seçki komissiyasının üzvlərində axtarmaq gərəkdir. Əgər 57 saylı Kürdəmir Seçki Dairəsinin rəhbərliyi Kürdəmir Rayon İcra hakimiyyətinin başçısının tapşırıqlarını dinməz-söyləməz yerinə yetirməsə bu kimi anlaşılmazlıqlar da baş verməzdi. Ümumiyyətlə, 57 saylı Kürdəmir Seçki Dairəsində sənədlərin tərtibatına, doldurulmasına məsuliyyətsiz yanaşma halları mövcuddur, bir sözlə, kargüzarlıq səviyyəsi bərbad vəziyyətdədir. Bunun üçün 12.09.15-ci il tarixli 9/22 saylı 57 saylı Kürdəmir Seçki dairəsinin qərarına, 05.10.15-ci il tarixli 22/56 saylı 57 saylı Kürdəmir Seçki dairəsinin qərarına və 29.09.15-ci il tarixli arayışına nəzər yetirmək kifayət edər. Misal üçün hər iki qərarda 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasının məsul şəxsləri, o cümlədən komissiyanın sədri Şərbala Səfərov, Katib Şirvan Məmmədov heç birisi öz imzalarının qarşısında imzalarını atmırlar, arayışda isə tərəfimdən təqdim olunmuş rəsmi sənədlərin tam həcmi və adları göstərilmir. Təəssüflər olsun ki, 57 saylı Kürdəmir Seçki Dairəsində baş verən neqativ hallar mənim yuxarıda göstərdiyim məqamlarla bitmir. Namizədliyimin müdafiəsi üçün Kürdəmir rayonunun ayrı-ayrı kənd və qəsəbələrində seçici imzalarını topladığım zaman bir daha o qənaətə gəldim ki, 57 saylı Kürdəmir Seçki Dairəsinin sədri Şərbala Səfərov birbaşa Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının tapşırıqlarını yerinə yetirir. Əks halda, mənim seçki komissiyasına təqdim etdiyim imza vərəqələrində imzaları olan seçicilərin siyahısını və ünvanlarını kənd icra nümayəndələrinə necə məlum ola bilərdi ki, onlarda gedib həmin seçiciləri mənə imza verdikləri üçün təhdid edirdilər. Həmin şəxslərdən boş vərəqlərə imza atmaqlarını tələb edirdilər ki, sonra imzadan imtina ərizələri tərtib etsinlər. Belə ki, imza toplama kampaniyası dövründə kəndlərdə yerli icra və bələdiyyə nümayəndələrinin çox ciddi maneələri ilə qarşılaşdım. Bütün bunların səbəbi mənim bir müddət öncə respublika mətbuatında Kürdəmir və digər rayonlarda baş verən neqativ hallara dair “Hətta o şəxs prezidenti olsa belə, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı onu da aldatmağı özünə rəva görə bilir” başlığı altında dərc etdiyim araşdırma yazısıdır. Bu gün yuxarıda göstərdiyim qanunsuzluqlarla bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova rəsmi şəkildə 9 (doqquz) vərəqli ərizə və 81 (səksən bir) vərəq, o cümlədən bir ədəd video disk qoşması ilə müraciət etdim. Ərizəmi strukturun əməkdaşı Məmmədova V. qəbul etdi, əlaqə üçün 5627780 telefon nömrəsi verildi mənə.
azad-sənəd
azad-sənəd1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button